Azərbaycan Respublikasının Mədəniyyət naziri

Anar Kərimovun naşirlərlə görüşü keçirildi

 

Oktyabrın 6-da 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun naşirlərlə görüşü keçirildi. Görüşün əsas mahiyyəti ötən il qaldırılan məsələlərin və edilən təkliflərin nazirlik tərəfindən icrası, yeni təkliflərin alınması, eyni zamanda mövcud problemlərin müzakirəsi ilə bağlı idi.

Görüş zamanı nazir bildirdi ki, ötən il naşirlərlə görüş zamanı kitab sənayesi sektorunun inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilmiş və sözügedən təkliflər “Azərbaycan Nəşriyyatları Assosiasiyası” ictimai birliyi tərəfindən ümumiləşdirərək yazılı şəkildə Nazirliyə təqdim olunmuşdur. Təqdim olunan təkliflərin bir qismi birbaşa bizim səlahiyyətlərimizə aid məsələlər idi. Bəzilərinin həlli ilə bağlı Nazirliyin vasitəçi qismində çıxış etməsi nəzərdə tutulurdu. Bir neçə təklifin reallaşdırılması isə aidiyyəti qurumlarla razılaşdırma tələb edirdi.

Nazir çıxışında qeyd etdi ki, təqdim olunan təkliflər arasında bəzi məsələlər artıq həllini tapmışdır. Bunlardan birincisi kitab nəşri sahəsində qanunvericilikdə dəyişiklik edilməsi, yəni kitabın ƏDV-dən azad olunması idi ki, məlum olduğu kimi bu məsələ artıq öz həllini tapıb. Nəşriyyat işinin predmeti üzrə əsas materiallar və məhsullar, eyni zamanda kitab satışı əlavə dəyər vergisindən azad olunub. Hazırda Azərbaycan kitabın tam şəkildə ƏDV-dən azad olunduğu dünyanın təxminən  50 öllkəsindən biridir.

Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi ilə bağlı edilən təklifə münasibət bildirən Anar Kərimov qeyd etdi ki, artıq 2021-ci ildən Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi qərara alınıb və hazırda birlikdə olduğumuz 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili də bu qərarın icrasının göstəricisidir.

Daha bir təklif stendlərin nəşriyyatların kitab həcminə görə bölüşdürülməsi məsələsi ilə bağlı idi ki, nazir bu təklifin də həlli reallaşan işlər sırasında olduğunu nəzərə çatdırdı və bildirdi ki, bu il Bakı Beynəlxalq Kitab Sərgisinin strukturu və formatı beynəlxalq kitab sərgilərinin təcrübəsinə uyğun yenilənib. Yerləşmə planı seksiyalar üzrə tərtib olunub və hər bir nəşriyyata istədiyi həcmdə sahəni əldə etmək imkanı yaradılıb. Bütün iştirakçılara tam təchiz olunmuş 6m2 sahə ödənişsiz verilib və əlavə sahələrin icarəyə götürülməsi üçün təşkilatı dəstəyi təmin edən şirkətə ödənilən vəsaitin bir qismi nazirlik tərəfindən qarşılanıb.

Tanınmış əcnəbi yazarların sərgiyə dəvət olunması məsələsini builki sərgidə prioritet olan mövzulardan hesab edən Anar Kərimov məlumat verdi ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə Türkiyədən 16, Rusiyadan 13, Özbəkistandan 2  müəllif dəvət olunub. Bunlar arasında dünyaşöhrətli İlbəy Ortaylı, Türkiyənin modern poeziyasının nümayəndəsi Adnan Özər, uşaq ədəbiyyatı üzrə tanınmış yazarı Fateh Ərdoğan yer almışdır. Növbəti sərgiyə ədəbiyyat üzrə nobelbuker laureatlarının dəvət olunması planlaşdırılır.

Nazir daha sonra Bakı Beynəlxalq Kitab Sərgisinin piarreklam aksiyalarının keçirilməsi ilə bağlı səsləndirilən təklifin də həllini tapdığını bildirərək vurğuladı ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilati, piarreklam işlərinin xüsusi proqramı və sistemi hazırlanıb. Kütləvi informasiya vasitələrində, elektron mediadasosial şəbəkələrdə geniş təbliğat işləri aparılıb. Sərgiyə çağrı məzmununda 2 ədəd videoçarx və 10 ədəbiyyat və incəsənət xadiminin iştirakı ilə video müracətlər hazırlanıb. Ən çox dinlənilən 3 radio tezliyində gün ərzində sərgi haqqında mütəmadi məlumat səsləndirilib.

Anar Kərimov həyata keçirilən işlər barədə məlumat verəndən sonra həllini gözləyən, hazırda icrası nəzərdə tutulan məsələlərə də diqqət yönəldərək bildirdi ki, bütün bunlar bizə edilən təkliflər arasında reallaşdırılan, həllini tapan məsələlər idi. Bununla belə bəzi həllini gözləyən məsələlər də vardır. Məsələn, Azərbaycanda kitab günününya naşirlər gününün təsis olunması. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasında “Naşirlər və kitabxanaçılar Gününün təsis olunması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılmışdır.

Daha bir məsələ İSBN-nin naşirlərə ödənişsiz verilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə İSBN-nin verilməsi və tənzimlənməsi Nazirliyin səlahiyyətləri çərçivəsində deyil. Biz bu məsələnin həlli ilə intensiv məşğul oluruq. Bu məsələnin həllində Azərbaycan nəşriyyyatları da fəal olmalıdır. Biz Mərkəzə illik ödənişin edilməsini və nəşriyyatlarımıza İSBN-nin ödənişsiz verilməsini məqbul hesab edirik. Eyni zamanda biz bu məsələni Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ilə də müzakirə edirik.

Nazir gənc yazarların əsərlərinin nəşrinin bir qisminin dövlət tərəfindən qarşılanması və Azərbaycan Ədəbiyyatının Dünyada Tanıdılması məsələsinin həllini gözləyən işlər sırasında olduğunu nəzərə çatdıraraq qeyd etdi ki, gələn il bu iki layihənin icrasına başlanılması nəzərdə tutulur.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirdi ki, bu il kitab alışı ilə bağlı nəşriyyatların təklifləri də nəzərə alınıb. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin əvvəlində elan edilən “Nəşrlərin satınalınması müsabiqəsi”çərçivəsində nazirliyin tabeliyində olan kitabxana fondları üçün 498 174 manat dəyərində 50 465 nüsxə kitab alınıb. Bu ötənilki alışla müqayəsədə 5 dəfə çoxdur.

Görüş zamanı naşirlər kitab alışına göstərilən böyük dəstəyə və kitab sənayesi sektorunun inkişafı istiqamətində reallaşdırılan təkliflərə görə təşəkkürünü bildirdilər. Eyni zamanda naşirlər tərəfindən yeni təkliflər səsləndirildi və mövcud problemlərin həlli istiqamətində Mədəniyyət Nazirliyinin dəstək göstərəcəyinə əmin olduqlarını ifadə etdilər.

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.3.