Göy üzünün əmanəti  

  

O, sonuncu qatarın gəlişini gözləmədən qaçıb getdi. Bu gedişin sonunda müəmmalı qalan hadisə də onun qara paltarı idi. O şəxs heç vaxt kimliyini söyləməzdi. Simasını bir-iki dəfə gördüyümü xatırlayıram, amma o da lap uzaqdan. Yadımdadır, onun simasına diqqətlə baxanda qorxu və vahimə içində qara paltarlı libasını yerdən sürükləyərək qaçıb getmişdi. Bu gediş də indiki kimi səssiz-səmirsiz, yalanlarla dolu, bəlkə də xəyanət qarışıq son əlvida mesajı idi. Kimliyini bildiyim vaxt artıq çox gec idi. Onun kimliyi indi mənə lazım deyil.

"Onun kimliyi indi mənə lazım deyil" dediyim an gözlərim məndən oğurlandı. Sanki o vaxt anladım ki, gözlərimin şahid olduğu bu dəli-dolu fırtına alıb gizlətmişdi ən gizli evində...

Bu gün təbiət yuxudan oyanmışdı. Artıq əvvəlki kimi müharibə, dava, insanların ətrafa təlaşla qaçması, hətta çoxlarının qorxudan evindən belə çıxmaması kimi faciəvi günlər yox idi. Aylar sonra yenidən həyata qayıtdığımı hiss etdim. Oyanıb yerimdən qalxanda gecədən açıq qalan pəncərəmin önünə keçdim və dərin nəfəs aldım. Bir az pəncərənin qabağında hava alım, sonra havaya çıxacam, deyə düşündüm. Saçlarıma yavaş-yavaş sığal çəkir və köhnə xatirələri yada salırdım. Bu köhnə xatirələri yada salmışkən, isti çayımı və şokoladımı alım və bu gün üçün dəftərçəmə qeyd yazım.

Havalar soyumadan müharibənin gəlişi bizi yad küçələrdən alıb evimizə sürükləmişdi. Aylar sonra pəncərədən mavi Səmanı, qatar kimi süzən quşları, bülbüllərin nəğməsini eşitmək yuxu kimi idi...

Adətim üzrə hər səhər yuxudan oyananda nə xörək-çörək, nə də şirin çay içərdim. İsti qaynar çayımla şokoladım mütləq olmalı idi. Onları alıb gəldikdən sonra masa arxasına keçib dəftərçəmə kiçik qeydlər apardım.

- Xoş gəldin, yaz Günəşi! Bu gün təbiəti yuxudan oyandırdığın üçün təşəkkürlər! Köhnə xatirələrimi də çay kimi dəmləyib kağızın üstünə qoyub getmişəm. Bax, şəkillər ordan mənə baxır. Axı sən sübh tezdən doğula bilərsən, bəs yaxşı niyə doğulmursan? Cavabını söylərkən mən yuxuda olarsam, məni mütləq oyandır.

Elə deyəsən, dediyim də oldu. O gündən sonra bədənimi deyil, sanki gözlərimi çarmıxa çəkdilər. Ətrafımdakı bütün gözəlliklərdən məhrum edildiyimi hiss etdim.

Dəftərçəmi kənara qoyduqdan sonra isti çayımı içə-içə köhnə xatirələrin toplandığı albomu əlimə alıb vərəqlədim. Gözümün önündə film lenti kimi canlanan bu səssiz kadrlar anidən itdi. Qəfildən qapının döyüldüyünü, hətta bir ara pəncərəyə yağış damlalarının töküldüyünü də hiss etdim. Ayağa qalxıb qapıya tərəf getdikdə qapının deşiyindən baxdım, ancaq heç kəs yox idi. Ayağımı bir addım otağıma atırdım ki, qapı yenə tıqqıldadı. Öz-özümdən ürpənsəm də, tez panikaya düşmədən qapıya yaxınlaşıb: - "kimdir?", - deyə səsləndim. Səs eşidilmədi, amma 5 dəqiqədən sonra yaşlı, qoca bir kişinin səsinə bənzər bir şəxsin danışdığını eşitdim:

- Siz kimsiniz? Məndən nə istəyirsiniz? Hər dəfə qapını vurub çalırsınız. Bu nə deməkdir?

- Günel, bayaqkı sözünü xatırlayırsan? "köhnə xatirələrim də çay kimi dəmlənib, gəl, yaz Günəşi!".

Bir anlıq qorxuya düşdüm. Bəlkə mən dəli olurdum? Yox, yox! Mən nədəsə səhv edirəm, axı bu doğru ola bilməz!

- Öz-özünə danışmağı kəs, Günel!

- Bir dəqiqə, axı siz mənim adımı hardan bilirsiniz? Siz ümumiyyətlə kimsiniz?

- Qapını açma. Bax, qətiyyən deyirəm, əgər qapını açarsan...

Yarıda kəsilən bu danışıqdan sonra dözməyib qapını açdım. Ətrafda heç kəs yox idi. Qəribədir, yoxsa mən dəli olurdum? Deyəsən, mən dəliliyə doğru addımlayırdım. Həkimə getsəm yaxşı olar.

Bu sözü deyib qapını bağladıqdan beş dəqiqə sonra qapı yenə tıqqıldadı və bu dəfə məndən dəhşətli qışqırtı qopdu. Necə qışqırdımsa, qonşular səsimə toplandı. Qapını açıb "hər şey qaydasındadır, narahat olmayın", - deyib hamını evinə yola saldım. Gözüm yerə sərilmiş xalçanın üzərindəki məktuba sataşdı. Bu məktub bura necə gəlmişdi? Kim gətirmişdi? Kimdən idi? Eh, Günel, danışana kimi açıb oxusan.

Məktubu yavaşca açdım. Əllərim titrədiyindən içəri keçib qapını iki dəfə içəridən bağladım. Məktubu yazı masamın üstünə qoyub oxumağa başladım:

Qatar gecikəndə insanlar tələsir. İşə gecikəndə də insanlar tələsir. Bəs yaxşı, Günel, sənin həyatda tələsdiyin hansı məqamlar olub? Həyatındakı bütün gizli qalan sirlərin hamısını bilirəm. Necə bildiyimi, yaxud hardan bildiyimi heç soruşma, çünki cavablamayacam. Sən heç mənim kim olduğumu da bilməyəcəksən. Bayaq qapını tıqqıldadıb gedən mən idim. Narahat olma, sən dəli deyilsən və heç həkimə görünməyin də lazım deyil. Sən hər şeyin fərqindəsən, eynən mənim kimi. Sən məni görmürsən, ancaq mən səni görürəm. Beyninə informasiya deyil, siqnal göndərməyə çalış. Xatırla, iki il bundan öncə qara paltarlı bir şəxslə tanış olmuşdun? Yenə xatırla, o şəxslə danışarkən nə hiss etmişdin? Heç nə. Elə deyilmi? Qızğın, soyuq qış fəslində qar, çovğun vaxtı dəhşətli müharibə idi. Bunları xatırlaya bilirsən? Müharibədə neçə-neçə şəhid verdik. Neçə-neçə igidimiz itkin düşdü. Sən də bax o insanın itkin düşməsinin səbəbkarısan! O insan səni özündən belə çox sevsə də, sən bunu heç vaxt bilmədin. Zamanı geriyə ala bilməyi heç düşünmüsən, Günel? Bax, bir məktubda sənə gör nə qədər sual ünvanladım. İndi sən söylə, bu suallara cavab verməyə hazırsan, ya da qadirsən? Mən deyim? Yox! Bilirsən niyə?! Çünki sən qorxularınla, keçmişinlə üzləşməyi bacarmırsan! O insanın sevgisini bu gün qazansaydın, bəlkə də göz yaşların o boş, saralan kağızlara tökülməzdi. İndi sənə əmr edirəm ki, illər öncə qaynar çay tökülən və sonra saralan o bomboz kağıza diqqətlə bax. Saxladığın yeri də bilirəm. Masanın künc tərəfindəki siyirmədə hamıdan gizlədirsən. Niyə gizlədirsən? Çünki etiraf mesajıdır. Bəlkə çoxları üçün etiraf mesajı, amma sənin ömür yoldaşın, dostun, sirdaşındır bu kağız parçası. Məktubu alıb oxuduğunda mən səni yenə izləyəcəyəm. Bəlkə də mənim kimliyimi sorğulayacaqsan, amma zamanı gəldiyində biləcəksən. Səni bu vicdan əzabıyla baş-başa buraxıram, çünki sevdiyin şəxsin ölümünə səbəbkar sən oldun!

Unutmadan deyim, bəlkə hardasa o insan qarşına çıxa bilər, bu normaldır. Ancaq o səndən həmişə simasını gizlədəcək. Əgər bir gün qovuşsanız, bil ki, tilsim qırılıb. Vaxtını bilmirəm, amma səni dərin yuxu gözləyir. Yaşayacağın kabuslara indidən hazır ol. Gözlərin olmayacaq.

"Gözlərin olmayacaq" sözünü oxuduqda ürpənib kağızı kənara atdım. İçimdən dəhşətli hönkürtü qopdu. Bu an dəli dərəcəsinə gəldiyimi hiss edirdim, çünki əllərimdə başımdan yolub çıxardığım saçlarım vardı. O gün dedim ki, kaş müharibə yenidən qayıtsa, o müharibəyə qanlı-canlı girib onu tapardım! Kaş onun sağ olduğunu bilib, uzaqdan da olsa, sakitcə izləyərdim. Artıq çox gec idi.

Təbiətin yuxusu bitsə də, məni dərin yuxu gözləyirdi. İndi əllərimdə yolduğum saçlarım, kəsdiyim qollarım, boynumdan asılan ipə bağlı olan Günel idim. İpi boğazımdan assam da, görün nə qədər qorxaq idim ki, onunla da özümü boğa bilmirdim. İnsan boğulanda iki duyğusunu itirmir: göz yaşlarının gözlərdəki ağrısını və ürəyindəki parça-parça olan xatirələri.

Mənim xatirələrim çaynikdə qalan köhnə dəm kimi saralıb solmuş, saçlarım isə büküb kənara atdığım kağızlar kimi artıq ölü idi.

Boynumdan ipi assam da, son xatırladığım qara paltarlı şəxsin köməyimə çatması oldu. İndi hardayam? Zaman məni hara aparır? Bu sualların cavabını tapmağa çalışsam da, son xatırladığım gözlərimin kiminsə bağladığıdır. Sonrası yalnız qaranlıq...

2 il sonra...

Artıq bu gün vaxt gəlib çatmışdı. 2019-cu ilin mart ayında intihara əl atdığımda yalnız xatırladığım qara paltarlı şəxs idi. Aylarla komada yatdım, çünki ip boğazımda sıxılmışdı. Onunla yanaşı gözlərimdəki göz yaşları qurumadan mənim gözlərim kor oldu. Ətrafımda heç kəsi görmürdüm. Bu gün o gün idi ki, gözlərim əməliyyat olunacaq və mən yenidən həyata geri dönəcəkdim. İndi mən təəccüb və heyrət içindəyəm ki, məktubu yazan şəxsin dedikləri necə ola bilərdi? Bəs müharibə?

Bəli, bu danışdığım hadisəni mən yaşadığım an yenidən müharibə başladı. Cəbhə bölgəsində yüzlərlə şəhid torpağa verdik. Gözlərim kor olduğundan aylarla evə məhbus qalan mən, müharibədəki tank səslərini eşidirmişəm kimi kor gözlərimlə televizordakı xəbərləri dinləyirdim. Həkimim qollarımdakı izləri, əslində, döyüldüyüm üçün olduğunu zənn etmişdi. Ancaq elə bir hal yaşanmamışdı. Mənim gözlərim görməsə də, ürəyim sızıltını, ağrını hiss edirdi axı! Nə qədər söyləsəm də mən öz canıma özüm qəsd etmişəm, amma həkimim inanmadı.

Son dəfə bir şəxsin yanıma gəldiyini xatırlayıram. Mənə oxuduğum məktubu təkrarən oxudu və çıxıb getdi. Adını soruşduqda isə cavab vermədən çıxıb getdi.

Bəli, 2 ildən sonra yenidən müharibə bitdi və yaz Günəşi doğuldu! Mənim gözlərim əməliyyat olunmuşdu. Artıq yenə evimdə isti çayım və şokoladımla birgə yazı masamın arxasında qələmimlə söhbətləşirdim.

O gün, yəni evimə gəldiyim gün siyirməni açıb, saralmış kağızı əlimə götürüb diqqətlə baxdım. Baxdıqdan sonra dedim:

- Əgər yaşayırsansa, sən Günelini qoyub getməyəcəksən, İlham, geri dön...

Bu sözdən sonra yenə masa arxasına keçib qələmimlə söhbətləşərkən qapı tıqqıldadı. "Kimdir o?"deyə səsləndiyimdə yenə səs gəlmədi. Bu dəfə qapını açdığımda qara paltarlı şəxs ilə qarşı-qarşıya idim. Onun simasını görməsəm də, hiss edirdim. Bu, İlham idi! Mən elə iki il bundan öncə də zamanın mənə yaşatdığı hadisələri film lenti kimi izləmişdim. Sadəcə zaman qaçıb gedəndə mən ona bir az laqeyd yanaşdım.

Anidən gözlərimdən yaş axdığında qara əlcəklərini çıxarıb göz yaşlarımı sildi və dedi:

- Sən mənim simamı görmək istəməzsən, əziz Günel...

- Yox, bu... Bu sənsənsə, mənə simanı göstərməlisən!

Son sözümü qətiyyətlə dedim. Çox həyəcanlı idim. Gözlərim əməliyyat olunmuşdu və iki ildən sonra İlham qarşımda idi.

- Aç, gizlətmə!

- Günel, mənə söz ver!

- Nə sözü? Nə desən edərəm, İlham, təki sən simanı göstər!

- Gözlərindən bir damla belə axmayacaq. Əgər axarsa, məni heç vaxt görə bilməyəcəksən danışırsan?

- Söz verirsən?!

- Yaxşı, İlham, söz verirəm!

Simasını açarkən dəhşətli görüntüylə qarşı-qarşıya idim. Müharibə zamanı simasında yaranan yanıq izləri, çapıqlar və kor olan gözlərindən biri...

- Bəs...

- Günel, sənin əməliyyat olunmağın üçün gözümü sənə qurban verdim, sevdiyim! Gözüm sənin ürəyin, mənim ürəyimsə, sənin yaşamağındır! Sən nəfəs aldıqca mən də yaşayacam! İndi istəyirsən, məni bu halımla qəbul et, ya da...

Son cümləsini tamamlamağa izn vermədən boynuna sarıldım, amma onun yanında ağlamadım. Masa arxasında qələmimin şahid olduğu, kağızların isə göz yaşlarımla söhbətləşdiyini heç kim bilmədi.

Barmaqlarımla simasındakı yara izlərinə toxunanda, sanki canımdan bir can qopub düşdüyünü hiss etdim. Mən ağrılarımı heç vaxt heç kimə söyləməzdim, ancaq bu dəfə ağrılarım o qədər şiddətli idi ki, dözməyib İlhamın qollarındaca hönkürtü çəkdim.

Vətən mənə İlhamımı geri verdi, çox şükür, Tanrım, çox şükür! Bəlkə İlham qayıtmaya bilərdi, bəlkə də iki il deyil, hələ çox gözləyəcəkdim yolunu. Vətən, sənə heç vaxt üsyan etmədim, amma göz yaşlarımı saya bilmədiyimdən xatırlaya bilmirəm ki, göz yaşlarım səni incidib? Əgər sənin yurduna bir damla göz yaşı töküb incitmişəmsə, məni bağışla! Sənin qoynunda igid əsgərlərimizin qanı var! Torpaqda onların ruhu nəfəs alır! Şükürlər olsun ki, İlhamımın torpağını bağrıma basıb fəryad deyil, ürəyini, canını, mərdliyini, and yerini bağrıma basdım!

Müharibə bitmişdi. Bu gün çiçəklər saçlarıma ləçəklərini, göy üzü gözlərimə şahidliyi bəxş etmişdi. Bir dəfə çalınan bu gözlər indi mənə göy üzünün əmanəti idi...

 

Səma MUĞANNA

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.21.