Qızlar heç böyümürlər
ki...
Sona Vəliyevanın doğum
gününə
Bütün
yorulmaz yaradıcılıq fəaliyyətini ədəbiyyatşünas
alim, şair, nasir, jurnalist, maarifçi kimi ağır çəkili
sözlərin altına sığışdırmaq
mümkün olmayan dəyərli Sona xanım Vəliyevanın
"Ömrün yaddaşı" kitabını vərəqləyəndə
onun kövrək ürəyi, zərifliklə
çağlayan duyğuları, bu zərifliyin içində möhkəmlənmiş qadın
xarakteri və böyük Vətən sevgisi yenidən məni
qürurlandırdı. Bu keyfiyyətlər ilk şeirlərini
oxuduğum vaxtdan Sona xanımı mənə doğmalaşdırıb,
onu ailə dostumuza çevirib.
"Ömrün
yaddaşı" kitabı müxtəlif ölkələrdən
olan və Sona xanımı tanıyan, sevən, əsərlərini
başqa dillərə çevirən, nəşr edən,
haqqında biri-birindən maraqlı yazılar yazan
çoxsaylı qələm əhlinin fikirlərinin
toplandığı bir yaddaş toplusu, söz
saxlancıdır. Həmin fikirləri oxuduqca qadın ədəbiyyatımızın
bu görkəmli təmsilçisinin müxtəlif dillərə
çevrilmiş əsərlərinin belə sevgi ilə
qarşılanmasına sevindim; həm də ona sevindim ki, Sona
xanımın sözü, fəaliyyəti və insani keyfiyyəti
haqqında indi deyilənlərin çoxu mənim hələ
2011-ci ildə onun "Arazbarı" adlı şeir
kitabına ön sözdə yazdıqlarımla üst-üstə
düşür... Bu, Sona xanımın poeziya yolunda və ədəbi-elmi
axtarışlarında ardıcıllığının,
özünə məxsus bədii-estetik, mənəvi dəyərlərə
bağlılığının əlamətidir.
Sona
xanıma yazılan ürək sözləri sırasında
2018-ci ilin 30 mayında, yəni doğum günündən bir
gün sonra ona göndərdiyim məktubun da yer alması məni
təəccübləndirdi. Düzünü deyim ki, həmin
təbrikimi unutmuşdum. Sona xanımın bu məktuba dəyər
verib qoruması və özünə əsl yubiley hədiyyəsi
olan kitabında yerləşdirməsi xoş bir gözlənilməzlik
oldu.
Məktubda
mən öz həmkarıma "Əziz bacım!" deyə
müraciət edirəm. Bu müraciət yalnız səmimiyyət
və münasibətlərin təmizliyindən doğmur, həm
də bacı doğmalığını Sona xanımın
özünün qazandığını göstərir.
Məktubda
yazmışam "...bundan əlavə, Sizi həm də
öz dərd ortağım, söz və vətəndaşlıq
cəbhəsində silahdaşım bilirəm. Bu məsələdə
həyat yoldaşınızın yüksək vəzifəsi
və imkanlarınız Sizi zərrə qədər dəyişməyib".
Aradan
dörd il keçib o yüksək vəzifə də, imkanlar
da arxada qalıb, lakin Sona xanım yenə də dəyişilməyib
və onunla ruh qohumluğumuz, silahdaşlığımız
o vaxt olduğundan daha möhkəm şəkildə davam edir.
Çünki insanın dəyəri onun içindəki ilahi
nurundadır, "qəlb evinin Allah evi" olmasındadır,
millətinin böyük ideallarına
bağlılığında və bu ideallar uğrunda fədakarlıqla
çalışmasındadır; öz ləyaqətini
qorumasında, adamları sevməsində,
xeyirxahlığında və yaxşılıq etmək
bacarığındadır... başqa şeylərdə yox! Sona
xanımın simasında bu yazdıqlarıma gözəl ana
və ailə başçısı, yaxşı və pis
gündə həyat yoldaşına, yaxınlarına dayaq
olmaq, məktəb açmaq, tariximizdə haqqı
tapdalanmış kişilərə mənəvi
övladlıq etmək kimi, Azərbaycan
qadınlığına xas əvəzsiz keyfiyyətləri də
əlavə edə bilərəm...
O məktubda
yazdığım kimi "İlk
tanışlığımızdan üzü bəri mənim
gözümdəki Sona xanım daim böyüdü, yüksəldi,
yeni özəlliklərlə bəzənib daha da gözəlləşdi,
dayandığı ucalıqda ildən-ilə möhkəmləndi".
Və
insan olmanın gözəlliyi və əzablarını daha dərindən
duydu:
Aşıq
möhnətindən,
eşq həsrətindən,
məkrli
insanların
"dost"
xəyanətindən,
saxta məhəbbətlərdən,
təmənnalı
ünsiyyətlərdən,
umacaqların
bitdiyi yerdən,
yorğunluqdan
sıyrılıb
...ağappaq
buluddan
tikilən
evimə,
sənə
dönürəm,
evdəsənmi,
İlahi?
Əslində
İlahiyə dönüş bu şeirdən və bəzi
başqa şeirlərindən də göründüyü
kimi, müəllifin özünə və sözünə, mənəvi
kamilliyə, pisliklərin və riyakarlıqların yetişə
bilməyəcəyi bir ucalığa dönüşdür.
Çünki bu dünyada "Bir Allah, bir söz vəfalı"
qənaəti zamanın sınaqlarından
çıxmış bir həqiqətdir...
"Ömrün
yaddaşı" kitabını oxuduqca görürəm ki,
qalxmalar, enmələr Sona xanımı dəyişməyib, əksinə,
möhkəmləndirib, bu kitabda sözü daha qətiyyətli
və yetkin, şeirlərinin ruhu daha güclü və
metafora sistemi daha əlvan və ilhamlıdır.
Sevinc
verib, qəm çəkdim,
Yerdən
öncə mələkdim...
Bu kitabda
da xeyirxahlıqlar edib namərdlik görən, şərdən,
böhtandan qəlbi qırıq-qırıq olan
qadının, ananın mələk ruhunu itirmədiyini
göstərən və bunun bədii ifadəsi olan şeirlər
çoxdur. Bu, əslində yüzillər boyu xaraktersizliyə,
cəhalətə, şüursuzluğa, milli ləyaqətin
unudulması bəlasına qarşı vuruşan Azərbaycan
poeziyasının kamil insan yetişdirmək istəyinin, haqqa,
Tanrıya, böyük ideallara bağlı şəxsiyyət
axtarışlarının davamıdır.
İnsan
və Tanrı haqqında düşüncələr, Vətən
sevgisi və Qələbə sevinci, ömür yolunun unudulmaz
anları, həyat fəlsəfəsi, təbiətə
heyranlıq, repressiya qurbanı olan böyük qələm
sahibləri haqqında düşüncələr, COVİD
qayğıları, qardaş türk ellərində
doğulan duyğular Sona xanımın poetik
dünyasının genişlıyini və onun söz
ustası kimi kitabdan-kitaba böyüdüyünü aydın
göstərir.
"Ömrün
yaddaşı" Sona xanımın poetik istedadına
şübhə ilə yanaşanlara tutarlı cavabdır.
Uşaqlıq və gənclik yolları, uzaqlarda qalmış
ata ocağı, kəndlə şəhər arasında,
Arazın o tayı bu tayı arasında keçən bir
ömrün çırpıntıları Sona xanımın
şeirlərini qadın poeziyamızın min illik "qəm
karvanı"na qoşur. Onun da ürəyi İlahi eşqlə
və dünyanın vəfasızlığı haqqında kədərlə
doludur və bunu özünəməxsus bir üslubla ifadə
edir. Bütün şeirlərində, haqqa, Tanrıya bir
hesabat ruhu var.
Bu kitab həm
də Sona xanımın bütün yaradıcılıq
yoluna işıq tutur, mətbuatla, təhsillə bağlı
xidmətlərini, elmi fəaliyyətini, Hüseyn Cavid irsinin
öyrənilməsi, nəşri və müxtəlif ölkələrdə
təbliği sahəsindəki son dərəcə əhəmiyyətli
işlərini yada salır.
Sona
xanım yaradıcılığının ayrıca
vurğulanmalı bir sahəsi də onun böyük Həsən
bəy Zərdabi haqqında qələmə aldığı
iri həcmli "İşığa gedən yol"
romanıdır. Romanın rusca nəşrinə köhnə
dostumuz, akademik Georgi Pryaxinin yazdığı ön sözdə
əsəri belə dəyərləndirir: "Romanda o illər
Azərbaycanının həyat mənzərələri, yeni
milli, müəyyən dərəcədə
"xalqçı" ziyalıların meydana
çıxması, adları bu gün də yaşayan və
müqəddəsləşən o zamankı milli-mənəvi
rəhbərlərin xarakterləri, durumları və
formalaşmaları Şərqsayağı, koloritli, duzlu təsvir
olunub". Dəqiq qiymətdir.
Bütün
bunlar göstərir ki, Sona xanım ömrünün
müdrik yaşına qədəm qoyarkən əlini ürəyinin
üstünə qoyub qürurla deyə bilər:
"Şükür, mən öz ömrümü ləyaqətlə
yaşadım, sözümlə, əməyimlə yorulmadan
xalqıma xidmət etdim...".
Sona Vəliyeva
tez-tez müraciət etdiyi gilas çiçəkləri,
quş nəğməsi, çiçəkli ümidlər,
qanadlı dualar, xəyanət qorxusu, lalə yükü kimi
obrazları və bütövlükdə şeirlərinin
kövrək ruhu ilə yetkin yaşında də gənc ruhlu
bir xanımdır. Maraqlıdır ki, qızlar bütün
yaşlarda kövrəklikləri, incə duyğuları,
ocağa bağlılıqları, ata-ana sevgiləri ilə
öz uşaq xasiyyətlərini qoruyub saxlayırlar. Nədənsə,
çoxdan nənə olan bacılarıma da həmişə
uşaq gözüylə baxıram. Qızlar heç
böyümürlər ki!..
25.05.2022
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2022.- 28
may.- S.14.