Tarixin nəfəsi kimi,

yaxud xalçanın gülünə bax

 

Altaydan Dunayacan fikrində, düşüncəsində böyük Turan dünyasından, Türküstandan min bir naxış olanların dünyasıdı görkəmli xalça ustası Afaq Kərimovanın bənzərsiz sənət aləmi. Təkcə gözlə nəzər yetirmək, baxmaq yetməz ki! Gərəkdi duyğularının, milli təəssübkeşliyinin nəzərlərilə ziyarət edəsən vurduğu hər ilməni, naxışı, çeşnini. Ərişindən-arğacından, kələfindən, kiryidindən dolanıb gələ hisslərin. Gözəlimiz Qarabağ qarasevdalısı Yavuz Bülend Bakilerin söz-söz, misra-misra anlatdıqlarını naxış-naxış, ilmə-ilmə yansıdır Afaq Kərimovanın sənət dünyası. Baxırsan, duyursan inanırsan ki, həqiqətən belədi. Həqiqətən :

 

Yüz illərdən bəridir Altaylardan Dunaya

bizim türkülərimizdir söylənən,

danışan dil bizim dilimizdir.

Rəng-rəng, naxış-naxış

aləmi içinə alan sonsuzluq

heç torpaq deyil,

kilimlərimizdir...

 

Xalımız-xalçamızdır. Türkülərimizin, dilimizin, düşüncələrimizin rəng-rəng, naxış-naxış, ilmə-ilmə əzizlənməsi, süslənməsi Afaq xanımın sehrli barmaqlarına əmanətdi. Hər naxışın, ilmənin yerini, məqamını bilir. Əsiridi bu aləmin. Heç kim onun kimi anlaşa bilməz ilmənin, kələfin səssizliyilə. "Yeri, yeləni güllü bahar, köbəsi qış" (F.Sadıq) xalçalarımıza verilən nəfəs Afaq Kərimovadan gəlir. "Gəlindən ismətli, qızdan həyalı, ətri-təravəti çiçəkdən alan, bütün keçidləri, döndərmələri, bütün ilmələri ürəkdən olan" (Z.Yaqub) ipək əriş-arğaclı, çiçək topaları, gül çələngləri olan xalça aləmimizin sonuncu mogikanlarındandı Afaq Kərimova. Barmaqları işıq seli, şüası kimidir. Zərif təravətlidir. Hər ilməsi "insanda insan oyadır" (R.Rza). Hər naxışı "Mən burdayam, İlahi" dilmanclığı edir. "Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam" ucalığından, dünyaviliyindən gəlir Afaq xanımın sehrli çeşni, naxış aləmi. Dədə Qorqudu,  Şah İsmayıl Xətaini anladır. Nizamini təqdim edir. Cavidə, Şəhriyara qovuşur. Bütöv Azərbaycanı təcəssüm etdirir. Onlarda yaşayır, onlarda ömür sürür.

Dərsini, bilgisini görkəmli xalça ustası Lətif Kərimovdan alıb Afaq xanım. Onun tələbkarlığını qayğısını, diqqətini görüb. Bu böyük ustadı ilə həmişə fəxr edib. Məsuliyyət hissi böyük ustadından gəlir. Dönə-dönə, sayğı şükranlıqla xatırlayır ki, "tələbəliyimin ilk semestrinin sonunda Lətif müəllimin tapşırığından kənara çıxıb onun portretini qrafik üsulla, ornamentlərlə işlədim. Ustadın çox xoşuna gəldi, məsləhətlərini verdi. Bu portret həm mənim gələcək sənət yolum üçün yaşıl bir işıq yandırdı". Əsərlərinin dünyanın müxtəlif ölkələrindəki muzeylərdə, demək olar ki, hər gün sərgilənməsinə yol açdı. Ulu öndər Heydər Əliyev prezident kimi ABŞ-a ilk səfəri zamanı amerikalı həmkarı Bill Klintona məhz Afaq xanımın göz işığının bəhrəsi olan xalçanı hədiyyə etdi. Amerikanın dövlət başçısı bu gözəl xalçanın dərin mənasını anladığını dönə-dönə etiraf etdi, heyranlığını minnətdarlıqla dilə gətirdi. Afaq xanım Azərbaycan həqiqətlərini, qədim Odlar yurdunun möhtəşəm, yenilməz iradəsini, dünyayla yaşıd olmasını ilmələrin, naxışların dililə anlatdı dünyanın super güclərinə.

İndi Afaq xanım xüsusi bir şükranlıqla dilə gətirir ki, "mən böyük şairimiz Hüseyn Cavidin ev muzeyinin tərtibatında əməyi olmağımın xoşbəxtiyəm". Təklif görkəmli sənətkarın qızı Turan Caviddən gəlmişdir. Bu təklifin yolunu da Afaq xanımın müəllifi olduğu, H.Cavidə həsr etdiyi xalçanın xoş təəssüratları açmışdı. Vaxtın baxtın, zamanın ucalığından təqdim edilir bu xalçada Cavid əfəndi; əbədi tarixi məqamında. Vaxt göstəricisi, çərxi-fələyin dövran simgəsi belə ondan aşağıdadır. Ondan da aşağı sonsuz kəhkəşanlara götürən pilləkənlər; ağla qaranın qovşağında... Pənbə buduldar hücrəsində...

Hər ilmə Cavidi anladır, hər naxış tarixin üslubu, nəfəsi kimidir. Bu ornametlər, üslub sənətkarın böyük qəlb şairi Füzuliyə həsr edilmiş xalçasında da göz önündədir. Lirika dəftərilə açılır hücrə. İlmələrin alt qatından pərvanələrin ruhu, xəyali çırpıntıları yansıyır. Mələklər seyrəngahdadı. Bu xaotik aləmi yenə zamanın fövqündən seyr edir Mövlanə Füzuli. Sanki indicə dil açıb deyəcək:

 

Öylə sərməstəm ki,

            idrak etməzəm dünya nədir,

Mən kiməm, saqi olan kimdir,

            meyü səhba nədir.

 

...Hikməti-dünyavü mafihə bilən arif deyil,

Arif oldur bilməyə dünyavü mafihə nədir.

 

Ahü-fəryadım, Füzuli, incidibdir aləmi,

Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?

 

Afaq Kərimovanın sənət aləmilə tanışlıq hər kəsi məhz onun özünə məxsus, özünün olan, pünhan Göy üzünə, məhrəm Səmasına, könül dünyasına götürür. Düşüncəsinə, ruhuna yeni çalar qatır, zənginləşdirir, zamanı bir öylə anladır ki, bütün istəklərin, çabaların fövqündə taxt qurmuş kimi hiss edirsən özünü. Aləmə səs salmaq, anlatmaq, bəyan etmək istəyirsən ki:

 

Xalçanın gülünə bax,

İlmənin dilinə bax.

O yanda ocağına,

Bu yanda külünə bax.

 

F.Sadıq

 

Baxıb da Xan qızı Natəvanı, Xan Şuşiniskini, Səməd Vurğunu, Üzeyir bəy Hacıbəylini bir arada, ölümsüzlük məqamında görür, anlayırıq Afaq xanımın təqdimatında. Baxıb da tanınmış sənətşünas Ziyadxan Əliyevin Afaq xanımın bənzərsiz sənət aləmini incələyən fikirlərilə dönə-dönə həmrəy oluruq: "Afaq Kərimova həm "batik" texnikasında işlənmiş çoxsaylı dekorativ-tətbiqi sənət əsərlərinin müəllifi kimi tanınır. Rəng improvizmlərinə geniş imkan verən bu texnikanın uğurlu tətbiqi sayəsində onun müxtəlif mövzulara həsr olunmuş çoxsaylı batik nümunələri mövcuddur... Bu batiklər mövzu baxımından qədər fərqli olsalar da, onların dərin məna tutumu ilə seçilən kompozisiyalarında tamaşaçının diqqətini cəlb edə biləcək, onu dialoqa çəkmək gücündə olan bədii ayrıntılar kifayət qədərdir".

Həqiqətən belədir. əlbəttə, dahilər, böyük sənət fədailəri ən kiçik işlərində belə böyük olaraq qalırlar; eynilə Afaq Kərimova kimi.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.10.