Lənkəran çayı

 

Dadlıdır, şöhrətlidir

Bizim Lənkəran çayı.

Faydasını deməklə

Bilin, qurtarmaz sayı.

 

Mənim nənəm illərdir

Yaşıl çayı toplayır.

Doğma çayın ətrini

Bütün ölkəyə yayır.

 

Nənəm toplayan çayı

İçirəm sevə-sevə.

Ətirli çay qoxusu

Onunla dolur evə.

 

Nənəmin şəfalı bitkiləri

 

Dağ döşündə bitibdir

Nanə, yarpız, əvəlik.

Nənəmlə bitkiləri,

Toplamağa gəlirik.

 

O söyləyir saçımı,

Dağlarda ağartmışam.

Faydalı bitkilərdən,

Yeməklərə qatmışam.

 

Mixəklə itburnudan

Şəfalı çay dəmləyir.

Dərmanlı bitkilərlə

Dərdə əlac eləyir.

 

Kələkbaz kələm

 

Kələmin yarpaqların,

Soyub tökürdü Mələk.

İçində olduğun,

Deyir, öyrənim gərək.

 

Dartıb yarpaqlarının

Hamısını qopardı.

Gördü heç qalmadı,

Bildi ki, qurtardı.

 

Ətrafa təəccüblə,

Baxdı balaca Mələk.

Dedi: - kələm bizə,

Belə gəlirmiş kələk.

 

Vurma cədvəli

 

Ona qədər öyrəndim,

Mən vurma cədvəlini.

Artıq riyaziyyatın

Biləcəyəm dilini.

 

Üçü-üçə vururam,

Cavabı edir doqquz.

Hamı deyir vurmanı

Yaxşıca öyrənib qız.

 

Lap balaca bacımsa

Hələ bilmir vurmanı.

O ancaq saya bilir

Yediyi dondurmanı.

 

Qaranquş yuvası

 

Bizim evin divarında,

Bir qaranquş yuva qurub.

Zəhmət çəkib palçıq ilə

Çox həvəslə onu hörüb.

 

Bir gün baxdım qaranquşun

Daha gəlmir civ-civ səsi.

Düşündüm ki, bəlkə küsüb,

Baharın ilk müjdəçisi.

 

Anam dedi: - fikir etmə

Artıq soyuyub havalar.

Qaranquşlar qayıdacaq

Elimizə gələn bahar.

 

Toplanın qorxusu

 

Mənim üçün alıblar

Böyük oyuncaq pələng.

Tamam zolaq-zolaqdır,

Həm gözəldir, həm qəşəng.

 

Bizim balaca Toplan

Onu gördü, duruxdu.

Qorxudan mırıldayıb,

Görün, necə karıxdı.

 

Yaxın gedib iylədi

Qorxa-qorxa pələngi.

Bildi ki, canlı deyil

Meşələrin nəhəngi.

 

Şələquyruq

 

Burnu qara

Şələquyruq.

Yoxdur hində

Xoruz, toyuq.

 

Asanlıqla

Tovlamısan,

Sən onları

Ovlamısan.

 

Pisdir sonu

Oğurluğun.

Çəkəcəksən

Ağırlığın.

 

Alabaşım

Tapar səni.

Qovub tutar,

Qapar səni.

 

Dağ təpə

 

(Təmsil)

 

Bir gün Dağ qürrələnib,

Baxdı kiçik Təpəyə.

Dedi: - mənim yanımda

Oxşayırsan körpəyə.

 

Mənim başım ucadır,

Buludlardan nəm alır.

Sənə isə həyatda,

Balaca olmaq qalır.

 

Təpə bir söz demirdi,

Sakit qalıb baxırdı.

Dağın kəskin sözündən,

Yamanca darıxırdı.

 

Elə bu an səs gəldi,

Silkələndi obalar.

Dağı tez partlatdılar,

Dinamitli bombalar.

 

Dağ oldu bir düzənlik,

Yerində yol saldılar.

Uca dağın vüqarın,

Belə əldən aldılar.

 

Bütün bu olanlara

Təpə heyrətlə baxdı.

Lovğalığın axırı

Dağı yandırıb-yaxdı.

 

Əyyub Türkay

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.21.