Ədəbiyyata və "Ədəbiyyat qəzeti"nə

həsr olunmuş ömür

 

Atababa İSMAYILOĞLU – 75

 

Sevirəm sənəti, elmi,

vətəni, bir səni

Qoy oxunsun bu şüarım,

mən öləndən sonra.

           Ələkbər Şahid

 

18 sentyabrda səhər tezdən qəzet saytlarda "Tanınmış jurnalist vəfat etdi" başlığı altında "Ədəbiyyat qəzeti"nin məsul katibi, Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin Sənətşünaslıq kafedrasının müəllimi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu (Hacıbabayev) dünyasını dəyişib" xəbərləri yayılmışdı. Bu jurnalist böyük bibimizin böyük oğlu Atababa İsmayıloğlu idi. Vətəndən uzaqda bu xəbəri almaq daha ağırdı. Bu xəbəri eşidəndə bir anlıq uşaqlığıma döndüm. O sakit, səbrli, təmkinli insanın həyatı kino lenti kimi gözümün önündən keçdi o andaca bitdi. İndiki kimi yadımdadır. Evləri Yasamalda, "Lalə" kafesi ilə üzbəüz doqquzmərtəbəli binada idi. Bu balaca evdə hər şeydən çox kitab vardı. Onlara qonaq gedəndə əsasən evdə olmazdı, çox gec gələrdi işdən. Bu yay da axşamçağı Bigəhdəki bağına getmişdik. Yenə evdə yox idi. Axşama qəzet çıxacaqdı axı. Beləcə, vidalaşmadan ayrıldıq bibioğlu ilə.

Elə bil ölümünü planlaşdırmışdı. 17 sentyabrda "Ədəbiyyat qəzeti"nin 36-cı nömrəsi çapdan çıxdı. 18 sentyabr 2022-ci ildə Haqqın rəhmətinə qovuşdu. O biri nömrəni hazırlamaq üçün həmkarlarına bir həftəlik zaman da verdi. Beləcə, çox sevdiyi işindən kollektivindən sağollaşmadan ayrıldı.

Atababa İsmayıl oğlu Hacıbabayev 21 sentyabr 1947-ci ildə Xırdalanda anadan olmuşdu. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil almışdı. Riyaziyyat fakültəsinə hazırlaşan Atababa müəllim bir təsadüf nəticəsində fikrini dəyişir. Bu hadisəni müsahibəsində belə təsvir edir: "O zaman kibernetika yarananda sovet ölkəsində belə bir ideya ortaya çıxdı ki, bu sahəyə uşaqları cəlb etsinlər. Bütün məktəblərdən riyaziyyatı yaxşı bilən 700 uşaq yığdılar, üç mərhələli seçimdən sonra 20 nəfər qaldıq. Sonuncu imtahanda artıq proqramdan sual vermirdilər, yalnız təfəkkür qabiliyyətini yoxlayırdılar. Kursumuz indiki Bakı Dövlət Universitetinin yanında idi. Riyaziyyat mexanika keçirdik. Bizə ən yaxşı riyaziyyatçı alimlər dərs deyirdi. Bizdən riyaziyyat alimi yetişdirmək istəyirdilər. Kursu da qurtardım. Bizi onsuz da güzəştli şərtlərlə Bakı Dövlət Universitetinə götürəcəkdilər. Amma elə olmadı. Bir qonşumuz var idi, Teatr İnstitutunun rektoru Rahib müəllimin sürücüsü idi. Bu sürücü avtomobilin altında nəyisə düzəldirdi, iki nəfər kənar adam da gəlib dayanmışdı bunlarla söhbət edirdi. Baxdım ki, istidir, bunlar da ayaq üstə qalıblar. Onları həyətə dəvət etdim. Səkidə stul qoydum, çay gətirdim. Mənimlə xeyli söhbət edirdilər. Onlardan biri Qulu Əsgərov imiş, o biri Rahib Hüseynov, Teatr İnstitutunun rektoru. Rahib müəllim mənə dedi ki, neynirsən riyaziyyatçı olursan, gəl sənədlərini ver bizim instituta, orda onsuz da imtahanlar tez başlayır. Keçərsən yaxşı, keçməzsən qaytararıq sənədlərini özünə, gedib riyaziyyata imtahan verərsən. Qəbul da oldum. Bir il candərdi oxuyurdum, teatrşünaslığı sevmirdim. Düşündüm ki, buranı bitirib gedərəm Qorki adına Ədəbiyyat İnstitutuna. Şeirlərim radioda, Azərbaycan gəncləri verilişində səslənirdi. Mehdi Məmmədov bizə ikinci kursdan dərs deməyə başladı mənə ixtisasımı elə sevdirdi ki, heç yerə getmək istəmədim".

Universiteti bitirdikdən sonra "Abşeron" "Gənclər" qəzetlərində işləməyib. Daha sonra Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor, "Bakı teatrlarında" məcmuəsinin redaktoru vəzifələrində çalışıb. 1978-81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq Mədəni Əlaqələr Cəmiyyətində Nəşriyyat şöbəsinin müdir müavini - 7 dildə nəşr olunan "Sovet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru, 1981-87-ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ilin yanvar ayından "Ədəbiyyat qəzeti"ndə fəaliyyətə başlayıb ömrünün sonuna qədər burada çalışıb. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərləri, resenziyalarlı, araşdırmaları digər janrlı yazıları çap olunub. Ömrünün 35 ilini "Ədəbiyyat qəzeti"nə həsr edib.

Qəzetdəki fəaliyyəti ilə paralel Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Mədəniyyət İncəsənət Universitetində Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi redaktoru, həmçinin televiziya radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilmiş, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq tərcüməçi kimi tanınıb. Azərbaycan mədəniyyətinin, teatr sənətinin, görkəmli incəsənət xadimlərinin həyatının öyrənilməsi cəmiyyətə çatdırılmasında, ümumən bu sahənin Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsinə çevrilməsində xidmətləri misilsizdir.

Atababa İsmayıloğlu "Rza Əfqanlı", "İki cəbhənin əsgərləri", "Səhnə andı", "Unudulmaz səhnə ustaları", "Molla Qeybullanın sərgüzəştləri", "İnkirlə Minkirin hüzurunda", "Mizan-tərəzi" b. kitabların müəllifidir. Mətbuatda teatr digər incəsənət sahələrinə dair 2000-dən cox məqaləsi dərc olunub. On cildlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən biri, Mirzağa Əliyevin "Xatirələrim" kitabının tərtibçisi, Mişkinaz Cavidin "Xatirələrim", Adilə İsmayılovanın "Məxluqə Sadıqova", ikicildlik "Akademik Milli Dram Teatrının fotosalnaməsi" kitablarının ixtisas redaktoru, digər onlarca kitab bukletin redaktoru, bir sıra tədris proqramlarının müəllifidir.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Atababa Hacıbabayev Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif olunub.

Atababa müəllim vəfat etdiyi günə qədər heç yorulmadan işləyib. Bir müsahibəsində jurnalistin "bu yaşınızda bu qədər işləyirsiniz, heç yorulmursunuz?" sualına "Yox. Dünyada ən pis şey bekarçılıqdan yorulmaqdır. Mənim üç yerdə işlədiyim olub. Teatrda ədəbi hissə müdiri, universitetdə müəllim, qəzetdə məsul katib. Teatrda tədbirlərdə iştirak elə, repertuar tərtib elə, universitetə yubanmaq da olmaz, bir tərəfdə qəzet ağzını açıb əjdaha kimi material gözləyir. Amma yenə yaxşıdır, insanın ömrünü azaldan elə bekarçılıqdır" cavabını vermişdi.

Atababa müəllimin məqalələrini əsasən "Ədəbiyyat qəzeti"ndən oxuyurdum. Tədris etdiyim Azərbaycan ədəbiyyatı dərsində qəzetin yeni nömrəsini gözdən keçirib Türkiyə Türkcəsinə çevirməyə şeir ya hekayə axtarırdıq. Bu zaman onun yazıları da qarşıma çıxırdı. Bu vida yazısını hazırlayan zaman Milli Kitabxananın elektron kataloqunda Atababa Hacıbabayev açar sözü ilə axtarış apardım saysız-hesabsız məqalələr, müsahibələr kitablarını gördüm. Onun təvazökarlığı buradan da görünür. Bu qədər məqaləni, müsahibəni kitab şəklinə salmamışdı. Atababa müəllimin bu məqalə müsahibələrini təsnif edib kitablaşdırmaq isə bizlərin üzərində borc kimi qaldı. Əliağa Vahid bir qəzəlində

 

Vətənə, xalqa calışdım, əbədi xidmət edəm.

Solmasın bağu baharim mən öləndən sonra...

 

- deyir. Atababa müəllimin qələmə aldıqları kitablaşdırıldığı zaman onun al-əlvan "bağçası" solmayacaq. Onun həyata keçirə bilmədiyi arzuları da vardı: "Uşaqlıq dövrümdən ta teatra gəlib çıxana qədərki xatirələrimi yazmaq istəyirəm". Bunlar isə onun arzusu olaraq qaldı bu xatirələri özü ilə apardı. Allah sənə rəhmət eləsin, nurlu insan.

 

Vüsalə MUSALI

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.11.