Şuşa Fatehi

"...Mən sizinlə fəxr edirəm..."

İlham Əliyev

 

"Biz Şuşanı qaytarmadıq təkcə, biz Azərbaycanın... şərəfini bərpa etdik"

General-leytenant Hikmət Mirzəyev

 

Hikmət - Şuşa fatehi! -

gördüm vətən oğlunu.

Köynəkdə gördüm onu,

pencəkdə gördüm onu.

Üzündə bir təbəssüm,

gözündə bir mərhəmət,

Oğlum kimi çağırdım,

general yox,

- Ay Hikmət!

Qonşuluqda böyüyüb,

elə bildim, o bir vaxt, -

Nəriman əmi, - deyib,

o da tez tanıyacaq.

 

Ekrandan tanıyırdım,

indi də göstərirlər.

Ordular qabağında

yeriyir o şiri-nər!

Gözündə bir od-alov,

addımında cəsarət.

Sinəsində - avtomat,

başında - mavi beret.

 

Gördüm, Hikməti gördüm,

Ləyaqət deyibdilər.

o ləyaqəti gördüm.

44 günün hökmünü,

qalib milləti gördüm!

Sadəydi, çox mötəbər,

Ünvanı: cəbhə, səngər.

Milətin sütunuydu,

şairin arxasıydı.

Bulud gəlsə göylərə,

o şimşək çaxasıydı.

Onu tərifləyəndə,

gördüm, özünü danır.

Mərmidən, güllədən yox,

tərifdən yaralanır.

Babəkiydi, Həziydi,

Gəncəli Cavad xanın

Şuşada əvəziydi.

Şah babam Xətainin

doğmaca nəvəsiydi.

Mübariz İbrahimə

hamsını deyəsiydi,

nələr söyləyəsiydi...

İkisi də bir elin

Vətənə töhfəsiydi.

 

Ali Baş Komandanın

dərs alıbdı özündən,

əməlindən, işindən,

Şuşa göstərişindən.

Mən gördüm: yerişindən.

oxudum: baxışından,

gözün lal axışından, -

sakit, təmkinli, həssas.

Bir ağsaqqal sözündə

yanılar,

o, yanılmaz!

Tarix ilə üz-üzə,

zamanla üz-üzəydi.

Möcüzə danışırdı,

özü bir möcüzəydi.

Bir əsgəri: döyüşdə,

Vətən yolunda gördüm.

Özümü onda gördüm,

onu özümdə gördüm.

Yaşa, cənab general, -

torpağımın şöhrəti.

Qoy tarix alqışlasın,

indən belə Hikməti.

 

Şahin, Fuad, İbrahim,

Vüsalıydı biri də

 

Milli Aviasiya Akademiyasının tələblərinə

 

Onlar dörd nəfəriydi,

tələbə gəncləriydi.

Baxışlarda ehtiram,

gözlərdə od, ehtiras.

Dördü də boy-buxunlu,

dördü də sadə, həssas.

Bir xoş gündə doğulub,

elə bil ki, dördü də, -

bir ana sevinci də,

bir ana öyüdü də.

Qızlar əzbər bilirdi,

o dördlərin adını.

Adları bəzəyirdi,

Cavanlıq həyatını.

Şahin,

Fuad,

İbrahim,

Vüsalıydı biri də, -

mənim tələbələrim.

Seminarda neçə yol,

söz verdiyim uşaqlar.

Ey yaxınlar, uzaqlar!

Bizim akademiya!

Şəhid oldu, a dünya!

Şahin,

Fuad,

İbrahim,

Vüsalıydı biri də, -

mənim tələbələrim.

Biri - helikopterdə,

o biri - təyyarədə

uçasıydı bir azdan,

Ayaq saxladı zaman!

Ali məktəb diplomu

qaldı evdə əbədi.

Bir də cənab rektorun

İmzası, dəsti-xətti.

Bir gün bizim sinifə

özü gəlmişdi yenə.

Dinləyib əhsən dedi,

gənclərin hər birinə.

Dördləri alqışladı,

Üzündə başqa maraq.

Yerdə də uçurdular

onlar səmadan qabaq.

Şahin,

Fuad,

İbrahim,

Vüsalıydı biri də, -

mənim tələbələrim.

 

İntibah

 

Dünya Azərbaycanlıları

Şuşada

 

İntibaha çağırır

Azərbaycan dünyanı,

Zəfər qurultayına,

Qarabağa çağırır.

Qalib xalqın dilində

Salamlayaq Şuşanı,

Qələbə himnimizi

Oxumağa çağırır.

Zəfər qurultayına,

 

Qarabağa çağırır.

Qalxsın qazi oğullar,

danışsın dağ kürsüdən,

bütün yer kürəsini

qızdırsın nəfəsimiz.

Şəhidlərin ruhuna

And içirik, ey Vətən,

nəğmə oxuyanda da,

rəqs eləyəndə də biz.

Bütün yer kürəsini

qızdırsın nəfəsimiz.

 

Qələbə bayrağımız, -

Dəmir Yumruq havada!

Ali Baş Komandanın

tarixi göstərişi

Yerin də zinətidir,

Şuşada dağların da, -

Şuşa Fatehlərinin

dəmiraddım yerişi.

Ali Baş Komandanın

tarixi göstərişi.

 

İntibaha çağırır

Azərbaycan dünyanı.

Zəfər qurultayına,

Qarabağa çağırır.

Qalib xalqın dilində

Salamlayaq Şuşanı.

Qələbə himnimizi

Oxumağa çağırır.

Zəfər qurultayına,

Qarabağa çağırır.

 

Həkim

 

Türkiyəli uzman həkim

Musa Kılıca

 

Sənin bu xoş xasiyyətin,

nəyə desən, dəyər, həkim.

Tərəzinin bir güzünü

sadəliyin əyər, həkim.

 

Çəksə bir xəstə özünü,

çəkmə, sən ondan gözünü.

dərdini yox, sir sözünü,

gəlib sənə deyər, həkim.

 

Mübarəkdi alın yazın,

çiçək açsın qışın, yazın.

Əllərin heç yorulmasın,

o şəfalı əllər, həkim.

İnsan yaşamaq istəyir,

 

sağ canını çağ istəyir.

bir isti ocaq istəyir,

bir də bir şad xəbər, həkim.

 

Səni deyir gəlib-gedən,

el yapışıb ətəyindən.

"Bir millətik, iki vətən",

deyib Ulu Öndər, həkim.

 

Dara Şahın anası

 

"Dara elan etmişdi ki, hər kəs, kimliyindən

asılı olmayaraq, İsgəndəri öldürsə, ona min

talant verəcək"

 

Kvint Kursiy RUF

(qədim yunan tarixçisi)

 

Qədim, ən qədim İranı,

Plutarxdan soruş, deyər.

İsgəndər qovdu Daranı,

öznünkülər öldürdülər.

 

Şahın seçib-saydıqları,

uğrunda sandan keçənlər.

Vəzifəyə qoyduqları,

sədaqətə and içənlər.

 

Budaqlara sarıdılar,

xain qaldı yana-yana.

İki yerə ayırdılar,

"Baş bir yana, leş bir yana!"

 

İsgəndər sözünü dedi,

süzdü bir an düşmənini.

Şaha layiq dəfn elədi

əsir olan düşmənini.

 

Şahın ağrısı, acısı

taleyin son cəzasıydı.

İsgəndərin duaçısı

Dara şahın anasıydı.

 

Daranın "mükafat" vədi,

Puça çıxdı, unuduldu.

İsgəndərin hərəkəti,

Tanrı mükafatıydı bu.

 

Hələ bir vaxt o demişdi:

- Uşaqdı İsgəndər, uşaq!

Oyuncaq da göndərmişdi,

- doyunca oynasın qoçaq.

 

Sevdası var

 

Allahım, dəymə o qıza,

dilində bir duası var.

Öz gülüşü, öz aləmi,

dünyada öz dünyası var.

 

Bənövşə ətirli yazdı,

safdı, gözəldi, həssasdı.

Qanındakı Kür, Arazdı,

bir el-oba havası var.

 

Əkdiyi gül-çiçəyində,

kəsdiyi duz-çörəyində,

bir şairin ürəyində,

əbədi bir sevdası var.

 

"Milan" qızı

 

Şəhid ailələrini, qaziləri təmənnasız müalicə edən

"Milan" klinikasına, onun rəhbəri Xuraman xanım Muradovaya

 

Döyüşlərdə,

səngər-səngər

həlak olan,

o pak olan

şəhidlərim!

Torpaq deyib,

torpaq olan

şəhidlərim!

Sizdən bizə

əmanətdi

sizdən deyən

qazilərim!

Hərəsi bir

şeirim-sözüm,

şah əsərim.

Tariximə,

yeni tarix

yazanlarım!

Qarabağ

partizanlarım!

Dəmir yumruq, -

bayrağıdır

bu millətin.

Harda qalxdı,

orda gördük

üzünü haqq -

ədalətin.

O, Ali Baş Komandanın

öz adıydı,

öz imzası.

O səngərdən

başlayırdı,

Azərbaycan

epoxası!

Siz ey şəhid anaları, bacılarım!

Gedənlərin

töhfəsidir, -

ağrılarım,

acılarım.

Yaşa səni,

"Milan" qızı!

O qızların seçilib-sayılan qızı!

Ana çağır,

sən ana de,

oğul şəhid

analara.

İndi oğul əvəzisən,

sən, onlara.

Sən ana de,

analara!

 

Ədalət istəyir

bütün zamanlar

 

Əmir Teymurun xatirəsinə

 

"Gedər xançal yarası,

getməz söz yarası"

Atalar sözü

 

"...biri "xər" dedi"

 

B.Vahabzadə

 

Tədqiqatçıların yazdığına görə, Əmir Teymur Şah 1381-ci ildə Tus şəhərinə daxil

olduğu zaman, "Şahnamə"nin müəllifi İran şairi Firdovsinin qəbri üstə gələrək

deyib: "Ey Firdovsi, qalx! Qalx da, hər sətrində pislədiyin məğlub türkü indi gör!

Qalx, şərəfsiz fars!.. Bağdaddan bu yatdığın yerə qədər fars buraxmadım".

 

Farsın qılıncıyla, topuyla deyil,

farsın nifriniylə, ahıyla deyil,

farsın qoşunuyla, şahıyla deyil,

İranı səslədi,

Turanı dandı.

Tanrıya and içən, Tanrını dandı.

 

Sinirə bilmədi bunu şah babam,

sözünü qılıncla deyən haqq babam.

Yaşa heykəl babam, qibləgah babam!

Sənin kəlamların ilahi səsdi,

əvəz-əvəz deyil,

tarixi dərsdi.

 

Sıxır qəhrəmanı bəzən ehtiyac,

bir çıxış yolu, nə başqa əlac!

Nizami deyib ki, ər ol, qapı aç,

Özgə bostanına deməyib daş at!

Dünya - bostan yeridisə?

Ehtiyat!

 

Şair də insandı, o da doğulur,

nəfəsi - ot üstə şeh kimi büllur.

Amma ömür boyu cavabdeh olur,

bu gün söylədiyi bir fikir üçün,

ya adi bir eyham, ya təhqir üçün.

 

Kimsə deyibdi ki, ömür yuxudu,

kimsə bir ömürdə ömrü toxudu.

Xalqa yox, cəllada lənət oxudu, -

Nəsimi -

Hələbdə soyulanda da,

Şərqin tarixini gətirin yada.

 

Qələmə, ya sözü gizli xəyanət! -

göydə Tanrıya da bəsiydi bu qəsd.

Nəydi əsr-əsr belə ədavət? -

xaqanlar dözüb, nə qəhrəmanlar,

ədalət istəyir,

bütün zamanlar.

 

Allahım, gör nələr yadıma düşdü,

Zərdüşt, o peyğəmbər yadıma düşdü.

Orda deyilənlər yadıma düşdü;

işıqla zülmətin oyunu tutmaz,

farslar unutmasın,

türklər unutmaz.

 

Heç bilmirəm

 

Anam deyim,

bacım deyim,

qızım deyim? -

heç bilmirəm.

Ürəyimi açım deyim,

heç bilmirəm.

 

Soruşma nə yazdığımı,

səndən sənə yazdığımı,

dönə-dönə yazdığımı,

pozum deyim? -

heç bilmirəm.

 

Mənim də öz ağrım-acım,

bir görüşdü ehtiyacım.

Özgəyəmi ağız açım,

özüm deyim? -

heç bilmirəm.

 

Salam, Füzuli, salam!

 

Qələm dostum

Lətif Vəlizadənin 80 illiyinə

 

Nə bir küçə gördüm, nə ev, nə eyvan,

Lətif, Füzulidə, Füzuli yoxdu.

Meydan sulayıbdı qopan o tufan,

Ayların-illərin,

bir fəsli yoxdu.

 

Sənin səksənində biz gələsiydik,

dəvət eləmişdin neçə il qabaq.

Çəmənlər qoynunda dincələsiydik,

hardadı dediyin o "Ceyranbulaq?"

 

- Palıd var, altında yatar bir sürü,

görmürəm, palıdlı o meşə nəymiş?!

Burda o yerləri külək süpürür,

dünya - bilməmişik,

süpürgəçiymiş!

 

Qəlbini sıxmasın qoy bu qəm, Lətif,

Zəfər yolumuzdu - Şuşa yolumuz.

Gözün aydın olsun, deyirəm, Lətif,

bu yoldan keçibdi,

qalib ordumuz.

 

Buludlar çəkilib göyün üzündən,

o qara kölgələr gedib Şuşadan.

Salam, Füzuliyə, Cıdır düzündən,

Şuşa salamıdı, Lətif, Şuşadan.

 

Tanrı sərvəti

 

Zaman carçısıdır böyük günlərin,

mənim niyyətim tək pakdı, təmizdi.

"Azərbaycanlıyam!" -

deyən Öndərin,

dili də bir Tanrı sərvətimizdi.

 

Şəhərdə reklamlar göz qamaşdırır,

istər gecəyarı, ya bir az axşam.

Mən səni bilmirəm, məni çaşdırır,

oxumaq olmur ki,

deyəm hardayam.

 

Hər kəsin öz dili, öz əlifbası,

reklam eləməyə yer tapıbdılar.

Filan qəbilənin filan tayfası! -

gör, harda deməyə,

yer tapıbdılar.

 

Bizim Nizamidən* soruşan gərək,

Dilçi alimlərin işidi, bəlkə?

Beləymiş, reklamda yazıldığıtək,

qədim dilimizin,

çeşidi, bəlkə?!

 

Şuşa fatehinin zəfər dili var,

şəhid gedənlərin səngər dili var,

qazi oğulların şahid dili var,

Araz qırağı var, Kür sahili var,

bir də Yumruq dili -

Azərbaycanın,

xəbərdən-xəbəri var ki, dünyanın!

Gedib bir xarici tapasan gərək,

oxuya o adı, soyadı bir də.

Mənim dediyimi bir yazan gərək,

nola,

bir eşidən olaydı bir də.

 

*Akademik Nizami Cəfərov

 

Sənin həyatın

 

Akademik Arif Paşayevə

 

Arifə hər yaşda Tanrı güc verir,

çünki insanlara o sevinc verir.

Uşaq ürəyi var, alim zəkası,

bir də bu dünyada könül dünyası.

İçəri Şəhərdə Mir Möhsün Ağa,

qolundan tutdu ki, qalxsın ayağa.

Gördü ki, yeriyir, yüyürür, qaçır,

gördü ki, o bağlı qapılar açır.

Yıxılangörəndə, qolundan tutur,

kim na qəsd etsə, onu qan tutur.

Üzndə nur gördü,

gözündə həyat,

sən belə yarandın,

Arif, yaz, yarat!

 

Qadın əlləri

 

Hər kişi dalınca bir qadın ağlar,

deyirlər

dünyada çaylar, bulaqlar

az olar bəlkə də, o göz yaşından,

Ağlayır,

dünyanın yaranışından.

Sevinci, kədəri göz yaşındadı,

qadınlar -

hər yaşda qız yaşındadı.

Mən qadın görmüşəm, əsl uşaqdı,

ən böyük arzusu bir oyuncaqdı.

Mərhəmət gəzdirər dilinin altda,

bitər,

qaratikan kolunun altda.

Baxar,

boynubükük bənövşə kimi,

sınar,

buz baxışdan bir şüşə kimi.

Həyatın özündə başqa həyatdı,

hələ oxunmamış bir külliyyatdı.

Yarpağı,

qönçəsi,

özü təzə-tər,

açar iydələr, nə yasəmənlər,

bir qadın ətrinə gördüm ki, dəyməz,

elə ətir var,

elə nəfəs.

Qadınsız qaldığım illərə hayıf,

İllər, o illərdə yol göstərmədi.

Dedim:

şeir yazan əllərə hayıf,

bu əllər doyunca sığal görmədi.

Anasız uşaq kimi

 

Sən mənim həyatıma

gəldin bir uşaq kimi.

Mən tutdum ətəyindən,

qalxdım sarmaşıq kimi.

 

Sən verdin sən səsimə,

can gəldi nəfəsimə.

Kökləndim sarı simə,

oxudum aşıq kimi.

 

Arada bir, nə danım,

səslədim, soraqladım.

Səndən ötrü ağladım,

anasız uşaq kimi.

 

Amazonka qızları

 

"Bu da bir zarafat"

şeirlər silsiləsindən

 

Bizim müəllimələr, -

Amazonka qızları!

Aygün, Nailə, Gülər, -

Amazonka qızları!

İşi yarıda qoymaz, -

Amazonka qızları!

Lyubov, Ellada, Solmaz, -

Amazonka qızları!

Sözü mərdi-mərdana, -

Amazonka qızları!

Gülşən, Südabə, Rəna, -

Amazonka qızları!

Hamımız bir ailə, -

Amazonka qızları!

Laborant da Vüsalə, -

Amazonka qızları!

Ayxan - təzə dekandı,

Amazonka qızları!

Sadədi, mehribandı, -

Amazonka qızları!

Gülnarə balamızdı, -

Amazonka qızları!

Pakdı, ağıllı qızdı.

Amazonka qızları!

Kafedra müdiriniz,

Amazonka qızları!

Ağsaqqal bir əminiz, -

Amazonka qızları!

 

Tələsmirəm

 

Göz həkimi,

bir xanım qız,

çiynimə bax, -

deyir mənə.

Ağ xalatlı

çiynini

əyir mənə.

- Çiynimə bax!

Mənim gözüm

o gözlərdə

qalıb ancaq.

Mən baxıram, -

dedim həkim,

gözüm üstdə də

əsmirəm.

- Bax, səbr elə!

- Tələsmirəm,

mən heç yana

tələsmirəm.

 

Yadındamı

 

Radiodan bir şad xəbər,

elan etdi sinoptiklər:

yağan yağış,

qopan tufan,

əsən külək

günortaya səngiyəcək,

gün çıxacaq...

Allah, Allah!

Gördünmü, bax,

sən Bakıya dönən kimi,

tam dəyişdin bu iqlimi.

Gördü hamı.

Möcüzəsən - demişdim mən,

yadındamı?

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.2-3.