Üç qadın

 

Üç səs üçün radiopoema

 

(Hadisə doğum şöbəsində və qonşu şöbədə cərəyan edir)

 

Birinci səs:

Dünya kimi yavaşam. Çox səbirliyəm.

Günəş də, ulduzlar da diqqətlə süzür məni.

Ay isə şəxsi narahatlıqla maraqlanır mənimlə:

Tibb bacısı kimi parıldayaraq keçir yanımdan.

Baş verməli olan şeylər onu narahat edirmi? Zənn etmirəm.

Sadəcə, artıma təəccüblənir...

 

Böyük hadisəyə çevrilirəm bayırda gəzəndə.

Nə fikirləşmək lazımdır bunu, nə də məşq etmək.

İçimdə baş verənlər özlüyündən olur.

Təpədə oturub qırqovul:

Qəhvəyi lələklərini düzəldir.

Gülümsəyirəm bildiyim şeyə.

Yarpaqlar və tumurcuqlar müşayiət edir məni. Mən hazıram.

 

İkinci səs:

Baldırımdakı o balaca qırmızı ləkəni görəndə inanmadım əvvəlcə.

Ofisdəki kişiləri müşahidə etdim. Nə qədər də düz idi hamısı!

Müqəvvanı xatırladan nəsə vardı onlarda

mən artıq bunu görürdüm,

Bu hamar, dümdüz düzlükdən çıxır ideyalar, dağıntılar,

Buldozerlər, gilyotinlər, bəyaz qışqırıq kameraları.

Və soyuq mələklər, mücərrədləşmələr.

Oturmuşdum öz masamda,

ayağımda uzun corablar və hündür ayaqqabılar.

 

Müdirim güldü: "Sən nəsə qorxulu bir şey gördün?

Birdən-birə üzün əhəng kimi ağardı". Mən heç nə demədim.

Ölümü gördüm çılpaq ağaclarda, yox olmanı gördüm.

İnana bilmədim. Bu qədərmi çətindir

Ruhun simaya, ağıza qovuşması?

Hərflər fışqırır qara klavişlərdən və qara klavişləri idarə edir

Barmaqlarımı əlifba sırasıyla. Sifarişləri yerinə yetirir.

 

Detallar, yivlər, parlaq parçalar üçün.

Ölürəm oturduğum müddətdə. Bir mərhələni itirirəm.

Qatarlar səslənir qulaqlarımda, getmək, getmək...

Uzaqlara tökülür zamanın gümüş izi,

Bəyaz göy üzü boşaldır verdiyi vədi, fincandan boşaldırmış kimi.

Mənim ayaqlarımdır bunlar, bu mexaniki əks-səda,

Tak, tak, tak, polad ayaqlar. Çox rahat tanınıram bu səsdən.

 

Evimə apardığım xəstəlikdir bu, ölümdür bu.

Hə, bir ölümdür bu. Ciyərlərimə çəkdiyim havadır,

Yoxsa bir söküntünün tozu? O soyuq mələklə üzləşəndə

Get-gedə zəifləyən nəbzəm yoxsa?

Bəlkə də bu mənim sevgilimdir? Bu ölüm, bu ölüm?

Uşaq vaxtı sevmişdim tikan kimi yaralayan bir adı.

Elədirsə, onda tək günahımdır mənim,

Köhnə ölümün ölü sevgisi.

 

Üçüncü səs:

Yadımdadır eşitdiyimi dəqiqləşdirdiyim o an.

Söyüdlər üşüyürdü.

Gözəl idi suyun səthindəki sima, mənim üzüm deyildi amma -

Çox ciddi görünüşü vardı, başqa hər şey kimi.

Və hər tərəfdə təhlükə görürdüm: göyərçinlər və sözlər,

Ulduzlar və qızıl leysanlar - hamiləliklər, hamiləliklər!

Bəyaz, soyuq bir qanad xatırlayıram.

Və çayın mənsəbindən qala kimi üstümə gələn

Qorxunc baxışlı dəhşətli qu quşunu.

İlana oxşayan nəsə var qu quşlarında.

Sürüşüb keçdi yanımdan: qara məna vardı gözlərində.

Dünyanı gördüm gözündə - qara, balaca və pis.

Balaca sözlər pərçimlənmişdi başqa balaca sözlərə,

İsti mavi bir gün əsasını qoymuşdu nəyinsə.

 

Hazır deyildim. Dörd tərəfə sürüdürdü məni

Axıb gedən bəyaz buludlar.

Hazır deyildim.

Heç hörmətim qalmamışdı.

Nəticəni inkar edə bilərəm deyə fikirləşirdim -

Amma çox gec idi artıq. Çox gec idi və sanki hazır idim mən,

Özünü sevgiylə formalaşdırmağa davam edirdi o üz.

 

İkinci səs:

Qardan ibarət dünyadır indi. Evdə deyiləm.

Necə də bəyazdır bu döşəkağılar.

Simaların isə heç özünəməxsusluğu yoxdur.

Keçəl və mümkünsüzdürlər, uşaqlarım kimi,

Qollarımdan xilas olub qaçan o balaca xəstələr kimi.

Başqa uşaqlar toxunmur mənə: qorxuncdur onlar.

Çox rənglidirlər, həyat eşqləri də çox. Səssiz deyillər,

Amma səssizdir içimdəki balaca boşluqlar.

 

O qədər imkanım vardı ki. Hamısını yoxladım.

Çətin tapılan bir orqan kimi üstümə tikdim həyatı.

Və diqqətlə, qorxa-qorxa gəzdim, gəzmək nadir bir şey imiş kimi.

Çox fikirləşməməyə çalışdım. Təbii olmağı yoxladım.

Başqa qadınlar kimi dəlicəsinə aşiq olmağı yoxladım.

Kor sevgilimlə yatağımda kor oldum.

Zil qaranlıqda axtarmadıq başqa bir sima.

 

Görmədim! Amma o üz ordaydı hələ də,

Qüsursuzluğunu sevən, doğulmamış birinin üzü,

Təkcə öz sakitlik dolu dünyasında mükəmməl

Və beləliklə də müqəddəs ola biləcək ölü birinin üzü.

Və başqa üzlər də vardı. Millətlərin,

Dövlətlərin, parlamentlərin, toplumların,

Vacib adamların simasız üzləri.

Bu adamlardan çəkinirəm mən:

Necə də qısqanırlar hamar olmayan şeyləri! Bütün dünyanı

Özləri kimi hamar etmək istəyən qısqanc tanrılardır onlar!

Ata ilə oğulun söhbətini eşidirəm.

Belə bir hamarlıq müqəddəs ola bilər ancaq.

"Bir cənnət yaradaq", deyirlər,

"Hamarlaşdırıb qabalığını yuyaq bu ruhların".

 

Birinci səs:

Sakitəm mən. Çox sakitəm.

Dəhşətli fırtınadan qabaqkı sakitlikdir bu:

Küləyin gəzişməsindən qabaqkı sarı andır bu, həmin an ki,

Yarpaqlar əllərini, sarı bənizlərini açırlar onda.

Elə səssizdir ki bura.

Döşəkağılar, üzlər bəyaz və saatlar kimi dayanmış.

Səslər çəkilib gedir və hamarlaşır. Küləyi dayandırmaq üçün

Hamarlaşıb perqament pərdələrə dönür heroqliflər.

Ərəb və Çin dilində yazırlar belə sirləri!

 

Dilsiz və qəhvəyiyəm. Çırtlamağa hazır toxum kimi.

Qəhvəyilik ölü tərəfimdir və heç də xoş deyil:

Nə daha çox olmağı istəyir, nə də fərqli olmağı.

Alatoranlıq maviyə boyayır məni müqəddəs Məryəm kimi.

Ey uzaqlığın və unutmağın rəngi! -

Haçan gəlib çatacaq əbədiyyətin Zamanı udduğu

Və mənim boğulacağım an?

 

Öz-özümə danışıram, təkcə özümlə -

Yuyulub təmizlənmişəm qurban kimi.

Göz qapaqlarımı ağırlaşdırır gözləmək. Yuxu kimi,

Böyük dəniz kimi dayanır orda. Uzaqdan, uzaqdan

Hiss edirəm dalğaların əzabı mənə tərəf gətirdiyini.

Və mən balıqqulağı kimiyəm, əks-səda verirəm bu sahildə

Burun-burunayam hər şeyi udan qorxunc səslərlə.

 

Üçüncü səs:

Dağa oxşayan qadınların arasında bir dağam indi mən.

Həkimlər dolaşır aramızda, elə bil böyüklüyümüz

Gözlərini qorxudub. Sarsaq kimi baxıb gülürlər.

Belə olmağımın günahkarı onlardır və bunu bilirlər.

Öz hamarlıqlarına sığınıblar, elə bil səhhət göstəricisidir.

Bəs mənim kimi çaşıb qalsaydılar nə olardı?

Dəli olardılar.

 

Bəs indi iki can çıxsaydı ayaqlarımın arasından?

İçində avadanlıqlar olan bəyaz, təmiz otağı gördüm.

Qışqırıqla doludur o otaq. Xoşbəxtliklə yox.

"Hazır olanda bura gələcəksiniz".

Gecə işıqları qıpqırmızıdır. Qanlı və donuq.

Heç nəyə hazır deyiləm mən.

Öldürməliydim məni öldürən bu şeyi.

 

Birinci səs:

Bundan daha zalım bir möcüzə ola bilməz.

Atlar çəkir məni... dəmir nallarla.

Tab gətirirəm. Qurtarana qədər dözərəm. Bu işi tamamlayaram.

Qaranlıq tunelin içində qaynaşır

Həkim ziyarətləri, çaşqın simalar.

Bir vəhşiliyin mərkəziyəm mən.

Hansı dərdlərə, hansı əzablara

analıq etmək məcburiyyətindəyəm?

 

Belə bir məsumluq öldürə bilərmi adam? Öldürərmi?

Həyatımı sovurur mənim.

Ağaclar çürüyür küçədə. Yağış çürüdür onları.

Dilimlə dadına baxıram yağışın və yaşanıla biləcək dəhşətlərin.

Ortalıqda gəzişir o dəhşətlər, alət çantalarıyla

Ortalıqda tik-tak gəzən,

heç kimin fikir vermədiyi xaç anaları kimi.

Qoruyucu divar və çardaq olacağam.

Göy üzü və yaxşılıq təpəsi olacağam. Ah, imkan verin mənə!

 

Bir güc böyüyür içimdə, köhnə bir inad.

Dünya kimi parçalanıram. Bir də bu qaranlıq!

Bir dağın zirvəsində çarpazlayıram əllərimi.

Hava ağırlaşıb. Bu iş ağırlaşdırıb havanı.

İstifadə edildim. Tükəndim.

Gözlərimi bağlayır bu qaranlıq.

Heç nə görə bilmirəm.

 

İkinci səs:

Günahlandırılıram. Soyqırımları fikirləşirəm.

Qara və qırmızı dərdlərin bağçasıyam mən. İçirəm onları

Özümə nifrət edə-edə, nifrət edirəm və qorxuram.

Və dünya əllərini məhəbbətlə açıb öz sonuna doğru qaçır.

Hər şeyi xəstə edən ölüm sevgisidir bu.

Ölü bir günəş ləkələyir qəzet kağızını. Qırmızı.

Həyat dalınca həyat itirirəm. Qara torpaq içir onları.

Hamımızın qanını içən vampirdir o. Buna görə dəstək olur bizə,

Bəsləyir, xoş münasibət göstərir. Ağzı qırmızı.

Tanıyıram onu. Yaxından tanıyıram -

Qoca qış sifətli, qoca qısır, köhnə vaxtların bombası.

Kişilər çox istifadə edib ondan. Yemək istəyir onları.

Onları yemək, onları yemək, onları yemək nəhayətində.

Günəş batdı. Ölürəm. Bir ölüm yaradıram.

 

Birinci səs:

Kimdir bu mavi, hirsli oğlan?

Bir ulduzdan düşüb elə bil, parıltılı və qəribə.

Elə hirsli görünür ki!

Otağa uçdu, dalınca da bir qışqırtı.

Solur mavi rəngi. Nə də olmasa insandır o.

Qırmızı gül açır qan çanağında;

İpək sapla tikirlər məni, elə bil parçayam.

 

Nə edirdi barmaqlarım o uşağı tutmamışdan qabaq?

Nə edirdi ürəyim sevgisini?

Bu qədər aydın görməmişdim heç nəyi.

Göz qapaqları gül ləçəyi kimidir,

Nəfəsi də yumşaqdır pərvanə kimi.

Onu buraxmayacağam.

Nə hiylə var onda, nə saxtalıq. Həmişə belə qalsın təki.

 

İkinci səs:

Ay görünür yuxarıdakı pəncərədən. Yoxa çıxdı artıq.

Qış necə də dolur ruhuma! Və bu təbaşir kimi bəyaz işıq

Yayılır pəncərələrə, boş ofislərin,

Boş siniflərin, boş kilsələrin pəncərələrinə.

Nə qədər çox boşluq var!

Və bu durğunluq! Hər şeyin qorxunc durğunluğu.

Ətrafıma yığılmış bu bədənlər, qış yuxusuna gedənlər -

Hansı Ay işığına bənzər işıq dondurur onların yuxusunu?

 

Soyuq, ya bir şey kimi içimə girdiyini hiss edirəm.

Və həmin şeyin ucundakı dəli və sərt üzü açır

Ağzını O şəklində.

Qara qan dənizini sovurub atır bayıra

Aydan aya.

Öz ipinin ucunda çarəsiz qalan dəniz kimiyəm.

Narahatam. Narahat və yararsızam. Cəsədlər yaradıram mən də.

 

Şimala gedəcəyəm. Uzun bir qaranlığın içinə.

Özümü kölgə kimi görürəm, nə kişiyəm, nə də qadın.

kişi olsa sevinəcək qadınam, nə də

Heç nəyin yoxluğunu hiss etməyəcək qədər bivec və hamar kişi.

Mən əskiklik hiss edirəm.

Barmaqlarımı qaldırıram yuxarı, on dənə.

Bax, qaranlıq sızır aralarından.

Onu himayə edə bilmərəm mən. Himayə edə bilmərəm həyatımı.

 

İkinci dərəcəli qəhrəman olacağam.

Nə qopmuş düymələr günahlandıracaq məni,

Nə corablardakı deşiklər, nə də məktub qutusunda basdırılmış

Cavablandırılmayan məktubların bəyaz simaları.

Günahlandırılmayacağam, günahlandırılmayacağam.

Nə divardakı saat tapa biləcək məni, nə də uçurumların üstünə

Pərçimlənmiş ulduzlar.

 

Üçüncü səs:

Yuxuda görürəm onu, qırmızı, qorxulu qızımı.

Aramızı kəsən şüşənin dalında ağlayır.

Ağlayır. Hirslidir.

Pişiklərin gəmirməyinə oxşayır ağlamağı.

Ağlayır qaranlığa və bizdən uzaqda

Parıldayan ulduzlara.

 

Balaca başının taxtadan oyulduğunu fikirləşirəm,

Qırmızı, sərt taxtaya oyulmuş bağlı gözlər və geniş açılmış ağız.

Və qışqırtı qopur bu ağızdan.

Ox kimi yuxumu deşib sancılır yan tərəfimə.

Dişləri yoxdur qızımın. Ağzı böyükdür.

Elə qaranlıq səslər çıxarır ki, qorxuram.

 

Birinci səs:

Bu məsum ruhları kimdir bizə göndərən?

Bax, necə də yorğundurlar, rəngləri ağarıb,

Uzanıblar yerlərində, biləklərinə bağlanıb adları yazılı kağız.

Balaca gümüş mükafatlarını almaq üçün bura qədər gəliblər.

Gur qara saçlılar da var, keçəllər də.

Dəriləri çəhrayı və ya solğun, qəhvəyi və ya qırmızı.

Artıq bildirirlər fərqli olduqlarını.

 

Elə bilirəm sudan düzəldiblər onları; ifadə yoxdur üzlərində.

Sakit sudakı işıq kimi yatır üz ifadələri.

Oxşar paltarları ilə həqiqi rahib və rahibələrdir onlar.

Dünyaya ulduz kimi töküldüyünü görürəm onların -

Hindistana, Afrikaya, Amerikaya tökülür bu balaca,

Saf, möcüzəvi bütlər. Süd iyi gəlir onlardan.

Dabanları heç nəyə toxunmayıb hələ. Havada gəzirlər.

Heçlik bu qədər cazibəli ola bilərmi?

Bu da oğlum.

İri, mavi gözləri adidən adidir.

Mənə tərəf fırlanır balaca, kor, parlaq bitki kimi.

Qışqırır.

Süd çayıyam mən.

İsti bir təpəyəm.

 

İkinci səs:

Kifir deyiləm mən. Hətta gözələm.

Düz əndamlı qadını əks edir güzgü.

Tibb bacıları paltarlarımı və vəsiqəmi verir mənə.

Dediklərinə görə, təbiidir belə bir şeyin olmağı.

Təbii şeydir, başqalarının həyatında

olduğu kimi mənim həyatımda da.

Beş adamdan biriyəm, ya da buna oxşar bir şey.

Ümidsiz deyiləm.

Statistika qədər cazibəliyəm. Bu da dodaq boyam.

 

Onunla boyayıram iki-üç gün bundan qabaq

Vəsiqəmlə bir yerdə çıxarıb qoyduğum ağzımı.

Cümə günüydü həmin gün.

İstirahət də lazım deyil mənə. Bu gün işə çıxa bilərəm.

Elə bil gözümü, ayağımı, dilimi itirmişəm,

Amma eybi yox, ərim anlayışla qarşılayar məni,

Mən də onu sevərəm.

 

Və belə dayanıram ayaq üstündə, kor kimi. Belə gedirəm,

Ayaq yerinə balaca çarxlar üstündə, işimə yarayırlar.

Dilimlə yox, barmaqlarımla danışmağı öyrənirəm.

Bacarıqlıdır bədən.

Dəniz ulduzunun əlləri təzədən çıxa bilər,

Salamandrlar da təzədən ayaq çıxara bilər. Ümid edirəm

Mən də bərpa edə bilərəm çatışmayan yerlərimi.

 

Üçüncü səs:

Balaca bir adadır qızım, yuxulu və rahat.

Və mən fitini səsləndirən gəmiyəm.

Əlvida, əlvida.

Gün yandırır. Kədərlidir.

Qırmızı, tropik çiçəklərlə doludur otaq.

Şüşə arxasında yaşayıblar indiyə qədər, üstlərində əsiblər onların.

İndi isə bəyaz döşəkağılardan, bəyaz üzlərdən ibarət

Bir qış dayanıb qabaqlarında.

Nə qədər az şeyim var çamadanıma yığmağa.

 

Tanımadığım kök bir qadının paltarları.

Darağım və fırçam var. Bir boşluq var.

Birdən-birə o qədər gücsüz hiss edirəm ki özümü.

Xəstəxanadan çıxan yarayam mən.

Arxada qoyuram sağlamlığımı. Mənə sadiq qalacaq birini

Tərk edib gedirəm.

Tənzifləri açan kimi açıram onun barmaqlarını.

Gedirəm.

 

İkinci səs:

Yenə özüməm. Heç nə yarım qalmayıb.

Mum kimi ağam, qanım çəkilib, bağlılığım yoxdur heç nəyə.

Hamaram və bakirəyəm; bu o deməkdir ki, heç nə olmayıb.

Silinə bilməyən, cırıla və parçalana bilməyən,

təzədən başlanmalı olan heç nə.

Bu qara budaqlar tumurcuqlamaq istəmir,

Nə də yağış gözləmir bu quru xəndəklər.

Pəncərələrdə rastlaşdığım qadın necə də incədir.

 

O qədər incədir ki, ruhu xatırladır.

Utana-utana buraxır özünü

Afrika portağallarının və ayağından asılmış donuzların üstünə.

Barışır reallıqla.

O mənəm. Özüməm.

Dadıram dişlərimin arasındakı acılığı.

Gündəlik həyatın hesaba gəlməyən pisliyini.

 

Birinci səs:

Haçana qədər küləyin qabağını kəsən divar ola bilərəm?

Haçana qədər Ayın mavi ildırımlarını əngəlləyib

Yumşalda bilərəm günəşi əlimin hölgəsiylə?

Tənhalığın və əzabın səsləri

Kürəyimə vurur insafsızca.

Necə yumşalda bilər onları bu balaca layla?

 

Haçana qədər hasar ola bilərəm yaşıl bağçama?

Haçana qədər sarğı ola bilər əllərim

Onun yarasına və sözlərim ovudub

Nəşələndirə bilər göydəki quşları?

Nə qədər qorxuncdur

Belə açıq olmaq: elə bil ürəyimə sima taxıb

Dünyaya göndəriblər.

 

Üçüncü səs:

Bu gün baharla sərxoş olub universitetlər.

Dəfn mərasiminə oxşayır qara paltarım:

Mənim ciddi olduğumu göstərir.

Kürəyimə saplanır apardığım kitablar.

Köhnə bir yaram vardı, amma sağalır indi.

Qışqırıqlardan qızarmış bir ada haqqında xəyal qurmuşdum.

Xəyal idi və qətiyyən vacib deyildi.

 

Birinci səs:

Evin yanındakı qarağacda sökülür dan.

Qayıdıb qaranquşlar. Qışqırırlar kağız roketlər kimi.

Saatların çıqqıltısını eşidirəm, çıqqıltılı ölümlərini.

İnəklərin movuldamağını eşidirəm.

Özünü təzədən istehsal edir rənglər və

Damdakı nəm samanlar yanır günəşdə.

Bəyaz üzünü göstərir nərgizlər bağçada.

 

Xilas oldum şübhələrimdən. Şübhələrdən qurtuldum.

Bunlar uşaq otağının əlvan rəngləridir,

Danışan ördəklər, xoşbəxt quzular.

Tərtəmizəm yenə. Möcüzələrə inanıram.

Ağ gözləriylə və barmaqsız əlləriylə yuxumu qarışdıran

Qorxunc uşaqlara inanmıram mən.

Mənim deyil onlar. Mənə aid deyillər.

 

Yaxşı şeylər fikirləşəcəyəm.

Balaca oğlumu fikirləşəcəyəm.

Hələ gəzə bilmir. Bircə kəlmə də bilmir.

Bəyaz qundaq içindədir hələ.

Dərisi çəhrayı və qüsursuz. Tez-tez gülümsəyir.

Otağına güllü divar kağızı yapışdırdım,

Balaca ürəklər çəkdim hər şeyin üstünə.

 

Oğlumun qeyri-adi olmağını istəmirəm.

Qeyri-adilər çəkər şeytanın diqqətini.

Qeyri-adidir hüznlü təpəyə dırmaşan da,

Çöldə oturub anasının ürəyini qıran da.

Oğlumun adi biri olmağını istəyirəm,

Məni mənim onu sevdiyim kimi sevməyini,

İstədiyi vaxt istədiyi biriylə evlənməyini.

 

Üçüncü səs:

Çəmənliklərdə isti günorta vaxtı.

Toy çiçəkləri istidən əriyir və sevgililər

Keçib gedir, keçib gedir.

Rəngləri qaradır və kölgə kimi hamardır hamısı.

Nə yaxşıdır sarğılardan xilas olmaq!

Ot kimi tənhayam mən. Nəyin həsrətini çəkirəm?

O şey hər nədirsə, tapa biləcəyəmmi onu?

 

Qu quşları gedib. Amma çay

Hələ də xatırlayır onların bəyaz olduğunu.

İşıqlarıyla qaçır onların dalınca,

Buludlarda axtarır onların oxşarını.

Hansı quşdur belə

Ürəkdağlayan şəkildə ağlayır?

Deyir, körpəyəm hələ. Nəyin həsrətini çəkirəm?

 

İkinci səs:

Evdə lampa işığı altındayam. Uzanır gecələr.

Alt paltarının söküyünü gözəyirəm. Ərim kitab oxuyur.

İşıq içinə çəkir bütün bunları.

Bir növ duman var bahar havasında,

Elə bil heç yorulmayan şəfqət oyanıb,

Elə bil hər şeyi yaxşılaşdırır,

Parkları, balaca heykəlləri çəhrayıya boyayan duman.

 

Gözləyirəm və darıxıram. Deyəsən, yaxşılaşıram.

Eləməli çox var hələ. Əllərim

Bu hörgünü hörə bilər.

Ərim səhifələrini çevirir hansısa kitabın.

Yenə evdəyik axşam işdən sonra.

Bircə zamandır əlimizi ağırlaşdıran.

Bircə zamandır və bu vacib deyil o qədər də.

 

Gözlənilmədən kağıza dönə bilər küçələr,

amma yaxşılaşıram mən

O uzun çöküşdən sonra. Yataqda tapıram özümü.

Döşək üstündə rahatam, əllərimi çarpazlamışam,

Birdən yerə düşsəm hazır olum deyə.

Təzədən tapıram özümü. Kölgə deyiləm,

Ayaqlarımdan başlayan bir kölgə varsa da. Ev xanımıyam mən.

Şəhər məni gözləyir və ağrıyır. Balaca otlar

Daşları çatladıb çıxır və həyat yamyaşıldır onlarda.

Silviya Plat

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.30-31.