Xalçaşünaslığın bibliyasını

yaradan Lətif Kərimov

 

Şuşa estetikasısilsiləsindən

 

1983-cü ildə Londonda IV Ümumdünya Şərq Xalçaları konfransı keçirilirdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 600 xalçaşünas alimin, rəssamın, xalça kompaniyaları başçılarının qatıldığı həmin konfransda SSRİ nümayəndə heyətinə Lətif Kərimov rəhbərlik edirdi Lətif Kərimov həmin konfransda Şuşa xalçaları haqqında məruzə etmişdi. Böyük maraqla dinlənilən məruzəsində Lətif Kərimov Şuşanın tarixinə toxunur, şəhərin qurucusu Pənah xan haqqında məlumat verir, eləcə xatırladırdı ki, Şuşaya xeyli sonralar gəlmiş ermənilər xovlu xovsuz xalça texnikasını azərbaycanlı xalçaçılardan öyrənmişlər. Konfransda Lətif Kərimov 1886-cı ildə Şuşada olmuş gürcü müəllifi Zevgenidzenin sözlərini xatırlatmışdı: "Demək olar ki, bütün xalçalar azərbaycanlı ailəsində istehsal olunur. Ermənilər xalça toxumağı onlardan öyrənməlidirlər".

1983-cü ildə Londonda Beynəlxalq xalça konfransında dünya sənətşünaslığının parlaq imzaları - Amerikadan Çarlz Qrant Ellis, Con Tomson, Hamburqdan Azadi, Türkiyədən Orhan Atasoy, Nejat Diyarbəkirli, Macarıstandan Budapeşt Tətbiqi Sənət Muzeyinin direktoru doktor Qomboş iştirak edirdi sovet nümayəndə heyətinin başçısı ən qədim sənət növünün Şuşada azərbaycanlı ustalar tərəfindən yaradıldığını gündəmə gətirməklə bir təfəfdən "Şuşa xalça məktəbi" istilahını ilk dəfə elmi dövriyyəyə buraxır, digər tərəfdən, sənətşünaslığa, dünya xalçaşünaslığına elmi-nəzəri baxımdan əsaslandırdığı "Azərbaycan xalçası" terminini gətirirdi. Sübut edirdi ki, dünya muzeylərində qorunan əsasən, Qafqaz xalçası kimi ümumi ünvanla tanınan, yaxud "erməni xalçası" adı ilə təqdim olunan xalçaların böyük əksəriyyəti Azərbaycan xalçalarıdır. Lətif Kərimov bunu 1983-cü ildə Londonda Beynəlxalq Elmi Konfransda deyirdi bir qayda olaraq, onunla mübahisə etmirdilər, çünki Lətif Kərimov dekorativ-tətbiqi sənət sahəsində dünyada qəbul edilən nadir nəzəriyyəçilərdən biri idi. "Azərbaycan xalçası" monoqrafiyası dünya tətbiqi incəsənət mütəxəssisləri tərəfindən xalçaşünaslığın bibliyası adlandırılırdı...

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.17.