Dairəvi suallar

 

Bir gün

bir küçə darıxar yol üçün,

bir səki, - qaraltı...

Bütün fikirlər çarpaz kəsişir

dairəvi yolayrıcındakı

paralel xətləri seyr edərkən mürgü içində.

Oyaqsansa fikrini,

yatmısansa yuxunu qat, adam,

zənn etmə ki, mənəm səni gözləyən...

Ya da zənn et, fərqi,

bir cüt göz dolusu boşluqdursa kainat?!

Konturu tükənmiş telefonla

zəng etmə ki, gələcəyəm,

ya da zəng et,

çatmırsa çatmır, qəm...

Əslində o qaraltı mən deyiləm,

yəni gözləyən.

... kvadrat gözlərini açıb

seyr et dairəvari dünyanı, -

boşluqlarda da yaşamaq olurmuş

baxıb-baxıb sonsuzluqlara...

...Yaşamaq olurmuş boşluqları...

Dayanmışam üzü divara

anlaya bilmirəm, bu küçə hara,

bu yol hara,

bu divar hara...

...Mən hara?

Gül kimi söz

 

Dünya bahalıqdan qovrularkən

sözün ucuzuna qaçır adamlar.

Hikmətin axşam bazarıdır,

xarablarından şirə çəkir eşşəkarıları.

Üfunət iyi gəlir

sözü zibilqabına atanların fərəhindən...

Bir azdan biri

tənqid adına tərif deyərək qurdalayacaq

nəsə tapmağa turşumuşların arasında...

İndi söz bazarında üç şey daha çox hakim;

- kasıbçılıq,

- ucuzçuluq,

- keyfiyyətsizlik...

Həzzin şit yerində artar kiminsə bomj iştahası,

kim atarsa atar öz "xəzinə"sindən zibilliyə,

Kim taparsa tapar qurdaladıqca...

Birinin yükü yüngülləşər,

digərinin gözü doyar.

Bəlkə vaxtsa ucuzluqdan qurtular söz,

gül açar zibilqabıların yerində vaxtsa, bəlkə...

Bir ömür belə

 

Söndü işığına can atdığım şam,

Zülməti kösövlə aldatmaq olmur.

Hər gün bir az da çox təklənir adam,

Daha şeirlə baş qatmaq olmur.

 

Tale adamı pis sıxır küncə

Gərək ürəyi qoyasan dincə.

Bir gün arxasınca, bir gün önüncə,

qədər qaçırsan, qaç, çatmaq olmur.

 

Heç , cavanlığı verdik ta fötə,

Düşdü ömrümüzün düz yolu şötə.

O qədər doğma var özgədən ötə,

sinəyə çəkmək, atmaq olmur.

 

Elə doğru var ki, düşməlisən qac,

Sən ondan doymusan, o sənədir ac.

Bu elə bazardır, o elə hərrac,

Düşmən almaq olmur, dost satmaq olmur.

 

Bir gün qəza gələr, iki gün qada,

Verdik çiçək ömrü gül kimi bada.

Narahat yaşadıq nahaq dünyada,

Heyif, haqq dünyada dinc yatmaq olmur.

 

Yaz axşamı payız şeiri

 

Sabah tezdən yağış yağan üfüqdə

axşam batmaqdadı günəş,

günorta isə üstünü çırpmışdı

gözü şehli cəmənliyə yemişan kolu.

Bilmək olmur zaman ötəcək torağay,

"hop-hop" quşunun nəğməsi

bir topa bulud deyil ki, köç edə şərqdən qərbə.

Çiynimə yarpaqqurdu düşmüş fıstıq ağacından

sürünür qolumaşağı yığılıb-açılaraq...

Anlamadım,

hansı ağacla səhv salmış məni...

Oysa ki,

ömrümün payızındayam bu yaz axşamı.

Mən,

ancaq xəzəllərə salam apara bilərəm

gözlərimin alatoranında yosunvari.

Kölgələrin öləziyən çağıdır şər qarışan vaxt,

Günəş şəfəqlərini yığmış yer üzündən,

çox uzaqlarda bir dalğın bulud

ağuşuna almaqdadır sonuncu qızılı şüaları...

Gedəcəyim səmtə üz tuturam əl havasına,

şimal, cənub? -

bilirəm,

çox gözəl bilirəm,

bütün yollar qüruba çıxır hansı yönə üz tutsam.

Bir azdan

qaranlıq çökəcək yarpaqların yuxusuna...

... mən əllərimi yumacam bir ovuc sükuta.

Bir ...

sabah olacaqmı, Tanrı bilər!

 

Yoxun şeiri

 

Daha unutmaqlıq bir dərdimiz yox,

ağrısı var unudulmağın.

Başını buraxdım ömrün yellərə,

Fikrini çəkmirəm bir çəm bulmağın.

 

Sabah günəş doğmaz, axşam düşməz şər,

Güvəndiyim dağa qəfil çən gəlməz.

Gözümdən, könlümdən keçib gedənlər

Daha əllərimin içindən gəlməz.

 

Gözümün işığı zülmət kimidi,

Dönər öz yerinə qolay gecələr.

Çıxarıb atmışam eynəyimi ,

ulduz araram, Ay gecələr.

 

Ayağım altına düşüb ucalar,

Gözlərim aramaz bir hul-filan.

Deyirlər son anda yenə ümid var,

Yox e, axtarmıram stimul-filan.

 

Gücümdü tükənən gördüm ki, son gün,

o bilək qalıb, o diz yox.

Səbəb qalmayıb cığallıq üçün,

Daha unutmaqlıq bir dərdimiz yox.

 

Üzü qüruba şeir

 

Batırsansa, fərqi var, - dənizdimi, səhramı...

Cəsədinə daraşacaq qarışqa, balıq...

Dərya olsun, ya bir damla boğulmağa, ya da qum,

Su içində kim geyinir ümidindən arxalıq.

 

Qurtulmağa kömək olmaz xilasedici kəmər,

Ümmanlarda dəvə var, səhralarda gəmi.

Heyrət etmə susuzluqdan pörşələnsə dalğalar,

Ürəyindən keçən nədir, - odda buzlu kilkəmi?

 

Bəlli deyil bu dünyanın üzüləni, üzəni...

Bir damla su, bir dənə qum olduğum.

Tanrı necə yaradıbsa yaşarıq bu düzəni.

Su üzündə şəkil qalmaz, şəkil altındasa qum.

 

Fırtınalar qopacaqsa çəkinməyə səbəb yox,

Mənim canım torpaqlıqdır, suluqdur, qumluq...

Səhralardan, dənizlərdən keçməsəm sinəmdə

Daşıyıram ürək boyda vətən adlı sorumluq...

 

Gücüm çatsa ümmanlarda üzməyə,

Qanad tapsam ənginlikdə süzməyə...

Dizimdə güc, - səhralardan keçməyə...

Canımda tab, - özümə yurd seçməyə...

Ürəyimdə sevgi çağlar batmağa,

Səbrim çatsa son arzuya çatmağa

... batmaqsa, qərq olaram özümdə...

 

Qarışıq şeir

 

Bir az havasızlıq var çəkisizlik içində

Görünür, sinən altda bir ağrılıq ürək yox.

Gileylənirsən: - hanı itirib-axtaran kəs,

Şübhələr arasında sən arayan o şəkk yox.

 

Ayın neçəsi idi ən zülmətli gecənin,

Ulduzları seyr elə sərt üzü sərxoşluğa.

Cazibə qüvvəsinin dəyişib kəmiyyəti,

Göy üzündə buludlar axışmada boşluğa.

 

Yox, daha yıxılmağa qalmamış başqa çəm ,

Söykənib kölgəsinə yastı-yapalaq damın.

Qaraltısı qeyb olur...

xilasıdır şər vaxtı,

İşıqların düşməsi toranına axşamın.

 

Ümid adına heç közərtmir əl fənəri,

Hər kəs kölgəsiz çıxır sabahına birtəhər.

Düzü, bilmirəm nədir gözlədiyi çoxluğun,

Sənin üçün tənhalıq ünvanıdır bu şəhər.

Arzularla olanlar üst-üstə düşmür çox vaxt,

Bir qədər sən höcətsən, bir qədər həyat çətin.

Barmaqarası axır zaman lilli su kimi,

Ovucla içmək olmur sükutunu heyrətin.

 

Canın sıxıntısıdır doğmalıq sifətində,

Axır ki, dönə bildin bu dünyanın yadına.

Özünü itirməyə gərək yoxdur darıxıb,

Bir qəriblik dolaşır küçəboyu adına.

 

Sonacan kim yaşadı qulağı dinc, əli dinc,

Öz dilin olacaqdır öz düşmənin, - bəlli?!

Bu dünyada əvəzsiz kədər var, sevinc

Sən kiminsə qınağı, kimsə sənin, - bəlli?!

 

Ən xırda şübhədən qəlbə düşər qara xal,

Qəlbində qar yağanlar durmaz ocaq başında.

Ürək titrər, bilinməz, amma duyular dərhal,

Bir çiçəyin əsməsi gözlərinin yaşında...

 

Çoxu çoxdan unudub günlərin rəngini,

Adamların üzündə qayğıları nur olmur.

Bir sümükdür, bir dəri qeybət üçün qaraltı,

vaxtdır ac itləri susdurmaq olmur, olmur.

 

Süleyman Abdulla

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.26.