Ümid

 

1.

 

Ümid kiçik bir şam kimi

Görünər uzaqlardan,

Əlinin buzunu əritməsə

Qəlbini buzlanmağa qoymaz...

 

2.

 

Biz

Axşamdan bişən yemək kimi

Ümidin bir azını

Məcburuq saxlamağa sabaha.

 

3.

 

Həyat qanadlarını açıb

Şığıyan qartaldısa

Ümid

Körpə-körpə quşların üstünü örtən

Yamyaşıl yarpaqdı.

 

Bir intiharın tarixçəsi

 

Siqnal səsi daş kimi düşüb

Şüşə kimi çilik-çilik edər fikirlərini

Anidən ayılar sərxoş adam

Ayılar xəyala getdiyi yolun ortasında

Ayılar ağrılarından, acılarından...

 

Bir az geriyə qaçar,

Bir az qabağa

Sürücü yazıq bilməz

Sağa qaçsın,

Sola qaçsın.

Heç bilmədiyi bir oyunun içində

Hara gedəcəyini bilmədən qalar...

 

Sərxoş adamın film kimi

       gözünün önündən keçər yaşamadıqları

Qızının əlindən tutub dərsə aparmamağı,

Yoldaşının üzünə gülməməyi,

Oğlunun çiyninə əlini qoymamağı...

 

Əyləc səsi,

İçini qurd yemiş ağac kimi yerə yıxılan adam

Sıraya düzülər maşınlar

Tanımadıqları adamın cənazə namazına...

 

 

Kimin göz yaşıdı belə

 

Kimin göz yaşıdı belə

Bir evdə bir cüt gözdən çıxıb

Min evin damından axır

Min-min adamı isladır.

Kimin göz yaşıdı belə

Oğluna sarı açılan

İsti-isti güllələri

Bir damcısıyla soyudur.

 

Kimin göz yaşıdı belə

Sahibsiz əsgər məzarının

Qapqara mərmərdəki

Üzünü, gözünü yuyur.

Kimin göz yaşıdı belə...

 

Malik ATİLAY

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.-S.27.