Fərhad Bədəlbəylinin gəncliyi

- Lissabon fatehi

 

“Şuşa estetikası" silsiləsindən

 

1960-cı illərin sonlarında 21 yaşlı Fərhad Bədəlbəylini "Lissabon fatehi" adlandırırdılar. Pianoçuların Lissabonda keçirilən Viana da Motta adına Beynəlxalq müsabiqəsində birinici yeri tutmuş və Aulu Maqnu Universitetinin akt zalında ona müsabiqənin diplomu təqdim olunmuşdu. Münsiflər Heyətini dünyanın ən görkəmli pianoçuları - fransız Jak Fevrye, italyan Aldo Çikkolini, isveçrəli Nikita Maqalov, portuqal Sikeyra Kostanın təmsil edildiyi müsabiqəyə iyirmi iki ölkədən altmış pianoçu qatılmışdı. Şopenin "Noktürn"ünü, Motsartın "Konsert"ini, Bethovenin "Solmajor"unu ifa edən Fərhad birinci yeri qazandı və bu, həm də Azərbaycan professional musiqi ifaçılığının dünyada ilk təqdimatı kimi tarixə düşdü.

Burda maraqlı bir məqam da var. Müsabiqədə münsiflər heyətinin başçısı impressario Kostanın həyat yoldaşı erməni Tatyana Aşot idi və həmin müsabiqədə azərbaycanlı pianoçu 1-ci, erməni pianoçu Ayvazyan isə 7-ci yeri tutmuşdu.

Qara Qarayev Fərhadın bu qələbəsini haqlı qələbə adlandrırdı. Çünki Qarayevə görə, "belə bir çətin müsabiqədə iştirak etmək ifaçıdan yüksək musiqi məharəti, təmkin, iradə, məqsəd aydınlığı və artistlik bacarığı tələb edirdi və 21 yaşlı Fərhad da sübut etdi ki, bu keyfiyyətlərin hamısı onda var".

Fərhad Bədəlbəyliyə qədər Bakını musiqi aləmində "fortepiano ucqarı" adlandırırdılar. 21 yaşlı Fərhad isə Beynəlxalq müsabiqədə birinci yeri qazanmaqla Bakını dünyanın fortepiano mərkəzlərindən birirnə çevirməyi bacardı. O, "Azərbaycan pionizmini dünya miqyasına çıxartdı" (Fikrət Əmirov).

Müsabiqədən bir il sonra Bədəlbəyli yenidən Portuqaliyaya dəvət olunmuşdu. Bu dəfə dünyanın ən güclü gənc pianoçusu Avropanın qədim mədəniyyət mərkəzində qastrol səfərindəydi və Portuqaliyanın müxtəlif konsert salonlarında izdiham qarşısında Motsartın "20 nömrəli konsert"ini, Sen-Sansın "2 nömrəli konsert"ini, Haydnın "Sonata"sını, Şumanın "Üç novella"sını, Skryabinin "Prelüdlər"ini, Raxmaninovun "Etüd"lərini, Bartokun "Sonata"sını, Şostakoviçin "Prelüd və fuqa"sını, Qara Qarayevin "Prelüd"lərini ifa edirdi. Hətta həmin günlərdə Lissabon televiziyası onun bu konsertini bütövlükdə nümayiş etdirdi.

Portuqaliya qəzetləri Fərhad Bədəlbəylini vəsf edir. "Sekulo" qəzeti yazırdı ki, "Fərhad Bədəlbəyli göstərdi ki, o, gözəl ifaçılıq imkanları olan əsl virtuozdur. Onun ifası mükəmməl texnikası, rəngarəngliyi və zənginliyi ilə seçilir... Biz dinləyiciyə yüksək zövq verən böyük ifaçı ilə qarşılaşdıq". Yaxud "Premeyro Janeyro" qəzeti: "Fərhad Bədəlbəyli gözəl interpretatordur. Onun ifa texnikası, temperamenti, əvəzsizdir. Fərhad əsl virtuozdur... Şopenin "Etüd" və "Prelüd"ünü çalmaqla Fərhad dinləyiciləri heyran qoydu".

Portuqaliyaya ikinci səfəri barədə elə o illərdə yazırdı ki, portuqaliyalıların, "Azərbaycan haqqında demək olar ki, təsəvvürləri yox idi. Çoxlu suallar verirdilər. Musiqimiz onları daha çox maraqlandırırdı. Qara Qarayevin prelüdlərini gurultulu alqışlarla qarşılayırdılar". Niyazinin "Rast", Fikrət Əmirovun "Kürd Ovşarı" simfonik muğamlarının vallarını Fərhad portuqaliyalı musiqiçilərə vermiş, onlar isə qulaq asıb heyran olduqlarını bildirmiş, "Azərbaycan professional musiqisinin belə yüksək səviyyədə olduğunu qətiyyən ağıllarına gətirmədiklərini" etiraf etmişdilər.

Fərhad Bədəlbəyli Azərbaycan pionizmini dünyanın dörd qitəsində, yer üzünün demək olar ki, bütün böyük şəhərlərində təmsil etmişdir. Zalsburqda Motsartın ev-muzeyində onun royalının şirmayı dillərini öpərək dahi bəstəkarın ruhuna və sənətinə təzim etmişdir. Lissabonda Portuqaliyanın əfsanəvi futbolçusu Eysebiyo "Lissabon fatehi"nin - 21 yaşlı azərbaycanlı pianoçunun uğurlarına şərik olmuşdur.

 

Azər TURAN

 

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.17.