Türk dünyasında ədəbiyyat,
ədəbiyyatda türk dünyası
Məruzə ixtisarla təqdim
olunur
...Bəlli
olduğu kimi, artıq ayrı-ayrı sahələr üzrə
məruzələr edilib yaxud belə məruzələr
hazırlanır və mən digər məruzəçi həmkarlarımın
mövzularına toxunmamağa çalışmışam.
...Yalnız onu deyək ki, AYB rəhbərliyi ötən qurultaydan
bəri türk ölkələrində keçirilmiş onlarla
festivalda, konfransda ölkəmizi təmsil edib, Türk dünyasını
qapsayan ədəbi müsabiqələrdə (məs., Avrasiya
YB-nin "Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi"ndə)
AYB tərəfdaş kimi çıxış edib, tanınmış
yazarlarımız münsif olub. ...Türk ölkələrindən
bir sıra tanınmış şair, yazıçı AYB-nin
fəxri üzvü seçilib.
AYB-nin bütün orqanları, özəlliklə "Ədəbiyyat qəzeti", Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi ötən qurultaydan sonra da Türk dünyasına ürəkgenişliyi ilə meydan tanıyıb; "Ədəbiyyat qəzeti"ndə Türk xalqları ədəbiyyatı haqqında baş redaktor A.Turanın çoxsaylı yazıları yayınlanıb. Baş redaktorun C.Şəhabəddin, T.Fikrət, M.Akif, R.Tevfik, A.Haşim, Y.Kemal Bayatlı, N.Hikmət, O.Vəli, N.F.Kısakürək, H.N.Atsız, S.Berfe, C.S.Tarançı, C.Süreya, E.Cansevər, S.Karakoç, S.Turan, eləcə də İ.Qaspıralı, Ə.İbrahim, Y.Akçura, A.Fitrət, Z.V.Toğan, X.S.Xocayev, Ç.Dağçı, Ç.Aytmatov, və b. ilə bağlı yazılarından başqa, Bakıda Ə.Hüseynzadə, Kanadada X.S.Xocayevlə bağlı kitabları gün üzü görüb. H.Cavidin bütün əsərləri İstanbulda A.Turanın ön və son sözləri ilə nəşr olunub.
S.Hüseyinlinin baş redaktoru, S.Babullaoğlunun qurucusu olduğu "Dünya Ədəbiyyatı" dərgisinin "Türkiyə Ədəbiyyatı" Xüsusi buraxılışı çıxıb. "Ulu Çinar" isə biləvasitə Türk dünyası ədəbiyyatına xidmət edir. Bu dərginin dövriliyinin bərpa edilməsi çox yaxşı olardı. AYB Mətbuat xidmətinin başçısı X.Rza həm də "İLESAM-Azərbaycan"ın və qurucusu olduğu Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM) vasitəsi ilə yaddaqalan layihələr həyata keçirib.
AMEA Ədəbiyyat İnstitutu, Atatürk Mərkəzi, Daşkənddəki H.Əliyev ad. Azərbaycan Mədəniyyət Mərkəzi, uyğunprofilli QHT-lərimiz, özəlliklə DGTYB, M.Kaşqari Fondu, "Vektor" ("Bayatı" dərgisi), "Türk dünyası İnfo" İB, KİV-lərimiz- edebiyyatveincesenet.az, dilimizvarliqimiz.az, bizimyazi.az, manera.az ...saytları, "525-ci qəzet", "Ədalət", "Olaylar", "Türküstan qəzeti", "Xalq cəbhəsi", "Kaspi", "Kredo" qəzetləri ...və b. ötən illər içində, sözün ən müsbət anlamında, Türk dünyası deyib, Türk dünyası eşidib...
...Azərbaycana ən çox diqqət ayıran qurum və quruluşlara isə bu ünvanları misal göstərə bilərik: Türkiyədən-Avrasiya YB (o cümlədən "Qardaş qələmlər" dərgisi, "Bəngü" YE), TƏV (o cümlədən "Türk ədəbiyyatı" dərgisi), Türkiyə YB, TDAV, "Türk Ocaqları", Fəthiyyə Ədəbiyyatçılar qrupu, "ANKA" Dərnəyi, "Telmih", "Temrin" ...sənət-ədəbiyyat dərgiləri;
Özbəkistan YB, "Kitab dünyası" qəzeti;
Qazaxıstan YB, "JALIN", "Simurq", "BİLİK Times" dərgiləri, "Türk Xalqları Ədəbi İlişkilərini Gəliştirmə" Fondu;
Qırğızıstan MYB;
Tatarıstan YB, "Kazan Odları" dərgisi,
Saxa-Yakutiya YB (Birliyin "Çolpan" dərgisi),
Kərkük Kültür Dərnəyi;
...ortaq türk qurumları: TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu.
Səfirlərimizdən H.Orucov, R.Məmmədov ədəbi-mədəni əlaqələrin güclənməsi baxımından ötən illər Qırğızıstanda, Qazaxıstanda təqdirəlayiq işlər görüb. R.Məmmədovun Türkiyədə, yeni səfirimiz A.Atamoğlanovun Qazaxıstanda yeni layihələrlə çıxış edəcəyinə inanırıq.
Əgər Türk dünyası ədəbiyyatı üzrə son illər ən məhsuldar şəkildə çalışmış alimlərimizin adını çəkəsi olsaq, 5 isim önplana çıxar: Akd. N.Cəfərov, Prof. R.Əskər, Prof. E.Quliyev, Prof. A.Ülvi, Folklor İnstitutunun bölmə rəhbəri Ə.Şamil. Bizim bu məruzəmizdə də onların əsərlərindən yararlandığımız məqamlar olub.
Prof. E.Quliyevin "Türk xalqları ədəbiyyatı" (2017) dərsliyi türk xalqları ədəbiyyatına töhfə olan əsərlərdəndir. "Türk xalqları ədəbiyyatı üzrə mühazirələr" kitabı (2019) isə şair V.Aslana aiddir. Prof.Dr. F.Ağasıoğlunun son illərdəki əsərlərini də şükranlıqla xatırlayırıq. Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmu nəzəriyyəsini irəli sürən alim son 30 ildə bu sahədə apardığı araşdırmalar əsasında "Doqquz bitik" yazıb. Əsərin 3 cildi 2014-cü ildə gün üzü görüb. Könül istər, "Doqquz bitik"in digər cildləri də gün üzü görsün, əsər qardaş ölkələrdə də yayınlansın.
...Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Fil.ü.f.d. E.Babayeva 2017-2021-ci illər üzrə "Azərbaycan və Türk dünyası arasında ədəbi əlaqələr" mövzusunda məruzələrlə çıxış edib. 2016-cı il üzrə məruzəni isə Prof. N.Tağısoy edib.
E.Babayeva Azərbaycan-Türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafında sürətlənmə müşahidə edildiyini vurğulayır. Alim sözügedən istiqamətdə elmi-nəzəri konfranslar keçirildiyini, dissertasiyalar, (Prof.Dr. F.Bayatın 2018-ci ildə ölkəmizdə və Türkiyədə çıxan 4 monoqrafiyası daxil olmaqla) monoqrafiyalar yazıldığını qeyd edir. E.Babayeva ədəbi əlaqələrin inkişafında xidmət göstərmiş alimlərin adını qədirşünaslıqla sıralayır: Akd. İ.Həbibbəyli, professorlar - Q.Paşayev, M.Əliyev,
Ə.Rəsulov, R.Əskər, A.A.Aydın, E.Quliyev,
M.Hacıyeva, A.Babayev,
T.Məlikli, N.Araslı, J.Əliyeva, N.Tağısoy,
F.Bayat, A.Ülvi, Fil.e.d. Y.Qasımbəyli, R.Əhmədov, Fil.ü.f.d. - İ.Osmanlı, E.Babayeva, X.Hümmətova, F.Vəliyeva, S.Sadiyev, T.Teymurov, M.Həsənov, E.Məmmədova, X.Qafqazlı, S.Qasımlı, R.Quliyev, S.Gündoğdu, B.Osmanova,
N.Mustafayeva, F.Dursunova, K.Nəcəfova, L.Kərimova, A.Qəzənfərqızı, A.Turan, E.Məmmədova, N.Əskər, A.Xəndan, Q.Şəhriyar və
b.
Azərbaycanın türk dünyası,
türk dünyasının Azərbaycanı...
Türk
dünyası ədəbiyyatı dedikdə Türk dünyasından
olan şair, yazıçıların öz ölkələrinə,
o cümlədən ümumtürk (Dünya) mədəniyyətinə
bəxş etdiyi ədəbi-mədəni fikrin ən yaxşı
örnəkləri nəzərdə tutulur.
...Türk
dünyası ədəbiyyatını, ədəbiyyatda Türk
dünyasını müzakirə etmək bizə ona görə
vacibdir ki, Azərbaycan "Türk dünyası çadırının
orta dirəyi"dir. I Türkoloji Qurultay da Bakıda keçirilmişdi
(1926), "Sovet türkologiyası" Bakıda çıxıb,
"Türkologiya" jurnalı da Bakıda çıxır.
I Türkoloji Qurultaya vurğu etməyimiz əbəs deyil. Qurultayda
keçmiş SSRİ-də yaşayan türk xalqlarının
tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası,
mədəniyyəti geniş müzakirə edilib. Türk xalqlarının
vahid latın qrafikalı əlifbaya keçidinin elmi-metodik prinsiplərinin
hazırlanması qurultayın əsas nəticəsi sayılır.
...Bizim
mövzumuz türk ölkələrinin yazıçılar birliklərinin
qurultaylarında yalnız Azərbaycanda məruzə edilir-artıq
2-ci dəfə. Azərbaycanın Türk dünyasındakı
yeri, rolu yalnız fiziki-coğrafi anlam daşımır, ədəbi-mədəni,
mənəvi iqlimi də ifadə edir.
M.Şeyxzadə Özbəkistana, Ə.Ağaoğlu, Ə.Hüseynzadə Türkiyəyə məhz Azərbaycandan getmişdi. ...B.Çobanzadə, Ö.F.Nemanzadə, X.S.Xocayev məhz Bakıda yaşayıb-yaratmışdı... Azərbaycan Azərbaycandan böyükdür...
Bu il ölkəmizdə Şuşa İlidir. ...Şuşa gələn il Türk dünyasının Mədəniyyət paytaxtı olacaq. ...Türk dünyasından çoxsaylı şair, yazıçının Şuşa səfəri istəklərinin olması anlaşılandır. Belə istəklərdən biri Özbəkistandan gəlmişdi və səfər ötən ilin avqustunda baş tutdu: özbək şairi X.Rüstəm və araşdırmaçı-yazar Ş.Barlas Şuşaya səfər etdi.
X.Rüstəmin "44 gün" adlı kitabla çıxış etməsi, onun ayrı-ayrı
ölkələrdən şair, yazıçıların Azərbaycanın haqlı davasına dəstək Bəyanatları, Müraciətlər təşkil etməsi Türk dünyasında ədəbiyyatçıların vizyonunu, vizyondakı Türk dünyasını göstərir. ...Vətən Müharibəsinin gedişində bu sətirlərin müəllifinin ...türk ölkə və topluluqlarını təmsil edən nüfuzlu şair-yazıçılardan aldığı Açıqlamalar,
onların birmənalı dəstək çıxışları da unudulmazdır. Nizami yurdu Gəncə Ermənistan tərəfindən raket atəşlərinə tutulunca DGTYB-nin, şəxsən İ.Yaşarın səsinə səs verən Türk dünyası yazarları Bəyanat imzaladı, dünya birliyinə çağırış etdi.
N.Həsənzadənin O.Süleymenova
poetik müraciəti
Qazaxıstanda bu ilin ilk ayının
ilk günlərində baş verən olaylar vaxtı AYB rəhbərliyinin
Qazaxıstan YB-yə həmrəylik məktubu ünvanlaması,
KİV-lərin bizim ədəbiyyat xadimlərinə "Oljas
Süleymenovla danışmısızmı?" kimi suallar verməsi,
Xalq şairi N.Həsənzadənin O.Süleymenova şeir yazması
burada xatırlatmaq istədiyim məqamlardan olub, özlüyündə,
Türk dünyasında ədəbiyyat, ədəbiyyatda Türk
dünyası mövzusunun güncəlliyini bir daha təsdiq edir:
"...Qoy
yenə çağlasın o duyğu, o hiss,
yanından ötməsin bir əsən külək.
Bizim də - var olsun həmrəyliyimiz,
yenə İstanbulda görüşənədək".
Xalq şairinin Xalq şairinə yazdığı şeir özündə siyasi, ideoloji məzmun da daşımaqla, Qazaxıstan olaylarına bir şəhərdən, bir ölkədən deyil, daha böyük tablodan baxmağa imkan verir. - Paralellər dəqiq, təsbitlər səlisdir... Və "yenə İstanbulda görüşənədək"!.. O İstanbul ki, az öncə orada TDT qurulmuşdu...
Genezis və fikir üfüqləri
Ədəbiyyat türk xalqlarının genezisində fövqəladə yerə sahibdir. Bu sahiblik bizi "ortaq türk keçmişindən ortaq türk gələcəyinə" götürür... Əlbəttə, gələcək özü gəlməyəcək, buna hazırlanmlıyıq: "Hazır olmaq, yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? Mənəvi körpüləri sağlam tutaraq. Dil bir körpüdür... İnanc bir körpüdür... Tarix bir körpüdür... Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyik". Atatürk bu sözləri XX yüzilin otuzuncu illərində deyirdi... - "Bədənimin atası Əli Rıza Əfəndi, hisslərimin atası
Namiq Kamal, fikirlərimin atası isə Ziya Gökalpdır" deyən Atatürk... Mənəvi ataların kimliyi ədəbiyyatın, mədəniyyətin bir dövlət qurucusunun addımlarındakı rolunu göstərməkdədir.
...Ümummilli
lider Heydər Əliyev "Azərbaycan dünyaya Günəş
kimi doğacaq" deyirdi. ...Bu doğuş mədəniyyət
iqlimi ilə yanaşı, fiziki, coğrafi parametrlərlə,
təbiət və iqlimlə bağlı da öz təsdiqini
tapmışdır. Günəş şüalarının paylanması,
torpaqla, su ilə, hava ilə təması baxımından Yer
üzündə ən uyğun coğrafiyalardan biri Azərbaycandır.
...A.Eyvazlı ilə birlikdə Saxa-Yakutiyada Günəşin
qarşılanması bayramı Iıssıxda iştirakımı
xatırlayarkən, dünyada Günəş doğuşunun ən
gözəl seyr ünvanlarından birinin Türkiyədə (Ayvalıqla
Sarımsaqlı arasındakı "Şeytan Süfrəsi")
olmasını yada salarkən Türk coğrafiyası ilə yanaşı
Türk mədəniyyət iqliminin gücünə inanıram.
"Türkün varlığı bu köhnə aləmə
yeni üfüqlər açacaq, Günəş nə demək,
üfüq nə demək, o zaman görüləcək".
- Atatürkün bu fikirləri H.Əliyevdən gətirdiyimiz
sitatla necə də həmahəngdir. - Dərin sözümüzün
alqoritmi eynidir.
Mənəvi
körpülər, mənəvi sağlamlıq, dil, inanc, tarix
şüuru ilə toparlanmaq, soy-kökə bağlanmaq və
bütünləşmək! - Yol budur.
Basınc və dirəniş
Türk xalqlarının geniş coğrafiyası zaman-zaman ədəbiyyatda, mədəniyyətdə təcallalarla səciyyələnib. Örnəyi, Güneydən-Quzeyə, Şərqdan-Günbatara keçidlərin, böyük köçlərin güzərgahı olmuş qaynar Qafqazlardan fərqli olaraq, burdan çox uzaqlardakı Saxa-Yakutiyada uzun, soyuq qış gecələrinin hüznü poeziyaya nağıl kimi hopub. Saxada milli ərazi çox böyük, əhali çox az, qışlar uzun, yazlar qısa, doğma qardaşlar uzaqdır... Öz üçqatlı dünya inanc sistemi ilə "Tanrının oğlu İsa"nın hakim təliminin Saxa ədəbiyyatında interperetasiyalara gətirib çıxardığı görünür. Saxa ədəbiyyatı sözdən artıq səs kimi gəlir adama. - Elə bil Şaman qımqıması, gümüldənməsi, sözsüz danışmadır. (Uzaqdakı qardaşımızın ədəbiyyatının klassiki, repressiya qurbanı P.Oyunskinin Azərbaycanda nəşr etdiyimiz "Qırmızı şaman" əsəri 2019-cu ildə Yakutskda ictimaiyyətə tanıdılıb. P.Oyunskinin əsərləri və özkeçmişi ilə tanış olduqca, Türk dünyasının XX yüzildə yaşayıb-yaratmış başqa bir mütəfəkkir ədibi - H.Cavid (və Cavidin yaratdığı obrazlar) gözlərimiz önündə canlanır. Nə təvafüqdür ki, hər iki mütəfəkkirin aqibəti eyni olub, ikisi də repressiyaya məruz qalıb, hər ikisi İrkutskda öldürülüb. Hər ikisi 1955-ci ildə bəraət alıb. Talelərinin başqa bir oxşar cəhəti də ibrətamizdir: Cavidin qızı Turan Cavid və Oyunskinin qızı Sardana Oyunski! - Hər iki xanım öz atasının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmadı)...
...Akd. N.Cəfərovun 2018-ci ilin sentyabrında "Ədəbiyyat qəzeti"ndə yayınlanmış "Türk poeziyasının yakut-saxaca döyünən ürəyi" adlı yazısından bir bölümü sizinlə paylaşmaq istərdim: "Xalq şairi N.Xarlampyevanın "Mənim rəfiqim aprel" kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, N.Xarlampyevanın poeziyasında O.Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda "akademik sistem"ə çevrilmiş mükəmməl harmoniyası var.
...N.Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür...
Mən də ulu türkün bir parçasıyam -
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kültiqin dövrünün varisi.
...Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
Uzaqlarda qaldı"...
...Saxadan
başlamış Tatarıstanadək olan Sibir
coğrafiyasındakı türk xalqlarının ədəbiyyatı
ritm etibarı ilə musiqilidir, nəğmə türündədir.
Sibir türküləri ilahi özləmi barındırır.
Sağolsun, O.Hacımusalı dostumuz Sibir şairlərinin antologiyasını
hazırlayıb. Antologiya Türkiyənin ünlü
"ÖTÜKEN" Basım Evində gün üzünə
hazırlanır.
...Qırğızlarsa
"Manas"dan və Ç.Aytmatovdan yalnız ilham almır,
həm də güc alır... "Manas" dünya xalqlarının
şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən
biridir. Vətənin azadlığını, müstəqilliyini
hər şeydən uca tutan, qutsal ata yurdunu yadellilərin işğalından
qorumaq üçün xalqı mübarizəyə çağıran,
türk xalqlarının həyat və məişətini, gələnəyini,
torpaq sevgisini özündə yaşadan dastan, akından-akına
keçərək günümüzə yetişib. ..."Manas"
deyincə haqlı olaraq Azərbaycan yazarlarından ilk yada düşən
A.Cəmil olur. Umarım, o, "Manas"ın tam uyğunlaşdırılması
yolundadır.
Qırğız
ədəbiyyatından uyğunlaşdırmalar sahəsində
son illər İ.İlyaslının adı tez-tez çəkilməkdədir.
Çox şadam ki, bu sıraya yeni və gənc nəsil nümayəndələri
də daxil olub: R.Sabir, T.T.Rəhimli, P.Məmmədli, G.Səma,
Ü.Nəccari, T.Turan, X.Rəsuloğlu, A.Xaqan, F.Balabəyli,
E.Nicat, E.Əzim, T.Mansur, İ.Yaşar, G.Eyvazlı, A.X.Səfərli,
S.Əli və b. - Onlar "Gənc Qırğız şeiri"
antologiyasının (2019) uyğunlaşdırıcılarıdır.
Qırğızca, qazaxca, özbəkcə "Qarabağ hekayələri"ni də burada vurğulamadan keçməyək. "Qarabağ hekayələri" daha öncə qardaş Türkiyədə Q.Paşayevanın və İ.Avşarın sayəsində təkrar nəşrlərlə gün üzü görmüşdü.
..."Özbək şeir çələngi" isə bizim Daşkənddəki Heydər Əliyev Mərkəzi ilə ortaq layihəmiz olaraq gün üzü görüb. Antologiyanın tərtibçiləri Ş.Dağlaroğlu və Ş.Qasımovadır.
Ortaq dənizli bavurlarımız
...Qazax bavurlarımız əsərlərini böyük ərazilərinə müqabil şəkildə və o böyük ərazilərə iştahlılara dirəniş ruhunda yazır, başqa dillərə çevirir, tirajlayır-məktəblərdə gənc nəsilin tərbiyəsinə getdikcə daha böyük ölçüdə cəlb edir. Abayın 175 illik yubileyinin beynəlxalq miqyasda keçirilməsi də fikrimizi təsdiq edir. ...Abay şifahi xalq yaradıcılığının energetikasını özündən sonrakılara kamil şəkildə ötürüb.
...Qazax ədəbiyyatının təşəkkülündə, inkişafında önəmli rolu məhz xalq nəğməkarları - akınlar, jırçılar oynayıb və o etnoqrafik yaddaş, dünyaca ünlü O.Süleymenov, M.Şaxanov yaradıcılığı başda olmaqla, çağdaş qazax ədəbiyyatında çiçəkləyib.
...Çağdaş qazax poeziyası qardaş ölkələrin, ümumən qabaqcıl dünyanın ədəbiyyatı ilə birlikdə böyüyür və inkişaf edir. ...U.Esdaulet, Q.Jaylıbay, T.Mədətbek, A.Əhmədbəyulı, S.Aksunkarulı, B.Aldiyar, A.Elgezek, D.Kapoğlu, T.Tolkınqızı, T.Kabılşa, S.Kamşıqer, E.Junus və b. - ən azı iki fərqli ədəbi nəslə mənsub olan bu şairlərin kitabları qazax oxucularının marağına səbəb olub.
...Qazax ədəbiyyatı deyincə uzun illər iki klassikin və bir yaşayan klassikin adı önplanda olub: Abay, Cambul, O.Süleymenov. Artıq böyük Qazaxıstanın ədəbiyyyatı daha böyük siyahı ilə tanınmalıdır. O cümlədən, mərhum şair, yazıçılar M.Jumabay, Q.Amanjolov, M.Makatayev, T.Ayberqanov, R.Otarbayev, Ə.Aymakın əsərləri Xəzərin bu tayında da tanınmalıdır. Onlar qazax xalqının istəklərini, istiqlaliyyəti və b. mövzuları sənətkarlıqla işləyib. ...Habelə müstəqillik dövrü qazax ədəbiyyatını öyrənmək bavurlarımızın düşüncə alqoritmini, tarixi dəyişimləri yaxından izləməyə imkan verir. ...Çağdaş gənclik poeziyasının aparıcı nümayəndələri arasında ...O.Qasım, M.Asan və b. var. Postmodernist poeziyada qazaxlarda ilk addımı şair T.Abdıkakimov atıb. Eksperimental qaranlıq mahnıları ilk yazansa tarazlı T.Abaildayev olub.
...DGTYB-nin xətti ilə "Yeni qazax şeiri" antologiyası 2017-ci ildə Bakıda, 2020-ci ildə Ankarada çıxıb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış antologiyaya Dövlət Mükafatı laureatı T.Mədətbek "Önsöz" yazıb. Şeirlər Qazaxıstanlı yazarlar G.Fayzulla, G.Satbay, Azərbaycanlı yazarlar R.Sabir, T.T.Rəhimli, G.Səma, A.Şıxlı, E.Z.Qaraxanlı, İ.İlyaslı, İ.Yaşar, R.Dostəli və bu məruzənin müəllifi tərəfindən çevrilib.
...Bavurlarımız 2018-ci ildə "Yeni zaman Azərbaycan poeziyası" antologiyası ilə çıxış etdi.
...Qazax yeni nəsil yazarlarından danışınca istedadlı gənc yazıçı E.Serikbayın adını unuda bilmərəm. Onun adını xüsusi məhəbbətlə çəkirəm. Məhz o, Azərbaycan həqiqətlərinin qazaxcaya çevrilməsi və nəşri sahəsində yadda qalan işlər görməkdədir. "Qarabağ hekayələri"ni də, "Xocalı Soyqırımı: şahidlərin dili ilə" kitabını da məhz Erkinbek qazaxcaya uyğunlaşdırıb.
...2020-ci ildə gün üzü görən "M.Auezov: Həyatı və yaradıcılığı" (M.Əliyev, N.Məmmədov, X.Hümmətova, T.Teymurov) monoqrafiya Əİ Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanıb. T.Teymurovun "M.Auezovun "Abay" romanında sənətkarlıq məsələləri" adlı monoqrafiyası da, habelə Mahmud Kaşqari Fondunun, Türk Akademiyasının xətti ilə ABAYın, müvafiq olaraq, "Seçilmiş əsərlər"i və "Qara dastanı" da 2020-ci ildə gün üzü görüb.
Bakıdan Bişkekə bir baxış
...Araşdırmaçı-yazar K.Jakup çağdaş Qırğız şeiri barədə yazır: "Qırğız Respublikası müstəqillik qazandıqdan sonra ...qırğız şeiri də dəyişimə uğrayıb. Öncəki şairlər ...köhnə ideoloji-siyasi mövzulardan uzaqlaşıb. Köhnə mövzuların yerinə, daha çox, insanın taleyi, duyğuları, tavırları keçib".
Müstəqilliksonrası Qırğız şeirini iki yerə ayıra bilərik: 1991-2000-ci illər arası və 2000-ci ildən günümüzədək...
Qırğız şeirində tarix və nəsillər dəyişiminin ağırlığı şairlər Ş.Duyşeev, K.Urmanbetov, N.Alimbekov, A.Rıskulov, K.Kökulov, N.Kalıbekov, Z.Acımatov, O.Şakirov və b. Yaradıcılığında təcalla edib.
...2000-ci il və sonrasındakı şairlərdən A.Ərgəşova, A.İsmail, N.Qurqubay, K.Jakup, B.Sarıbay, A.Doranbekuli və b. adını çəkə bilərik.
***
...Ç.Aytmatovun əsərlərinin Azərbaycancaya çevrilməsi və nəşri son illərdə də davam edir. Örnəyi, ustadın seçilmiş hekayələrinin İ.İlyaslı tərəfindən çevrildiyini, nəşr edildiyini bilirik.
Akd. İ.Həbibbəylinin "Ç.Aytmatov haqqında söz" adlı kitabı 2018-ci ildə 3 dildə nəşr olunub. Ç.Aytmatova həsr olunan əsərlərdən biri də Dos.Dr. M.Həsənlinin "Ç.Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyasıdır (2020).
Bişkekdə fəaliyyət göstərən "Türk Dövlətlərinin siyasətinə Dəstək Fondu" isə Azərbaycan ədəbiyyatı təmsilçilərinin əsərlərini qırğızcaya çevrib nəfis şəkildə nəşr edib.
Cana can Özbəkistan
"Roma mədəniyyətinin Avropa üçün önəmi nə qədərdirsə, özbək mədəniyyətinin də Orta Asiya üçün önəmi o qədərdir" (Ç.Aytmatov). ...Görkəmli özbək klassikləri Nəvai, Uluqbəy, Babur və bir çox b. yaratdığı əsərlər yalnız Şərq xalqlarının deyil, həm də dünya sivilizasiyasının inciləri sırasındadır. ...Nə xoşdur ki, 2021-ci il - "Nizami İli"ndə Nəvainin ölkəsində Gəncəli dahinin əsərlərinin orijinaldan özbəkcəyə çevrilməsi işi başa çatdırıldı və ustad C.Kamalın çevirdiyi "Xəmsə" özbəkcə kamal şəkildə nəşr olunub. Bu vacib layihəni icra edən Daşkənddəki Azərbaycan Mədəniyət Mərkəzinə alqışlar!
...2020-ci ilin fevralında Əİ Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin nəzdində Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub.
***
...Özbəkistanlı şair-tərcüməçi, DGTYB İH üzvü Ş.Artukova-Kamranlı çağdaş özbək poeziyası haqqında yazır: "Özbək ədəbiyyatı çeşidli dönəmlərdən keçmiş, işğallara, ictimai-siyasi formasiya, habelə sınır və demoqrafik dəyişimlərə baxmayaraq, günümüzə daha güclənmiş şəkildə gəlib çıxıb. A.Aripov, E.Vahidov, M.Yusuf, X.Dövran, X.Xudayberdiyeva, İ.Mirzə və b. ədiblər çağdaş özbək ədəbiyyatının ən güclü imzaları olaraq tanınır".
Poeziyada ağla gələn ilk isim milli şair Çolpandır. Çolpan adı özbək şeiri üçün sanki bir simgədir. Onunla yanaşı Elbək, Qeyrəti, Q.Qulam, Uyğun, S.Abdulla, Q.Mühəmmədi, M.Şeyxzadə, H.Alimcan, Mirtemir, Zülfiyyə, Şöhrət, Şükrulla, Q.Hikmət, İ.Yusubov, E.Vahidov, M.Saleh, R.Pərfi və b. isimlər XX yüzil özbək poeziyasında önə çıxır.
...Çağdaş özbək nəsrində A.Qədiri, A.Qəhhar, Mirmöhsün, A.Yaqubov, P.Qədirov, N.Fazilov, Ö.Həşimov, E.Məlik, Ə.Dilmurad kimi adlar ilk srada çəkilə bilər. Romanda isə S.Ayni, S.Abdulla, N.Səfərov, H.Qulam kimi yazarlar önə çıxır.
Xalq şairi, Özbəkistan Qəhrəmanı, şair, yazıçı A.Aripov XX yüzilin Özbək dili və ədəbiyyatının gəlişməsində önəmli bir yerə sahibdir. O, Özbəkistanın müstəqillik marşının yazarıdır. ...A.Aripov dastan türündə də önəmli əsərlər yaradıb. ...Əmir Teymura ad edilən "Sohibqiron" dastanı özbək oxucusu tərəfindən məhəbbətlə qarşılanıb. Yeri gəlmişkən, Əmir Teymur haqqında yazılmış və Özbəkistanda maraqla qarşılanmış əsərlər sırasında Azərbaycan yazıçısı Y.Oğuzun "Əmir Teymur-Zirvəyə doğru" (2011), "Əmir Teymur-Dünyanın hakimi" (2012) romanları özünəxas yer tutur. Romanlar özbəkcəyə, ruscaya və b. dillərə çevrilib.
...Müstəqilliksonrası özbək ədəbiyyatı mövzu, forma, axtarışlar, yeni üfüq qazanmalar baxımından daha da yüksəlib. Özbək ədəbiyyatının göyündə istedadlar ulduz kimi parlayıb. Tanınmış yeni nəsil şairlərindən X.Rüstəmsə Azərbaycan KİV-lərində artıq ulduz deyil, "Ən yeni özbək qadın poeziyasının Günəşi" olaraq tərif görməkdədir. Bu, onun istedadı və özbək ədəbiyyatını xarici ölkələrdə ləyaqətlə təmsil etməsi ilə yanaşı, Azərbaycan həqiqətlərini ədəbiyyatda uğurla inkas etdirməsi ilə də sıx bağlıdır. Qarabağ həqiqətlərindən bəhs edən "Adı Lalə idi o qızın" poemasında şair yazır:
"Daşkəndə qayıtdım ertəsi günü,
Çiynimdə bir uçaq dərd gətirmişdim.
Cərəyan sarmışdı canımı sanki.
Titrədirdi məni...
Unudub aləmi, cümlə cahanı,
Bütün dərdi ilə, yanğısı ilə
Mən qucub ağladım Azərbaycanı"!..
***
...Fərqli ədəbi nəsilərə mənsub O.Əzim, X.Dövran, S.Seyid, T.Qəhhar, Fəxriyar, X.Rüstəm, D.Ergejova, Q.Məcid, Ş.Qasım, İ.Mirzə, E.Şükür, Ş.Ortikova-Kamranlı, Gözəlbəyim, N.Afaqova, N.Jonuzoqlar çağdaş Özbək şeirinin öndə gələn isimləridir. Gənc nəslin təmsilçiləri öyrətmənlərin çox da gerisində deyil: örnəyi, R.Babacan, J.Jondor, Ş.Şavkat, J.Namaz, Z.Arifjon, Mehrinaz, Mirzahid və b.-nın adını çəkə bilərik.
Bu gün Özbək nəsrində müxtəlif ədəbi nəsillərin təmsilçiləri fərqlənməkdədir. Q.Norkobil, E.Azam, X.Sultan, N.Eşankul, X.Dostmuhamməd, U.Həmdəm, İ.Sulton,
A.Yulduş, S.Anar, L.Burixan, Z.Kurolbayqızı Özbək nəsrinə, publisistikasına yeni hava gətirən, önə çıxan yazarlardır.
Bir sözlə, günümüz Özbək ədəbiyyatı bir qala bürcü kimi Orta Asiyada yüksəlir və dörd tərəfdən görünür...
***
...Orta Asiyadakı qardaşlarımızla ən sıx ədəbi əlaqələr məhz Özbəkistanladır. Bir çox yazarımızın əsəri özbək dilinə uyğunlaşdırılaraq yayınlanıb. Özbək şairlərinin də şeirləri Azərbaycancaya uyğunlaşdırılıb. R.Əskər, A.Ülvi, Y.Qasımbəyli, A.Azalp, Ş.Dağlaroğlu, İ.İlyaslı, R.Sabir, T.Ə.Həşimova, E.Əzim, İ.Yaşar, S.Kamranlı, Ş.A.-Kamranlı, T.Turan və b. bu sahədə xeyli iş görüb.
...Nəvainin "Xəmsə"si R.Əskər tərəfindən dilimizə uyğunlaşdırılıb və nəşr edilib.
...Professor
Özbəkistanın "Turan" EA-nın akademiki adına layiq görülüb. "Turan"
EA-ya 2021-ci ildə üzv seçilən digər Azərbaycanlı
isə Q.Paşayevadır.
...2020-ci
ildə İ.Həbibbəylinin redaktorluğu, A.Ülvi,
Y.Qasımbəyli və A.Azalpın çevrisi ilə gün
üzü görən "Ə.Nəvai. Hikmətli
sözlər" kitabını, A.Ülvinin "Ə.Nəvainin
əsri və nəsri" monoqrafiyasını da da unutmuruq.
X.S.Xocayevin "Yeni əlifba yollarında əski xatirə və
duyğularım" memuarı Daşkənddə nəşr
olunub (2020; nəşrə hazırlayan: Prof.H.Baltobayev, 1929-cu il mətnini yenidən nəşrə
hazırlayanlar və redaktorları: A.Ülvi və Y.Qasımbəylidir).
...Azərbaycanın Özbəkistanla ikitərəfli və
çöxtərəfli əlaqələri, o cümlədən
mədəni işbirliyi günümüzdə uğurla davam
edir.
...Bugünlərdə Q.Norkabilin "Rəis və 5 dul
qadın" pyesi İrəvan Dövlət Azərbaycan Dram
Teatrı tərəfindən uğurla səhnələşdirilib.
Bununla, son 30 ildə ilk dəfə, bir özbək
dramaturqun əsəri Azərbaycan teatrında səhnələşdirimiş
olur.
...Özbəkistan
Prezidentinin Sərəncamı ilə "100 cildlik Türk
xalqları ədəbiyyatı" nəşrlər
seriyasının üzərində iş
başlandığını da minnətdarlıqla qeyd edir, bu
nəcib, qürurverici hadisə münasibəti ilə
bütün Türk dünyası ədəbiyyatçılarını
qutlayıram!
Bir ürəkdə iki can:
Türkiyə, Azərbaycan
...Türkiyədə
son 30 ilin ədəbiyyat dəyərləndirməsini aparan
şair C.Qarabulud yazır:
"Daha
öncə şairin kimliyinin, şəxsiyyətinin önəm
qazandığı-içində bir mövzusu olan, anlamlı
və asan anlaşılan, qulağa da xoş gələn
müsiqisi ilə yaddaşlarda yer edən, əzbərlənə
bilən vəzinli, ölçülü şeir anlayışı
vardı, o son 30 ildə önəmli dərəcədə
sıxışdırıldı. Bunun yerinə belə bir
yanaşma meydana çıxdı: "Şairin əxlaq və
xarakteri, şəxsiyyəti önəmli deyildir, önəmli
olan nə yazdığıdır. Şairin
yazdığının nə anlam daşıdığı
da soruşulmamalıdır. - Soruşmaq cəhalətdir,
gerilikdir. Oxuyan nə anlayırsa, şeir də odur, məna
da"... Bu üzdən
anlamadığımız şeirlərə "bu nədir?"
deməkdən belə çəkindik. - "Cəhalət"imiz
ortaya çıxmasın deyə... Adam içi boş
şeylər də yazsa, biz "hər halda bunda bir hikmət
var" deyə ciddi-ciddi oxuduq; amma nə yazıq ki
bunların içində heç bir şey yoxmuş... Bizdə deyərlər, "Suyun dayaz olduğu bəlli
olmasın deyə onu bulandırırlar". Bəli, son
30 il boyu poeziya aləmində suyu
bulandıranlar çox oldu...
Bu üzdən "ikinci yeni" deyilən şeir
axımında "şəkil dəyişdirəlim" deyərkən,
ağını çıxardılar, dadını
qaçırdılar. Beləliklə, dadsız, duzsuz, anlamsız,
müsiqisiz, ölçüsüz şeir deyilən bir
şey hasil oldu, ona görə, şeirlər dinlənməz,
oxunmaz, sevilməz hala gəldi... Şeir oxucuları
azaldı"...
...Araşdırmaçı-yazarı
Z.Tək isə DGTYB-nin 2016-cı ildə təşkil etdiyi
Türk dünyası gənc yazarlarının Bakı
toplantısında etdiyi "Çağdaş Türk ədəbiytatına
bir baxış" adlı məruzəsində deyirdi ki,
1860-cı ildən sonrakı Türk ədəbiyyatı
qardaş ölkə ədəbiyyatşünaslığında
əsasən "Yeni Türk ədəbiyyatı" olaraq qəbul
edilməkdədir.
Tənzimatdan günümüzə
çağdaş türk şeiri
Çağdaş Türk şeirini klassik şeirdən
ayıran özəlliklərin başında nə gəlir? Çağdaş şeir:
fərdi mərkəzli olub, fərdin çıxılmaz
durumlarını, fəlakətlərini mərkəzə alır.
...Bu tərz şeirdə insan sosial, siyasi, bir sözlə, var
olan bütün məsələləri ilə ədəbi mətndə
özünə yer bulur: "Bu anlamda Şinasi, Z.Paşa və
N.Kamal fərdin məsələlərinin önə
çıxdığı, siyasi və sosial mövzuların
şeirdə sıx yer aldığı dönəmin sənətkarlarıdır.
Çağdaşlığın, demokratiya, hürriyyət,
ağılçılıq kimi mövzuların işləndiyi
bu dönəm həm məzmun həm forma özəllikləri
baxımından Köhnə Şeirdən fərqlidir...
...Daha
çox sosial içərikli olan Tənzimat və fərdi
möhtəvanın sıxlıqla görüldüyü
"Sərvət-i Fünun" ədəbiyyatından sonra
1908-1923-cü il arası qardaş ölkə
ədəbiyyatında II Məşrutiyyət dönəmi
Türk ədəbiyyatı gəlir. Milli Ədəbiyyat
isə bu dönəmin (1911-1923) ən güclü ədəbi
axımıdır. Bu dönəm ədəbiyyatında
Balkan Savaşları, I Dünya Savaşı və Qurtuluş
Savaşının təsirləri işlənib, milli
duyğulu əsərlər yaranıb. Ö.Seyfəddin,
Z.Gökalp, Y.Q.Qaraosmanoğlu, X.Ə.Adıvar, F.R.Atay,
R.N.Güntəkin, Y.Akçura, X.N.Zorlutuna, M.C.Kuntay bu
axımın ən güclü isimlərindəndir. Y.Kamal isə məqalə və konfranslarıyla bu
axımı dəstəkləyib.
...Cümhuriyyət
dönəmində sosrealizm də önəmli bir damardır.
...Bu damarın ən güclü təmsilçisi, Azərbaycanda
da yaxşı tanınan N.Hikmətdir. ...N.Hikmət şeirə
kinomoqrafik bir hərəkətlilik gətirib.
...Qərib(ə) axımının öndə gələn
təmsilçisi O.V.Qanıq da Türk ədəbiyyatının
ən ünlü şairlərindəndir. 40-cı
illərdə çox təsirli olan Qərib Axımı (I.
Yeni) özündən öncəki ədəbi axım və
anlayışlara təpki göstərərək Türk
şeirinə bir çox yenilik qazandırıb. Ədəbi sənətlərə, şairanə
söyləyişlərə, vəzin, qafiyə kimi ahəng
ünsürlərinə qarşı çıxan Qəribçilər
sadə insanı və onun gündəlik həyatını
şeirə gətirib.
...Çağdaş Türk şeirinin güclü sənətkarlarından
A.İlhan Qərib Axımına qarşı Mavi
axımını müdafiə edərək, bu
mövzudakı şeir anlayışını 1952-1956-cı
illər arasında Mavi adlı dərgidə ortaya qoyub. Formalı və zəngin
çağrışa önəm verən İlhanın
şeirləri sosrealizm anlayışını yansıtmaqla
yanaşı fərdi mülahizələrin də önə
çıxdığı əsərlərdir ("Elde var
hüzün", "Ben sana mecburum", "Ayrılık
sevdaya dahil")...
Cümhuriyyət dövrü Türk ədəbiyyatının
ən önəmli ədəbi axımlarından biri II
Yenidir. 1954-cü ildə başlayan axım
günümüzə qədər təsirini davam etdirməkdədir.
Böyük şəhər insanının
bunalımlarına, ekzistensial sorunlara,
çağdaşlığın səbəb olduğu
böhranlara sıxlıqla yer verilən bu şeir
anlayışında xəyali, qapalı bir dil önə
çıxmaqdadır. II Yeni şairləri,
şeirin asanlıqla anlaşılmasına təpki göstərib,
oxucunun şeiri anlamlandırmasındakı rolunu önəmsəyib.
Bu topluluğun ən güclü sənətkarları
C.Sürəyya, T.Uyar, Ə.Cansevər, E.Ayxan və b.-dır.
Bu sənətkarlarla üslub
yaxınlığı olsa da, S.Qaraqoç poetikasında
İslam estetikasını, Mütləq Həqiqətə
duyulan inancın verdiyi ümidi, "Diriliş" fikrini
önə çıxarması baxımından ayrı bir
yerdə durmaqdadır.
Bir dönəm sosrealizm şeir cizgisində əsərlər
yazan İ.Özəl, 70-ci illərdən sonra
İslamçı şeirin ən güclü isimlərindən
olub.
...Marksist olduğu dönəmdə də,
İslamçı düşüncəyi mənimsədikdən
sonra da, onun şeirinin estetik dəyəri yüksək olub.
...Son
dönəm Türk şeiri fərqli məktəb, ideoloji və
tərzlərdə çoxsaylı özgün şairlərin
varlığı ilə davam etməkdədir.
Günümüz Türk şeirində önə
çıxan bəzi sənətkarların adını
çəkək: H.Yavuz, Ş.Ərbaş, H.Ərgülən,
Y.B.Bakilər, N.Gənc, İ.Tənəkəçi,
C.Yücel, Ə.Qaraqoç, N.Payam, D.Madak, G.Akın...
Əhməd Midhətdən Oğuz
Ataya türk romanı
Roman Türkiyə ədəbiyyatına Tənzimat
dönəmində girib; ilk əsərlər Ə.Mirdhət,
Ş.Sami, N.Kamal, R.M.Əkrəm, N.Nazim tərəfindən
yazılıb.
Özəlliklə Çağdaş Türk ədəbiyyatında
romanın yerini anlamaqda "hace-i evvel" Ə.Midhət
önəmlidir. ...X.Z.Uşaqlıgil
Türk ədəbiyyatında Qərb tərzi əsər verən
ilk böyük roman yazarı olaraq qəbul edilir.
...Yazarın ən ünlü əsərləri "Mavi ve
Siyah", "Aşk-ı Memnu" ve "Kırık
Hayatlar"dır.
...Cümhuriyyət
dönəmi Türk ədəbiyyatında ən güclü
sənətkarlardan biri Ə.H.Tanpınardır. Sənətkarın "Huzur" romanı Şərq-Qərb
qiyaslaması üzərindən mədəniyyət
problematikasına həsr olunub.
S.Ayverdi və S.Ərol Türk romanında mistikanın ən
güclü sənətkarlarıdır. ...Hər iki yazarın
romanlarında kamil insan anlayışına uyğun olaraq nəfis
tərbiyəsi görülməkdədir.
...Postmodern
Türk romanının ən ünlü isimi O.Ataydır.
Çağdaş fərdin iç dünyasını ortaya
qoyan sənətkar, öz əsərlərində nigaran
insanın çıxılmazlıqlarını işləyib.
...V.Osmanlının
2008-ci ildə çıxmış "Qədim türk ədəbiyyatı"
(VI-X yüzillər) əsərində də Tənzimatsonrası
əsasən yuxarıdakı bölgü və adlarla səsləşir...
Z.Təkin, V.Osmanlının, digər fərqli nəsillərə
mənsub tədqiqatçı və yazarların
bölgülərinə, çəkdikləri adlara
sayğımız öz yerində ancaq, qardaş Cümhuriyyətin
aparıcı yazıçılarından danışarkən,
tanınmış elm və ədəbiyyat xadimi
İ.Palanın adını çəkməsək olmaz. Ədibin
"Şah&Sultan", "Od", "Babildə
ölüm, İstanbulda eşq" romanları Bakıda da
yayınlanıb və ədibin respublikamıza ABAİB tərəfindən
təşkil olunan səfəri çərçivəsində
imza günü keçirilib (2012). İ.Pala
2013-cü ildə Ədəbiyyat sahəsində Türkiyə
Cumhurbaşkanlığının Böyük
Ödülünə layiq görülüb.
Əlbəttə, "Nobel" ödüllü O.Pamuk
öndə olmaqla son onilliklərdə parlamış
romançıların adı Azərbaycanda, bütün
dünyada məşhurdur. Azərbaycanlı gənc
yazar R.Əhməd "Orxan Pamukun evində" adlı kitab
yazıb (2021).
***
Q.Alxanova,
K.Ələkbərova və S.Nağıyev tərəfindən
Bakıda nəşr edilən "Türk ədəbiyyatı"
antologiyası XIX-XXI yüzil Türk nəsrinin mənzərəsini
ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim
edib. Ə.Oğuzun tərtib etdiyi,
N.Əbdülrəhmanlının redaktoru olduğu başqa
bir "Türk ədəbiyyatı antologiyası" Azərbaycan
Tərcümə Mərkəzinin yeni işidir. 2021-ci ildə çap olunan dəyərli nəşrlərdən
biri də X.Hümmətovanın hazırladığı
"Y.Əmrə. Salam olsun"
divanıdır.
***
2021-ci
ilin payızında Z.Yaqubun "Türkün ruhu"
kitabı Ankarada, "Türk Ocaqları"nda,
K.Çarboğanın nəşrə
hazırladığı "Aşıq Əsləsgər"
kitabı isə TÜRKSOY-da ictimaiyyətə təqdim olunub.
K.Çarboğa, İ.Avşar Azərbaycan ədəbiyyatı
örnəklərini qardaş ölkədə nəşrə
hazırlayan, uyğunlaşdıran ən məhsuldar
yazarlardandır.
Yazıçı VARİS son illər Türkiyə nəşriyyatları
ilə sıx ibirliyi içindədir. Onun
romanları Türkiyədə, habelə Özbəkistanda
kütləvi tirajlarla gün üzü görməkdədir.
Son illər, yeni nəsil yazarlarından R.Sabir,
Ş.Sadiq, M.Xan, A.Səfərli və b.-nın kitabları da
Türkiyədə gün üzü görüb. A.Həsənoğlu, H.Şəmi isə
yaradıcılıqlarını İstanbulda davam etdirir.
Qardaş ölkədə gün üzü görən
ən yeni Azərbaycan ədəbiyyatı örnəklərindən
biri ötən ilin sonlarında çıxan Əli Kərimin
"Seçilmiş şeirlər"idir. "Bəngü"də
çıxan kitab şairin 90 illik yubileyinə ərmağandır.
"Bəng"ü ötən il
İ.İsaqın şeirlər kitabını da nəşr
edib.
Gültac və Qarabulud...
Türkiyənin ünlü şairi C.Qarabuludun
"Hardan haraya" şeirlər kitabı N.Gültacın
uyğunlaşdırması ilə DGTYB-nin nəşri olaraq
Bakıda gün üzü görüb (2017), Bakı,
Sumqayıt və Şəkidə müəllifin imza günləri
keçirilib.
N.Gültacla C.Qarabuludun ədəbi işbirliyi
bir sıra başqa layihələr də meydana gətirib.
Onların vasitəsi ilə onlarla şair, rəssam bir-biri ilə
tanış olub, yaradıcı əlaqələr
qurub. İki şairin işbirliyi əsasında artıq Orta
Asiya Könül Yolçuluğu platforması yaranıb və
bu il Fəthiyyədən bir qrup şair, ədəbiyyatşünas
Orta Asiyaya könül yolçuluğu edəcək.
"Daim ənbər saçar
gülü Türkmənin"
Türkmən klassik ədəbiyyatının coşqun
inkişaf dövrü XVIII yüzilə təvafüq edir. Doğrudur,
türkmən qardaşlarımızın ədəbiyyatının
kökü qədimlərə gedib çıxır; özəlliklə
çoxsaylı folklor örnəkləri azı 1000 illik bir
tarixi əhatə edir, bununla belə türkmən
yazılı ədəbiyyat qismən gəncdir.
XVII yüzilliyin ilk görkəmli şairi D.Azadidir. ...O, ərəb-fars dilində
yox, doğma dildə yazmağın önəmini göstərən
ədiblərdən olub.
XVII-XIX yüzillər türkmən ədəbiyyatı
zəngindir, çoxşaxəlidir. Həmin dövrdə Azadidən
başqa, N.Əndəlib, A.Şahbəndə, M.Fəraqi,
Şeydayi, Q.Məğrubi, Q.Qayıbi, M.Talıbi,
O.Qurdoğlu, M.Kəminə, S.Seydi, Q.Zəlili, Ə.Zinhari,
M.Nəpəs, O.Aşiqi, Ə.Katibi, Dostməhəmməd,
A.Möhtaci, Miskinqılınc, D.Balqızıl və b.
türkmən şairləri yaşayıb-yaradıb.
...Bütün
dövrlərin ən parlaq Türkmən şairi olaraq M.Fəraqi
qəbul edilir. ..."Məhtimqulu poeziyası ilə
Azərbaycan klassik poeziyası yalnız coğrafi ərazi
baxımından ayrıdır." (A.Ülvi).
...XIX
yüzil türkmən poeziyasında satiranın əsasını
qoyan sənətkar kimi M.Kəminə ünlüdür.
...XVIII yüzil klassik türkmən ədəbiyyatı
türkmən xalqının ictimai siyasi tarixinin öyrənilməsi
baxımından əvəzsiz qaynaq hesab olunur.
...Azərbaycan-türkmən
ədəbi əlaqələri istiqamətində son illər
görülmüş önəmli elmi, ədəbi işlərə
professor M.Əliyevin "M.Fəraqi şeirinin
poetikası" monoqrafiyasını örnək göstərə
bilərik. ...2018-ci ildə Akd. İ.Həbibbəylinin
ön sözü, fil.f.d. İ.Osmanlı və
fil.f.d. T.Talıbovanın tərtibatı
ilə "Azərbaycanda M.Fəraqinin ədəbi irsinin nəşri
və tədqiqi" adlı biblioqrafiya hazırlanıb.
Prof. R.Əskərin ötən Qurultaydan bəri
Türkmən ədəbiyyatı da daxil olmaqla Türk
dünyası ədəbiyyatı ilə bağlı
gördüyü işlərsə ayrıca məruzə
mövzusudur.
...2021-ci ildə türkmən ədəbiyyatından
"Salar Baba Xaridari. Oğuznamə" (hazırlayan:
İ.Osmanlı) kitabı nəşr olunub.
Digər təsbitlər, problemlər,
perspektivlər, təkliflər
...Ümumtürk
coğrafiyasındakı xalqların ədəbiyyatının
bir-birinə daha yaxından tanıdılmasının
birliyimizi daha da möhkəmləndirəcəyinə
inanırıq. Belə bir cəhdin sonucu olaraq hər
türk xalqının ədəbiyyatı, digərlərindən
alınan ilhamla daha da zənginləşəcəkdir. Bu ədəbi yaxınlığı təmin etmək
məqsədi ilə, Türk dünyasında orijinaldan
çeviri fəaliyyətləri sistemli şəkildə
artırılmalıdır. Ortaq dəyərlərimizi
yenidən təhlil etmək, onların mənəvi qiymətini
ortaq şüurla anlamaq üçün görüləcək
işlərimiz çoxdur.
Türk
xalqları ədəbiyyatı adına
görüləcək işlərə rəhbərlik edənlər,
naşirlər bilməlidir ki, türk xalqları ədəbiyyatının
ilk mətnləri hansılardır, hansı ortaq ədəbi
abidələr var. Ayrılmalar nə vaxtdan başlayıb? Dini, ictimai-siyasi formasiya dəyişimləri ədəbiyyatdan
necə keçib, ədəbiyyat bu keçidi necə əks
etdirib? Böyük imperiyaların
yaradılışı və süqutu, intibah hadisələri,
xalqların böyük köçü, sənayeləşmə,
dünya savaşları və s. ədəbiyyatda
ortaqlığımıza nə verib?-Bunlar ortaq türk ədəbiyyatı
çalışmalarında gözardı edilməməlidir.
Məsələn, 2018-ci ildə kitabxanalara daxil
olan 3 cildlik "Türk xalqları ədəbiyyatı
antologiyası" ("Şərq-Qərb"/ISBN978-9952-512-76-2
978) bu tələblərə cavab vermir.
...Türk
ölkə və topluluqlarının yaradıcılıq
birlikləri arasında işbirliyinin güclənməsi,
inkişafı vacibdir. Qırğız MYB AYB və
DGTYB ilə işbirliyi anlaşması imzalayıb. DGTYB-nin Özbək Gənc İcadkarlar Birliyi ilə
də anlaşması var. Ayrıca, İLESAM Azərbaycan
bölməsini açıb. TƏV Azərbaycanla
işbirliyinə böyük önəm verir.
...Türk
xalqlarının ədəbi-mədəni əlaqələrinin
araşdırlması üçün xüsusi qruplar
yetişdirilməlidir. Bakıdan Daşkəndə, Bişkekə,
Almatıya, Aşqabata, Kazana arşadırmaçılar, eləcə
də, öyrəncilər göndərilməlidir. Ə.Yəsəvi,
Manas adına universitetlər kimi elm-təhsil
ocaqlarında Azərbaycanlı öyrəncilərin sayı
artırılmalıdır; özəlliklə Dil-filologiya
üzrə təhsil alanları nəzərdə tuturam. Qardaş ölkə öyrəncilərinin
Bakıda təhsilini təşviq etməliyik. Azərbaycan universitetlərində qardaş ölkələr,
topluluqlarla bağlı kabinetlər, kitabxanalarda guşələr
yaradıla bilər. Qardaş ölkələrlə
Ədəbiyyat və incəsənət dekadalarını
davamlı şəkildə keçirməliyik.
...Türk
ölkə və topluluqları yeni düzəndə,
başqa sözlə, yeni mədəniyyət dairəsində
arada qalmamalıdır. Yəni, necə bir
dünya ilə, mədəniyyətlə
qarşı-qarşıya qalındığının fərqinə
varmalıyıq. TDT xətti ilə yeni mədəniyyət
strategiyası işlənməlidir. ...İnanırıq
ki, oxucunun öyrəşdiyi dəyərlər
dünyasından qopmasını, öz soykökünü
axtarışa başlarkən millidən daha çox dini
zehniyyət qatı ilə üzləşməsini, üstəlik,
daha yeni (əsasən Qərb) təsirlərə məruz
qalmasını ehtiva edən dönəm başa çatmaqda,
sabitləşmə yaranmaqdadır. Son illər
müstəqil türk ölkələrinin ədəbiyyatı
bunalımdan silkinir, sular durulur.
...Sonda
Ümummilli lider H.Əliyevin 1996-cı ildə, Türk
Dünyası Yazıçılarının Bakıda
keçirilən III Qurultayındakı möhtəşəm
nitqini xatırlamaq istərdim: "Mənim tövsiyəm
ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri
ilə daha da yaxınlaşması üçün, bir-birini
bilavasitə daha da anlaşması üçün, dillərimizin
inkişaf etməsi üçün və bir kökdən
olan dillərimizin bir-birinə daha da yaxınlaşması
üçün yazıçılar öz xidmətlərini
göstərsinlər. Bizim dillərimiz bir
kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri
mənim özbək, qırğız, qazax qardaşlarım
da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu
qurultayda Başqırdıstandan, Qırğızıstandan
olan yazıçıların
çıxışlarını bizim azərbaycanlılar da
tamam anlaya bilsinlər". - Bu sözlər, əlbəttə,
ortaq dil, ortaq əlifba mövzusunun güncəlliyini ifadə
edir.
Qardaş
qələmlərə eşq olsun!
Əkbər Qoşalı
Ədəbiyyat.- 2022.- 28 may.- S.24-27.