Üzlərdə təbəssüm

 

Hekayə

 

Unudulmaz şair dostum, səmimi insan Oqtay Rzanın xatirəsinə

 

Birdən sinəsində nəsə qırıldı elə bil. Başı ağırlaşdı, gözlərinə tor gəldi, qulaqlarında uğultu qopdu...

...Özünə gələndə çırpınıb yerindən qalxmaq istədi. Ağrıdan tərpənə bilmədi, nəfəsi təngidi. Arxası üstə, gözləri tavana zillənmiş halda uzana qaldı. Birdən başının üstündə ona baxan bir cüt göz gördü. Şəfqət bacısının zərif səsini eşitdi:

- Professor, gözlərini açdı.

- Hə, özünə gəlir.

Professorun mülayim səsini eşidib zarıdı:

- Ağrıdan tərpənə bilmirəm heç... - Professor onun əlindən tutub yüngülcə sıxdı:

- Narahat olmayın, müalicə edərik, sağalarsınız, inşallah.

 

***

 

Təcrübəli təbibin müalicəsi tezliklə özünü göstərdi. Xəstə təzəcə ayaq tutub yeriməyi öyrənən uşaq kimi palatada kövrək addımlarını atır, yorulanda yatağına uzanırdı. Professorun məsləhətilə hər gün beləcə təkrar olunurdu. Günbəgün babatlaşırdı. Artıq ona dəyməyə gələnləri yanına buraxırdılar.

Bir gün şair dostu özünəməxsus hay-küylə palataya girdi. Onu bağrına basıb sorğu-suala tutdu:

- Birdən-birə nə oldu sənə, axı? Vallah, eşitdim, inanmadım. Dedim ola bilməz, o ki sapsağlam, civə kimiydi. Həmişə hərəkətdə, tədbirlərdə, xeyir-şərdə, məclislərdə…

- Özüm də məəttəl qalmışam. Yaxşı ki, professor müalicəmlə özü məşğuldur. Sağ olsun, hər cür qayğı göstərir. Mən də yavaş-yavaş üzə gəlirəm, deyəsən.

- Allaha şükür, görürəm yaxşısan, maşallah. Qardaş canı əlim-ayağım yüngüldür. Bax, əlim əlinə dəydimi, həmişəki kimi sapsağlam olub quş kimi uçmaq istəyəcəksən...

- Haraya? Qazaxa, Şirvana, Muğana?

Təzəcə ayaq tutan xəstənin zarafatyana sualı şair dostunu uğundurdu, çiyinlərini titrədib qəşş elədi:

- Ay sənin məzən olsun. Həmişə deyirəm də, sən başdan ayağa yumorsan, səmimiyyətsən, vallah.

O, ani olaraq susub baxışlarını çarpayıda balınca dirsəklənən xəstənin başı üstündən məchul nöqtəyə zilləyib xəyala daldı elə bil:

- Sən deyən yerlərə ilham pərisinin qanadlarında uçarıq, inşallah. Amma hələlik gəl yaxından başlayaq. Günü sabah təzə kitabımın təqdimatına aparmaq istəyirəm səni. Rəyini bilmək, sözünü eşitmək, özün bilirsən, necə xoşdur mənə. Heç narahat olma, öz maşınımda aparıb gətirəcəyəm bura.

Şair başını buladı.

- İcazə vermir professor, heç dəhlizə çıxmağa qoymur. Çox ciddidir. - Dərindən köksünü ötürüb üzrxahlıq elədi. - Bağışla, sən Allah, mənə qalsa mütləq gedərəm, bilirsən xasiyyətimi.  Amma, - əlini ürəyinin üstünə qoydu, - amma qoymur bu, salıb əldən məni. Vaxtında fikir verməmişəm, indi altını çəkirəm. Bu yandan da təzyiq aman vermir, hey oynayır, aşağı-yuxarı...

 

***

 

O, professorun tövsiyələrinə, məsləhətlərinə can-başla əməl edir, səylə müalicə olunur, günbəgün gümrahlaşırdı.

Xüsusən, gündüzlər şair dostu demişkən, özünü quş kimi yüngül hiss edirdi. Sanki ilhamının qanadlarında gözəlliyinə heyran olduğu yerləri gəzib-dolaşır, ədəbi məclislərdə, yubiley təntənələrində, təqdimat mərasimlərində sözünü deyir, şeirini oxuyurdu. Dostları, pərəstişkarları, şeir həvəskarları xasiyyətini yaxşı bilirdilər: ölkənin hansı bölgəsində olur-olsun - yaxın, ucqar onun üçün fərqi yoxdu, ədəbi mərasimlərdə mütləq iştirak edirdi. İndi yaşa dolub ahıllaşsa da bu adətindən əl çəkmirdi. Maşallah, həmişə qıvraq görünür, söz deyib, şeir söyləyəndə isə lap gümrahlaşırdı. Və birdən heç kimin gözləmədiyi halda... ağır xəstələndi. Dərin yuxudan oyanırmış kimi özünə gələndə acı-acı fikirləşdi ki, ürəyi sözünə baxmır, namərdlik eləyir, deyəsən, yarı yolda qoyacaq onu. Ancaq professor razılaşmadı onunla, əksinə qınadı şairi: "Ürəyini yormusan, incitmisən, - dedi, - elə bil unutmusan, heç saya salmamısan, ağrıyanda da fikir verməmisən, məhəl qoymamısan, "əşşi keçib gedər", - deyə arxayın olmusan özünə, qorxmusan ki, işin yarımçıq qalar. Həmişə harasa tələsmisən... Və tələsə-tələsə yadından çıxarmısan özünü, ürəyini".

Professor yetərincə dünyagörüşlü, məlumatlı, bilikli, kamil insan, ziyalı idi. Dalğalı gümüşü saçı, yaraşıqlı gülər üzü elə bil palatanı işıqlandırır, hər xəstə ilə "öz adamı kimi" görüşür, "öz dilində" danışır, ürəklərə yüngüllük gətirən ünsiyyət yaradırdı. Şairin xətrini məxsusi istəyir, gərgin iş gününün axırında onunla arxayın ürək söhbəti edirdi. Özünün dediyi kimi "nadir kitabları çıraqla axtaran", mütaliəsiz keçinməyən professorun qibtə edilən hafizəsi vardı. Söhbət əsnasında yaddaşında daşlaşan aforizmləri, hikmətli sözləri yerli-yerində işlədirdi.

Bir dəfə söhbətin şirin yerində o, şairə zənnlə baxıb özünəməxsus avazla sinədən dedi:

 

Vətənin mərd qızı, oğlu qocalmaz,

Torpağa köküylə bağlı qocalmaz!

Nurlu sifətinə qırış qonsa da,

Müdrik adamların ağlı qocalmaz!

 

Şair böyük hörmət bəslədiyi təbibə kövrək səslə minnətdarlığını bildirdi:

- Sağ olun, professor, siz mənə sürpriz etdiniz. Heç bilməzdim ki, sinə dəftərinizdə mənim də şeirim, rübaim olar.

- Niyə də olmasın? Gözəl demisiniz: "Nurlu sifətinə qırış qonsa da, // müdrik adamların ağlı qocalmaz!".

O, sözünə ara verib nəfəsini dərdi:

- Siz bayaqdan Azərbaycanı qarış-qarış gəzməyinizdən, qələm dostlarınızla birlikdə müxtəlif tədbirlərdə iştirakınızdan, oxucularla görüşlərinizdən elə maraqla danışırsınız ki, adam özünü təbiətin bir-birindən gözəl guşələrində hiss edir. Amma deyəndə ki, xəstəxanadan çıxandan sonra yenə həmin yerlərə getmək istəyirsiniz, təəccübləndim.

- Burada təəccüblü nə var ki?!

- Əslinə qalsa heç nə! Adam daha çox gəzmək, görmək, gözəllikdən zövq almaq istəyir. İllah da sənət adamı, şair, sizin kimi təbiət, gözəllik vurğunu ola. Ancaq, - o, barmaqlarını daraqlayıb alnına tökülən gümüşü bəyaz saçını yatımına sığalladı, - ancaq sizə dönə-dönə dediklərimi bilmərrə unutmayın: nə yaş o yaşdır, nə də ürək o ürək, enib-qalxan qan təzyiqiniz, duyğulanaraq əsib-coşan əsəbləriniz də həmçinin, - professor ani olaraq susub sözünə davam etdi. - Elə bilməyin ki, sizinlə sərt danışıram. Xeyr, olanı deyirəm, bu mənim təbib kimi borcumdur. Əlbəttə, başa düşürəm sizi, müalicə yaxşı nəticə verir, özünüzü quş kimi yüngül hiss edirsiniz, amma - onun üzü xoş təbəssümlə işıqlandı, ərklə, - amma uçmaq olmaz quş kimi, sadəcə yerimək gərəkdir, özü də asta, narın addımlarla, tələsmədən. Daha cavan yazarlara qoşulub dağlara dırmanmaq, nəfəsi təngidən uzaq yollar yorğunu olmaq, məclislərdə qədəhləri cingildədib sağlamlığı itirmək yaramaz sizə. Məsləhət görürəm, həyat tərzinizi yaşınıza, səhhətinizə uyğunlaşdırın. Mümkün qədər yaxın yerlərə, tədbirlərə gedin.

Professora diqqətlə qulaq asan şair təvəqqe elədi: - Sözünüzün qüvvəti, buraya, xəstəxanaya ən yaxın yer Natəvan klubudur. İcazə versəydiniz, gedib qələm dostumun yubiley tədbirində iştirak edərdim.

O, özünəməxsus təmkinlə dedi:

- Siz tamam sağalmamısınız hələ. Gündüzlər əhvalınız yaxşılaşsa da, gecələr ağrılarınız olur. Gərək müalicənizi başa çatdıraq.

Şair fikirli halda etiraf etdi:

- Doğrudur, yaxşı yata bilmirəm, gecələr ağrılarım təzədən başlayır elə bil.

Professor onu məhrəm nəzərlərlə süzüb:

- Siz olduqca duyğulu, təbiətən narahat adamsınız, - dedi, - hər şeyi ürəyinizə salır, içinizdə özünüzü qınayır, danlayırsınız: niyə xəstələndim, filan yerə gedə bilmədim, sözümü demədim, işim tökülüb qaldı. - Sual dolu gözlərini şairə dikdi. - Məgər belə deyil?

Şair suçlu-suçlu başını tərpətdi:

- Elədir, ürəyimi oxuyursunuz elə bil.

- Xahiş edirəm, özünüzü ələ alın, səbrli, hövsələli olun. Sizi əmin edirəm, ürəyiniz kimi əsəblərinizin də müalicəsi öz nəticəsini verəcək, tamamilə sağalacaqsınız və... - yarızarafat, yarıgerçək, - və ilham pərisi yenə yazıb-yaratmağa ruhlandıracaq sizi! - dedi.

 

***

 

Professorun söylədiyi kimi də oldu. Şair sağalıb evinə gəldi. Gecə ağrıları daha onu narahat etmirdi. Rahat yatırdı. Bir gecə yuxusunda səmanın ənginliyində quş kimi süzən bəyaz bir gözəl gördü. Gözləri qamaşdı, qəflətən yuxudan ayılıb qeyri-iradi yuxarıya boylandı. "Deyəsən, yuxuda gördüyüm ilham pərisi idi", - fikrindən keçirdi, şair dostu ilə söhbətini xatırladı.

Səhər telefon zəng çaldı. Əlini uzadıb dəstəyi götürdü. Rayonda yaşayan şair dostunun səsini eşitdi:

- Sabahın xeyir, a qardaş, olmasın azar-bezar. Eşitdim xəstələnmisən, gəlmişəm sənə dəyməyə. İndicə köşkdən qəzet almışam, təzə şeirlərini görüb çox sevindim. Şair dostumuz Adil Cəmilin sənə ithaf elədiyi şeir yaman xoşuma gəldi. Qoy bir bəndini oxuyum səninçün:

 

Bilirəm ki, xəbərin var

Yer qatından, göy qatından.

Tale səni düşürməsin

İlhamının söz atından.

 

Son: "O, ilhamının söz altından" düşmədi, xasiyyətini dəyişmədi, ürəyi istədiyi kimi gəzib-dolandı, Yazıçılar Birliyinin Natəvan klubundan həmişə səsi gəldi, dostları ilə yeyib-içdi, evə gəldi, yuxuya getdi, əbədi yuxuya...

Aqil Abbasın dediyi kimi, sağlığında heç kimi incitməmişdi, dünyasını dəyişəndə də belə oldu.

Yazıçılar Birliyinin tədbirlərində onun yeri görünür, Oqtay Rzanı xatırlayanda üzlərə təbəssüm qonur...

 

Əlövsət BƏŞİRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.24.