Roman və ya miflərin tale oyunu

 

Şamxal Həsənovun "Səs və ya Qırmızı" romanı haqqında...

 

Hər roman kodlu bir şahidlikdir;

bu, dünyanın nümayəndəsini,

lakin romanın nələrsə əlavə etdiyi

bir dünyanı təmsil edir:

küskünlüyü, nostaljini, tənqidi.

          Mario Varqas Llosa

 

Üç gün, üç obraz, üç xarakter, üç müəllif, üç dil, üç hadisə psixologiyası, üç roman texnikası, üç vacib hekayə, üç vacib tənqid, üç simvol.

Bu "üçlər" haqqında danışacağım romanın - Şamxal Həsənovun "Səs və ya Qırmızı" romanının fərqli aspektlərdən görünüşü və fərqli qapılarının açarlarıdır. Mənə görə, roman müstəqillik illəri ədəbiyyatımızın üç ən yaxşı romanından biri seçilə bilər. Müəllifin açıq-aşkar kartları masaya düzüb oxucu və tənqidçilərlə oynadığı dürüst oyunda qalib elə o özü olub.

Romanın çap dövrü mənim hərbi xidmətə yollanacağım vaxtla kəsişdiyi üçün əsəri çapından iki il sonra oxumağa müvəffəq oldum. "Səs və ya Qırmızı" haqqında deyilən üç tənqidi də bu yazıya qeyd edib keçirəm öz bildiklərimə və düşündüklərimə.

Deməli, roman haqqında birinci tənqid odur ki, müəllif Prustdan, Pamukdan ciddi şəkildə təsirlənib. Mən bunu mənfi bir hal kimi görmür və o adların yanına məmnuniyyətlə Nabokovu da yazıram. Roman mənə adı ilə, fəsillərinin bir neçəsi ilə və  İdris obrazı ilə Pamukun "Mənim adım qırmızı", "Yeni həyat" və "Səssiz ev" romanlarını, dili və üslubu ilə isə Prustu və Nabokovu xatırlatdı. Ancaq əsas məsələ ondan ibarətdir ki, müəllif  bu nəhəng yazıçıların təsiri ilə azərbaycanlı məişətini oxucuya kifayət qədər dolğun çatdıra bilib.

İkinci tənqid isə əsərin dili ilə bağlıdır. Bu tənqid, əlbəttə, yerində deyilib. Romanın dili kifayət qədər kələ-kötürdür. Ancaq bu kələ-kötürlük mövzunun, hadisələrin və obrazların daxili dünyası və monoloqları ilə bədii həllini tapa bilir. Ümumiyyətlə, dilin bu roman üçün nə qədər əhəmiyyətli olduğunu bir azdan yazacağam.

Üçüncü tənqid romanla deyil, birbaşa müəllifin özü ilə əlaqədardır. Belə ki, qeybəti və mahiyyətsiz eqonu sevən mühitimiz müəllifi intellektuallıqda "günahlandırır". Bu tənqidin absurd və gülməli olduğunu bilib üzərində dayanmayacam. Yəqin ki, altşüurdakı eqo bizim ədəbi mühitin zövqünə istisnasız təsir gücünə malikdir.

Şillerin şeir, Pamukun roman haqqında dediyi "Saf və Düşüncəli" estetikaya istinad edib, "Səs və ya Qırmızı" romanının konturlarını asanlıqla müəyyən etmək olur. Müəllifin harada saf, harada "mühəndis" olması əgər bizi maraqlandırırsa, əsərin mifik özülündən əhvalatçı situasiyalara qədər keçdiyi dörd yüz səhifəlik fikir karnavalını təhlil etməliyik. Yuxarıda dediyim kimi kartlar ortadadır. Prustun və Nabokovun təsiri altında mövzu bir qədər deformasiyaya uğrasa da, milli kodlara bir qədər əcnəbi nəsrin nəfəsi dəysə də, müəllifin daxili ritmik təxəyyülü əsəri tamamilə qurmaca olmasından xilas edir. Romanın nə qədər bioqrafik olmasını bilmirəm, ancaq əminəm ki, ya İdrisdə, ya da mütləq Ramizdə Şamxal var. Və ya Səmanın deyingənliyinin arasında mütləq özünə Bekketvari ironiyasından qaça bilməyib. Bütün hallarda romanın saf və "düşüncəli" tərəfləri bir-birini nizami əsgər sırası kimi izləyə bilir. Bu da romanın nə qədər incə və çətin yazıldığını göstərir. Şamxalın debüt romanı olmasına baxmayaraq, bütün səhvləri (?) və mükəmməl keçidləri (!) ilə bərabər "Səs və ya Qırmızı" nəsrimiz üçün yeni bir yol təklif edə bilib.

Roman sənət və məişət arasındakı min illərdir bitməyən "dava"dan, atalar və oğullar problemindən və mifoloji dünyagörüşünün günümüzə təzahüründən danışır.

 

Romanın mifoloji qatı

 

Roman bayquş simvolu ilə başlayır və hadisələrin müəyyən periodunda tez-tez oxucuya xatırladılır. Yunan mifologiyasında bayquş qoruyucu və uzaqgörən funksiya daşısa da, Roma miflərində bu quş uğursuzluğu simvolizə edir. Qədim rəvayətlərə görə, Roma hökmdarlarından bəzilərinin ölümünə səbəb də məhz bayquşların əvvəlcədən bildiyi xəbərlər olub. Yunan ilahələri isə bayquşdan gecələr yeni günün xəbərlərini almaq üçün istifadə edirdilər. "Səs və ya Qırmızı"da da bayquş Ramiz və Səma üçün uğursuzluğu simvolizə edirsə, İdris üçün onun oyuncaqları və xarakteristikası yeni yaradıcılıq manevrləri yaradır. Roman boyu bu quşun xüsusi mistikası istər İdrisin yazı masasında, istər Səmanın mətbəxində, istərsə də Ramizin palatasında özünü göstərir. Hərdən keçmiş qayğıların, hərdən də gələcək arzuların işarəsinə çevrilən fləşbəklər romanın mifik qatını zənginləşdirir. Ramizin xəstəliyi və İdrisin yazıçı olmaq arzuları bayquş mifinin yunan və roma xarakterinin dualizmidir.

İkinci mifoloji nüans Qurban bayramı və "Mən qoyunam" fəslində oxucuya təqdim olunur. Qurbanlığın din və kütlələr üçün daşıdığı simvolistika romanın ailə modelində də dəyişmir. İdris anasının arzularının və atasının xəstəliyinin, eyni zamanda da "yarımcan" yazıçılığının qurbanıdır. Onun anormal ailə modelinin içində böyüməsi və əvvəl-axır bununla barışmağa məcbur qalması qoyunun bıçaqla ilk və son dəfə tanışlığına bənzədilə bilər.

Şamxal Həsənov qəsdən və ya mətnin diktəsi ilə oxucunu bayquş, qurban və vicdan simvolları ilə tez-tez baş-başa buraxır. Ramizin yazdığı hekayələrdə müəllifin bəzən özünü mətnin içində öldürdüyünü və İdris obrazı ilə yenidən meydana çıxmasını görürük. Yeri gəlmişkən, Şamxal Həsənov çağdaş roman prinsiplərinin qızıl qanunlarından biri olan müəllifin ölümü texnikasını ilk romandaca həll edə bilib. Buna baxmayaraq bu cür gedişlər onun dilini əməllicə kələ-kötürləşdirir, bəzən oxucuda mətnin, ümumiyyətlə,  redaktə prosesindən keçmədiyi düşüncəsini yaradır.

 

Mətnin redaktəsi

 

Romanın redaktoru yazıçı Şərif Ağayardır. Kiçik bir haşiyədə bildirim ki, Şərif Ağayar mətnin redaktə prosesi və roman haqqında yazısında müəllifin bəzən onunla razılaşmadığını qeyd edir. Şamxalın Pamukdan təsirləndiyi bu proses prustvari dilinin sabitliyinə haqq qazandırmağa kifayət qədər səbəblər yaradır. Bir çox fəsildə Şərif Ağayar nəfəsinin mətndə gəzişdiyini görsək də, bəzi təsvirlərin və xüsusi isimlərin adında yazıçının inadkarlığı gözümüzü və mətnin ritmik aurasını cırmaqlayır. Bəs alternativ bir dil düşünmək olurmu bu mövzu üçün? Mənim fikrimcə, nə monofonik, nə də polifonik roman adlandıra biləcəyimiz bu mətnin ən uğursuz tərəfi onun dilidir. Sadəcə, müəllifin intellektual gedişləri və üslub xətalarına əcnəbi qaynaqları dili kölgədə saxlamağı bacarır və ya xətaların tez gözardı edilməsinə şərait yaradır.

Redaktor və müəllifin tamamilə "fərqli dillərdə danışması", əslində, mətnin dil xətalarının bolluğuna gətirib çıxarır. Ramizin monoloqlarında Şərif Ağayarın dilini hiss edəndə, Səmanın monoloqlarında və ya romandakı çox az sayda qarşımıza çıxan dialoqlarda müəllif və redaktor anlaşılmazlığını görürük. Bütün hallarda bu roman üçün ən yaxşı redaktor variantı elə Şərif Ağayardır.

 

Atalar və oğullar problemi

 

İdris və Ramiz arasındakı oxşar tale seçimləri mənə uzaqdan-uzağa Nuri Bilgə Ceylanın son filmi "Əhlət ağacı"nı xatırladır. Final fərqli olsa da, romanın və filmin dayanacaqlarındakı əsas problemlər eynidir. Uğursuz atanın oğlu o vaxt uğurlu ola biləcək ki, o, atasından qalma bütün ənənələri söküb atacaq. Ya da onun səhvlərinin nəticəsi ilə razılaşmayacaq. Amerikanın və Qərbin modern nəsrindən fərqli olaraq hələ də Şərq öz atalarına tamamilə üz çevirə bilmədiyi üçün onların səhvlərinin və talelərinin ağır nəticələrini qəbul etmək məcburiyyətində qalırlar. Müəllifin öz psixologiyası da mətn diktə edə bilməyib. Obrazlar və yazıçı arasındakı ziddiyyət hərdən oxucunu yorsa da, növbəti tale(sizlik) oyunu Şamxalın oxucusunu yenidən romana qaytarır.

 

Məişət

 

Azərbaycan ailə institunun ən yaxşı proyeksiyası olmasa da, uğurlu proyeksiyalarından birini müəllif romanın qərbli dilində yarada bilib. Ananın öz oğlunu yazıçılıqdan, sənətdən, kitablardan qoruması, ona qız axtarıb evləndirmək istəməsi, atadan daim nigaran və şikayətçi obrazı, bayram zamanı (nə qədər azərbaycanlılar üçün müəllifin qeyd etdiyi kimi təmtəraqlı bayram olmasa da) qonaq qarşılamağın qafqazlı üslubları romanda yaxşı verilib. Düzü, müəyyən müddət Avropada təhsil alan, oranın mədəniyyətini sinirən Şamxal Həsənovun ailə-məişət mövzularında həssaslıq göstərməsi romana məsuliyyətin göstəricisidir. Təxminən iki il ərzində yazılan roman müəllifin Azərbaycanda yazıçı olmaq istəyən bir gəncin qayğılarından da danışır. Yazıçı olmaq istəyən oğluna xəstə kimi baxan Səmanın azərbaycanlı anasının hələ də məzmunsuz qayğıkeşliyi timsalında digər məişət hadisələrini öz monoloqlarında oxucuya çatdırması romanın azərbaycanlı xarakteristikalarını göstərib.

 

Müəmma

 

Z obrazı. Romanın psixoloji aurasına detektiv fon verən kiçik bir obraz. Bu Z Şamxalın romandakı ən orijinal obrazıdır. Onun romandakı bütün aksesuarlarla birbaşa əlaqəsi var. İdrisin arzuları da, Səmanın ailə uğursuzluğu da, Ramizin xəstəliyi də, vicdan, bayquş, qurban, yarasalar da Z-nin bədii sarvanlığı ilə ünvana çatır. Onun romanda xüsusi iştirakı oxucunu böyük həcmli sıxıcı roman oxumaq əzabından qurtarır. Bütün fəsillərdə Z var və biz onu heç bir fəsildə konkret görmürük. Z-nin romanın hansısa təhkiyəçilərindən biri olmaması onu müəllifin vəzifələrini yerinə yetirən bir köməkçi kimi də tanıda bilər. Müəllifin obrazlar haqqında deməyə bir sözü qalmayanda Z işə keçir və hekayənin periodunun qırılmasına icazə vermir. Şamxal Həsənovu məhz bu obraza görə təbrik etmək olar.

Bir sözlə...

Bütün yaxşı və alınmayan tərəfləri ilə bir yerdə "Səs və ya Qırmızı" romanı çağdaş ədəbiyyatımızın diqqətəlayiq nümunələrindən biridir. Ümid edirəm ki, o, tezliklə özünün oxucusunu tapacaq. Romanın son cümləsində deyildiyi kimi:

"Mən nəyəmsə, o olacağam...".

 

Rəvan CAVİD

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.27.