Vaqif Bəhmənli - özü və sözü barədə

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi planına əsasən qələmə alınmış məqalə Vaqif Bəhmənlinin 15 cilddən ibarətsərlər"inin 2-ci cildində ön söz olaraq yer almışdır.

 

 Müasir Azərbaycan ədəbiyyatının seçkin nümayəndəsi Vaqif Bəhmənlinin yarım əsrlik dövrdə öz daxili dinamikası ilə inkişaf edən yaradıcılığı mövzu, problematika və janr əhatəsinə görə yetərincə geniş və dolğundur. Bu yaradıcılıq azhecalı, yığcam poetik mətnlərdən - ikilik, dördlük, bayatı və rübailərdən tutmuş, epik əsərlərə, ədəbi-publisistik araşdırmalara qədər zəngin bədii dünyanın mərhələ-mərhələ yaradılması ilə ərsəyə gəlmişdir.

Bədii yaradıcılığa çox erkən başlayan Vaqifin ilk qələm təcrübələri kövrək ehtiyatlılığı ilə yanaşı, həm də qüsursuzluğa canatımı ilə diqqəti cəlb edir. Eyni zamanda bu axtarışların sırf poetika baxımından ciddi sənətkarlıq keyfiyyətlərinə tədriclə yiyələnmək bacarığı da üzə çıxır. Ancaq elə ilk addımlardan görünür ki, o, bədii yaradıcılığının tarixi-estetik təməlində Azərbaycan mədəniyyəti və ədəbiyyatının, xüsusilə onların qaynağını təşkil edən folklorun böyük və tükənməz arsenalını hiss edir. Dərk edir ki, bu arsenal şairi epiqonçu da, yaradıcı da edə bilər.

Vaqif Bəhmənlinin milli ədəbi irsimizə yaradıcı münasibəti onun bədii dünyagörüşünün, davamlı poetik axtarışlarının ən üstün keyfiyyətlərindəndir. Belə bir münasibət onun dünya ədəbiyyatı ənənələrini mənimsəməsində, klassikadan faydalanmasında da özünü göstərir. Beləliklə, milli və dünya ədəbiyyatının vəhdət qaynağında təşəkkül tapan Vaqif Bəhmənli yaradıcılığı hər iki xəzinəni zənginləşdirmək məramı daşıyan bir sənət örnəyidir.

Vaqif Bəhmənli poeziyasının 1980, 1990 və 2000-ci illərin əvvəllərini əhatə edən inkişaf dönəmləri onun poetik baxımdan daha da cilalanaraq, sosial-mənəvi siqlətini, siyasi hadisələrə refleksiya gücünü yetərincə artırdığı, vətənsevərliyin vətəndaşlıq amallarına yüksəldiyi mərhələlərin bir-birini tamamlamasıdır. Xüsusilə Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsi ilə yanaşı, bu böyük tarixi-siyasi hadisənin həm də Qarabağın işğalı faktı ilə çulğaşması Vaqif Bəhmənli poeziyasında "üsyankar ruhun" doğuluşu ilə yeni poetik səciyyə qazanır.

Şairin doxsanıncı illərin ictimai-siyasi gərginliyini əks etdirən şeirləri minilliklərin görk və yaşantılarını sinirlərinə çəkmiş milli tariximizin gözündən həmin konkret hadisələrə salınan poetik-əxlaqi nəzərdir. Bu dövrün xaotik olaylarında milli-azadlıq hərəkatının yüksək amallarını hədəfindən yayındıran məkrli niyyətləri şair qrotesk-obrazlarla əks etdirir. Xalq hərəkatına soxulmuş, meydanı yağmalamış kəslər vardı ki, onlar kütləni ayağa qaldırmaq, dövlət və millət mənafeyinə xidmət etmək şüarları altında yalnız öz cılız məqsədlərini güdərək yuxarı başa dırmanırlar:

 

Dünən ara vurub, nahaq qan edib,

Hiylə paltarını geyinib indi.

Bizim çiynimizi nərdivan edib

Bizim belimizə o minib indi.

 

...Sığmaz qoşa-qoşa dillər ağzına,

Cinə kələk gələr, şeytanı satar.

Verər igidləri yellər ağzına

Göz açıb yumunca meydanı satar.

 

Məlumdur ki, müasir epoxanın bədii mədəniyyəti, əsasən, modernist cərəyanlar yönündə, daha çox formalizmə meyillilik səmtində formalaşmışdır. Ekzistensialistlər yalqız insanın absurd aləmdəki çırpıntılarına, sürrealistlər sirli və dərkolunmaz dünyanın hiperbolik durumuna, abstraktsionistlər şəxsiyyətin bayağı və ilğımlı gerçəklikdən qaçmasına, pop-artçılar "kütləvi tələbat" cəmiyyətinin ideologiyasızlaşmış fərdiyyətçiliyinə, neorealistlər altşüurun və stixiyanın təlqini ilə hərəkət edən məxluqların vurnuxmalarına, daha çox dəbdə olan postmodernistlər isə dünyanın bütün elementləri ilə dekonstruksiya edilməsinə, həyat hadisələrinin müxtəlifliyində onları birləşdirən cəhətlərin deyil, ayıran cəhətlərin qabardılmasına, "sınıq güzgü" prinsipi ilə fraqmentallaşdırılmasına önəm verirlər. Bizim çağdaş ədəbiyyat və incəsənətimizdə də bu tendensiyalar müəyyən görsənişlərində təzahür edir. Lakin milli mədəniyyətimizin özünəməxsus estetikası, dəyərlər sistemi yalnız formalizm qəlibinə sığan axtarışlardan daha dərin sənət prinsiplərini üstün tutmağı zərurətə çevirir. Öz sütunları üzərində təşəkkül tapan ədəbiyyatın yaradıcı qüdrəti heç zaman tükənmir, o, formalist cərəyanlarda olduğu kimi böhrana yuvarlanmır, dünya ədəbiyyatı ilə təmasın ən yeni və dəyərli yollarını sala bilir. Çağdaş Azərbaycan ədəbiyyatının təcrübəsi göstərir ki, məsələn, qoşma, bayatı, gəraylı təkcə ədəbi forma deyil, onlar həm də müasir insanın mənəviyyatını, bütövlükdə varlıq münasibətlərini bütün dolğunluğu ilə əks etdirmək potensialına malikdir. Bu gün Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Rüstəm Behrudi kimi şairlərimiz milli ədəbiyyatımızın özünəyetər estetik cövhərini yaşadaraq inkişaf etdirməyin şərəfli missiyasını daşıyırlar. Vaqif Bəhmənlinin "Qoşma" şeiri bu nəzəri paradiqmanın poetik inikasıdır:

 

...Biçilib Tanrının pak libasından,

Şahlara şərbətdi qızıl tasında...

Abbasdan, Veysəldən, Xəstə Qasımdan,

Aşıq Ələsgərdən xəbərdi qoşma.

 

...Vaqif, ana sözə söykə üzünü,

Dəstələ kəlmənin tər-təmizini...

Almağa gedəndə Cıdır düzünü

Qoşun sırasında nəfərdi qoşma...

 

2012-ci ildə Qarabağın fəthi öncəduyumu ilə yazılmış bu şeir qoşmanı milli ruhumuzun arxetipik obrazı kimi canlandıraraq, mədəniyyətin iki başlanğıcını (Ordu və Poeziya) vəhdətdə götürür. Doğrudan da, qoşma ruhunu varlığında yaşadanlar Qarabağın fatehi oldular. Zərif lirika ərənliyin qəlbinə çevriləndə, Ordu və Poeziya bir-birini gücləndirəndə, dövlət də, mədəniyyət də yenilməz olur.

Vaqif Bəhmənli poeziyasında İnsan - Dünya münasibətlərinin ən dərin qatlarına enilir. Ancaq bu elə də asanlıqla baş vermir. Çünki o münasibətlər çox yerdən qırılıb, doğmalıq bağları kəsilib, yollar dolaşdırılıb, cığırlar itib. Ona görə də İnsan - Dünya münasibətlərindəki doğmalıq hüceyrələrini oyadanda insan öncə şaşır, sanki yad dünya ilə qarşılaşırmış kimi üşənir, diksinir. Ancaq biləndə ki, mənim həyatımın nəfəs aldığı ən doğma məskənlər elə bu itirilmiş, tanınmaz olmuş vadilərdir, onlara ana kimi, bala kimi sarılır. Bundan sonra insanın doğmalıq qaynağı olan Təbiətlə də, onun sayılmaz dürləri ilə də - su ilə, yarpaqla, daşla, buludla, canlı aləmlə... ünsiyyətinin milyon yaşlı bağları yenidən ilgəklənir, yolları, cığırları yenidən açılır. Müasir dünya ədəbiyyatının əsas problemlərindən biri olan özgələşmə, əslində, bu itirgənlik psixologiyasından doğur. Realist poeziyanın bir missiyası da İnsan - Dünya münasibətlərindəki dərin çatın genezisini açmaqdır. Azərbaycan şairi Vaqif Bəhmənli mənəviyyatımızın lay və süxurlarında qazıntılar aparan ustad - "arxeoloq" kimi həmin çat-yarğanları ələk-vələk etməkdədir.

Yəqin, buna görə onun şeirlərinin quruluşuna poetik dinamika xasdır: burada şeirin əvvəlindən sonuna doğru ideyanın hərəkəti baş verir.

Vaqif Bəhmənli poeziyasında dünyadərkinin geniş olduğu qədər də incəlikləri ilə görünən panoramı yaradılır...

Vaqifin poetik-fəlsəfi yozumunca, ən uca ideallar, böyük fikirlər, dərin mətləblər elə bizim çevrəmizdə dolanır, içimizdən keçir. "Dünyanın mənasızlığı" təsəvvürü bizim ona məna verə bilməməyimizdən deyil, onun hər bir zərrəsində kainat bütünlüyünü görə bilməməyimizdən doğur. Şairin lirik naturfəlsəfəsi varlığı bütün toxumaları ilə canlandırılmış metaforada - onun bütün subyektlərini nəfəs-nəfəsə, əl-ələ tutmuş yallıda panoramlaşdırır. Əlbəttə, bu Vəhdət Xəlitə deyil. Hər Tək dünyanın bənzərsiz varlığıdır. Özünü tapa bilən Tək özünü tapa bilməyən Kütlədən daha üstün, daha dəyərlidir: "Ekizə də Tanrı tikir damı tək, // Hər adamın dad alıbdır tamı tək. // Hamı təkdi bu dünyada, hamı, tək! // Mən də təkəm, mən də təkəm, hamıtək..."  Şairin anlamınca, dünyanın tapdanılmaz qanunu belədir ("Qanun" şeiri):

 

Endir silahını, qoşul Allaha,

Yağı Allahındı, qoşun Allahın...

Ovçunun Allahı gətirir bir yol,

Bir yol da gətirir quşun Allahı...

 

Poeziya, adətən, emosional duyğuların cazibə mərkəzi sayılır. Ancaq onun cazibəsi - yalandan qopmuş doğruları, torandan seçilmiş gerçəkləri, ilğımdan sıyrılmış həqiqətləri çəkib gətirmək, onları damla-damla toplayaraq sevgi və saflıq, mənəviyyat və əxlaq dəyərlərinə, "ruhun sərvətlərinə" çevirmək  gücündədir. Şairin "İşıqman" şeiri, beləcə, İşıq-İnsanda mehvərini tapan dünya qutsallığının mayasını yaradır:

 

Qapıdan qovanda girib bacadan

Gün Tanrı böyrümə yan alaydı kaş.

Göz açıb-yumunca söküləydi dan

Gecənin uzunu an olaydı kaş.

 

...Aşiqlər işığa aşiq olaydı,

işığı içməyə qaşıq olaydı...

Dünyanın Allahı işıq olaydı -

qurbanı qoyun yox, mən olaydım kaş!

 

Nurdu qibləgahım, sabahdı yönüm,

Deyim mətləbimi, başına dönüm:

Hamıya dönəydim işığa dönüb,

hamı işıqlanıb mən olaydı kaş.

 

Vaqif Bəhmənli yaradıcılığının mövzu palitrası olduqca zəngindir. İctimai, siyasi, mədəni, mənəvi həyatın, tarixi keçmişimizin, insanlararası münasibətlərin, planetdə ekoloji nizamın yaradılmasının, elmi araşdırmaların etik-əxlaqi aspektlərinin ən müxtəlif problemlərinə toxunan şair, təbii bir zərurətlə, dünyanın bədii-estetik qavranılması yönündə ədəbiyyatın daxili həyatına, sənət axtarışlarının, şairlik missiyasının mahiyyətinə də nəzər salır.

Vaqif Bəhmənlinin müasir ədəbiyyatımızı yeni bədii obrazlarla zənginləşdirən poemaları vardır. Bu poemaların epik-monumental cizgiləri onların həcm ölçülərində deyil, məzmun dolğunluğunda, daxili dramatizmində, polemik kəsərində, hətta tarixi-mifik mövzuların belə çağdaşlaşdırılmasında, aktuallaşdırılmasındadır.

Vaqif Bəhmənlinin yaradıcılığı 1980-ci illərdən Azərbaycan ictimaiyyətinin, ədəbiyyatşünaslıq və tənqidin diqqət mərkəzində olmuşdur. Onun poeziyasının orijinal keyfiyyətləri haqqında Azərbaycanın ustad sənətkarları, tanınmış ədibləri (Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məstan Günər, Əkrəm Əylisli, Elçin, Fikrət Qoca, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı,  Seyran Səxavət, Mustafa Çəmənli, Zakir Fəxri, Mahirə Abdulla, Ağacəfər Həsənli, Rəşad Məcid, Nəriman Əbdülrəhmanlı, Səlim Babullaoğlu, Kamran Nəzirli, Qulu Ağsəs, Əjdər Ol, Aydın Tağıyev, Tofiq Nurəli, Marif Soltan və başqaları), ədəbiyyatçı və tənqidçiləri (Nizami Cəfərov, Tehran Əlişanoğlu, Bədirxan Əhmədli, Nizami Tağısoy, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Qulu Məhərrəmli, Nərgiz Cabbarlı, Elnarə Akimova, Esmira Fuad, Məhəmmədəli Mustafa, Tahir Abbaslı, Bəsti Əlibəyli, Oqtay Abbas, Laura Cəbrayıllı və başqaları) dəyərli fikirlər söyləmiş, məqalə və resenziyalar yazmışlar.

Azərbaycan ədəbiyyatının tükənməz poeziya ənənələrini yaşatmaqla onu dünya ədəbiyyatına qovuşduranlar sırasında dayanan Vaqif Bəhmənli bədii-estetik düşüncə mədəniyyətimizin inkişafı üçün bu gün də yorulmadan çalışır. Şairin "Əsərlər"inin on beş cildliyinin nəşrə başlaması isə nəinki bu bənzərsiz şairin yaradıcılığında, eləcə də çağdaş ümumtürk və Azərbaycanın ədəbi həyatında dəyərli hadisələrdən biridir.

 

Rahid ULUSEL

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.22.