Heç bilmirəm, payızın neçənci yağışıydı,

Heç bilmirəm, oyunun neçənci dəqiqəsi.

Deyəsən, qol vurdular, sevinc səsləri coşdu,

Kimisə məyus etdi, kiminsə təntənəsi.

 

Həmişə belə olur, gedənlər udub gedər,

Qalanlara vətən özgə meydançasıdı.

Qalanlar gedənlərin arxasınca su atar,

Gedənlər qalanları sadəcə atıb gedər.

 

Qatarlar, təyyarələr, gəmilər bəxtiyardı,

Perronlar, duracaqlar, limanlar darmadağın.

Uçub gedir yuvadan sarıdimdik balalar,

Havalar bəxtiyardı, yuvalar darmadağın.

 

...Heç bilmirəm ömrümün neçənci payızıydı...

 

Səhər Əhməd

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.14.