Natəvan qədərli şairə

 

Xurşidbanu Natəvan Qarabağ tarixinin ən çətin dönəmində yaşamışdır. 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin yeganə övladı olan Xurşidbanu Natəvan, Qarabağ xanlığı tamamilə Rusiyanın işğalına keçdikdən sonra milli mənafenin qorunmasında böyük rol oynamış, siyasi baxımdan iradəsi olmasa da, ictimai işlərdə və ədəbi-mədəni mühitin canlanmasında bir çox işlər görmüşdür. Qarabağda və Bakıda yol və su çəkdirilməsi işinə yardım göstərməklə yanaşı, Xurşidbanu Natəvan təhsil işinə də xüsusi diqqət göstərmiş, qızların təhsil almasını dəstəkləmişdir.

Bədii tikmə ustası, xəttat və rəssam kimi də tanınan, "Xurşid" və "Natəvan" imzaları ilə yazıb-yaradan, lakin xüsusilə də birinci təxəllüslə yazdığı şeirlərin böyük əksəriyyəti günümüzə qədər gəlib çatmayan şairə XIX əsr Azərbaycan şeirində artıq qadınların da özünəməxsus yer almasına səbəb olacaq qədər poetik nümunələrin müəllifi kimi tanınmışdır. XIX əsr Azərbaycan ədəbiyyatına Aşıq Pəri, Heyran xanım, Fatma xanım Kəminə kimi qadın şairlərlə birlikdə yeni bir ruh gətirən Xurşidbanu Natəvanın təəssüf ki, bir çox şeirləri günümüzə qədər gəlib çatmamış, mövcud şeirləri isə şəxsi iztirab fonunda yazılmışdır. Xurşidbanu Natəvan şair olmaqla yanaşı, incəsənətin digər sahələrinə də bələd olmuşdur.

XIX əsrin 30-40-cı illərindən etibarən Azərbaycan yazıçıları ədəbi məclislər təşkil etməyə başlamışlar. Həmin məclislərə dövrün məşhur sənətkarları başçılıq edirdilər. Tiflisdəki "Divani-hikmət"in başçısı Mirzə Şəfi, Şuşadakı "Məclisi-üns"ünkü Xurşidbanu Natəvan, yenə oradakı "Məclisi-xamuşan"ınkı Mir Möhsün Nəvvab, Şamaxıdakı "Beytüs-Səfa"nn başçısı Seyid Əzim Şirvani, Ordubaddakı "Əncüməni-şüəra"nınkı Məmmədtağı Sidqi və başqaları idilər.

Ədəbi həyatda müəyyən rol oynayan bu məclislərdə yazıçılar öz yeni əsərlərini oxuyub müzakirə edir, şeir gecələri, deyişmələr keçirir, klassiklərin, o cümlədən başqa ölkələr ədəbiyyatının ən yaxşı əsərlərini birlikdə oxuyub, onların ətrafında mübahisələr açır, gənc ədəbiyyatçıların tərbiyəsi ilə məşğul olurdular və s.

XIX əsrdə Azərbaycanda ədəbi mühit mərkəzləri olaraq Bakı, Şamaxı, Şuşa, Qazax, Şəki, Naxçıvan, Ordubad, Lənkəran və başqa şəhərlərin adlarını çəkmək mümkündür. Bu şəhərlərdə "Məclisi-üns", "Məclisi-fəramüşan", "Beytüs-Səfa", "Məcməüş-şüəra", "Əncüməni-şüəra", "Fövcül-füsəha" kimi ədəbi məclislər fəaliyyət göstərmiş, ayrı-ayrı xanlıqların işğal dövründə cəmiyyətin ədəbi həyatı canlanmışdır.

XIX əsrdə Azərbaycanda mövcud olan ədəbi məclislər haqqında geniş araşdırmaları və monoqrafiyası olan Nəsrəddin Qarayev qeyd edir ki, Mirzə Rəhim Fəna xatiratında "Məclisi-üns"ün doqquz üzvünün adını çəkir, lakin məclisin əsas üzvləri aşağıda adları çəkilən şairlərdən ibarət olduğu qənaətinə gəlir: Xurşidbanu Natəvan (1832-1897), Mirzə Rəhim Fəna (1841-1931), Mirzə Ələsgər Növrəs (1836-1912), Mirzə Həsən Yüzbaşov (1824-1904), Məmo bəy Məmai (1842-1918), Hacı Abbas Agəh (? -1892), Məhəmmədəli bəy Məxfi (1821-1892), İsmayıl bəy Daruğə (1842-1891), Məşədi Nəsir Lövhi (? -1891), Mirzə Sadıq Piran İmamxan oğlu (1811-1892), Hüseyn Ağa Cavanşir (1856-?), Bəhram bəy Fədai, Mirzə Haqverdi Səfa (?-1881), Məhəmməd Ağa Müştəri (1875-1956), Mahmud bəy Mahmud, Mirzə Cəfər (Köhnəfüruş, 1839-1903), Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov (1845-1918) və başqaları.

"Məclisi-üns" ədəbi məclisi Mirzə Rəhim Fəna tərəfindən yaradılsa da, Xurşidbanu Natəvan da bu məclisin üzvlərindən olmuş, şeir məclislərində çıxışlar etmiş, ədəbi fəaliyyəti ilə də dəstəklənmişdir. Xurşidbanu Natəvanın qəzəlləri arasında Mirzə Rəhim Fənaya müraciətlə yazdığı aşağıdakı şeiri vasitəsilə əslində klassik şairlərə və şeirə münasibətini ifadə etmişdir:

 

Ey əhli-dil, Fənanı qoyun barı ağlasın,

Əğyarə çünki yar olub yarı, ağlasın

 

Mən etmək aşiqi, nə rəva, ahü zardan?

Çox dərdi var, qoyun ki, sizi tarı, ağlasın.

 

Səsləndi Natəvanə ki, ərbabi-qəm tamam

Hali-Fənayə cəm olub elcarı ağlasın!

 

Natəvanın qəzəlləri arasında onun "Məclisi-üns"lə əlaqəsini göstərən, eyni zamanda klassik ənənədən qaynaqlanaraq yazılan bu şeir siyasi hakimiyyətini itirən Qarabağ xanlığı şairlərinin mövcud vəziyyətinin sadəcə lirik fonda deyil, xalqın taleyi timsalında da göstərmək cəhdi kimi dəyərləndirilə bilər. "Məclisi-üns"ün üzvlərini "ərbabi-qəm" olaraq adlandırması da təsadüfi deyildir. Mirzə Rəhim Fənanın "Məclisi-üns"lə bağlı xatirələrində xan ailəsinin bu məclisə göstərdiyi diqqət vurğulanmaqla yanaşı, Natəvanın da adı çəkilir: "Zaman keçdikcə mərhum xan "Məclisi-üns" əhlinə iltifat göstərməyə illət etdi. Valideyi-möhtərəməsinin dəxi şeir aləminə meyil və şövq yetirməyinə əksər övqat xasi - "Məclisi-üns" şam və nahar sərf etmək üçün hüzura dəvət olunardılar və söhbətt-maarifdən məhzuz olardılar. Bu qism halatın təsiri təhtində və raqim daimülhüzur olduğu səbəbə o mərhumənin xatirində xəyalati-şeir cilvə etdiyinə bəzi öz qəlbi zəxmlərinə işarə etmək qəsdilə raqimdən özü üçün təxəllüs xahiş edər. Və çox vəqtlər məzacən nasaz olduğuna münasib "Natəvan" kəlməsini təxəllüs qəbul edər". Göründüyü kimi, xan ailəsinin "Məclisi-üns"ə dəstəyini vurğulayan Mirzə Rəhim Fəna Xurşidbanunun Natəvan təxəllüsünü seçməsinin səbəbini ruhi-psixoloji vəziyyətindəki ab-havaya bağlı olduğunu da açıqlayır. Nəsrəddin Qarayevin araşdırmalarına görə, "Məclisi-üns" 1987-ci ilə kimi, yəni Natəvanın vəfatına qədər öz fəaliyyətini davam etdirmişdir. Onun ölümündən sonra artıq "şeir bazarının gülləri solmuş", "bülbüllər susmuş", beləliklə də, şeir məclisləri getdikcə öləzimişdir.

Xurşidbanu Natəvanın bizə gəlib çatmış şeirlərinin böyük əksəriyyəti qəmgin notlarla zəngindir. Belə ki, şairənin şəxsi həyatındakı uğursuzluq və kədərli motivlər onun şeir yaradıcılığına da təsir göstərmişdir. Bu kədər motivləri ilə Natəvan təxəllüsünü də götürmüş və həqiqətən də, şeirlərində daha çox qəmli notlara köklənmişdir. Hətta aşağıdakı qəzəlində dediyi kimi, dərdini söyləmək üçün sözlərin yetərsiz olduğunu ifadə etmişdir: "Midad olsa, əgər dərya, qələm olsa əgər əşcar, // Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar".

Xurşidbanu Natəvanın şeirlərində qəm motivləri eyni zamanda həsrət duyğuları ilə birlikdə təqdim edilmişdir. Ayrılıq, həsrət, fəraq, hicr kimi sözlər onun şeirlərində ən çox müraciət edilən sözlərdəndir: "Tamamən dərdü qəmlərdən fəraqün dərdi əfzundur, // Onunçun Natəvan hər dəm olub nalan, qan ağlar".

Bütün dərdlərdən fəraq//həsrət dərdinin daha ağır olduğunu bildirən şairə bu qənaətə, təbii ki, şəxsi həyatında yaşadığı həsrət dolu anlardan sonra gəlmişdir. Xüsusilə də oğlanları ilə bağlı hadisələr - birinin ölümü, digərinin isə şairənin Seyid Hüseynlə evlənməsi nəticəsində ondan uzaqlaşması, evi tərk etməsi bir ana kimi onun könlündə dərin yaralar açmış və həddindən artıq kədərləndirmişdir. O, kədərini bəzən tarixi qəhrəmanları da yada salaraq izhar etməyə çalışmışdır: "Dəvasız dərdi-bidərman, qalıb məhzunu sərgərdan, // Ərəstu ilə həm Loğman, Fəlatuni-zaman ağlar".

Ümumiyyətlə, "Ağlar" rədifli qəzəlində Xurşidbanu Natəvanın şəxsi kədəri yaşadığı dönəmin tarixi hadisələri ilə səsləşərək şeirə gətirilir. Qəzəlin maraqlı poetik quruluşu var: ağlayan ürəyindən bunun səbəbini soruşan şairə digər beytlərdə izahı verir və beləliklə, qəzəl şəxsiyyətin daxili sorğu-sualı, mükaliməsi şəklində formalaşır. Naləsi fələklərə qədər gedib çıxan könül bunun səbəbini badi-səbadan soruşmağını istəyir:

 

Könül huşyar imiş məndən, dedi:

                        Badi-səbadan sor!

Sərasimə qalıb heyran, çəkər ah,

                        əlaman, ağlar!

Səbadan sordum əhvalı ki,

                        ey hər haldan agah,

Nə vaqedir, səni tarı,

                        olub dil natəvan ağlar?         

Dəxi badi-səba, gördüm,

                        bəsi dilkiru nalandır,

Təkəllüm yox bəyan etsin,

                        qalıbdır bizəban, ağlar.

Tutulmuş nitq güftarı, dedi:

                        Ey Natəvan xəstə,

Necə şərh eyləyim halı ki,

                        cümlə insü can ağlar.

 

Badi-səbabın da dərdli olduğunu görərək bağda dolaşmağa davam edən şairə bu dəfə bağbanla rastlaşır, lakin o da şad-xürrəm deyil, əksinə, badi-xəzan sərvini soldurduğu üçün gözləri yaşlıdır və fəryad etməkdədir. Beləliklə, kainatda və ətraf aləmdə hər nəsnənin keçmişdən indiyə qədər ağlar vəziyyətdə olduğunu, bəşər tarixində həm pirin, həm cavanın daima göz yaşı tökdüyünü bildirən Natəvan çərxin belə qurulduğu, ona görə də yerin və göyün ah-nalə etdiyi qənaətinə gəlir. Bununla belə o özünü yalnız hiss edir və Füzulinin də təsiri hiss olunan aşağıdakı beytində bununla bağlı kədərli fikirlərini ifadə edir: "Tənim rəncur, dil xəstə, dəxi bir qəmküsarım yox, // Kimə şərh eyləyim dərdim, gedər tabü tavan ağlar".

Qəmküsarının olmamasından daha çox şikayət edən Natəvanın tərcümeyi-halından bilirik ki, xüsusilə də anasını itirdikdən sonra o, toplumda və ailədə yalnız qalmış, ətrafındakı insanlar dul qaldığı müddətdə onu çox sancmış və incitmişlər. Buna görə də xeyli sıxıntılar yaşayan şairə "növbənöv qəmlər"dən bezara gəldiyini və xoş olmayan taleyini qəzəl boyunca sorğulamışdır: "Firavandır qəmim, şərhin bəyan etmək deyil mümkün, // Yaz, ey müstovfiyi-aləm, müdam əhli-cahan ağlar". Qəminin firavan olduğunu söyləməklə bədii təzad yaradan Natəvan digər şeirlərində də bu qəzəlində toxunduğu yalnızlıq və kədər  duyğularını davam etdirmişdir.

Natəvanın həyatından bilirik ki, 16 yaşlı oğlu Mirabbas cavan yaşında dünyasını dəyişmiş və bundan sonra qəmi daha da artmış, nakam ölüm onun qəm çeşidini artırmışdır. Şairə yaşadığı dönəmdə nakam həyat tərzi ilə övlad həsrətlərinin qəm yükünün daşıyıcısı olmuşdur. Onun "Getmə" rədifli qəzəllərini bir ananın ağısı olaraq dəyərləndirmək mümkündür:

 

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə,

Yoxumdu tabü-təvan firqətə, cavan, getmə!

 

...Səninlə roşən idi qəlbim, ey gözüm nuri,

Güman ki, təng ola canimə bu cahan, getmə!

 

Bu ölümün qəlbində açdığı yaraları, bu cür hicran dərdinin çarəsinin olmadığını bildirərək bu dərddən sonra daha da tənhalaşacağını deyərək sanki bir möcüzə ilə oğluna yalvarır və onu gözü yaşlı qoyub getməməsini xahiş edir. "Getmə" rədifli ikinci bir qəzəlində isə xalq arasında yas mərasimində deyilən ağılarda olduğu kimi oğlunun müxtəlif müsbət keyfiyyətlərini dilə gətirir və ayrılığı ilə barışmır: "... İki gözüm işığı, şahzadə simbərim, // Məni də yoldaş apar, qoyma Natəvan getmə!".

Oğlunu ruhu olaraq qəbul edən, onsuz bədəninin ruhsuz bir cəsədə döndüyünü vurğulayan Natəvanın günümüzə gəlib çatmış şeirlərindən biri də "Əfsus" rədifli qəzəlidir. Ən məşhur qəzəllərindən biri hesab olunan bu şeirində Natəvan yenə də qəm ləşkərinin hücumları içərisində çarəsizdir və artıq oğlunun ölümünü qəbul edərək, heyifsilənməkdədir:

 

Səni ağuşə çəkdi xaki-siyah,

Əşkdən bağrım oldu qan, əfsus!

İtirib bu şüküftə qönçəsini,

Qaldı sərkəştə Natəvan, əfsus!

 

Övladının qara torpaqda yatdığını ürək acısı ilə dilə gətirən şairə qanlı göz yaşları tökərək "Əfsus" rədifli bir qəzəlində də ana qəlbinin çırpıntılarını, övladını gənc yaşda qara torpağa tapşırmağın acılarını ifadə edir. Qəzəlin giriş hissəsində ömrünün payız fəslinə yetdiyini, gül mövsümünün ötüb getdiyini bildirən şairə qəfil əsən küləyin gülünü soldurduğunu göz yaşları ilə ürəyini qana döndərərək bildirir:

 

Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus!

Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!

 

O gül ki, qibtə edərdi ona behişti-çəmən

Tutubdu indi yer altında o, qərar, əfsus!

 

"Oğlum üçün" adlı qəzəli də bu mövzuda qələmə alınmışdır. Ümumiyyətlə, şairənin bizə gəlib çatan qəzəlləri, fikrimizcə, ömrünün xəzan çağlarında yazılmışdır. Çünki bu şeirlərdə övladlarından ayrı düşmüş bir ananın fəryadları eşidilməkdədir:

 

Sənin hicrin odu, Abbas, dəxi, çıxmaz ki, canımdan,

Səməndərtək yanar daim anan nari-fəraqında.

 

Uçub şəhbaztək könlüm, gəzərdi vəsl bağında,

Pərü balını sındırdı fələk, bu pir çağında.

 

Böyük oğlu Mehdiqulunun anasından uzaqlaşmasını isə rəqiblərin əməli kimi dəyərləndirən şairə arzularının nakam qalmasında onların da rolu olduğunu vurğulamış və həm taleyini, həm də düşmənlərini qınamışdır: "Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə, // Xəyalilə keçirdim ömrümü nalan, xuda hafiz!".

Bütün bu çəkilə bilməyəcək qəm yükünü sırtında daşıyan şairə elm və maarif xadimlərinə yardım göstərməyi özünə borc bilmiş, onun həyat və yaradıcılığını şeirlərində əks etdirən şairlər isə sevilən şairənin bu yükünə şərik olmağa çalışmışlar. Belə ki, Molla Qədir Şirvani Nacinin - şairənin öz müasiri olan şairin şeirində Natəvana yüksək qiymət bəslədiyi anlaşılır. Natəvanın nəcib sifətləri bu şeirdə öz əksini tapır:

 

Ey rahati-ruhi Natəvanım,

Bimar gözün fədası canım

Rəhm et məni-zari binəvayə,

Hicrin oxun atma, tökmə qanım        

Qurbani-kəmani-daşın olsun

Bu cismi zəifi natəvanım.

 

Beləliklə, Xurşidbanu Natəvanın yeniyetməlik dövründən atasını itirməsi, heç istəmədiyi bir adamla evlənməsi, bu evliliyin ona sadəcə iztirab verməsi, birinci həyat yoldaşının intiharından sonra dul qalması, ətrafındakı insanların yenə də onu narahat etmələri nəticəsində rəiyyətdən olan bir şəxslə evlənməsi, böyük oğlunun bundan incik düşərək evi tərk etməsi, digər oğlu Abbası gənc yaşında itirməsi, eyni zamanda anasının ölümü və bütövlükdə Qarabağ xanlığının XIX əsrdə işğal altına düşməsi onu həm bir xan nəslinin nümayəndəsi olaraq narahat etmiş, həm də bir ana və qadın kimi həyatın kədərli lövhələri ilə qarşılaşmışdır. Bütün bu iztirablar onun şeirində öz əksini tapmışdır.

 

Mahirə QULİYEVA

filologiya elmləri doktoru,

Erkən Yeni Dövr Azərbaycan

ədəbiyyatı şöbəsinin müdiri

 

Ədəbiyyat qəzeti.-2022.- 21 may.- S.16-17.