Bizmi günahkarıq,

yoxsa zəmanə

Bəlkə zəmanədir suçlu-günahkar,

Bəlkə aldanmışıq yamanlığa biz?

Yalan danışmağı bilməyəndə ar,

Çox tez üzə çıxdı boz sifətimiz.

 

Axı, heç bu qədər bölünməmişdik,

Birgə yaşamışdıq bir vaxt pis günü.

Bəs niyə tamahın toruna düşdük,

Olduq zaman-zaman sərvət düşkünü!

 

Əl-əldən üzüldü, ürək-ürəkdən,

Keçdi aramızdan soyuq küləklər.

Bir ovuc torpağa həsrət qaldı dən,

Puç oldu ən ülvi arzu-diləklər...

 

Kasıbın başında çatladı hirsi,

Məddahlıq yaltağın ağlın çaşdırdı.

"Qara camaat"dan birini kürsü,

Birini şan-şöhrət uzaqlaşdırdı.

 

Qərq oldu zülmətdə neçə ağır köç,

Rəhmimiz gəlmədi sızlayan kəsə.

Dönüb gözümüzün ucuyla da heç

Baxmadıq, tapdanıb boğulan səsə...

 

Yaxşılar birbəbir qeybə çəkildi,

Sıçrayıb qabağa keçdi yamanlar.

Namərdin əlinə gözlər dikildi,

Biclərin bəxtini göyərtdi anlar.

 

Tamah əsir düşdü dünya malına,

Şeytana züy tutan günbəgün artdı.

Bir zalım güvənib güclü qoluna,

Gücsüzün yaxasın dartıb qopartdı...

 

Bir işi düşməsə "dost" dönür yada,

Yüz yol səsləsən gəlmir yaxına.

"Mənəm-mənəm" deyən "mən" olmasa da

Dolaşır hamının əl-ayağına.

 

Bizmi, zəmanəmi suçlu-günahkar,

Yamanlıq niyə tez qəlbdə saldı iz?

Hoppanıb qabağa sıçrayanda var,

Qəfil çıxdı üzə boz sifətimiz...

 

Yalan

 

Gedir gümanımız gündə min yerə,

Yalanla "isinir" qulaqlarımız.

Hər sözü bükürük atlasa, zərə

Köklənir böhtanla maraqlarımız.

 

Kiminsə dilində yalan qazancdı,

Kiminsə əlləri bu "nəfə" çatmır.

Bu da solğun üzlü köhnə inancdı -

"Şərin atdığı ox, hədəfə çatmır...".

 

Boğulur tüstüdən saflıq "sobamız",

Doğru söz qınına çəkilir hələ.

İftira yeliylə çökən komamız,

Uçub üstümüzə tökülür hələ.

 

Boğazdan yuxarı sözlər yalan,

Zəvzək təriflərin mənzili uzaq.

Kirli əməllərdən hər vaxt güc alan

İftira, saflığı üşüdən sazaq...

 

Zülmət başımızın üstün alanda

Bir anlıq meh kimi əsə bilmirik.

Yalanlar cücərir hələ qanda,

Biz onun kökünü kəsə bilmirik.

 

Çatmır mənzilinə söz köhlənimiz,

Hələ cır gövdələr, budaqlar qısır.

Həqiqət gəzirik dar məhbəsdə biz,

Qanunsa, bayırda hələ qan qusur...

 

Böhtan arxamızca sürünən kölgə,

Onun havasında oynayan azmı?

Dünyamız iblisdən döl tutub bəlkə,

Saflıq ümmanımız hələ dayazdı...

 

Düz söz elə bil ki, çəkilib göyə,

Şərin yaxasından tuta bilmirik.

Yalanı yeridən dilləri niyə,

Kökündən qazıyıb ata bilmirik?

 

Xoş niyyət ürəkdə oddu-ocaqdı,

Yalanlar hardasa əlçatmaz yasaq.

Dünyamız qanına bələnəcəkdir,

Şərin "təkərini" dayandırmasaq.

 

Yazıram

 

Yolçusuyam neçə yolun, küçənin,

Xoş halına hər yanımdan keçənin...

Dan ulduzu zülmət donlu gecənin

"Yuxusunu yoz" - deyəndə yazıram!

 

Sübh şəfəqi bələdçisi yolların,

Şehli çəmən çırmalayar "qolların".

Dəli könlüm səssiz keçən anların

"Sükutunu poz" - deyəndə yazıram!

 

Sevda yolu nə axırdı, nə əzəl,

Xoş günlərə uzalıdır neçə əl.

Baxışları alov saçan bir gözəl

"Belə olur naz" - deyəndə yazıram!

 

Namərd bir kəs tapdasa da bəxtimi,

Söz mülkündə özüm qurdum taxtımı.

Əbəs yerə itirmərəm vaxtımı,

İlham pərim "yaz" - deyəndə yazıram!

 

İnsan

 

Bir az ağıllısan, bir az da dəli,

Sənin xilaskarın Tanrının əli!

Qocalıq urvatsız payız xəzəli,

Cavanlıq yamyaşıl yarpaqdı, insan!

 

Nəfsinlə quranda özünə tələ,

Tapdanmış mənliyin ta düşməz ələ!

Ağlına gələni gətirmə dilə,

Yalan lüt-üryandı, çılpaqdı, insan!

 

Xoşbəxtsən, abırın-ismətin varsa,

Öl qurtar, ən çirkin xislətin varsa!

Gec-tez üzə çıxar qismətin varsa,

Atılıb-düşməyin nahaqdı, insan!

 

Nə əcəldən gizlən, nə gözdən yayın,

Bir gün sona çatır bil, ömür payın.

İstər daxman olsun, istər sarayın,

Sonuncu "mənzilin" torpaqdı, insan!

 

Danışdım

 

Lal həsrətim kəsilməyən giziltim,

Həyat məni bərkə çəkdi, üzüldüm.

Kirpiyimdən damla-damla süzüldüm,

Söz közərdi, səs boğuldu - danışdım.

 

Məna gəzdim avazda da, səsdə də,

Dilə gəldim hərdən zildə-pəsdə də.

Bəzən əsdim bir kəlmənin üstə də,

Ürəyimə dərd yığıldı - danışdım.

 

Tale baxmaz nə ağıla, nə gücə,

Bəlkə alın yazısıymış eləcə?

Dəli könlüm havalandı bu gecə,

Can sızladı, qəlb sıxıldı - danışdım.

Heç bilmədim sular duru axdımı,

Ötən günlər dönüb geri baxdımı?

Əbəs yerə itirmədim vaxtımı,

Bu da elə bir nağıldı - danışdım...

Şeirimlə edirəm dualarımı...

Hər kəlməm, hər misram xeyir-duamdır,

Haqq sevən insanam, bilənlər-bilir.

Çöhrəmdə nur saçan şeir - duamdır,

Ruhumdan su kimi süzülüb gəlir!

 

Dirilik diləyib torpağa, suya

İşığı, havanı öyən adamam!

Kimlərsə çatanda kama-arzuya,

Tanrıya həmd olsun, - deyən adamam!

 

Bəzən şükr etmişəm yaman günə də,

Elə zənn etməyin bir parça daşam.

Təkcə özümə yox, özgəsinə

Yaxşı gün-güzəran arzulamışam...

 

Nəfsimə ağalıq etmişəm hər an,

Süfrəmə dad verib halal qazancım.

Məddahı qabağa dartıb aparan

Ucuz "şan-şöhrətə" yoxdur inancım!

 

Mənim dualarım yurd savaşımdır,

Vətən, bayraq eşqim hər şeydən öncə!

Şəhidlər ən əziz can sirdaşımdır, -

Adları yadımdan çıxmaz ölüncə!..

 

Hər misram tapdığım gizli xəzinə,

Kimsə ala bilməz əldən varımı.

Səhərlər oyanıb azan səsinə,

Şeirimlə edirəm dualarımı!..

 

Mingəçevir

 

İsmayıl Mərcanlı İMANZADƏ

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.26.