Məni hərdən yadına, nazlı nigar, sal, olar.

Qıyma həsrət yarada köksdə qubar, xal, olar.

 

Cöhrəmdə kölgəsi var çəkdiyim gör xiffətinin,

Yetər, yaşatma, yetər, dərdli bimar, hal, olar.

 

Vüsalın ləzzətini təkcə xəyalım yaşadır,

Gerçəyimə elə bəxş hər ki var, bal, olar.

 

O təkcə kəlməni de, "ay quzu kəsim səsinə",

Sonrasl lap canımı ver qərar, al, olar.

 

İnan, nitqim tutulub gördüyüm andan üzünü,

Çəkilmə, dön "Ay"ım ol etmisən kar, lal, olar.

 

Nəcməddinəm gözəlim, ağlımı başdan alanım,

Sanma məni barı yox, dərkidə dar, kal, olar.

 

"Kaş ki, kaş ki"lər

 

Yorur bu "kaş ki, kaş ki"lər,

Çəkir lap səbrimi dara.

Ağlımın bundan çaş ki hər,

Qarası , ağı qara.

 

Yetmir kama arzu, dilək,

Ürəyimi sarır qubar.

Ha məni bir kənara çək,

Olur dünya başıma dar.

 

Təsirsizdir təsəllilər,

İnanmıram vədlərə yox.

Gəncliyimmi dönər gələr,

Yollar bağlı, müşküllər çox.

 

Laqeydliyim artıb yaman,

Mənasızlıq üzür, sıxır.

Tək düzümə min zənn, güman

Öz lağıyla gendən baxır.

 

Hər "kaş ki, heç olmazsa"da,

Bir az istək itdi-batdı.

Zaman-zaman bu qaydada

Hey azaldı, sonu çatdı.

 

Düzü deyəcəyəm

 

Necə yaxşı deyim, de, yamanına,

Bunu məndən umma, gözləmə, yox-yox.

Həqiqət donunu zənn-gümanına

Söylə, geyindirib öyümmü çox-çox?

 

Dostuq? - olar, olsun, bunun fərqi ,

Nədən bu verməli üstünlük sənə?

Qarşı çıxmağımla haqqı deyənə,

Rəvamı eşidəm belədə tənə.

 

Varsa etirazın bu düşüncəmə,

Demək ayrı-ayrı adamlarıq biz.

Fikrim bu: - İstəsən İnci, incimə,

Olacaq dəyişməz həmişə şəksiz.

 

Qazanc gözləyirsən? - Bu istəyinlə,

Mənim şərəfimlə qurub alveri.

Sanırdın deyəcəm "baş üstə" - Dinlə,

Qoymusan adıma ucuz dəyəri.

 

Sanaq ki, olmayıb belə xahişin,

Eləcə dinləyib eşitmədim .

Dilərəm, Tanrıdan alına işin,

Qalmaya zərrəcə kəsirdə, kəmdə.

 

Amma, barəmdə olma nagüman,

Haqda olacağam bil ki, yanında.

Ayıra bilirəm yaxşı , yaman,

Tək bircə baxışda, tək bircə anda.

 

Dostumsan? - İstərsən lap ol qardaşım,

Düzü deyəcəyəm, dəqiq dürüstü.

Olmaya özümlə davam, savaşım,

Sözümün üzü bir, yox altı, üstü.

 

Necə yaxşı deyim, de, yamanına,

Bunu məndən umma, gözləmə yox-yox.

Həqiqət donunu zənn-gümanına,

Söylə, geyindirib öyümmü çox-çox?

 

Verdiyim söz

 

Unutmaram, yox heç zaman,

Kiməsə verdiyim sözü.

bəhanəm, and-aman

Olmur, keçir işin düzü.

 

Gecikdirsəm lap azacıq,

Utanıram, darılıram.

Ürəyimdən çıxa acıq,

Ağrılarım olmur ki, ram.

 

Qınanan da, öyülən ,

Bax, belədə özüməm tək.

Səhvlərindən söyülən

Yenə özüm, yox buna şəkk.

 

Vicdanımdan gələr qərar,

Bərpa edə ədaləti.

Etirafla çəkdirir car,

Çəkdirməyə xəcaləti.

 

Şəriksizəm, təkcə, tənha,

Çıxarımda, gəlirimdə.

Ümidim bircə Allaha,

Bu işimdən kəsir-kəmdə.

 

Unutmaram, yox heç zaman,

Kiməsə verdiyim sözü.

bəhanəm, and-aman

Olmur, keçir işin düzü.

 

İş görmə gümanla, zənlə

 

Qərarlar verirsən zənlə, gümanla,

Seçib ayırmadan düzü, yalanı.

Yox ki, səbr adına ruhunda damla,

Olmazı deyirsən qoyub olanı.

 

Düşünsən azacıq, peşmanlığından

Başını soxmağa yer arayarsan.

Xəcalət təriylə edib and-aman,

Sıxar, dönə-dönə qapazlayarsan.

 

olar, eşitdiyin sözü, kəlməni,

Ağlın, dərrakənlə eylə çək-çevir.

Almasan nəticə, çox çətin yəni

Aqildən, müdrikdən sor nəsə tədbir.

 

Girmə bir kimsəylə havayı bəhsə,

"Dediyim olmalı" - bu səhv düşüncə.

Doğrunu, dürüstü düşmənin desə,

Uğur, bax, ordadır səbəb sevincə.

 

Yox, yox, qərar vermə gümanla, zənlə,

Başlama işə yox, tez-tələsik.

Çatdırsan da sona min dürlü fəndlə,

Heç bir işlərində olmasın əskik.

 

***

 

Sən saldığın haldır yaşamım, yar, mənə gülmə,

Sayəndə lağı çoxlarının var mənə, gülmə.

 

Hər cümlənin əvvəli, sonu dildə tək adın,

Sevdamızı bundan elədim car, mənə gülmə.

 

Həsrətimi ovuda bilən çarə xəyalın,

Döndərdi daşa eylədi kor, kar, mənə gülmə.

 

Adidə inan çaş salıram tərsi, avandı,

Təsdiqdə olur tərs, düzüm inkar, mənə gülmə.

 

Mətləbləri ayırd eləmək zillətə dönmüş,

Müşkül əmələ fikrimi izhar, mənə gülmə.

 

Vurnuxduğumu görsən əgər bil çaş olub ağlım,

Nəcməddinəm afət, dəli bimar, mənə gülmə.

 

Fikir vermə

 

Artıb çoxlarında qürrə, iddia

Çürük düşüncəylə mənəm-mənəmlik.

Yox ki, bu azara çarə, bir dəva,

Adi dərd deyil ki, ağıldan kəmlik.

 

Hərə tək özünü ər, igid sayır,

Çalıb-çapmağında, məngirləməkdə.

Nəsə qapmağa fürsət arayır,

Gözü orda-burda, qulağı şəkdə.

 

Zəhmətsiz qazanca düşüncəsində,

"Allahdan buyruqla ağzıma quyruq".

Yuxulu gündüzü, həm gecəsində,

Ac nəfsi həmişə oyaqdır, duyuq.

 

Anlamır, itirir insanlığını,

Dönür yavaş-yavaş olur yalquzaq.

Almır vecinə el qınağını,

Dərkindən gendədir bunlar, çox uzaq.

 

Özündən müştəbeh dolanır, gəzir,

Yetir yetdiyinə, yetməyənə daş

Atır, ətraf ondan iyrənir, bezir

Bədnam ad qazanır avara, külbaş.

 

"Düzəlməz" - haqqında verdiyim qərar,

Öyüd-nəsihətin yox mənası, yox.

Görünür, kökündə naqisliyi var,

Çarə bu, ona heç fikir vermə çox!

 

Nəcməddin  MÜRVƏTOV

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.29.