Şeirimin yaşı

Bilmirəm mən neçədi,

Hələ şeirimin yaşı.

Beşdi... Ondu... İyirmi...

Otuz... Qırxdı... Ya əlli.

 

Alnımın qırışıdı,

İllərimin yaşıdı,

Dünyanın barışıdı,

Demə, şeirimin yaşı.

 

Ömrü birgə daşıdım,

Bəlkə məhək daşımdı,

Məzarıma başdaşı,

Demə, şeirimin yaşı.

 

Tarixin qan yaddaşı,

Neçə əsrin yoldaşı,

Gedir mənlə yanaşı,

Demə, şeirimin yaşı.

 

Çiçəklər

 

Hardasa çiçəklər ağlayır mənə,

Bəzən dağlayır sınıq qəlbimi.

Bilirəm o üzdən qarğıyır məni,

Üzmüşəm qönçədən o çiçəkləri.

 

Göz dikər yollara, gözləyər məni,

Gecə , gündüz izləyər məni,

Hər zaman bəzəyər çölü, çəməni,

Ömrümün bəzəyi gözəl çiçəklər.

 

Dağıdar dərdimi, açar eynimi,

Eyləyər təsəlli yorğun beynimi,

Hərdən çatdırar dəli könlümü,

Həyatın anlamı gözəl çiçəklər.

 

Elçin, düşdün yenə çiçək eşqinə,

Təzə-tər açılan ləçək eşqinə,

Al-əlvan geyinən göyçək eşqinə,

Dünyanın yaşamı gözəl çiçəklər.

 

Ayrılıq adasında

Son görüşlə biz ayrıldıq,

Elə bilki, susub laldıq

Bir anlığa donub qaldıq,

Sevgimizin odasında.

Lal bir sükut hökm eylədi,

Həsrət bizə gör neylədi?

Ürəyin bəs söylədi?

Bu ayrılıq adasında.

 

sən dindin, mən dindim,

Səssizliyi ölüm bildim.

Sən dinsəydin dirələrdim,

Son ayrılıq adasında.

 

Eylə...

 

Qələbə ətirli baharım gəlsin,

Özün baharımı xoş qədəm, eylə.

Ürəyim isinsin, qanım qaynasın,

Sevən ürəkləri gəl biqəm, eylə.

 

Xoş gəlsin ömrümə o Novruz gülü,

Sevindir qəlbimi a Nərgiz gülü,

Açsın çiçəyini əziz Yaz gülü,

Gəl xəstə könlümə sən məlhəm, eylə.

 

Gətir gəl özünlə o əzəl quşu,

Görəndə sevinim o gözəl quşu,

Baharın simvolu o dəcəl quşu,

Baharı qəlbimə sən həmdəm, eylə.

 

Gəlsin xoş avazla,gəlsin yenə yaz,

Yayılsın hər yana,qoy bu xoş avaz,

Qoy etsin gözəllər,yenə mənə naz,

Mənim işlərimə bir yöndəm, eylə.

 

Yerə...

 

Bir gün bu şəhərdən çıxıb gedəcəm,

Buraya üz tutub gəldiyim yerə.

Qanadlı quş kimi uçub gedəcəm,

Boya-başa çatıb, gəldiyim yerə.

 

Elə gedəcəm ki, kimsə bilməsin,

Gedəcəm sakitcə, səssiz-səmirsiz.

Heç kim arxamca tənə etməsin,

Bu şəhər qalacaq məndən xəbərsiz.

 

Qollarımı geniş açıb gedəcəm,

Körpə uşaq kimi qaçıb gedəcəm,

Şəhəri son dəfə qucub gedəcəm,

Atamı, anamı andığım yerə.

Üşüyər

Yenə soyuq, yenə şaxta,

Mən deyim belə baxta,

Heç olarmı sevgi saxta?

Qəlbim üşüyər, üşüyər.

 

Sinəmdə döyünür ürək,

Ağrımasın təki görək,

Çox olacaq mənə gərək,

Könlüm üşüyər, üşüyər.

 

Sazaq döyür sərt sinəmi,

Dağıdacaq dərd sinəmi,

Vurmasın namərd sinəmi,

Sevgim üşüyər, üşüyər.

 

Neftçala

 

Elçin Səlimli

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.19.