Mən də şükür
deyirəm
Rəşad Məcidin "Səbəbi
sənsən" kitabı haqqında düşüncələrim
Hər hansı
bir yazarı
tanımaq üçün onun əsərlərini ya
özüm oxuyuram, ya da kimsə barəsində
danışanda qulaq müsafiri olaraq onu kəşf edirəm
özüm üçün. Qeyd edim ki, oxuyub
tanıdığım müəlliflər çoxluq təşkil
edir.
Rəşad Məcidi "11 sentyabr"
hekayəsindən sonra tanımışam. Belə ki, bu
hekayə barəsində eşitmişdim, yaxşı mənada
sözü-söhbəti geniş yayılmışdı.
Mən də hekayəni əldə edib maraqla
oxudum. Gördüm ki, bu qədər
danışılmağına, haqqında
yazılmağına, müzakirələrə səbəb
olmağına dəyərmiş.
Hekayə çox gözəl idi. Buna səbəb həm əsərin real
faktlar əsasında yazılması, həm də Rəşad
Məcidin nəsrin incəliklərini dərindən bilməsindən
irəli gəlirdi. Çoxlarımızın
gözü qarşısında Amerikanın iki nəhəng
göydələninin terror nəticəsində çökməsini
qələmə alan
yazıçını, bu əsər usta bir nasir kimi
tanıtdırıb sevdirdi mənə.
Aradan xeyli müddət keçdi. Bir gün AYB Gəncə
bölməsinin sədri, Əməkdar mədəniyyət
işçisi, şair dramaturq Xəzangül xanım Rəşad
Məcidin kitablarını bölməyə gətirdi və
dedi:
- Bunlar Rəşad
Məcidin kitablarıdı, onunla
görüş keçirəcəyik. Mən
fürsətdən istifadə edib "Səbəbi sənsən"
kitabını götürdüm və başladım
oxumağa.
Əlbəttə, o görüş əsaslı
səbəblərdən təxirə salındı, ancaq
bilirik ki, olacaq.
Sözüm onda deyil, sözüm
"Səbəbi sənsən" kitabı
haqqındadır.
Əvvəla onu nəzərinizə çatdırım ki, kitabın adı "Sənə
görə" kimi yaddaşıma həkk olunub. Niyəsini bir
azdan siz də görəcəksiniz. Söz
düşəndə "Sənə görə"
kitabı deyirəm. İndi də
keçirəm əsas məsələyə, yəni "Sənə
görə" yox, "Səbəbi sənsən"
kitabı haqqında fikirlərimi sizlərlə
bölüşməyə.
Adətim üzrə yazarı tanımaq istəyəndə onu çox diqqətlə
oxuyub, sonra müəyyən fikrə gəlməyim
üçün təsəvvür yaradıram. Rəşad Məcidi
də tanımaq üçün "Səbəbi sənsən"
kitabını birinci səhifədən axıra kimi sevgi ilə,
mehr-məhəbbətlə, diqqətlə, ancaq yaxşı
nə varsa görmək, duymaq istəyi ilə oxudum. Sona çatanda şairin şeirlərini təsəvvürümdə
gül-çiçək ləçəklərinin
üstündəki şeh damlalarına bənzətdim.
Bax beləcə:
Əgər
səndən yaxşısını
Tapmağa ümidim olsaydı,
Çoxdan atmışdım səni.
Əgər sənin eynini tapa bilsəydim,
Bir az sənə
bənzərinə rastlaşsaydım əgər...
Amma neynim,
Səndən sonra yüz pillə boşdu.
Şairin şeirləri qısadı,
yığcamdı, sözü uzatmır, girişsiz dərhal
mətləbə keçir, demək istədiyini oxucuya
çox rahatlıqla çatdıra bilir. Bu zaman
şeir də, oxucu da rahat nəfəs alır. Məsələn:
Çəkilir
qasırğa, dağılır duman,
Yağış çisələyir, səngiyir tufan,
Tale gəmisinə yol açır zaman,
Qarşıdan bir rahat qərinə
gəlir.
Meh əsir
ruhumun həyəcanına,
Şeh çökür
beynimin dörd bir
yanına.
Əllərim qayıdır öz
ünvanına,
Çırpınan ürəyim yerinə gəlir.
Hər
vüsal, hər görüş toy-bayram idi,
Şirin
təlaş idi, həyəcan idi,
Bir vaxt qanadlanan, uçan can indi,
Yanına sürünə-sürünə gəlir.
Sevilən
yazarın şeirlərini oxuduqca hiss elədim ki, onun
misralarından ən gözəlini seçib misal çəkə
bilmirəm. Bu da Rəşad Məcidin
özünəməxsus yazı tərzindən,
hiss-duyğularının ifadəsindən doğan qəribə
bir yaradıcılıqdır. "Pozuldu" şeirində
olduğu kimi:
Adlarımız
yanaşıydı nə vaxtdı,
Heç bilmədim haçan adım pozuldu.
Bədənimin istiliyi çəkildi,
Damağımın şirin dadı pozuldu.
Sellər
axdı, sular keçdi aradan,
Sona qədər
olammadın yarıdan.
Kim saxladı bu röyanı yarıda,
Bu nağılın sonu,
ardı pozuldu.
Yaşatdığın
günlərimə baxırdım,
Naxış-naxış, ilmə-ilmə baxırdım.
Nootbukda
sanki fimə baxırdım,
Düyməsini qurdaladım, pozuldu.
Görkəmli şair lirik yazılarında həssasdır,
diqqətlidir, alicənabdır.
O, qarşısındakına məhəbbətlə,
sevgiylə yanaşmağı bacarır, ədəb-ərkanla
səbr edib gözləyir. Bunu onun "Gələrəm"
şeirində görürük. Lirik qəhrəman qətiyyətlə
gəlirəm yox, incəliklə gələrəm deyir, yəni
icazə versən gələrəm:
Bir səhər
yuxudan
Sən oyat, gələrəm!
Çağırsan o dəqiqə,
O saat gələrəm!
Belimdə
ağrı var
İkiqat
gələrəm!
Önündə dayanıb
Farağat gələrəm!
Baxma ki, xəstəyəm,
Ya süstəm
- gələrəm.
Əmrin
var - baş üstə,
Göz üstə
- gələrəm.
Sözümdə
dəqiqəm,
Dürüstəm - gələrəm!
Təki
sən arzula,
Sən istə gələrəm!
Mən ədəbi əsərlərdə
qarşısındakının diliynən özünü
sevdirmək cəhdini, özünü sevilən kimi göstərmək
cəhdini heç xoşlamıram. Sən özünü, sevgini, nifrətini,
ümumiyyətlə duyğularını ifadə et, ağıllı, diqqətli oxucu kimliyini
başa düşəcək.
Rəşad Məcidin yaradıcılığı
mənə ona görə xoş gəldi
ki, o, özünü yazmağı ön plana çəkir,
özünün qəlbindəkiləri yazır və sevilir. Onun sevildiyinə
inanırsan.
İnam gözəldir. Bu gözəlliyi
yaradan da gözəldir. Necə ki, R.Məcid "Sənəcən
"şeirində qeyd edir:
Sənəcən
necə yaşadım
yenə eləcə yaşaram...
Bilirəm, sözdü deyirəm
-
Yağılaşıb, yadlaşaram,
Unudaram
olanları...
Hisslərimi soyudaram,
Keçmişimə qayıdaram...
Yadıma
salıram indi...
Səndən əvvəl yada
düşmür -
Təqvim
səninlə başlayır,
Doğulduğum gün də,
ay da
Uşaqlığım, qocalığım,
Gəncliyim də -
Hamısı sənlə başlayır.
İndi
necə salım yada,
Səndən öncə nə olub ki?
Heç
nəyi xatırlamıram
-
Səndən qabaqlara aid
Yaddaşda nəsə qalıb ki?
Şairin
kitabının adına yenə
qayıdıram, "Səbəbi sənsən". Ancaq şeirin adı "Sənə görədir -
Səbəbi sənsən"dir. Bu şeir həm maraqlı,
həm qəribə, həm də içində gizlin bir mətləb
və məna var. Həmin məna sonda açılır.
Onun ruhunun davası sənə görədir.
Sən yoxsan o, bir davakar uşağa
dönür, səbəbsiz sənə görə
hamını sancır. Belə eşqin böyüklüyü
göz qabağındadır:
Özümü
hamıdan güclü sanmağım,
Durduğum yerdəcə qanadlanmağım,
Mənim
sevinməyim, ya şadlanmağım -
Hamısı, hamısı sənə görədir.
İndi
ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın.
Sınıq taleyimin, bağlı
baxtımın
Açılan qapısı sənə görədir.
Qalmayıb
qəlbimin daha gileyi,
Qəmli
çəmənimin açıb
çiçəyi,
Payızın ortası yazın
gəlməyi -
Bu bahar havası
sənə görədir.
Ancaq
uçulur dam - sən olmayanda,
Dərdə dözmür adam sən olmayanda,
Hamını sancıram sən
olmayanda,
Ruhumun davası
sənə görədir.
Təkcə bu şeirə görə kitabın
adını "Sənə görə" bilmişəm.
Kitabın içindəki sonuncu şeir həm ritminə, həm tərzinə
görə fərqlidir. Şairin
yaradıcılığının fərqli-fərqli
dönüşlərdən keçməsi ona ancaq uğur gətirir.
Rəşad Məcidin "Sən olduğun
zamanlar" şeirinin ən yaxşı nümunə
olduğunu hesab edirəm. Əsər
oynaqdır, kədərlidir, hərəkətlidir, oxuyub nəfəsini
dərmədən sona çatırsan. Qəmli
bir əhval-ruhiyyə səni bürüyür. İçində işıq öləziyəndə,
sanki yuxudan ayılırsan. Keçmişinə
nəzər salıb yaşadıqlarını
xatırlayır, ləzzətlə gülümsəyirsən.
Nə yaxşı ki, o günlərin sevincini,
xoşbəxtliyini canında, qanında saxlamısan. Hər şeyin ötüb-keçməsinin
labüd olduğunu fikirləşib, həyatının
boşa xərclənmədiyini hiss edib, bu gününə
şükür deyirsən.
Mən də şükür deyirəm. Şükür
deyirəm ki, Rəşad Məcidi oxudum, tanıdım və
yaradıcılığını sevdim. Onun son
şeirini də nəzərinizə çatdırıb
sağollaşıram:
Hər
işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən
olduğun zamanlar.
Onda mən
göydə idim, qanadlarım var idi,
Dünya
balaca yerdi, qucağıma dar idi,
Hamı
mənim bələdçim,
hamı mənə yar idi,
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən
olduğun zamanlar.
Dərd nədi,
ağrı nədi, bədənim quş kimiydi,
Məsafələr, uzaqlar bircə qarış kimiydi.
Yaşamaq məndən ötrü
tutan naxış kimiydi
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən
olduğun zamanlar.
Müşkül
nəsə yox idi, dərd vecimə deyildi,
Kimə
ağız açırdım
"buyur tez gəl" - deyirdi,
Hamı
alqış eləyib
uğurlar diləyirdi,
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən
olduğun zamanlar.
İndi
suyu sovulmuş bir dəyirman kimidir,
İtirilmiş yurd yeri, getmiş dövran kimidir,
Biraz da yuxu kimi,
qalın duman kimidir,
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən
olduğun zamanlar.
Aləmzər ƏLİZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.18.