"Ümid etməyə daha çox haqqımız var..."

 

"Fikir bucağı" layihəsinin növbəti qonağı yazıçı, esseist Hədiyyə Şəfaqətdir

 

- Xoş gördük, Hədiyyə xanım. İşləriniz necə gedir? Ədəbi yaradıcılığınızla bağlı yeniliklər var?

- Xoş gördük, Tural bəy. İşlər əvvəlki son bir neçə ildir dəyişməyən yolunu tutub gedir. Tərcümə, redaktə, yazılar. Yorulanda qaçıram çöllərə, şəkil çəkməyə. Sonra yenə hücrəmə çəkilib işləyirəm, nəsə oxuyuram, nəyəsə baxlayıram, nələrsə öyrənməyə çalışıram. Ədəbi yaradıcılıqla bağlı elə böyük yenilik yoxdur, qəzet üçün bəzən silsilə, bəzən eləcə yazmaq istədiyim mövzularda esselər yazıram. Arabirkitab üçün mətnlərimi bir yerə yığmaq barədə fikirləşib bundan uzağa getmirəm. Roman tamamlanıb, redaktə edirəm, türklərdən təklif gəlib, amma hələ tərcümə məsələsində ilişib qalmışam.

- Bu yaxınlarda bir yazınızı oxudum: "Minalanmış ərazilər: Allah, söz, müəllif..." "İnsanYaradan" anlayışları üzərində düşüncələriniz maraqlı gəldi. Daha çox aqnostik yanaşmanı sezdim. Bu belədirmi?

- Bəli, son silsiləm belə adlanır. Diqqətinizi çəkdiyini bilmək xoşdur. Əvvəl başlayanda bir yazı olacağını fikirləşmişdim, yazının sonunda başa düşdüm ki, əslində yazmaq istədiyim mövzuda başqa bir yazı yazmışam, ona görə birinci yazı adlandırdım, ikinci yazı da nəzərdə tutduğum mövzuda olmadı, başqa bir mövzuya yönəldim, belə olan halda üçüncü yazı yazılmalı oldu. Belə baxıram, hələ davam edəcək. Bu daha çox fikirləşib heç yazmadığım mövzu idi. Mənə elə gəlirdi, fikirləşmək, daxili dialoq, daxili duyum bəs edir. Amma sonra bunu yazılarda ifadə etmək ehtiyacı hiss etdim. Şübhəsiz, ədəbiyyat Yaradan barədə fikirləşmək və nəsə demək üçün ən doğru ünvandırsa susmamağa cəsarət etmək olar. Hərçənd, Yaradanla münasibəti məhrəm hesab edirəm, başqalarının O-nunla münasibətinə müdaxilə etmərəm, öz münasibətimə də müdaxilə edilməsini qəbul etmirəm. Özüm də bəzən yanaşmamın daha çox aqnostik göründüyünün fərqindəyəm, lakin mən deistəm və O-nu Dost hesab edirəm.

- Ümumiyyətlə, yaradıcı prosesin özəyində "mütləq həqiqət" deyəndə nə başa düşülür?

- Mənə görə heçbaşa düşülə bilməz. Mütləq həqiqət hardadır? Mütləq deyilən heçyoxdur, hələ ola həqiqət. Əvvəlki sualı da buraya daxil etsək, hətta mütləq Tanrı belə yoxdur. Dünyanı yaşanmalı yerə çevirən də budur. Mütləqlik axtarışı rədd edir. Axtarış yoxdursa, - tapıntı barədə danışmırıq, məhz axtarışın özü, - hansı həyatdan, yaradıcılıqdan, sevgidən, ümumiyyətlə nədən danışa bilərdik? Bir tərəfdən kimsə klişe sualla etiraz edə bilər: bəs ölüm? Aydın məsələdir, düşüncənin dolanbaclarında ölümün mütləqliyi nisbiliyinə uduzur, bu məsələ də beləcə həll edilmiş olur.

- Qorxu... Nə daha çox qorxuludur: "Yalan", yoxsa "Həqiqət"?

- Hər ikisiola bilər, heç biri olmaya da bilər. Deyəsən, bu daha çox həyatımıza yaxından-uzaqdan təsir etmiş insanları əhatə edən yaddaşla, onlardan qalan xatirələrlə, zədələrlə, gözəl və ya pis hadisələrlə bağlıdır. Ümumiləşdirmək olmaz, individual məsələdir, digər tərəfdən, qorxu hissi verən "həqiqətin" də, "yalanın" da arxasında "hədə" dayanırsa nə fərqi qalır? Lakin burda da ədəbiyyat köməyə gəlir, çünki yazıçı, müəllif başqalarından məhz qorxusuna mətnlə meydan oxumağıyla fərqlənən kəsdir. Qorxunun içində yazan kəsdir. Adi insan ən əlacsız hallarda dizini yerə atıb əllərini Tanrıya uzadırsa, müəllif bunu yazmaqla ifadə edir. Adi insanlar səbəbkarları Tanrıya tapşırırsa, müəllif mətnə tapşırır. Çünki mətnin də Tanrıdan gəldiyinə hətta inanclı insanlardan çox inanmaq cəsarətinə sahibdir.

- "Quyu" adlı yazınızda isə belə bir məqam var: "Mifik yaddaşın əsas nöqtələrində həmişə bir (minlərlə) quyu dayanır". Yazıçı üçün mifologiyanı bilmək nə qədər vacib məsələdir?

- Məncə, nəinki yazıçı, hamı üçün vacib məsələdir. Məsələn, miflərlə tanış olmadan yaxşı oxucu inamı bilməzsiniz. Miflərlə tanış olmayan inanclı insanın Tanrı sevgisinə şübhəm var. Əlbəttə, kölgəsində dayandığınız ağacın kökünün varlığı haqqında düşünən insan deyilsinizsə, mifologiya barədə nəsə bilməməkdə heç bir problem yoxdur. Amma mifsiz bir dünya da yoxdur və nə zamansa başqa bir dünyaya ayaq basana kimi bunun mümkün olub-olmayacağını deyə bilmərik. Mifsiz başlanğıc, mifsiz dünya, mifsiz mətn nə deməkdir? Belə bir şey yoxdur axı? Minlərlə ifadənin, inamın, sualın, sınamanın, duanın, ənənənin, adətin, ayinin, ritualın kökündə mif dayanmırmı? Mən gözümü açandan anamın əfsanələri ilə böyümüşəm. O zamanlar anlamasam da, sonradan heç yerdə həmin əfsanələrə rast gəlməyəndə başa düşdüm ki, anam onları özündən danışırmış, lakin eyni zamanda dərinə getdikcə hər birinin mifoloji köklərini aşkar etdim. Miflər, əfsanələr, nağıllar... Boşuna deyil. Nəhəng bir divar, ədəbiyyat həmin divarın o tayında, mif həmin üzə açılan qapı kimi bir şey. Doğrudur, ədəbiyyat o nəhəng divarın həm o üzü, həm bu üzü, həm də o divarın özüdür, onun istənilən üzündə dayanmış ola bilərsən, amma ifadə etməyə gələndə mifoloji düşüncə işə düşəcək. Yoxdursa nə işə düşəcək? - Üst qat. Səth. Mifologiya barədə heç olmasa elementar məlumatlara sahib olmadan, miflərlə tanış olmadan yazılmış mətn ayağını boşluğa atmaq kimidir. Razıyam, hər yazıçının öz oxucuları, hər oxucunun öz müəllifləri var, yanaşmam etiraz doğura bilər. Amma bağışlayın, dünyanın gəlib-keçmiş və hazırda mövcud olan bütün dinlərinin olduğu kimi, ən ciddi mətnlərinin də kökündə mifologiya dayanıb.

- Poetik təfəkkürün nəsrə keçidi haqqında nə deyə bilərsiniz?

- Poetik təfəkkür çox vacibdir. Bu barədə fikir ayrılıqları olsa da, adam dünyanı poetikasız təsəvvür edə bilmir. Amma mən eyni zamanda şairin riyazi, fiziki, hətta biokimyəvi biliklərə vaqif olmasa da, maraqlanmalı olduğunu fikirləşirəm. Nəsr isə... Nəhəng nəsr! Nəhəng məlumat, təfəkkür, müşahidə, araşdırma, dərk, şübhə, sual-cavabların cəmləşdiyi mətn. Dünyanın ən qısa hekayəsindən tutmuş, ən böyük cildlərinə kimi poetikaya qalib gəlməyə çalışan, lakin onu istəsə də, istəməsə də canından, nəfəsindən, səsindən, ruhundan çıxarıb ata bilməyən nəsr. Şeir ciddi məsələdir, nəsr də ciddi məsələdir, lakin poetik təfəkkürə qarışmış nəsrin təsiri nəsrə qarışmış poetik təfəkkürün təsiri qarşısında təslim olubolacaq. Hətta burada "keçid" ifadəsindən imtina etməli oluruq, çünki o həm orda, həm burdadır. Ayağını yerə möhkəm basmış nəsrin sirri bilirsinizmi nədədir? Poetik təfəkkürü ustalıqla daxilində əridib özünə qarışdırmasıyla mübahisəsiz nəsr adlandırılmasına nail olmasında.

- Ağır fəlsəfi terminlərlə yüklənmiş əsərləri oxumaq daha çətindir, ya bunu yazmaq? Yəni bu kimi fəlsəfi əsərlərə son vaxtlar tez-tez rast gəlirik. Aqşin Yeniseyin "Tarixtale" romanı kimi...

- Asan mətnlərdən söhbət gedərkən hər mətnin öz oxucusu olduğuyla razılaşırıqsa, "çətin" mətnlərin də öz oxucuları olduğunu qəbul etməliyik. İlk növbədə deməliyəm: Heç biri çətin deyil. Yazmaq alt-şüur məsələsidirsə heç çətin deyil. Əvvəli bir qədər məşəqqətdir, çox şeydən imtina edib oxumalı, düşünməli, araşdırmalısan. Bəzən bir cümlənin altında illərin fəlsəfi təfəkkür formalaşdırılması dayanır. Ədəbiyyat zorakı təlim deyil, hər bir oxucunun "oxuya bilmədiyi" mətnlər var. Həmçinin hər yazıçının da əslində yaza bildiyi deyil, "yaza bilmədiyi" mətnlər var və bəzi müəlliflər sadəcə sadə mətnlər yaza bilmirlər. Təkcə fəlsəfədən söhbət getmir, hətta bu mənada fəlsəfə oxucunun da, yazıçının da komfort sahəsidir. Bəzən mətn fəlsəfəylə doludur, adam yorulur, hətta sanki kimsə öz fikirlərini, bəzən hətta dayaz fikirlərini fəlsəfə adıyla sənə yedirməyə çalışır. Əlbəttə, belə çox asangülünc görünür, əslində bu cür mətnlərdən söhbət getmir. Fəlsəfə mətnin səthindən qışqırmır, mətn iki qatlı, hətta daha çox qatlı olur, fəlsəfə isə Allah bilir hansı dərinlikdə heç üzə çıxmadan gizlənir. Eyni mətndə hər oxucu öz mətnini tapır. Lakin bu, sadə olduğu qədər də mürəkkəb prosesdir. Bu cür mətnlər oxucunu ruhdan sala, çaşdıra, təəccübləndirə, qorxuda, hətta qəzəbləndirə bilər. Buna təbii baxmaq lazımdır, mətn istənilən tərzi ilə istənilən fikir ayrılıqlarının fövqündə öz həyatını özü qazanan yanaşmadır.

- Kimləri oxuyursunuz? Həm xarici, həm də yeri müəlliflər arasında...

- Öz müəlliflərimizə qarşı çox həssasam, demək olar bütün yeni imzalarla tanışam, imkan tapdıqca da yola necə davam etdiklərini gözdən qaçırmamağa çalışıram, təəccübləndirən mətnlərə sevinirəm, bəzən ümidimi yazılarımla ifadə etməyə çalışıram. Digər müəlliflərə gələndə, sadəcə hər gün ən azı 35-50 səhifə oxuduğumu deyə bilərəm, lakin oxuyub çatdıra bilməyəcəyim kitabları fikirləşəndə gözümə qaranlıq çökür.

- Oxuduğunuz müəlliflərin mətbəxində hansı ədəbi təamlar çatmır? Yəni əsərin duzunu və dadını hansı kriteriyalarla müəyyən edirsiniz?

- Dəqiq kriteriyalar hamıya xas, ümumi kriteriyalardır, sonra şəxsi dəyələndirmələr gəlir. Bunu bir cümlə ilə aydın ifadə edə bilmirəm, qısaca desək fəhm məsələsidir. Mətn həm də yol, həm də axtarış sahəsidir. Mən heyrət axtarıram. Bir kəlmə, bir ifadə, bir cümlə, misra, onların altında nələrin gizləndiyini təsəvvür edə bilməyim, duya bilməyim, səhnəni görə bilməyim, səsləri eşidə bilməyim. "Odur!" deyə bilməyim. Bir də şübhəsiz - mesaj.

- Tərcümələrlə bağlı fikirləriniz...

- Uzun müddət tərcümə redaktoru kimi "Qanun" nəşriyyatı ilə əməkdaşlıq etmişəm. Hazırda eyni nəşriyyat üçün həm də tərcümələr edirəm. Əvvəllər də pərakəndə tərcümələr olurdu, amma indi sistematik hal alıb. Söz düşəndə xam tərcüməçilərin əlindən tərcüməyə keçdiyimi deyirəm, sağ olsunlar. Əlbəttə, bu məsələnin zarafat tərəfidir. Son illərdə Azərbaycanda tərcüməylə bağlı ciddi işlər həyata keçirilib, ciddi mətnlər oxucuya çatdırılıb. Olduqca peşəkar tərcüməçilərimiz də var, qeyri-peşəkarlara da rast gəlinir. Lakin istənilən halda proses gedirsə həm də məktəb, necə deyərlər, "ecole" vəzifəsini də üstünə götürüb. Ümid etməyə daha çox haqqımız var.

- Daha çox türk ədəbiyyatı ilə maraqlandığınızı müşahidə etmək olar. Bu nə ilə bağlıdır? Silsilə şəklində yazdığınız Əziz Nesin, Oğuz Atays.

- Çox güman, "Türkcə və məncə" silsiləsindən yazılmış esselərə və tərcümə etdiyim türk romanlarına görə belə fikir yaranıb. Həmçinin sosial şəbəkələrdə daha çox türk dilində ədəbiyyat söhbətləri paylaşıram ki, bu da daha çox insanların bu dildə söhbətləri asanlıqla başa düşməsi ilə bağlıdır. Lakin mən müxtəlif müəlliflər və əsərlər haqqında yazmışam, başqa müəlliflərdən də tərcümələr etmişəm. "Ədəbiyyat qəzeti"nin ərköyün qızı kimi silsilədən silsiləyə, mövzudan mövzuya dönüş etməyim həmişə səbrlə qarşılanıb. Mənim üçün ədəbiyyatın harda yaranması və ya hansı xalqın nümayəndəsi, həmçinin hansı ölkəyə yaxşı bələd olan müəllif tərəfindən yaradılması məhz baxışlarını bu sadaladıqlarımın necə istiqamətləndirdiyi baxımından maraqlıdır. Yaxşı əsərlər heç zaman məhəlli deyil, lakin eyni zamanda spesifik ruh daşıyır. Həmin ruhu duymaq, insanı həyatın müxtəlif coğrafi, siyasi, dini, milli taleyi fonunda hiss etmək mənim üçün əsasdır. Ayrı-seçkiliyi daha çox klassikayla müasir ədəbiyyat baxımından aparmış ola bilərəm, indi daha çox müasir dünyada nələrin yazıldığı ilə tanış olmağa can atıram. Bu prosesin daxilində türk müəlliflərin yaxşı əsərlər yazması isə danılmazdır.

- Mütləq oxumağa vacib bildiyiniz yerlixarici əsərlər...

- Bununla bağlı məsləhət verməyi doğru hesab etmirəm. Bu sualın cavabı yaxşı oxucunu maraqlandıra bilər, onlar isə çox güman bununla bağlı kifayət qədər məlumatlıdırlar. Bəzən mən özüm həmin o yaxşı oxuculardan bəhrələnirəm. Lakin valideynlərdən xahiş edirəm, övladlarınızı mütaliəyə alışdırın, hər gün onlara kitabı xatırladın, kitab almağa aparın. Onlara kiçikkən nağıl danışın, hekayələr oxuyun, şeirlər oxuyun, dünyanın gözəl uşaq əsərləri kitabxananızda olsun, bayramlarda kitab hədiyyə edin, gələcəyin səviyyəli oxucularını yetişdirməklə dünyaya yaxşılıq etmiş olursunuz. Digər tərəfdən, övladlarınızın kitab və mətn cəhənnəmində gərəksiz cızmaqaraların arasında həvəsdən düşməməsi və zövqsüzlüyə yuvarlanmaması üçün bələdçilik edin, sağlam düşüncəli bələdçilərin köməyindən istifadə edin. Ölkəsinin ədəbiyyatını sevdirin, dilini sevdirin, lakin dünyaya açılan pəncərələrini də bağlamayın. Ümidimiz ancaq sizədir.

- Ədəbiyyatdan və həyatdan gözləntiləriniz...

- Həyatdan nə gözlədiyimi bilmirəm, belə bir gözləntim olub-olmadığını da bilmirəm. Həyat mənim üçün elə ədəbiyyatdır. Çoxlu kitablar var oxunacaq, çoxlu filmlər var baxılacaq, çoxlu söhbətlər var dinlənəcək. Amma bunlar həyatdan və ədəbiyyatdan gözləniləcək şeylər deyil, özümüzdən asılıdır. Məncə, həyat və ədəbiyyat məndən nəsə gözləmir, aramızda səssiz bir razılaşma hökm sürür.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.14-15.