Lev Nikolayeviç Qumilyov – 110

 

Sən mənə deyirsən...

 

Sən mənə deyirsən: sabah. Eh! Sabah

Fələk başımıza hər oyun açar.

Bütün kainata hakimdir Allah,

Zamana tək onun qüdrəti çatar.

 

Bir saat vaxt vermiş - şərabtək şirin,

Dante ahəngitək təkraredilməz.

Geçiksən, qəm bağlar pəncərələrin,

Sevincsə bir daha yaxına gəlməz.

 

Xatırlayır ixtiyarlar...

 

Xatırlayır ixtiyarlar, xatırlayır nəvələr;

Ulduzların öz yolundan sapmadığı zamanlar,

Bir-birilə evlənərdi bir-birini sevənlər,

Savaşardı bir-birilə layiqini tapanlar.

 

Artıq kimə tay olasan, bölüşməyə kimin var,

Hansı dərdi söyləyəsən daha səbir daşına?

İndi qurdlar ulaşmada, indi zavallı quşlar

Dolanırlar viran qalmış şəhərlərin başına.

 

1937

 

 Yoxsul olsa da torpaq...

 

Yoxsul olsa da torpaq, zəngindir tariximiz,

mənzillər, illər yorar yaddaşımızı.

Müqəddəs ataların adına and içən biz,

Bu gün utancımızdan əyirik başımızı.

 

Evdə xanımın belə baxammırıq üzünə.

Sındırılmış, riyakar, bu ürkək nəzərləri

Bilə-bilə qatırıq al şərabın gözünə,

Qərq edirik qədəhdə eyibləri, şərləri.

 

1935

 

Bizim atlar yelqanadlı...

 

Bizim atlar - yelqanadlı,

            bizim qızlar - tər çiçək,

Düzəngahlar - sonsuz, azad,

            çöllərimiz - gen qucaq.

Amma atlar yorulacaq,

            qızlar qısqanc olacaq,

Sonsuz, azad çölləri

            bəmbəyaz qar örtəcək.

 

 

Mənim başqa istəyim var:

            dərdlərimi unudub,

Bir ocağın ətrafında dostlarımla oturum.

Bizi hər vaxt şənləndirən

            "səadətdən" məst olub -

Xoş ətirli şərab ilə qədəhləri doldurum.

 

"Peterburq" silsiləsindən

 

Pilləkən

 

Tozlu pillələrdə ay ilə çıraq

Zaman keçirirlər pıçıldaşaraq.

Amma qaranlıqdır döngələr yaman,

Orada Roqojin - mənfi qəhrəman;

O, hər xışıltıya diqqətli qulaq,

Ona çətin deyil bıçaq saplamaq.

 

Qaranlıqmı belə dönmüş məşhərə,

Qorxu toxumları səpir hər yerə?

Zaman öz rəhmini tükədir boşa,

Kimlər ki, bıçaqla qalmış baş-başa.

Pillələr üstündə aymı qalıb tək?

Qorxuncdur caninin əlinə düşmək.

 

1935

 

"Tarix" silsiləsindən

 

Özgə sözlərdədir gizli məkanı

Özgə zəfərlərin, qəbahətlərin,

İnad əcdadların, sağır zamanın,

Bizlərə naməlum xəyanətlərin.

Ötən əsrlərin, qərinələrin

Kəfkiri ürəktək sinəmdə vurur.

Başqa həyatlar başqa ölümlər

Başqa kəlmələrdə yaşayıb durur.

Ölümün onları haqladığı yer

Dönüşü olmayan elə məkandır,

Adı kitablardan silinsə belə

Zülümdən doğulan izləri vardır.

Onlar yaşayırlar - qəbir daşları,

Etimad edərək can verənlərin,

Amalı uğrunda qan tökənlərin

                        lal sirdaşları.

Taleyin kələfi

Əfsus ki, hər kəsə bir cür tor qurur.

Əsrlər ardından gələn sədalar

Ürəktək qəlbimin içində vurur.

Mən iki ürəklə ölmərəm bir ,

Yaşayıb yad gündə, yad kəlmələrdə.    

 

1936

 

Yol

 

Hər bir yolun başı sevgidir desək

Dünya boş görünməz o zaman bizə.

Torpağa yenidən bir nəzər etsək

Bir başqa aləmtək görünər gözə.

 

Yaxşı tanımırıq ana torpağı,

Yerdəki həyatı örtür buludlar.

Biz burda zamanın vaxtsız qonağı,

Əbədi dünyada öz evimiz var.

 

Poeziya

 

Vaqif olmaq üçün bəşər sirrinə,

Bəzən yetməyəndə buna gücümüz,

Sığınıb sözlərin möcüzəsinə

Şeirlər qoşmağa başlayırıq biz.

 

Yollar qarşımızda açılır bir-bir,

Bu yeni dünyaya əlini uzat;

Özü sözümüzün önündə gedir

Sözün önümüzdə açdığı həyat.

 

Bilgi

 

Yeni söz deməyə acizik müdam,

Köhnə sözlərin yox bilicisi.

Cani  olmaq istər indi hər adam,

Ayırd etmək üçün yaxşını, pisi.

 

Biz koruq. Elmsə, sözün doğrusu,

Yeni bilgilərin möcüzəsidir.

O, bahar çağının göy gurultusu,

Məsih badəsinin bir şöləsidir.

 

Nəticə

 

Məkanımız - düşüncələr,

            zamanımız bol.

Bağlıdır dünyaya qapı,

            azadlığa yol.

 

Könül açan xəbərlər          

            səssiz-səmirsiz.

İndi dünənin qədrini

            çox bilirik biz.

 

Rus dilindən tərcümə: Afaq Şıxlı

 

Moskva

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.26.