Kimsən, şeirimi yazan

 

Deyirlər, guya mən şairəm,

Şeir yazıram az-çox,

Amma mənim bundan xəbərim yox.

Ömür darıxanda,

Təbim sözə baxanda,

Torpağın həvəsində,

Suların nəğməsində,

Yarpaqların payız xırıltısında itən səsimi,

Hərdən gözlərimdən sürüşən ümidimi,

Görüşə bilmədiyim özümü axtaranda,

Ürəyimin qapılarını döyürəm.

Eheyyy Bu mənəm,

Şövkət Zərinəm, bəlkə tanıyan olar - deyirəm.

Yaddaş quyumun hücrələrində

Xatirələrim ilişib qalıbsa,

Uğursuz bir sevgi kağızda saralıbsa,

Hər var bir-bir sözə köçürürəm,

Ötən günlərin şəklini xəyalıma çəkirəm.

Şeir mənim, imza da mənim,

Amma, şeirimi kim yazır, bilmirəm.

Özü varkən gözə görünməz,

Axı, sən kimsən, nəçisən,

Bir gecə yuxuma en, yanımda qal

Evimə, odama işıq sal.

Dünyanın hər yerində bərqərarsan,

Qırıq ümidlərə şam yandıransan.

Kainat tutduqca işıqsan, sevgisən,

Şeir doğulmur sənsiz,

Şair, şair olmur sənsiz,

Kimsən, şeirimi yazan?

 

Beləcə qalaydıq

 

Milli ordumuzun şəhid mayoru Kəlbalıyev Səyavuş

Hümbət oğlunun xanımı Pərvanənin dilindən

 

Bir xısma yuxu kimi

Gözlərimə dolaydın,

Ərköyün balam bilib

Sənə layla çalaydım.

Bu görüşdən könlümə yenə sevgi dolaydı,

Gecə uzun olaydı.

Dayanaydıq üz-üzə

Zillənəydi göz-gözə

Baxışaydıq şübhətək, o əzəlki sevgilə,

O əzəlki həvəslə

Yenə vuraydı ürək

Küləklər əsməyəydi, yağış da dayanaydı,

Gecə uzun olaydı.

Ulduzların yuxusun qaçıraydıq gözündən

Sərxoş olaydım yenə

Bircə şirin sözündən

Dünyamız başdan-başa

Sevgiyə boyanaydı,

Gecə uzun olaydı.

Yuxuda oğrun-oğrun, xəlvəti gizli-gizli

Axıb dolaydı gözə,

Ay da göylərdən baxıb

Həsəd çəkəydi bizə

Nəfəsini qoxlayıb baş qoyaydım sinənə,

ayrılıq, ölüm

Gəlməyəydi çiynimə

Gecənin zülməti yerindəcə donaydı,

Gecə uzun olaydı.

Sinib bir-birimizə yuxulara dalaydıq.

O gecənin sonuncu

Qonağı biz olaydıq,

Kaş beləcə qalaydıq.

May 2022

 

Vətən yazılmamış əsərdi hələ

 

Məni özünlə apar, ey külək,

O yerləri bir qoxuyum, gəlim.

Səməndər quşutək od xəyallıyam,

Sonuncu nəğməmi oxuyum, gəlim.

 

Qurtaran xatirə kimiyəm indi

Tələs, bulud yaraq, dumandan keçək.

Dərin dəryaların, çayların üstdən,

Bir həsrət adlı tufandan keçək.

 

Zəfər sevincindən mən pay alım,

Torpağı oxşayım öpüşlərimlə.

Anamın qoynunda açım səhəri,

Evimiz isinsin gülüşlərimlə.

 

Məni özünlə al, apar, külək

Ruhuma süzülsün meh sərin-sərin.

Xırdaca daşı da mənə vətəndi,

Halallığın alım itən illərin.

 

Kəhrizlər naxışın çəksin gözümə,

Bu da bir cür bəxtdir, qədərdi belə.

qədər söz qoşsaq, dastan bağlasaq,

Vətən, yazılmamış əsərdi hələ.

 

Mənim anam

 

Divardakı şəkilinlə axşam-səhər

Titrək-titrək danışırsam,

Uşaq kimi kövrəlirəm, darıxıram,

Hərdən olur sənsizliklə barışıram.

Gözündəki o qayğılı,

Min suallı baxış mənəm,

Bulud-bulud dolub-daşan

Leysan mənəm, yağış mənəm,

Mənim anam!

Alnındakı cərgə-cərgə düyünlənən,

Necə ağır illər görən qırışınam,

Qədd-qamətli, əzəmətli duruşunam.

Bu vaxtacan qulağımda sırğa olan,

Səhər-səhər min qayğıyla

Bizi dərsə yola salan gur səsinəm,

Ağrılara-acılara məlhəm olan nəfəsinəm,

Mənim anam!

Gözlərinin nağıl-nağıl

Yuxusu mən

Saçlarının ətir saçan

Qoxusu mən,

Dilinin oxşaması, bayatısı, laylası mən

Əllərinin haqqa açılan

Duası mən,

Mənim anam!

Həyatda gözüm sənsən,

Ağrımsan, dözüm sənsən.

Hər yazıb yaratsam,

İlk Kəlməm, Sözüm sənsən,

Mənim anam.

O tükənməz sevginlə, şəfqətinlə,

Ana, məni mən etmisən

Ölməmisən, yaşayırsan özümdəsən

Mənim anam!

 

Uşaqlığıma

 

Fransa şeirlərimdən

 

Oturmuşam əzəmətli Eyfelin

Ətəyində,

Gözlərim dincəlir hər tərəfi tutan

Gülündə, çiçəyində.

Bayaqdan bir qız baxır mənə

Kiçik bir qızcığaz

Bahar yağışlarının arasından,

Bir dünya sevinc yağır

Gözlərinin qarasından.

Dodaqlarında bahar təbəssümü,

Üstündə Günəş şöləsi,

Gülüşü yağış səsi.

Sanki saçlarına yüklənmişdi

Şəlalənin su şələsi.

Hər damlasında təzəcə başlayan ömrün bir anı.

Bahara açmışdı körpə qollarını.

Çiçəklərlə əl-ələ,

Nəfəs-nəfəsə şərqi söyləyirdi,

Bahara,

Günəşə,

Suya xoş gəldin - deyirdi

Bir anda uzaq uşaqlığım gəlib kövrəldi,

İçimdə qərib bir şeir çiçəklədi

Baharın bu gül çağında isə çatmır,

Bu görüş könlümə yatmır.

Sinəmdə sönük bir ürək,

Başımda qırıq bir xəyal,

Üzümdə bozaraq payız havası,

Gözlərimdə bitməkdə olan bir

ömrün sökülən yaşıl dünyası.

qanad taxa bilmirəm qırıq xəyallarıma,

Bir cığır, bir yol gəlmir ağlıma,

Çatam, baharın qucağında gizlənən

Şıltaq uşaqlığıma.

 

Gah şeirim ağlayır,

gah mən ağlayıram

 

İlk dərs günü, 15 sentyabr

ömür-gün yoldaşımın doğum günüdür

 

Yenə o dumanlı payız günüdür,

Vücudumu titrədib üşüdür.

Bu da gözləri ağlayıb qızarmış həmin sabahdı,

Gün o gün deyil, Allah o Allahdı,

Dəyişən zamandı, vaxtdı.

Hər payız qapı-pəncərəmi döyüb

Səni xatırladır.

Saatımızın da əqrəbləri o gündən bəri

Elə hey vaxtı öldürür.

Gah vaxt ağlayır, gah mən ağlayıram.

Dərs ilinin ilk günü, həm sənin doğum günün,

Unuda bilmirəm bir-birinə qarışa

Sevincini o günün.

Qəfil qəm düşdü sevincimizə,

Kədər qarışdı.

Ölüm kabusu evimizdə dolaşdı.

Sənsizliyin qəm yükünü övladlarımızdan gizli

Tək daşıdım,

Səni, Sənsiz yaşadım.

Həsrət kösövilə sinəmi dağladım,

Həsrət ağladı, mən ağladım.

Səni ünvanlı xatirələrim içimdə yurdlaşıb,

Yaddaşımda daşlaşıb.

Hələ yol gedirik qol-qola, əl-ələ,

Kövrələ-kövrələ.

Hər gün səmtinə yol salıram,

Gah xatirən ağlayır, gah mən ağlayıram.

Payız yenə buluduna dönüb

Kirpiklərimdən damcılayır,

Soyuq payız küləyi saçlarımı darayır,

Sənin əllərini xatırladır,

Hərdən qoyun-qoltuğuma dolub hönkürür,

Gah külək ağlayır, gah mən ağlayıram.

Qələmim, kağızım da, elə bil lal düşüb,

Duyğularım evimizin künc-bucağında xəzəltək bürüşüb.

Gözlərim şeir-şeir dolur axşam-səhər,

Gah şeirim ağlayır, gah mən ağlayıram.

 

Şövkət Zərin HOROVLU

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.25.