Bağışla, yaşaya bilmədim sevgini,

Bir də ölmərəm...

 

Fərzəliyev Cavid Vaqif oğlu - 1987-ci ilin 11 dekabrında Salyan rayonunda doğulmuşdur.

Gənc yaşlarından bədii yaradıcılıqla məşğuldur.

 

***

 

Ayrılığım, saatın neçədi?..

Əqrəblərin sevgi üstündə

duran vaxtıdımı?..

...səni vaxtsız gözləyimmi

Saatı çarəsizlər kimi.

...gözünün ucundan itimmi

Çantanda axtardığın bəhanələr kimi.

 

Baxışların saniyələrdi,

Bir dəqiqəmə gözlərin tamammı...

Dilindən, saatın

şirin vaxtın eşidəcəmmi...

 

Əqrəblər zamanın ayaqlarıdı...

...bir anın gəlişin gözləyimmi.

Qolundakı saat zamanın qandalıdı,

Bu ömrü dustaq yaşayımmı?..

 

***

 

Ölsəm,

sevgimizi yetim böyüdərsən...

Yolmazsan saçlarını,

əllərimin körpə izin böyüdərsən.

 

Ağlama,

bir kimsənin üzünə.

Qoy, gözlərində gün üşüməsin.

 

Axı,

Tanrı sonsuzluğundan

sevgi bətni viranədir...

Bağışla, yaşaya bilmədim sevgini,

Bir də ölmərəm.

 

***

 

Gedirsən get... Onsuz da,

Darıxmağın gələcək.

Həsrətin ağrısından

Ürəyin gizlənəcək.

 

Ayrılıqda var ki.

var darıxmaqdadı.

Sənli xatirələrdə,

Fikrim dağılmaqdadı.

 

Daha gələ bilmirəm,

Ta uzanıbdı yolum.

Ya sən xatirəyə dön,

Ya mən xəyalın olum.

 

***

 

Toz basmış şəkillərin

tozunu gözümlə aldım.

Diləndim əllərini

Yoxsulluğum

ayrılıq idi.

səndən qalan sonuncu

əşyanı da satdım,

bağışla, sənsizlik

bir parça çörək aclığı oldu...

 

Qucaq açdığın yolların

intiharı

 

Adam, həmişə əllərini məğlub

bildiyi yerdən tutarmış.

Qorxuyla qazandığı hər şey üçün,

İçinə uduzarmış.

 

Eh dostum,

Hər kəsin ürəyində

günahsız bir dustağı var,

Heç vaxt üstünə gələ bilmədiyi,

öldüyü bir yeri var,

Barışdığı göz yaşlarında.

 

Beləcə,

taleyi qarımış bəxtəvər yollarda

Tanrısız ölə bilmirsən.

Çünki tərk edilmiş ürəklər yenilməzdir.

Çünki günəşdən sonra barmaqlarımız

Doğulmur, sadəcə ölür...

 

bütün yollara ayaqlarını

bağışlamaqdısa qələbə...

Hardasa bir ana ürəyi ölür,

Hardasa vətənsiz bir ürək özgür yaşayır,

Hardasa küçələr yetim inqilab böyüdür.

Daha sonra dönmək istədiyin hər

addımında göy üzünə yağış düşməz.

Qollarına qədər olar

qucaq açdığın yolların intiharı...

Azadlıqsa tək bir divar dalında

üç divarçün üşümək...

 

***

 

Sənə doğru

ürəyimdə bütün güllə yerləri sağ qaldı,

ölmədim qumruların nəğməsində,

çiçəklərin dilində...

 

Sevda susandan bəri

ürəyim daha çox arxanca atılır sənin

qanadlarına tərəf yüyürən uçurumda

havaya sarılan yarasa gözlü dumanda...

 

Sənəcən qollarımın üstündə yaxın durdum

qıvrım qaranlıqdan asılan pəncərəyə,

eynəkli masalara...

 

Ürəyim yenə eyni tərəfə axır

durğun dənizlərdə, lal səmalarda...

 

Heyif bilməmişəm,

çiçəklərin doğulduğu gün ölürmüş bahar...

Günəşin əynindəsə

əlləri üşüyürmüş qışın.

 

... bir bu payızda

bütün yollar ölü daşımaqdan yorulub artıq...

 

Bağışla, ayrılığın əlindən

ala bilmədim səni...

Axı buludlar ölüm ayağında qalıb

yağışların əlində...

Axı bütün sabahlar

aydınlıqdan qıraq qalıb gecələrin əlində...

 

***

 

Şəklindən asılan

bir yarpaq ömrü can atır payıza,

bir pişik təkliyə sürüyür ömrünü,

bir ayrılıq can verir gözlərinin əlində...

 

Burda günəşin üzü soyuqdu,

içində sən olan günün !

Duyuram ki, uğrunda ölmək yox,

silahlı əllərə sahib olmaqdır səni sevmək.

 

Heyif, küçələrin xəyanətini

bağışlayan bir kişi yaşayır

ömrünü sənin indi.

 

Bu şəklin əlində

dili söz kəsmir ayrılığın,

ürəyi yanır yağışların.

 

Cavid FƏRZƏLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.27.