Anlatmaq dərdi

 

Məlum olduğu kimi oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin çoxdan gözlənilən XIII qurultayı baş tutdu. Bu, ölkəmizin böyük zəfərindən sonra AYB-nin keçirdiyi ilk möhtəşəm qurultay idi. Təbii ki, Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı zəfərin mənəvi qütbündə qələm adamlarının da zəka payı vardı.

Qurultayda Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yekdilliklə növbəti beş il üçün sədr seçildi.

Tədbirə yerli nümayəndələrdən başqa xarici ölkələrdən də nüfuzlu qələm adamları dəvət olunmuşdu. Toplantıda mənim üçün xüsusilə əlamətdar məqamlardan biri tələbəlik illərində Qorki adına Ədəbiyyat İnstitutunun rektoru olmuş əziz müəllimim, bir vaxtlar Rusiyanın Mədəniyyət naziri vəzifəsində çalışan Yevgeni Sidorovla görüşüm oldu.

Bu yazının səbəbi isə qurultaydan bəri Anarın və AYB-nin ətrafında səngiməyən donkixotvari səs-küydür. Öncə onu deyim ki, sosial şəbəkələrdə antianar kampaniyasını əsasən ermənipərəst cızmaqarasıyla son dövrlər özünü ifşa edən Əkrəm Əylislinin fanatları aparır. Özlərini Anarla rahat müqayisə edən bu özündənrazı kəsimin əksəriyyətini yaxından tanıdığım üçün deyə bilərəm ki, onları nəinki hansısa quruma rəhbər, hətta palatka toyuna pulyazan belə qoymaq olmaz.

Qurultayda açıq səsvermə zamanı iştirakçıların demək olar hamısı mandatını yekdilliklə Anarın sədrliyinin lehinə qaldırdılar. Bu zaman özünü yazar adlandıran və təbiətin verdiyi gənclikdən başqa bir nailiyyəti olmayan bir-iki nəfər zalın hansı küncündənsə anlaşılmaz sözlər qışqırmağa başladı. Nə istədiklərini özləri də bilməyən bu gənclər yaratdıqları absurd duruma da elə özləri düşdülər. Təbii ki, bu yazı həmin dəcəllərə ünvanlanmayıb, çünki onlar Anara qarşı olan propaqandanın elə cüzi və əhəmiyyətsiz elementləridir ki, barələrində söz açmağa dəyməz. Onu da deyim ki, Anara hücum edənlər, əsasən, Əkrəmin ermənipərəst mövqeyini dəstəkləyən ədəbi manipulyatorlar, bir də 30 ildir partiya başqanı postunda əyləşib demokratiyadan dəm vuran diktator sədrlərinə bir kəlmə söz deyə bilməyən psevdomüxalifətçilərdir. Bu yerdə tarixdən ibrətamiz bir epizod yadıma düşür. Belə ki, ANTANTA bloku ilə Türkiyə arasındakı müharibədə bir ingilis generalı özünün də təmsil olunduğu işğalçı orduya əlaltdan satqınlıq edən Türkiyə ermənilərinə qarşı sərt davranırmış. Generaldan bu münasibətin səbəbini soruşduqda o, belə cavab verir: "Mən türklərə çox da bələd deyiləm, amma erməniləri yaxşı tanıyıram".

Anarın yenidən sədr seçilməsi xəbərinin həndəvərində dolaşan gündəm hal-hazırda bu əhvalatı xatırladır. Anar reallıqda necə bir şəxsiyyətdir, daxili aləmi necədir, kənardan necə görünür? Bu sualları hələlik kənara qoyaq. Lakin yazıçının kölgəsini qılınclayanları kifayət qədər yaxşı tanıdığıma, onların hansı xislət sahibi olduqlarını qəşəng bildiyimə görə ədəbiyyatımızın sarvanı Anarı yenidən sədr postunda görməkdən məmnunluq duyuram.

Hamı bilir ki, vaxtilə Azad Yazarlar Ocağının yaradıcılarından biri kimi AYB-yə, Anara qarşı ən sərt yazanlardan biri olmuşam.  Yazılarımda, müsahibələrimdə dəfələrlə qeyd etdiyim kimi, tənqid hədəfim Anarın şəxsiyyəti və yaradıcılığı yox, onun ardıcıl sədr olması idi. Həmin vaxtlar biz də kor-koranə Anarın istefasını tələb edirdik, düşünürdük ki, o, rəhbərlikdən gedən kimi ədəbiyyatımız günə çıxacaq. Bir hərdəmxəyal şairimiz demişkən, hələ üstəlik də "Nobel özü ayağımıza gələcək". Gəncliyin emosional etirazçı ruhu, təbii olaraq, ağılın obyektivliyinisoyuq məntiqi üstələyirdi.

Zaman keçdikcə sular duruldu, dibdəki daşlar yavaş-yavaş görünməyə başladı. İllərlə yol gəldiyim qələm dostlarımın naqis hərəkətlərini, başqalarına irad tutduqları əməlləri özlərinin daha pis formada etdiyini görəndə çox şeyləri anladım. Əlbəttə, yaşadığım o günlərə, mübarizəmə görə peşman deyiləm, çünki AYB-AYO qarşıdurmasında tərəflər yox, ədəbiyyat qazandı. Bəli, polemik mühit istənilən prosesdə hərəkətverici stimul rolunu oynayır. Əlbəttə, söhbət diskussiv münasibətlərdən gedir, sədrlik uğrunda primitiv davadan yox. Biz həm də o mühitdə yetişdik, dolğunlaşdıq. Anladıq ki, inqilab zahirən nə qədər gözoxşayan, cəlbedici olsa da mahiyyətcə dağıdıcıdır. Divarın qopan yerlərini bərpa etmək, onu başdan-ayağa söküb yenidən qurmaqdan daha məntiqli, daha effektlidir. Yəni bu gün Azərbaycan Yazıçılar Birliyinin ləğvini istəyənlər anlamalıdırlar ki, bu Birlik ədəbiyyatımızın və onu yaradanların sığındığı bir məbəddir.

Anar müəllimin şəxsi xarakteri barədə heç vaxt danışmamışam. Lakin indi keyfiyyətsiz adamların onun şəxsinə yönələn haqsız hücumlarına görə bu barədə yazmağa ehtiyac duyuram. 1998-ci il idi. O vaxt Yazıçılar Birliyinin üzvü idim. Evim olmadığına görə Anar müəllim mənə ailəmlə birlikdə Şüvəlan Yaradıcılıq Evində məskunlaşmaqdan ötrü Ədəbiyyat Fondunun o zamankı direktoru Arif İbrahimova yazılı icazə kağızı verdi. Həmin vaxtlar qaçqın və məcburi köçkünlərimiz digər inzibati binalarda olduğu kimi, Yaradıcılıq Evinə də sığınmışdılar. O da yadımdadır ki, qaçqınlar mənim - gənc yazıçının həmin evə köçməyimə etiraz etməsinlər deyə, Arif İbrahimov Anarın yazıb möhür basdığı həmin vərəqi əlində gəzdirərək oradakı qaçqın ailələrinə göstərirdi. Yəni o ərazidə Ədəbiyyat Fondu direktorunun vəzifə fəaliyyəti üçün saxlanılmış həmin mənzili Anar müəllim müvəqqəti yaşayış üçün mənə verdi. Beləliklə, mən o evdə illərlə yaşadım. Orada yaşaya-yaşaya Azad Yazarlar Ocağı (AYO) adlı ədəbi birlik yaratdım və özümün tərtib etdiyim nizamnamənin tələbinə əsasən AYB üzvlüyündən yazılı surətdə imtina etdim. AYB sədri Anara qarşı kəskin tənqidi yazılar yazmağıma baxmayaraq Anar bircə dəfə də olsun, nə o evi mənim başıma qaxdı, nə də məni haçansa o mənzildən çıxaracağı ilə hədələdi. Halbuki AYB sədrinin bir göstərişi ilə məni, yəni Yazıçılar Birliyinin üzvü olmayan bir yazarı asanlıqla o evdən çıxara bilərdilər.

Məsələ budur ki, Anar bir çox əleyhdarından fərqli olaraq, mübarizəni də həmişə ləyaqətlə aparıb.

Maraqlıdır, başqaları ilə müqayisədə Anarı tənqid etmək nədən bu qədər asandır? Çox sadə səbəbdən! Çünki Anar bir dəfə öz müsahibəsində deyib ki, mənə qarşı yazılan hər hansı hərzə-hədyana görə heç kimi məhkəməyə vermərəm.

Ədəbi yaradıcılığına gəldikdə, deyim ki, Anar XX-XXI əsr Azərbaycan və ümumtürk ədəbiyyatı adından dünya çapında təqdim oluna biləcək nəsr ustalarından biridır. Eyni zamanda, Anar özünün ictimai fəaliyyəti ilə həm sovet dönəmində, həm də müstəqillik dövrü milli şüurumuzun formalaşmasında müstəsna xidmətləri olan böyük ictimai xadimdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, görkəmli yazıçının ssenari müəllifi olduğu "Dədə Qorqud" filmi xalqımızın qədim türk ruhuna qayıdışında misilsiz rol oynayıb. Milli özünüdərk prosesində xüsusi çəkisi olan "Dədə Qorqud" filmindən sonra Azərbaycanın hər yerində doğulan uşaqlara Qorqud, Günel, Tural, Beyrək, Selcan kimi doğma türk adları qoyulmağa başlandı.

Anarın çoxşaxəli fəaliyyəti haqqında ayrı-ayrılıqda çox danışa bilərik. Ancaq bu cümlələr də kifayətdir: Anar canlı əfsanə, yaşayan klassikdir! Qısası: Bənzəyir bir qocaman dağə ki, dəryadə durar!

 

Murad Köhnəqala

 

Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.15.