Yazıçı Sevinc Nuruqızının

Pıçıltı kitabının təqdimatı olub

 

Respublika Uşaq Kitabxanasının VIII Beynəlxalq Kitab Sərgisində silsilə tədbirləri davam edir.

Bakı Ekspo Mərkəzində kitab sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında Təhsil Nəşriyyat Poliqrafiya Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Sultan cizgi filmi studiyasının tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının Pıçıltı kitabının təqdimatı təşkil olunub. Kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəssamı Nigar Mustafayevadır.

Əvvəlcə Sultan cizgi filmi studiyasında çəkilmiş Pıçıltı cizgi filminin tanıtım roliki və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Çiçəyim uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş Pıçıltı kompozisiyası təqdim olunub.

Sevinc Nuruqızının Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf etdiyi Pıçıltı bütün canlıların və cansızların məhvinə səbəb olan terrora YOX deyənlərin haqq səsidir. Kitabın ilk səhifələrində deyildiyi kimi: Əslində, təbiət pıçıltılarla doludur... Biz eşitmədiyimiz pıçıltılarla... Səsini insana çatdıra bilməyənlərin pıçıltısı ilə... Arzularını səmalara ötürənlərin, istəklərini ağ-gümüşü buludlara pıçıldayanların səsi ilə... Çiçəklərin, böcəklərin, küləklərin pıçıltısı ilə... Quşların, daşların, yağışların pıçıltısı ilə... Dünyanı cənginə alan terrora, müharibələrə YOX deyənlərin pıçıltısı ilə... Bu yaşıl, mavi, günəşli planeti uşaqların əlindən alanlara etiraz edənlərin haqq səsi ilə...

Təqdimatda çıxış edən yazıçı Sevinc Nuruqızı, Təhsil nəşriyyatının direktoru Tural Axundov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, gənc rəssam Nigar Mustafayeva kitab və onun mahiyyəti haqqında ətraflı məlumat verdilər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd rəqəmsal əsrdə uşaqların intellektual inkişafında kitabın və mütaliənin rolunu artırmaq, uşaq və yeniyetmələri mütaliəyə həvəsləndirməklə yanaşı, uşaq ədəbiyyatı sahəsində ərsəyə gələn yeni əsərlərlə tanış etmək, yazıçı və oxucu arasında kommunikasiya xidmətini yüksək səviyyədə həyata keçirtməkdir.

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.5.