Azər Turanın “Cavid idealları XXI əsr

kontekstində” mövzusunda məruzəsi dinlənildi

 

Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində cavidşünas alim, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın “Cavid idealları XXI əsr kontekstində” mövzusunda məruzəsi dinlənildi.

  Azər Turan qonaqları salamlayaraq Hüseyn Cavidlə bağlı ölkə başçısının imzaladığı sərəncama toxundu, bu sərəncamın Cavidə müasir düşüncə yönündə yanaşmaqda, əsərlərindəki mesajları dərk etməkdə yeni bir vasitə olduğunu nəzərə çatdırdı. Məruzəsində Cavidlə bağlı öyrənilməyən məqamlara toxunan Azər Turan bildirdi ki, Cavidin Türkiyədə təhsil illəri, burada sahibləndiyi yeni bilik arsenalının mənbəyi o qədər də geniş araşdırmanın predmeti olmayıb. Halbuki indiki bütövlənən türk amilində Cavidin əsərlərinin rolu danılmazdır. “XX əsrin əvvəllindən bizim çağdaş ədəbiyyata dürüst ideoloji müstəvidən adlayan iki müəllif var. Cavid və Hadi” fikrini səsləndirən məruzəçi həmçinin Cavidin 1918-ci ildə Seyid Hüseynlə birlikdə Bakıda erməni əsirliyində olmasından, oradan möcüzə nəticəsində qurtulmasından bəhs etdi. Daha sonra “İblis” faciəsinin mövzusuna toxunan Azər Turan bildirdi ki, “İblis”dən başqa Birinci Dünya müharibəsindən bəhs edən ikinci pyes yoxdur.

  Azər Turan Cavidin heç bir vaxt sovet dramaturqu olmadığını, ən kəskin, ən sərt dönəmlərdə belə özünün türk və turan əxlaqına sadiq ziyalı olduğunu bildirdi: “Sovet dövləti dinə nifrət saçan zaman Cavid “Peyğəmbər”i yazdı, türkçülük ideologiyasının süqutundan sonra “Topal Teymur”u qələmə aldı, burada Səlcuq amilini ilk dəfə olaraq ön plana çəkdi. Bu əsər həmçinin Topal Teymur obrazına verilən qiymətin, yetirilən baxışın ölçüsünü də dəyişdi. Cavidə qədər Topal Teymur qəsbkar, qaniçən bir hökmdar kimi tanınırdı”.

Cavidin özünə münasibətin isə ümummilli lider Heydər Əliyevlə dəyişdiyini vurğulayan Azər Turan böyük şairin nəşinin 1982-ci ildə vətənə gətirilməsi məqamlarına toxundu.

Görüş iştirakçıların sualları əsnasında davam etdi. Məruzəçi turançılıqla bağlı ona ünvanlanan suala cavab olaraq Əli bəy Hüseynzadə amilinə diqqət yetirdi. Əli bəy Hüseynzadənin “Hali-vətən” şeirini gerçək vətənin obrazını, səciyyəsini vermək baxımından “ilk”lərdən adlandırdı.

Daha sonra tədbirdə iştirak edən professor Qəzənfər Paşayev söz aldı. O, Azər Turanı böyük şəxsiyyət, ədəbiyyatçı İmamverdi Əbilov ocağının layiqli varisi hesab etdiyini bildirdi, onun Cavidlə bağlı müstəsna xidmətlərinə toxundu, hər həftə çap etdiyi “Ədəbiyyat qəzeti”ni ədəbi mühitdə misilsiz, analoqu olmayan hadisə adlandırdı və belə gözəl məruzəyə görə təşəkkürünü bildirdi.

Sonda tələbələ və oxucularla xatirə şəkli çəkildi.

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.6.