AYB-də publisistika ilə

bağlı məruzə dinlənildi

Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.

Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. "Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək".

Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.

Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: "Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı".

AYB sədrinin müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm".

Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: "Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı".

AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: "Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi"

Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: "Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir".

Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. "Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur"

Professor Tofiq Məlikli dedi: "Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı"

Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, "doğrudan da üslub insandır". Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib.

Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.

Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.28.