"Geriyə baxarkən" görünənlər...

 

"Şərq-Qərb" nəşriyyatında Xalq yazıçısı İlyas Əfəndiyevin ömrünün yaddaqalan anlarını, incəsənət və mədəniyyət xadimlərinin, yaxın dostlarının onun haqqında fikirlərinin, maraqlı xatirələrinin, tanınmış şairlərin dramaturqa həsr etdikləri şeirlərin toplandığı "İLYAS ƏFƏNDİYEV. Geriyə baxarkən" adlı kitab işıq üzü görüb. Nəşrdə yazıçının müxtəlif illərdə yazdığı, şöhrətli aktyor və rejissorların iştirakı ilə səhnələşdirilən əsərlərindən fotolar yer alıb. Poliqrafik icra baxımından seçilən bu kitabda İ.Əfəndiyevin yaxınları və ailə üzvləri ilə həyatının müxtəlif dövrlərində çəkilmiş fotolarıda əks olunub. Kitabın ideya müəllifi və məsləhətçisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, tərtibçisi isə professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur. Nəşrin "Bizdən irəlidə" adlı Ön sözünü isə Sabir Rüstəmxanlı qələmə alıb.

Kitab Ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri ilə açılır: "İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O, öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir".

25 mayda Azərbaycan Milli Kitabxanasında haqqında danışdığımız kitabın təqdimatı mərasimi, eyni zamanda İlyas Əfəndiyevin adını daşıyan mükafatın təltifetmə mərasimi baş tutdu. İlk mükafat millət vəkili, yazıçı Aqil Abbasa verildi. Tədbirdə, həmçinin, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan "İlyas Əfəndiyevin əsərlərinin elektron bazası" da oxucuların ixtiyarına verildi.  Azərbaycan Respublikasının mədəniyyət naziri, eləcə də tanınmış ziyalılar və ədəbiyyat adamlarının iştirak etdiyi tədbirdə İ.Əfəndiyevin həyat və yaradıcılığı barədə söylənən fikirlərin (çıxışların ardıcıllığı gözlənilib) bəzi hissələrini oxucuların ixtiyarına veririk:

Kərim Tahirov

Azərbaycan Milli Kitabxanasının direktoru

- Bu gün diqqətinizə təqdim edilən kitabda İ.Əfəndiyevin yaradıcı ömrünün anları xronoloji şəkildə əksini tapıb. Böyük dramaturq Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyub və özündən sonra ədəbi məktəb yaradıb.

İ.Əfəndiyev Azərbaycan xalqının dərd-sərini, tarixini, adət-ənənələrini, mənəvi dəyərlərini öz əsərlərində çox koloritli şəkildə təsvir edib. Nəsillər dəyişəcək, amma onun yaratdıqları həmişə sevilərək oxunacaq və heç zaman öz qiymətini itirməyəcək. Əgər İlyas müəllim sağ olsaydı və onun Sovet dövründə çap edilən əsərləri bu gün işıq üzü görsəydi, görkəmli ədib onların altına yenə də imza atardı. Yalnız böyük sənətkarlar belə ölməz əsərlər meydana qoya bilər. İlyas müəllim teatr məktəbi yaradıb və oradan neçə-neçə aktyorlar, rejissorlar yetişib. O, bizim gəncliyimizin ədibi olub, onun əsərlərini oxuya-oxuya şəxsiyyət kimi formalaşmışıq. Məncə, görkəmli dramaturqun ən böyük xoşbəxtliyi həm də ondan ibarətdir ki, yaratdığı teatr məktəbini, əsərlərindəki ideyaları bu gün onun oğlu, Xalq yazıçısı Elçin çox böyük uğurla davam etdirir. Cəsarətlə deyə bilərəm ki. bəli, artıq Azərbaycanda Elçin müəllimin də bir teatr məktəbi var. Elçin müəllimin müasir dövrün tələblərinə uyğun, modern üslubda yazılmış, səhnəyə qoyulmuş əsərləri neçə-neçə nəsillərin mənəvi baxımdan yetişməsinə səbəb olub.

Anar Kərimov

Azərbaycan Respublikasının mədəniyyət naziri

- Bizim üçün çox əlamətdar gündür ki, ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri, Azərbaycan milli kimliyinin inkişaf etdirilməsində müstəsna rolu olan İ.Əfəndiyevin ad günü münasibəti ilə belə bir gözəl kitabın təqdimat mərasimində iştirak edirik. İlyas müəllim, doğrudan da, Azərbaycan ədəbiyyatında çox önəmli bir iz qoymuşdur. O, Sovet ideologiyası zamanı azərbaycançılığı, xalqımızın milli kimliyini öz əsərlərində əks etdirmiş və beləliklə də, yeni nəslin milli-mənəvi ruhda yetişməsinə böyük töhfə vermişdir. İ.Əfəndiyev və bu qəbildən olan digər görkəmli şəxsiyyətlərimiz sayəsində biz Qarabağımızı heç zaman yaddan çıxarmadıq. Qarabağı görməyən gənclər canlarını həmin torpaqlar üçün qurban etdilər. Biz hər zaman bu məqamı vurğulamalı və bununla fəxr etməliyik. Təsadüfi deyil ki, cənab Prezidentin sərəncamı ilə onun 100 illik yubileyi YUNESKO qərargahında da qeyd edildi. Görkəmli dramaturqun adı YUNESKO-nun görkəmli şəxsiyyətlər siyahısına daxil edildi. Bu, ciddi bir göstərici və nailiyyətdir. Biz bunu qiymətləndirməli və əhəmiyyətini başa düşməliyik. Mənim üçün şərəfdir ki, böyük sənətkarın YUNESKO-da keçirilən yubileyində iştirak etmişəm. Orda bir daha da şahid oldum ki, İ.Əfəndiyev dünya səviyyəsində tanıdılası bir ədibdir. Onun neçə illər bundan öncə yazılmış əsərləri indi də aktualdır. O pyeslərdən öyrənməliyik ki, kimik, düşmənlərimiz kimdir, biz kimlərlə mücadilə aparmışıq, aparırıq və aparacağıq. Yeni nəslimizi də bu ruhda böyütməliyik. Ümidvaram ki, İ.Əfəndiyevin qoyduğu ədəbi miras növbəti nəsillər tərəfindən davam etdiriləcək. Bundan sonrakı nəsillər də bu irsi uca tutmalıdır ki, Azərbaycan xalqı daha da güclü olsun.

İsa Həbibbəyli

Akademik

- İlyas Əfəndiyevin əsərləri zamanı qabaqlayan ədəbiyyat nümunələridir. O, Azərbaycan ədəbiyyatında yeni lirik-psixoloji nəsrin əsas yaradıcılarından biridir. Onun həm nəsrində, həm də dramaturgiyasında lirik yanaşma əsas yaradıcılıq metodudur. İ.Əfəndiyevi müasirlərindən məhz lirik-psixoloji yanaşma fərqləndirir. Bu nəşr İ.Əfəndiyevin timsalında XX əsr Azərbaycan ədəbiyyat tarixinin mükəmməl ədəbi səlnaməsidir. Nəşr albom şəklində olsa da, ciddi elmi təsnifatla tərtib edilib. İndiyəqədərki bu tipli nəşrlərdə daha çox başqa yazıçıların obyekt olan müəllif barədə fikirləri verilirdi. İlk dəfə gördüm ki, K.Tahirovun, G.Əfəndiyevanın yanaşmasında görkəmli ədibin də müasirlərinə yaradıcı qiyməti kitabda öz əksini tapıb. Bu gün Qarabağın azad olması İ.Əfəndiyev ideyalarının qalib gəlməsi, təntənəsi deməkdir.

Fərhad Bədəlbəyli

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru

- Mən atam ilə İlyas müəllim söhbətlərinin şahidiyəm. Onda mən uşaq idim, amma az-çox anlayırdım ki, onlar həmişə nə qədər dərin və xalqımız üçün taleyüklü məsələlərdən söhbət açırlar. Çünki onlar daim xalqı düşünürdülər. Bu nəşrin hazırlamasında Günay xanımın böyük zəhməti var. Günay xanım babasının və atasının yolu ilə gedir. O, türk ölkələri ilə bağlı çoxsaylı tədbirlər keçirir, ölkəmizi dünyada təbliğ edir. Nə qədər Azərbaycan ədəbiyyatı, teatrı var, o qədər də İlyas müəllim var olacaq və millətimiz tərəfindən seviləcək.

Fərhad Xəlilov

Azərbaycan Rəssamlar İttifaqının sədri

- İlyas müəllimin Azərbaycan ədəbiyyatına, teatrına verdiyi töhfələr çox qiymətlidir. O, ədəbiyyat və teatr tariximizdə hər zaman yaşayacaq. Şadam ki, həyatımda İlyas müəllimlə bir neçə dəfə görüşmüşəm. Onunla görüşlərdə məni heyran edən o olurdu ki, çox açıq sözlü, sözü çəkinmədən deyən insan idi.

Sabir Rüstəmxanlı

Xalq şairi

- Bu kitab həqiqətən də ədəbi həyatımıza böyük bir hədiyyədir. İlyas müəllim həm ədəbiyyatda, həm teatr sahəsində çox böyük bir məktəb yaratmış insandı. Mən İlyas müəllim haqqında bir neçə məqalə yazmışam. Birinin adı "Gecə görüşləri" adlanır. Meydan hadisələri zamanı mənə tez-tez zəng vururdu. O, daim Qarabağ məsələsi ilə maraqlanırdı. Xalqın gələcəyi onu çox düşündürürdü. Bu günlərdə biz Gürcüstan və Türkiyə millət vəkilləri ilə təyyarə ilə Füzuli hava limanına, ordan da Şuşaya getdik. Orda İlyas müəllim yadıma düşdü. Azad Qarabağı görmək onun böyük arzularından idi.

İlyas müəllim öz dövründə əyilmədi, kommunist partiyasına üzv olmadı. Öz yolu ilə getdi, kişi kimi yaşadı. Ömrünün əvvəlindən sonunacan millətin tarixini, həyatını yazdı. O, daim qadın azadlığı məsələsini əsərlərində diqqət mərkəzində saxladı, Çox zaman onun əsərlərinin baş qəhrəmanları qadınlar olurdu. İlyas müəllim öz əsərlərində qadına aid edilən sədaqət məsələsini vicdan kateqoriyası kimi ümumiləşdirdi.

Ramiz Rövşən

Xalq şairi

- Altmışıncılar intibahının beşiyi başında duran üç ədəbi imza var: Nəsrdə İsa Hüseynov, şeirdə Rəsul Rza, dramaturgiyada İlyas Əfəndiyev. Onun "Sən həmişə mənimləsən", "Unuda bilmirəm" və sair əsərləri insan münasibətləri haqqında tamamilə yeni bədii nümunələrdir. İlyas müəllimin əsərlərindəki qadınlar əvvəlcə həyatımızda çox deyildilər, onun qələmə aldığı əsərlərdən sonra o cür xanımlar həyatda da çoxaldılar. Onun əsərlərində vicdan ən başlıca amildir. "Geriyə baxma qoca" çox ciddi əsərdir. İlyas müəllim zamanlar adlayacaq bir sənətkardır. Mən İlyas müəllimə bir şeir yazmışam, həmin nəğmənis izə də oxumaq istəyirəm:

 

Daş atanlar az olmadı

Bu kişinin əkdiyinə.

Sevənlərdən yaza-yaza

Çəkildi öz təkliyinə.

 

Hərdən yaşla doldu gözü,

Bir cüt gölə döndü gözü,

Hərdən elə döndü üzü -

Daş mat qaldı bərkliyinə.

 

Dünyayla küsdü-barışdı,

Ağ varağa könül açdı,

Qarışdı, ruhu qarışdı

Ağ varağın paklığına...

 

Bəsti Cəfərova

Xalq artisti

- İlyas müəllimin əsərlərinin çox gözəl adları var. Həmin adlar həm oxucuları, həm də tamaşaçıları özünə cəlb edib. İlyas müəllim "Hökmdar və qızı" əsərini çox böyük sevgi ilə qələmə aldı. Həmin əsərdəki Ağabəyim ağa obrazını mənim səhnədə canlandırmağım üçün yazmışdı. Mən 16 il bu tamaşada oynamışam. Onun əsərlərini həm tamaşaçılar, həm aktyorlar, həm də rejissorlar çox sevirlər.

Teymur Kərimli

Akademik

- Bu gün möhtəşəm bir kitabın, dahi bir yazıçının qələminin işığına yığışmışıq. İ.Əfəndiyev sözünün böyük cazibəsi olan sənətkardır. Hər yeni ədəbi nəsil onun sözünü cazibəsi ilə əsərlər yaradır. "Geriyə baxma qoca" nəsrimizin şedevrlərindən biridir. Bu kitabın adı "İLYAS ƏFƏNDİYEV. Geriyə baxarkən" olsa da, bu nəşr də İ.Əfəndiyevin yaradıcılığı kimi gəlcəyə ünvanlanıb.

Mərahim Fərzəlibəyov

Xalq artisti

- Xoşbəxtəm ki, uzun illər öncə, mən hələ gənc rejissor olarkən İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" əsərini səhnələşdirmişəm. Mən bu gün bir rejissor kimi əgər Azərbaycan teatrında nəsə etmişəmsə, buna görə o dahi insana - İ.Əfəndiyevə minnətdaram. O, həmişə sağdır və bizimlədir. Hər kəs bilir ki, o, Azərbaycan teatrına işıq saçıb, bunda sonra da onun yaradıcılığının şölələri bütün mədəniyyətimizi nurlandıracaq.

Məsmə Aslanqızı

Əməkdar artist

- Mənim səhnə həyatına gəlişim Elçin müəllimin "Ah Paris, Paris" tamaşasında rol almağımla olub. Daha sonra onun "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", "Teleskop" tamaşalarında oynamışam, həmin səhnə əsərləri mənə böyük uğurlar qazandırıb. İ.Əfəndiyevin "Qarabağnamə"sində Ağabəy ağa rolunu da ifa etmişəm. Daha sonra həmişə arzusunda olduğum, teatra məhz bu tamaşada oynamaq üçün can atdığım "Sən həmişə mənimləsən" adlı səhnə əsərində Nargilə obrazını canlandırmaq mənə qismət oldu. Ulu öndər "Hökmdar və qızı" tamaşasına baxandan sonra demişdi ki, Qarabağ azad olunana qədər teatr bu tamaşa ilə açılıb, bu tamaşa ilə də bağlanmalıdır. 27 ildir bu tamaşa Akademik Milli Dram Teatrınında oynanılırdı. Tamaşanın sonunda Ağabəyim ağa diz çöküb ağlayır. Mən dəyərli rejissorumuz Mərahim müəllimə deyirdim ki, tamaşa belə bitə bilməz. Çünki mən nə tamaşalarımızın bu cür sonluqla bitməsini, nə də tamaşaçılarımızın həmin ovqatla teatrdan ayrılmasını istəyirdim. Mərahim müəllim söz vermişdi ki, Qarabağ azad olunsa, İlyas müəllimin əsərlərindən istifadə etməklə həmin sonluğu dəyişəcəyəm. Belə də oldu və sonluq belə dəyişdirildi: "Mənim əziz bacı və qardaşlarım, bu əzablı yolların sonu bizi azad Qarabağa aparacaq. Gün gələcək xan babam Pənah xanın tikdirdiyi qalada bizim zəfər bayrağımız sancılaq". Ümid edirəm ki, "Qarabağnamə" bir gün Şuşada oynanılacaq, Beləcə İbrahim xanın, Ağbəyim ağanın, Ulu öndərin, İlyas müəllimin ruhu şad olacaq və şəhid atam da həmin tamaşadakı roluma görə mənimlə bir daha fəxr edəcək.

Rüstəm Kamal

Professor

- İlyas Əfəndiyev ədəniyyatımızın milli qürur mənbəyidir. Onun üslubunu təkrarlamaq çətindir. Onun nəsrində bir səs, melodiya var, ona görə də onun nəsr əsərlərindəki hadisələri həm görürsən, həm də duyursan. İlyas müəllim sanki cümlələrlə yox, misralarla yazırdı. Yəni onun yazı dili yüksək səviyyədə poetikdir. O, həm də son dərəcə müdrik yazıçı idi, yazıçılığın üstünlüyünü vəzifədə yox, yazmaqda görürdü. Onun əsərləri heç zaman dəbdən düşməyəcək.

Seyran Səxavət

Yazıçı

- İlyas müəllim Füzulidə mənim valideynlərimə coğrafiya dərsi deyib. Əsərlərini uşaqlıqdan sevərək oxumuşam. Onun yaradıcılığı ədəbi tənqidin fövqündədir. İ.Əfəndiyev haqqında "Ehtiyatlı olun, qapılar bağlanır" adlı hekayə yazmışam. "Qaçhaqaç" romanımın bir fəsli bu görkəmli yazıçıya həsr olunub. Onun əsərlərinin bal kimi şirin dili var. Həmin əsərlər Azərbaycan nəsrini təfərrüatdan, boş-boş təsvirlərdən xilas elədi.

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

- Əziz dostlar, həmkarlar, mənim üçün İ.Əfəndiyev haqqında belə bir nəşrin təqdimatında olmaq çox xoşdur. Fürsətdən istifadə edərək Mədəniyyət Nazirliyinə, cənab nazir Anar Kərimova bu layihəni dəstəklədikləri üçün təşəkkür edirəm. Eyni zamanda, bu kitaba ön söz yazan Sabir Rüstəmxanlıya minnətdarlığımı bildirirəm. Bu nəşri ərsəyə gətirmək çətin idi. Çünki əlimizdə İ.Əfəndiyevə aid çox böyük arxiv vardı. Biz hətta bu kitabı üç cilddə də hazırlaya bilərdik. Nəşrin hazırlanması prosesində kinolarla, teatrlarla bağlı materialları əldə etmək üçün bir sıra insanlara müraciət edirdik. Eyni zamanda bu kitabı ərsəyə gətirərkən İ.Əfəndiyev epoxasını, ömrünü sanki yenidən yaşayırdıq. Toplaşdığımız təqdimat torpaqlarımız azad olunandan sonra İ.Əfəndiyevə həsr edilən ilk tədbirdir. İ.Əfəndiyevin yaradıcılığı, sözün əsl mənasında, Qarabağın mədəni və ədəbi xəzinəsidir.

Anar

Xalq yazıçısı

- Ədəbiyyatımızın böyük klassiki İlyas Əfəndiyevin doğum günü ərəfəsində bu tədbirin keçirilməsi onun ruhuna böyük bir hədiyyədir, amma ondan daha böyük hədiyyə də bu kitabın nəşridir. Bu kitabı vərəqləyərkən həm də mən öz ömrümün gerisinə baxdım, çünki İ.Əfəndiyevin tamaşalarının əksərini səhnədə görmüşəm, kitabda İlyas müəllim haqqında söz deyənlərin hamısını tanıyıram, təəssüf ki, onların əksəri dünyadan köçüb. İlyas müəllimlə bir görüş isə əbədi yadımda qalıb: 1952-ci ildə anamla Şuşaya poçt idarəsinə getmişdim, İlyas müəllim də orda idi. Onlar ədəbiyyat haqqında çox maraqlı söhbətlər etdilər. Mənim İ.Əfəndiyev haqqında iki, Elçin haqqında üç məqaləm var, qismət olsa, Günay xanım haqqında da bir yazı qələmə alacam.

Biz Azərbaycan Yazıçılar Birliyi olaraq İ.Əfəndiyev mükafatı təsis etmişik. Biz İ.Əfəndiyev mükafatını ona görə yaratdıq ki, o, Qarabağ haqqında çox əsərlər yazıb. Ona görə də bu mükafatı gərək elə daim bu mövzuda yazan müəllifə verəydik. Qərara gəldik ki, mükafatı Qarabağ haqqında çoxsaylı əsərlər qələmə alan istedadlı yazıçımız A.Abbasa təqdim edək. Təbrik edirəm, Aqil. Bu sənin mükafatın, bu da onun "şirinliyi".

Aqil Abbas

Millət vəkili

- Biz vaxtı ilə İlyas müəllimin tamaşalarına gedəndə həm tamaşaya, həm də onun lojada oturmasına heyranlıqla baxardıq. Mən də Anara təşəkkür edirəm ki, məni bu mükafata layiq görüb. Mən heç zaman qız sevə bilmədim, ancaq Qarabağı sevdim... Bu, əslində, mənim həmin sevgimin mükafatıdır. Kitabın ərsəyə gəlməsinə görə isə Kərim müəllim və Günay xanıma "Çox sağ olun" deyirəm.

Elçin

Xalq yazıçısı

- Mədəniyyət naziri Anar müəllimə iştirakına görə təşəkkürümü bildirirəm. Yazıçılar Birliyinin sədri Anar müəllimə sağ ol deyirəm ki, rəhbərlik etdiyi birlik İ.Əfəndiyevin adına belə bir mötəbər mükafat təsis edib. A.Abbası isə mükafat almasına görə təbrik edirəm. İ.Əfəndiyev bütün varlığı ilə Azərbaycana, Qarabağa bağlı bir yazıçı idi. Elə bilirəm ki, Aqilin də Qarabağa bağlılığı İlyas müəllimin Qarabağa sevgisi ilə üst-üstə düşür və buna görə şübhə eləmirəm ki, onun bu mükafatı almasından İ.Əfəndiyevin də ruhu şaddır. Mən sizin hər birinizə ən gözəl arzularımı çatdırıram. Hamınıza xoşbəxtlik, cansağlığı diləyirəm. Kərim müəllim başda olmaqla kitabxananın işçilərinə, eyni zamanda "Şərq-Qərb" nəşriyyatının direktoru Sevinc xanıma "çox sağ olun" deyirəm. Arzu edirəm ki, hamınız bu tədbirdən xoş emosiyalarla ayrılasınız  həmin emosiyalar həmişə sizinlə qalsın. Sağ olun.

 

Hazırladı: Fərid HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.12-13.