Hamınız  qəhrəmansınız

 

44 günlük Vətən müharibəsi zamanı olmazın

qəhrəmanlıqlar göstərmiş Xüsusi Təyinatlı

Qüvvələrin bütün şəxsi heyətinə

 

Siz ey qorxu bilməz qurd ürəklilər,

qartal baxışlılar, şir biləklilər,

qaya kürəklilər, xoş diləklilər,

bu yurda, bu elə şərəf-şansınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Sizin hər biriniz cəsur, hünərli

zabitli, cavuşlu, adi əsgərli.

Sözünüz imzanız qədər dəyərli*

mərhəba, mükəmməl bir insansınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Qəzanız mübarək, ər oğlu ərlər,

Vətən çağırışına olduz səfərbər.

Düşmən daha çətin duruş gətirər,

çünki Siz ona qan udduransınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Səngərlər dağılıb qıran igidlər,

rəqibi alnından vuran igidlər,

"Ohanyan səddi"ni yaran igidlər

indi bu yerlərə bir ad-sansınız.

hamınız, hamınız qəhrəmansınız.

 

Səninlə ucadır daim başımız

bu günün Həzisi - Hikmət paşamız.

Sayəndə qürurlu günlər yaşadıq.

qələbə müjdəli komandanımız

hamınız, hamınız qəhrəmansınız.

 

*İfadə möhtərəm Prezidentimiz

İlham Əliyevə məxsusdur

 

Fəxrəddin Ziya

 

Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.8.