Ən adi yaxşılıqları

Ömrə naxışlayıram

 

Bəlkə bir gələn var,

Gözlərim yol çəkir, yol;

Ölü dillər kimiyəm,

Sözlərim yol çəkir, yol...

 

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu - qələm, bu - kağızdı,

Özləri qol çəkir, qol...

 

Uzaq yolum təngiyir,

Uzun qolum ləngiyir;

Sağ gözümdü səyriyir,

Ürəyim sol çəkir, sol...

 

***

 

Sevinə bilirəm, Tanrım,

Kədərlənə bilirəm;

Sevə bilirəm, ya Tanrı;

Sevilirəm bəlkə ...

 

Utana bilirəm hələ,

Hələ bağışlayıram.

Ən adi yaxşılıqları

Ömrə naxışlayıram.

 

Xatirəm var - oyanır,

Sabahlar var - gözlərik;

Gözdü - görür, aldanır,

Dözmək var, neyləyək...

 

Küsdüyüm var, çox şükür,

Umanım vardı, Tanrı.

Mənə olan umudu

İtirmə, amandı, Tanrım...

 

***

 

Sarayım Firata baxıb, baxmayıb?.. -

Xatırlaya bilmirəm,

Gilqamışın gil tarixi sirr vermir...

"Bu vücudun iki payı Tanrıdır,

bircə pay İnsandı" -

deməliyəm,

demirəm;

"Tanrı mənə şah damardan yaxındır" -

bu olsun ən doğrusu...

 

Ah, bilim, bəlkə

Ötükəndə əriməmiş dəmirəm -

Dinmirəm döyüldükcə...

 

Dəvəyə ərəbəm, atlara türkəm,

Ərəb xurmasının

türk tutunun

dadını bilirəm, dadını;

Bu sözləri yazanın

türk ruhunu bilirəm

, ərəb adını...

Bir ,

soyuq Sibirdəki qadını bilirəm -

Atın qara ciyərini çiy-çiy yeyən,

amma hər bir kəlməsini

bişirib bişirib deyən,

dəvəyunu paltar geyən,

daşıdığı türk ruhunu,

alışdığı rus adını

bilən istiqanlını...

 

Qızmar yaylar uzunu

qaynar çay içən

bu mən,

gah anlamaz, gah anlaram

qış ortası dondurmadan ləzzət alan,

o gözəlim Sibirin

o uzunsaç qızını...

O gözəl

Yeniseyə

boylanan saraydan ola, olmaya..?

 

Deyirəm, yaxşı ki,

Yeniseylə Firatın

arasında Xəzər var,

Xəzər qıyısındakı

bir koma yetər mənə -

ha qış olsun, ha yaylar...

ya dünən ya sabahlar...

Necə olsa,

Firatdan Yeniseyə,

Yeniseydən Fırata

gedənlər

burdan keçər...

Yoxsa,

gözüm bu tarixdən su içməz...

 

***

 

Əlini ver əlimə,

Əlim quru yerdədi.

Gözümə bax, gözümə,

Daşıb, suyu yerdədi.

 

Bu - əl, bu - göz, daha ?

Qalan hər şey bəhanə...

Günəş özü göylərdə,

Nuru, nuru yerdədi.

 

Eşqdi - göyə qaldırır,

Qanada inandırır...

Sevgisizlər inanmır, -

Odu, budu... yerdədi...

 

Əlin qalsın əlimdə -

Şad olduğu yerdədi.

Gözün qalsın gözümdə,

Gözüm duru yerdədi...

 

***

 

Gəlmək var, getmək var, gəlməmək - nədi?

Cənnət, cəhənnəm var, dözməmək - nədi?

Sən heç bilirsənmi gözləmək nədi?

İki söz bilirsən: gözlə, gələcəm...

 

***

 

Aman, öz yağında bişən, əfəndim,

Dayan, göz yaşında üzən, əfəndim,

Yeddi qat göylərdən düşüb, elə bil,

Özü öz gözündən düşən, əfəndim...

 

***

 

Gülüm, yaman dolmusan,

ağla, gözümə, ağla.

Bir işə yaramayan

fağır dözümə, ağla...

 

...Qəlbimdə izin olsun,

Günahlar bizim olsun;

Əlim dizin olsun,

məni özünə bağla...

 

Deynən, qadam bilmişdim,

deynən, adam bilmişdim,

yanınaca gəlmişdim,

Məni xətaya salma,

bir üzünə baxmam...

 

Çox söylə, az eşidim,

qışını yaz eşidim,

desən naz eşidim,

baxma, üzümə baxma...

 

Necə, necə dolmusan,

ağla, gözümə ağla.

Dözüm dözmədi deynən,

fağır dözümə ağla...

 

Su pərisi

 

Su pərisi, su pərisi,

niyə çıxdın göy dənizdən?

Sahilləri döyən dalğa

ayrılıb sən aybənizdən

sənsiz döndü ana suya,

səssiz öldü...

 

Daha

dönüb,

quru yurdun

dəli qızı olmuşdun,

bizim qara torpaqların

pəri qızı olmuşdun...

 

Görürdüm ki,

Harda olsa,

pəri yenə pəridi...

Sonra, sonra...

"sonra, sonra" deyə-deyə,

bir baxdım,

qaynamışıq-qarışmışıq...

 

Bilməm, niyə Yer üzündə

Sular atəşlə rəqs edər?

Yoxsa, pərilər suda da

atəşdənmi köynək geyər?..

Keşkə , heç qarışmasaq,

Keşkə... alışmasaydıq...

Əlim çatdı, ünüm yetdi,

bir baxdım,

bir gördüm,

sənin torpaq pəriliyin suya dönüb...

 

Su pərisi,

mən yenə torpaq oğluyam,

sən yenə,

sən yenə su pərisi olsan, keşkə...

Öncə sulardan silkindin,

sonra çırpındın torpaqdan,

bircə,

qanad çıxarmağın qalıb daha,

Harayadır yolun, hara? -

Sən sudan, torpaqdan əvvəl,

Özündən qaçırsan bəlkə?

"Torpaq oğlu,

daha pəri demə mənə"

söyləyirsən;

Deyirsən ki,

"Yalnız adım Pəri qalıb,

yalnız adım...

Bircə, çıxsaydı qanadım,

Ruhlanardım"!..

Sən sudan, torpaqdan deyil,

Özündən qaçırsan Pəri;

Amma hər gəlişində ,

amma hər qaçışında da

Can verirsən, can alırsan -

Bu, "can alıb, can verməyin"

adını sevgi qoyursan...

sehirsən,

ovsunsan?

 

Baxma, sənə şeir yazar,

Özü üçün qələm çalmaz

bu adam;

Sən tərk edən göy dənizə

qarmaq atmaz bu adam...

Sahilə çıxdığın yerdə

bardaş qurar, oturar...

 

Yeni dalğa gəlir gəlsin,

yeni pəri gəlməsin,

pərilik,

pərilər heç vaxt adiləşməsin...

 

Aldanıb açılır

qar çiçəkləri

 

"Düşmənlər ayağa, dost başa baxar" -

belə bir söz qonub el yaddaşına.

Utandım, üzünə baxa bilmədim,

gözlərim yol çəkdi ayaqlarına... -

 

Utandım deyirəm - bu, ilk görüşdü,

Düşmən deyiləm, özün bilirsən.

Bir atalar sözü qüvvədən düşdü

bizim aramızda, - düzünü gəzsən.

 

Ağmı görməmişik, ya yaraşıqmı..? -

yox, sənin ayağın başqadı, başqa...

bir bax, öz ürəyin sinəndə vurur,

ayrı bir ürək ayaqlarında...

 

Sən yerə basırsan, ayaqdı, deyib,

məncə, bu ayaqlar uçmaq üçündü...

Belə ayaqların eşqinə qalxıb,

aldanıb açılır qar çiçəkləri...

***

 

Atlar ayaqlandı Altay tərəfdən,

Atlar qanadlandı Günbatan səmtə;

Soyuqdan əsəndə yüyən tutan əl,

Buğ qalxanda atların, adamların

ağzından,

sırsıra tutanda kirpikləri-qaşları,

at özü qoparıb şah damarını

içirtdi qanını süvarilərə...

fışqıran o qaynar qanıydı elə -

işlədi iliyə, qarışdı qana,

azarlar-bezarlar qaçdı ordudan.

İgidlər atdan düşüb atlandı yenə;

yeni atlar ilə tərpəndi elat.

Sonradan uşaqlar atağız oldu,

bulaqlar Atbulaq,

yollar atyolu,

aşırımlar dəyişib Atyalı oldu...

Yorğun atlar yetişəndə mənzilə,

Günbatan torpağı çiçəkləyirdi.

Atımızın təriylə sulanırdı biçənək...

O ağır, o ləngər, ahəngli yeriş

bərəkət qatırdı torpağa lay-lay...

Günbatanda batdılar

o igidlər, o atlar,

Gün kimi doğsaydılar!..

 

Əkbər QOŞALI

 

Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.23.