"Ədəbiyyat qəzeti"nin Baş redaktoru Azər Turana

 

Uzun illər Azərbaycandan kənarda fəaliyyət göstərdiyim üçün bəzilərini öz vaxtında çap etdirmək imkanı olmadığını nəzərə alıb, bir-birilə yaxından səsləşən və çağdaş milli-mənəvi dəyərləri tərənnüm etməklə bir bütövlük təşkil edən aşağıdakı şeirləri Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü günündə, ustad Nəriman Həsənzadənin möhtəşəm poetik təbiri ilə desək, "Zəfər qurultayı" ərəfəsində bayram sayınızda çap etməyinizi Sizdən xahiş edirəm!

Hörmətlə...

 

Akif Azalp,

AYB-nin və Azərbaycan-Özbəkistan

Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü,

Özbəkistan Yazıçılar Uyuşmasının fəxri üzvü,

"Heydər Əliyev - 90" və "Vətənpərvərlik

- 2020" respublika müsabiqələrinin qalibi

İstiqlal

 

Müstəqil Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətini

birləşdirən əbədi ideal eşqinə!..

 

Nurlu yaşın mübarək, yaş tanımaz məlikəm!

Nəhayət, bunca sitəm, qan-qadalardan sonra,

Bu qədər sınaqlardan, qasırğalardan sonra,

Çox şükür, vüsalına yetişdi yenə ölkəm!

Bu gün artıq çar-naçar gülümsəyir qarşında,

Səni iki yaşında oğurlayan namərdlər.

Bu gün artıq ərşdədir çoxu igid yaşında,

Sənin dalınca gedən adı dağ boyda mərdlər!

Yalnız sən göylərə xas ecazkar qüdrətinlə

Zülmətlərə sığmadan zindanları dağıtdın.

Yetmiş illik qeybindən səməndər xislətinlə

Sən yenidən doğuldun, sən yenidən qayıtdın!

Qutsal medalyon kimi köksündə yanır tuğran,

İçində bir şəkillə bir ad var - Azərbaycan!

Sağ olsun gül-çiçəklə ərsəyə gətirənlər,

Var olsun qoruyaraq bu həddə yetirənlər!

Bu gün artıq Vətəndə səninlə nəfəs alan,

Doqquz milyon uğrunda can verməyə hazırdır,

Bu gün artıq dünyada sənin hüsnünə heyran,

Əlli milyon növbədə qan verməyə hazırdır!

Hökm elə bircə dəfə, ey qəlbimin səması,

Son arzunun yolunda birinci qurban olum!

Hökm elə bircə kərə, ey şeirimin siması,

Hüsnünə kəc baxanı gözündən vuran olum!

Füsunkarsan, illah da, can alanda varlığın,

Elə ki, başın üstdə ay-ulduzun sayrışır!

Məftunkarsan, illah da, yellənəndə yaylığın,

Elə ki, al yaşıla, yaşıl göyə qarışır!

Şanlı yaşın mübarək, yaşdan uca bakirəm,

Dik tut başını artıq sən əbədi mənimsən!

Bir də əl uzadanın əllərini kəsməsəm,

Qanım halaldır sənə, eşqimə and içirəm!

 

2011

 

Proloq

 

"İstiqlalnamə" trilogiyasından

 

Ya Tanrım, mədəd ver, yel qanadında

Söz bəhrindən dərib zər danələri,

"İstiqlalnamə"tək bir ad altında

Bir sapa düzüm bu dürdanələri!

 

Ey səma elçisi, yet köməyimə,

Hürlükdən başqa şey yarar nəyimə?!

Əkim ürəklərin hürr diləyinə

İstiqlal verən bu təranələri!

 

Ey tarix yazan xalq, səndən yadigar

Azadlığın üçün yanan insanlar!

Bir xeyir-dua ver, köksümdə vüqar,

Tərənnüm edim bu pərvanələri!

 

Ey azad yurd, sən də böl sevincimi,

Üç sima, üç namə, üç cəngi kimi!

Yazım bayrağının üç rəngi kimi

Göyləri bəzər bu əfsanələri!

 

Ey qüdrətli keçmiş, od ver şanından,

Şəhid igidlərin qutsal qanından!

Keçib ustadların imtahanından,

Vəsf edim bu mərdi-mərdanələri!

 

Ey məsum gələcək, mənimçün bu gün,

Sənə bəxt diləmək hər şeydən üstün!

Yazıram, biləsən, iqbalın üçün

Kimlər yaratmış bu kaşanələri!

 

Ey təb ilahəsi, nə olar, getmə,

Bir vüsal sonuna belə tez yetmə,

Barı yazanacan məni tərk etmə,

Sənin vəslindən bu nişanələri!

 

Ey həssas oxucum, qəbul et, buyur,

Sənin dastanın da, nəğmən də budur,

Çağdaş "Şahnamə"n də, "Xəmsə"n də budur,

Həkk elə qəlbə bu şahanələri!!!

 

2009

 

Xilaskar nidası

"Öndərnamə" silsiləsindən

 

Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin yanvarında sabiq

SSRİ paytaxtındakı məşhur bəyanatı əsasında

 

Xalqımın göyləri tutan fəğanı

Ağır illərimin acısı oldu.

Bakıdan birinci şəhidin qanı,

Səbrimin sonuncu damcısı oldu.

 

Əlvida, yolunu azan səltənət,

Nahaq qan içində üzən səltənət!

 

Anlatmışdı bir vaxt şeytanlığını

Minlərlə nərlərə qurduğun tələ.

Gəncliyimdən sənin zindanlığını

Hamleti oynarkən sezmişdim hələ!

 

Əlvida, yolunu azan səltənət,

Mərdlərinə zəhər süzən səltənət!

 

Yalnız sığınıb bir yurd muradına,

Can atdım üzünü etmək üçün.

Azadlıq eşqinə çatıb dadına,

Elimin bəxtinə bir yetmək üçün.

 

Əlvida, yolunu azan səltənət,

İçdiyi andları pozan səltənət!

 

Heyhat, sınaqlara gərdikcə sinə,

Səngimək bilmədi böhtan daşların.

Aldanmış qəlblərin son ümidinə

Son qoydu yelbeyin keçəl başların!

 

Əlvida, yolunu azan səltənət,

Yalanı gerçəyə yozan səltənət!

 

Gözümə görünər nə xof, nə hədə,

Nə şöhrət, nə mənsəb, nə də kabinet...

Daha yerim yoxdur belə firqədə,

Al, başına dəysin, bu da partbilet!

 

Əlvida, yolunu azan səltənət,

Öz qəbrini özü qazan səltənət!

 

Artıq yollarımız başqa-başqadır,

Sən biryolluq uydun şərə, şeytana.

Məni isə məslək eşqim aparır,

Son sığınacağım Azərbaycana!

Əlvida, yolunu azan səltənət,

Əcəlin Qafqazdan gəzən səltənət!

 

1990

 

Donanma

 

"Öndərnamə"silsiləsindən

 

"Heydər Əliyev" və "Prezident Heydər Əliyev" gəmilərinin dünya sularına

buraxılması münasibətilə

 

Ərzin ilk gəmisi qonan torpaqsan,

Nuhun qüdrətinin davamıdır bu!

Papağını dik qoy, hey Azərbaycan,

Milyon-milyonların bayramıdır bu!

 

Gəmisinin zili ərşə yüksəlir,

Ulu Öndər "Heydər Əliyev" gəlir!

 

Doğma Xəzərinin qəlbində tüğyan,

Bir yan Qara dəniz, bir yan Ağ dəniz,

 

Keçərək Baltikin tufanlarından,

Şimal sularında buraxdıqca iz,

 

Quduz dalğaları yararaq bir-bir,

"Prezident Heydər Əliyev" gəlir!

 

Çəkil, bəndərgahdan qalxan qara yel,

Gücənmə, Bosfordan qopan fırtına!

Yol ver, Cəbəltariq, yol ver, Dardanel,

Sülhün əzəmətin alıb sırtına,

 

Donanmanın zili göyləri dəlir,

İstiqlalın gəmi karvanı gəlir!

 

2009

 

Zəfər nəğməsi

 

"Zəfərnamə" silsiləsindən

 

Artıq əbədiyyətə "Qarabağ - Azərbaycan!"

Nidasın möhürlədi Öndərin şah əsəri!

İzin ver, ey bayrağım, iftixar səmasından

Sənin dalğalarınla çatdırım bir xəbəri:

İlhamla gələcəkdir bu yurdun hər zəfəri,

İlhamla güləcəkdir bu yurdun hər səhəri!

 

Onunla tarix yazır Azərbaycan əsgəri,

Onunla yenilməzdir Azərbaycan Ordusu!

Onunla qürur duyur yurdun bütün elləri,

Onunla gerçəkləşir milyonların arzusu!

 

İlhamla güləcəkdir Vətənin hər səhəri,

İlhamla gələcəkdir Vətənin hər zəfəri!

 

Əzminə həmnəfəsdir hər cəbhədə, hər anda,

Dünyanın Sülh elçisi, nur yolçusu Mehriban!

Zirvələrdən dəstəyə ehtiyac duyulanda,

Bir yanında Ərdoğan, bir yanında Gündoğan!

 

İlhamla gələcəkdir bu yurdun hər zəfəri,

İlhamla güləcəkdir bu yurdun hər səhəri!

 

Sülhsevərlik ərşindən gəlir artıq sorağı,

Hünəri qərq etdikcə yeri-göyü heyrətə!

Yurd eşqinə o hələ nəinki Qarabağı,

Bütün Azərbaycanı çevirəcək cənnətə!

 

İlhamla güləcəkdir Vətənin hər səhəri,

İlhamla gələcəkdir Vətənin hər zəfəri!

 

2021

Nur yolçusu

 

"Hüma" silsiləsindən

 

Parisin həyəcandan dili gəlmir kəlməyə,

Yelisey meydanının köksünü qibtə yaxır.

Bu gün Odlar yurdunun yüksəldiyi zirvəyə

Eyfel qülləsi belə altdan yuxarı baxır.

 

Xoşməramlı səfiri alqışlamaqda cahan,

Səndəki bu vüsətə eşq olsun, Azərbaycan!

 

Saçılmış incilərin, musiqinin hayında

Yanır İstiqlal adlı səhərin dan ulduzu.

Didərgin bülbüllərin, güllərin harayında

YUNESKO-dan nur saçır əsrin Mehriban qızı.

 

Xoşməramlı səfirə əhsən yağdırır cahan,

Səndəki bu şövkətə eşq olsun, Azərbaycan!

 

Muğam sədalarından axıb durulur səma.

Bəhrəsin verir, demək, Sülh yolunda pərvazlar.

İlhamla qanadların birgə gərdikcə Hüma,

Ənginləri fəth edir qızıl səslər, avazlar.

 

Xoşməramlı səfirdən mədəd gözləyir cahan,

Səndəki bu qüdrətə eşq olsun, Azərbaycan!

 

2005-2020

 

10 may

 

"Öndərnamə"silsiləsindən

 

Sirli-soraqlı əsr

23 yaşında idi,

Yurda xilaskar vermək

əhdi başında idi!..

Naxçıvan səmasında

gecələri bərq vurub,

Gərdişi ecazkar bir

nur kütləsi gəzirdi.

Gah şığıyıb çəkilir,

gah parlayırdı durub,

Görənlər mat qalırdı:

"görəsən, bu nə sirdi?!"

Kimi deyirdi bu nur

Gəmiqayadan gəlir,

Kimi deyirdi gəlir

Əshabi-Kəhf tərəfdən!

Kimi deyirdi bu nur

Aralıqdan yüksəlir,

Kimi deyirdi gəlir

Əlinceyi-şərifdən!..

Arzulu-kamlı əsr

23 yaşında idi,

Ərzə dahi bəxş etmək

əzmi başında idi!..

Dəymişdi bir-birinə

mollalar, münəccimlər:

Biri söhbət salırdı

Cavanşirdən, Babəkdən!

Gələcək xilaskardan

verirmiş kimi xəbər,

Biri söz başlayırdı

cahandar Atabəydən!

Biri deyirdi bu nur

Sahibzaman nurudur,

Biri dalğın baxırdı,

anıb Nuh peyğəmbəri!

Biri deyirdi bu nur

Sahibqiran nurudur,

Bir bürcdə tuş gəlibdi

Zöhrə ilə Müştəri!..

Şanlı XX əsr

23 yaşında idi,

Dünyaya oğul vermək

eşqi başında idi!..

Nəhayət, Nuhdan qalan

şəhərin səmasında

Səyyar nur qeyb olanda,

bildilər, yerə yenib.

Bir övliya israrla

dedi söz əsnasında:

"Yeni körpə doğulcaq

o nur insana dönüb!"

Hamı heyrətdə idi

Pirlər məhəlləsində,

Kəramət səslənəndə

ilk bahar sonu idi!

Tanınmış dəmiryolçu

ailəsində ilk dəfə

Dahi səsi gələndə

düz mayın 10-u idi!!!

2003

 

Nehrəm salnaməsi

 

"Öndərnamə" silsiləsindən

 

Kreml qəzəbdə qısqırdır şəri,

Qəhrəman büstünə əl qaldırmağa,

Bir kənd yuxu bilmir günlərdən bəri,

Böyüklü-kiçikli qalxıb ayağa.

Hürriyyətlə həmdəm, haqq ilə məhrəm,

Qeyrət salnaməsin yazmaqda Nehrəm!

 

Hər yandan sardıqca ziyarətgahı,

Quşqonmaz qalaya çevirir onu.

Sehrinə çəkdikcə qızlar bulağı,

Nəhəng izdihamın görünmür sonu.

Hürriyyətlə həmdəm, haqq ilə məhrəm,

Heyrət salnaməsin yazmaqda Nehrəm!

 

Nərəsində yurdun müdafiəsi,

Ardınca daşlanıb gəlir Naxçıvan.

Yatanları qarsır odlu nəfəsi,

Səsinə səs verir hürr Azərbaycan!

Hürriyyətlə həmdəm, haqq ilə məhrəm,

İbrət salnaməsin yazmaqda Nehrəm!

 

Sezərək əzmini Ulu Öndərin,

Sülh ilə başlayıb hürlük savaşın,

Ruhun şad etdikcə Atabəylərin,

Möminə Xatunun ucaldıb başın,

Hürriyyətlə həmdəm, haqq ilə məhrəm,

Cürət salnaməsin yazmaqda Nehrəm!

 

İrəli, Günəşə üz tutan kütlə,

Yüksəlmək eşqi bir amaldır sənə.

Bu sarsılmaz birlik, bu şücaətlə

Göylərin alqışı halaldır sənə!

Hürriyyətlə həmdəm, haqq ilə məhrəm,

Qüdrət salnaməsin yazmaqda Nehrəm!

 

1991

 

Minbər müxəmməsi

 

Şah İsmayıl Xətai ilə Sultan Səlim

Yavuzun qovuşmuş ruhlarını şad edərək!..

 

Ağır gündə tanınar hər ər oğlu,

Sipər eylər sinəsin səngər oğlu,

Soyundan üz çevirməz sərvər oğlu!

"Mənəm Sultan Xətai Heydər oğlu",

Yanımda Alp Səlimtək bir nər oğlu!

 

Sağaldıqca dərin yarası artıq,

Əyilməz Turanın qafası artıq,

Bu dava millətin davası artıq!

Mənəm Sultan Fədai Heydər oğlu,

Yanımda Ərdoğantək bir nər oğlu!

 

Ruhumda tüğyan eylər min təəssüf,

Qanımda dövran eylər min təəssüf,

Dinimdə üsyan eylər min təəssüf!

"Mənəm Sultan Xətai Heydər oğlu",

Yanımda Alp Yavuztək bir nər oğlu!

 

Əbədiyyən bölünməzdir bu birlik,

Yer üzündən silinməzdir bu birlik,

Bu gün misli bilinməzdir bu birlik!

Mənəm Sultan Fədai Heydər oğlu,

Yanımda Ərdoğantək bir nər oğlu!

 

Şuşa coşqusu

 

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!.."

İlham Əliyev

 

Saçdı ətrin boğub sevinc yaşına,

Zəfər çələnginin tər qızılgülü!

Qayıtdı gülləri yığıb başına,

Vətən gülşəninin Xarıbülbülü!

 

Gözəllik məvası, aram şəhəri,

Bəxtində var imiş İlham zəfəri!

 

Yağının canında dönüb bir daha

Şuşa adın çəkmək qorxusu qaldı!

Mənimsə gözümdə, nə gizlədim ta

Yolunda can vermək arzusu qaldı!

 

Coş, ey qalaların ən bəxtəvəri,

Bəxtinə yar oldu İlham zəfəri!

 

Qoy desin cəngilər, nər operalar,

Haqdan buta almış tarınla sazın!

Qoy kükrəsin şanlı uvertüralar,

Sən səs paytaxtısan qoca Qafqazın!

 

Musiqi səması, muğam səngəri,

Bir şərəfdir sənə İlham zəfəri!

 

Yenilməz əsgərlə qazandığın şan

Nur bəxş etdi yurdun toy-düyününə!

Müjdən isə Ali Baş Komandandan

Ən gözəl töhfədir Bayraq gününə!

 

Coş, ey qalaların ən müzəffəri,

Tarix yazır bir-bir İlham zəfəri!

 

2020

 

Ey asiman əsgəri!

 

Vəsfinə söz acizdir, təsvirinə əsatir,

Dirilib gəlsə belə şairlərin sərvəri!

Nərələrin hələ də yeri-göyü titrədir,

Hünər zirvəsi bilib Öndər oğlu Öndəri!

Ey asiman əsgəri,

Yurdun tufan əsgəri!

 

Qopardıqca ard-arda müdhiş fırtınaları,

Əbədiyyətə yazdın ecazkar ləhzələri!

Qəhr elədikcə şəri atəş qasırğaları,

"44 gün möcüzəsi" oldu dillər əzbəri!

Ey asiman əsgəri,

Haqqın divan əsgəri!

 

"Arxalı köpək..." adı qulağına dəyəndən

Biryolluq qudurmuşdu ayının nökəri.

Sonda göstərdin ki, sən adi qurd deyilmişsən,

Od ruhundan püskürcək Tanrıdağın təpəri!

Ey asiman əsgəri,

Ərzin vulkan əsgəri!

 

Yox, yox, dodaq gəmirib, dözsə də illər boyu,

Bunca şəhid qanını, bu boyda zərbələri

Yerdə qoya bilməzdi Alp Ər Tüngənin soyu,

Yerdə qoya bilməzdi Tomrisin nəvələri!

Ey asiman əsgəri,

Əsrin aslan əsgəri!

Qoy desin keçmişlərin şanlı səhifələri,

Söyləsin BMT-nin nakam Qətnamələri:

Sülhün tuğun göylərə qaldıran bu zəfəri

Tarix görməyib hələ tarix olandan bəri!

Ey asiman əsgəri,

Sülhün azman əsgəri!

Akif AZALP

 

Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.22-23.