Qaranlıqla işığın ötəsində

 

Ədəbiyyatın mimetik mahiyyəti, sənətin mənşəyi və təsnifatı haqda Aristotelin fikirləri hələ də aktuallığını itirməyib. Məsələn, biz hansısa bədii mətnin tərifini verəndə mütləq nəzəriyyəyə istinad edirik. Aristotelin "Poetika"sı ədəbi sferada bir növ, yol hərəkəti qaydalarını tənzimləyir. Amma Aristoteldən üzübəri bəşəriyyət böyük inkişaf yolu keçib, nəzəriyyə isə dəyişməz qalır. Bu gün də biz düşünürük ki, ədəbiyyat sonsuz və fasiləsiz bir imitasiya prosesidir. Yazıçı alternativ dünya yaradırsa, mütləq şəkildə gerçək dünyaya istinad edir, mətn yaratmazdan öncə gördüklərini mütləq şəkildə yaddaşında fiksə edir.

Üslub isə yazıçının barmaq izləridir. Yazıçını mətnində tapmaq mümkündür. Hadisələrə, insanlara fərqli baxış yazıçının əsərinə müstəsnalıq qazandırır, kreativ təqlid mütləq və mütləq şəkildə adi insanların görə bilmədiyi məqamları oxucuya xatırladır. İstanbulu bir neçə dəfə gəzib-dolaşmışam, bu əfsanəvi şəhər haqqında yol qeydlərimi də qələmə almışam. Amma Orxan Pamukun "İstanbul. Xatirələr və şəhər" kitabını oxuyandan sonra İstanbul mənə bir az da doğmalaşdı. Yazıçı əlindən tutub səni yeddi minarəli şəhri qarış-qarış gəzdirir və böyründən keçdiyin, fərqinə vara bilmədiyin gözəllikləri sənə yenidən göstərir. Sən özünü İstanbuldaymış kimi hiss edirsən, şəhərin müəzzəm ab-havası içinə hakim kəsilir. "Qara kitab"da yazdığı, "az görürük, az bilirik, barı xəyallar quraq".

Orxan Pamuk obrazların alt-şüurunda arxeoloji qazıntılar apardığı kimi şəhərlərin də ruhuna nüfuz etməyi bacaran yazıçıdır. Bu əsərləri zəngin bir mədəni və mifoloji kontekst fərqləndirir. Hər bir sənət adamı həmişə əsər yaradanda onun ürəyi, canı kosmosa qalxır. Bu məqamda mifoloji təfəkkür mütləq şəkildə özünü göstərir. Mədəniyyətin səthi qatını formalaşdıran inteqrasiya prosesi Şərq-Qərb kontekstində məhz mifoloji obrazlarla yenidən canlanır.

Orxan Pamuk bu mənada özünün sələfi Əhməd Həmdi Tanpınar xəttinin davamçısıdır. Tənzimat dövründən sonrakı bu reformativ hərəkat Orxan Pamukla pik həddinə çatdı. Bu günlərdə yazıçı dostlarla söhbətdə onun bütün əsərlərini oxuduğumu dedim, kimsə soruşdu ki, bəs "Cövdət bəy və oğulları"nı necə? Orxan Pamukun ədəbi taleyini müəyyənləşdirən bu ilk əsərini, doğrudan da, oxumamışdım. Pamuk ədəbi yola məhz bu əsərlə çıxmışdı. Bu roman onun ədəbi dünyasına səyahət etmək istəyənlər üçün ən yaxşı bələdçidir.

Evə gəlib kitabxanama göz gəzdirdim, Orxan Pamukun kitabları olan rəfə baxdım. "Cövdət bəy və oğulları" küskün bir tövrlə oxunma növbəsini gözləyirdi.

Özündə avtobioqrafik məqamları ehtiva edən bu romanı yazıçı 70-ci illərin ortalarında, 22 yaşında yazmağa başlayıb. Əsər yazıldığı vaxtdan xeyli sonra, 1982-ci ildə çap olunub və dərhal oxucu marağına səbəb olub. Bu əsər Türkiyənin keçdiyi inkişaf yoluna bir işıq salır. İşıqla qaranlıq toqquşur, mübarizə aparır. Təsadüfi deyil ki, roman məhz işıqla başlayır. Cövdət bəy yol boyu dərin düşüncələrə dalıb. "Sis-duman çəkilmiş, yerini parlaq işığa vermişdi". Sonra əsər boyu işıqla qaranlıq bir-birini əvəz edir. Sanki bir ailənin timsalında Hürmüz və Əhrimənin mübarizəsi gedir. Cövdət bəy bu işıqla qaranlığın arasında boz bir həyat sürməkdədir. O, iş adamıdır, həyatını ticarətə sərf edib və Qərbin yaşam tərzi ona olduqca cəlbedici görünür. Əbdülhəmid zamanının son illərində modernləşməyə doğru can atan Türkiyə Nişantaşılı bir ailə modelində təqdim olunur. Pamuk, demək olar ki, bundan sonrakı əksər əsərlərində eyni platformadan çıxış edir. "Cövdət bəy və oğulları" ilə yazıçı özünün ədəb kredosunu bəyan edir. Heç şübhəsiz, Pamuk XX yüzilin ən böyük yazıçılarından olan Tomas Mannın "Buddenbroklar ailəsi" romanını oxumuşdu. Burjuaziyanın həyat tərzini, yaşayışını, siyasətini, sosial və iqtisadi vəziyyətini əks etdirən bu roman Tomas Mannı Nobel kürsüsünə gətirib çıxardı. Bu baxımdan, Orxan Pamukla Tomas Mannı birləşdirən oxşar cəhətlər az deyil. Hər iki əsərdə üç nəslin taleyi qələmə alınıb və bu tale burjua mədəniyyəti və əxlaqını gözardı edir.

"Cövdət bəy və oğulları"nda mədəni landşaft bu cürdür: kapitalizm, millətçilər, kosmopolitlər, mühafizəkarlar, Qərb yönümlülər... Və bütün bunlar bir-birilə yanaşı addımlaya bilmir, bir-birinin ayağına dolaşır. Şair Mühiddin Bodlerin təsiriylə şeirlər yazır, Mahir Altaylı isə qatı millətçidir, lokantada rastlaşırlar və aralarında Türkiyənin böhranlı vəziyyətiylə bağlı gərgin müzakirə gedir. Sən demə, belə bir vəziyyətdə Mühiddin, gənc bir şair mütləq millətçi olmalıdır. İmperializmə qarşı yeganə silah milliləşmədir. Bəs bəşəri dəyərlər? Mühiddin bu məqamda çaşqın durumdadır - üzünü Şərqə, yoxsa Qərbə çevirsin?

Əslində, bu konflikt Cövdət bəyin də ailəsində yeraltı təkanlar kimi hiss olunmaqdadır. Onun qızı Aişə piano müəllimi gənc Cəzmiyə aşiqdir. Siyasət onların da sevgisinə zəhər qatır. Cəzmi dünyagörüşlü, sekulyar bir gəncdir. O, ölkəsindəki cəhaləti, fanatizmi qəbul edə bilmir, düşünür ki, köhnə dəyərlər ölkəsini inkişaf etməyə qoymur. "Cahil xalq heç zaman inkişaf edə bilməz". Onun bu fikirləri Aişəni də əndişələndirir. Ailədə konservativ düşüncə hakimdir. Cövdət bəyin sivil Avropa həyat tərzini arzulamasına rəğmən oğulları arasındakı ziddiyyət, xanımı Nigan xanımın komformist və fatalist düşüncələri növbəti ziddiyyətlərə yol açır. Aişənin qardaşı onları birlikdə görüb qəzəblənir. "Bir də ondan piano dərsi almayacaqsan! Səni bu yaz İsveçrəyə yollayacağıq" deyir. Kosmopolit düşüncə ilə esxatoloji baxış toqquşur. Komformist düşüncə məsum bir qızın sevgisinə sədd çəkir. Məmləkətin Avropalaşma yönündəki maneələr, tərəddüdlər, təbəddülatlar Orxan Pamuk qələmində gözlər önünə Türkiyənin gerçək mənzərəsini sərir.

Cövdət bəyin digər oğlu Refik Cümhuriyyətin toplumsal projelərinə səmimi-qəlbdən inanmış gənc nəslin nümayəndəsidir. Bir az da Balzakın "Qorio ata"sındakı Rastinyakı xatırladır. Amma... Rastinyakın arxasında Fransız inqilabı dayanırdı, bəs Refik hansı ideologiyaya söykənirdi? Bu, ritorik sual deyil, türk gəncliyinin qarşısında duran və cavabını gözləyən həlledici bir sual idi. Refik və Ömər türk siyasi və mədəni tarixində, modernləşmə prosesində böyük önəm daşıyan nəhəng dəmiryolu projesində bir araya gəlirlər. Ömər millət vəkilinin qızıyla nişanlanıb və hədəfləri böyükdür. Mənfəətcil adamdır və varlanmaq, özünə müəyyən mənsəb qazanmaq üçün dəridən-qabıqdan çıxır. Refik onun qədər cəsarətli deyil. Anadolunu modernləşmə yoluna çıxaran bu projenin Nazim Hikmətdən üzübəri Oğuz Ataya qədər Cümhuriyyət ədəbiyyatında xüsusi yeri var. "Cövdət bəy və oğulları" məhz bu yolun tarixçəsini nəql edir. Di gəl, ədəbi zövqü Volterlə Stendal arasında bölünmüş Refik üçün bu dəmiryolu qurtuluş deyil. O, yeni burjuaziyanın nümayəndəsi ola bilmir. Onun həyatını relsdən çıxaran hadisələr baş verir. Bu qəlbiqırıq idealist Orxan Pamukun "Yeni həyat" romanındakı Rıfkı əmi surətində yenidən qarşımıza çıxır. Yeri gəlmişkən, Orxan Pamukun bütün əsərlərində sonra yazılacaq romanlarına işarələr var. Bu baxımdan, "Səssiz ev"də "Cövdət bəy və oğulları"ndan qopan qəlpələr var. Bunu yazıçı özü də esselərindən birində etiraf edir.

Refik Ömər kimi fürsətcil deyil. Utopiyası Yaqub Qədri Qaraosmanoğlunun "Ankara" romanıdır. Bu əsər onun stolüstü kitabıdır. Yeni qurulan bir dövlətin böhranlı dönəmlərində yalnız millətin mənafeyi uğrunda mücadilə verən idealist gənclər bu əsərin əsas qəhrəmanlarıdır. "Ankara" romanındakı Nəşət Sabit bəy Refik üçün ideal bir nümunədir. Yaxşı təhsil görmüş bu gənc yazar milli mücadilənin ön sıralarında addımlayır. Refik bu obrazla empati hissi yaşayır. Onun kimi vicdanlı, əqidəli olmaq istəyir.

Üçüncü nəslin nümayəndəsi Əhməd rəssamdır. O, artıq dünyasını dəyişmiş atası Refikin gündəliklərini oxuyur, bu gündəliklərdə təsvir olunan babasını daha dərindən tanımaq, onun rəsmini çəkmək üçün bu obraza bələd olmaq istəyir. Amma bu cəhdlər əbəsdir. Refikin gündəlikləri gerçəklikdən çox uzaqdır. Bu gündəliklər heç bir işə yaramır. Bəs nə etməli? Bu məqamda Əhməd sənətin sehrini kəşf edir: Uydurmaq, xəyal qurmaq! Qaranlıq-işıq qarşıdurmasının ötəsindəki gerçəkliyi məhz bu yolla yaxalamaq mümkündür. Əhməd bu həqiqəti dərk etmiş yeni nəslin nümayəndəsidir.

Əhməd uşaqlığında rəssam olmağı arzulayan Orxan Pamukun özü deyilmi?!

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.3.