O gecə...

 

2020-ci ilin oktyabrında

Gəncə raket atəşinə tutulmuşdu...

 

Zaman çərtib barmağını

duz bağlasa da,

Gələn qan-qadanı qoymuşdu gözdən...

Neçəsinin əcəli

Qanad çala-çala keçmişdi

neçə-meçə dərədən, düzdən...

O gecə

Mənzillər dönmüşdü

Ölüm pətəyinə...

Daşlar-divarlar

həyatın üstə axnamışdı...

Gözəgörünməz qatilin əlləriylə

Ürəklərdəki ümid, inam laxlamışdı...

O gecə

Havanın dizini yerə gətirmişdi

Tüstü qoxusu...

O gecə gözlərində dəfn olunmuşdu

Neçə uşağın,

Neçə ata-ananın yuxusu..

O gecə

Nizami sığmırdı məqbərəsinə,

Şerinin hər sözü, hər hecası diksinmişdi...

Şahə qalxmışdı Cavad xanın qəzəbi,

Qılıncının dəstəyi

əl içi boyda isinmişdi...

O gecə ölüm saçan işıqdan,

Ulduzlar da dönüb fağır olmuşdu.

O gecə Atlantın sərpmişdi beli,

Bircə anın içində

Yerin ağırlığından

Çiyni yağır olmuşdu!..

 

Füzuli qoymadı

şair olmağa

 

Füzulişünaslara ehtiramla

 

Söz-söz pöhrələdi gözümdə aləm,

Misraya düzüldü gah sevinc, gah qəm...

Amma heç əlimə yatmadı qələm,-

Füzuli qoymadı şair olmağa.

 

Duyğular köksümü döydü qapıtək,

Heca-heca açdı hər gül, hər çiçək...

Qovrulub qalsa da sinəmdə ürək,

Füzuli qoymadı şair olmağa...

 

 

Min yol alışsam da,

Min yol yansam da,

Şeiri ən əziz balam sansam da;

Tanrının gözündən oğurlansam da,

Füzuli qoymadı şair olmağa!..

 

Şairlər yaşayır

bu yer üzündə

 

Özünə, sözünə bel bağlamayan,

Bircə misrası da heç buğlanmayan;

Sinəsi dərd-qəmlə burğulanmayan,

Şairlər yaşayır bu yer üzündə.

 

Şairlər yaşayır bu yer üzündə,

İşarmır göyündə bircə ulduzu...

Duyğusu ucuzdur, hissi ucuzdur,

Bilmir ki,

İlhamı udur, uduzur...

 

Şairlər yaşayır bu yer üzündə,-

Elə üzüyola, başıaşağı...

Yatır mağazada beş arşın ağı!..

Şairlər yaşayır bu yer üzündə!..

 

***

 

Bu gül kolu

Azadlığı andıran

Günəşin işartısına

Aldanıb.

Arzusunda, istəyində olduğu

Baharı anıb,

Yazı anıb.

Qönçələyib minbir həvəslə;

Gül açıb...

Sanki girəvələyib,

Məhbəsdən

Bir məhbus qaçıb...

Amma qışın da adı qışdır,-

Yenidən tutulub hava,

Yenidən buz bağlayıb su.

Şaxta axır ki,

Keçirib ələ,

Məhbəsdən qaçan bu məhbusu!..

 

***

 

Günahlarımı

xəyalımdakı

başdaşıma yazdım.

... günlərin bir günü

Özümü günahlarımdan asdım...

 

***

 

Dörd yol ayrıcında

Nəhəng bir çinar...

tufan, şimşək qırmaz gözünü.

Əvvəl-axır tənhalıq gətirər yerə,

Onun dizini!..

İlk sevgi şeirim

 

İlk qarmış sinəmdə qəmim, qəhərim,

Çoxları kənardan gülürmüş bir vaxt.

Mən sənə yazdığım o sətirlərin

Ağzından süd iyi gəlirmiş bir vaxt.

 

Hələ seçilmirmiş üzüm, astarım,

Dəyişmirmiş cildi, qiyafəni ...

Ötən o hisslərim, o duyğularım

Şikəst eləyibmiş qafiyəni ...

 

İndi şeir um, söz istə,

Cəzam taleyimə yazılıb daha.

Ürəyimin giriş qapısı üstə

O şeirin cəsədi asılıb daha...

 

Qoşmasayağı

 

Bu necə dünyadı, necə əyyamdı,

Filə söylədilər naşıdı, xamdı...

Qutulardan çıxdı milçəyin adı,

Qoymadı bir getsin huşa dərdimi.

 

Görən gözlər baxıb haqqı görmədi,

Bilmədim qarnının ağrısı nədi...

Yaz da ətəyini ələ vermədi,

Söylədim axırda qışa dərdimi.

 

Bu gediş-gəlişi gözüm almadı,

Şeytanın yolunda izi qalmadı...

Məni bir anlayan, duyan olmadı,

Açdım bircə-bircə daşa dərdimi.

 

Baxmadılar taleyə dən düşər,

Bədxah ürəklərə duman-çən düşər...

Düşündülər uçub gözdən gen düşər,

Axır döndərdilər quşa dərdimi.

 

Vaxt ötdü...

Yolumu bağlasalar da,

Sinəmi yüz yerdən dağlasalar da;

Özümü ayaqda saxlasalar da,

Çəkdiklər həmişə başa dərdimi.

 

Bircə istəyim var...

 

"Ukrayna dəftəri"ndən

 

Vinnitsa şəhərinə düşən qanadlı raket

dörd yaşlı Lizanı anasını həlak etdi...

 

Çərpələng qanadına toxunmalı vaxtınıydı,

deyim...

Raket qanadına toxundun, Liza!

"Özün rənglə" albomunda

Raket şəklini

qırmızı rəngə boyamışdın,-

Fırçanı həvəslə çəkə-çəkə...

Günlərin birində Raket

səni qirmızı rəngə boyadı

al qanını tökə-tökə...

Anan da canını tapşırdı səninlə birgə,

Eh!.. Kim öldü, kim qaldı...

Qucağına sıxdığın kuklan da,

Bu dünyada yetim qaldı...

Bircə istəyim var,

Sənin şəklinlə qoşa,

Qatilin şəkli böyüdülsün gərək.

Sənin şəklini göz yaşı isladacaq,

Qatilinkini tüpürcək!..

 

Buça

 

"Ukrayna dəftəri"ndən

 

Bu yaxınlarda bizim Xocalının gününə salınmış Buçayla bağlı sosial şəbəkələrdə bir foto mətnlə qarşılaşdım. Ev sahibi arvadını uşağını götürüb güllə, mərmi yağışı altda bir təhər canını qurtarır... Gedərkən qapıdakı itin xaltasını açıb buraxır onu özü ilə götürə bilmir... Bir neçə gündən sonra geri qayıdan həmin adam iti uçub-dağılmış evinin həndəvərində tapır...

 

Səksəkəli döndüm öz oymağıma,

Səni sağ-salamat görüb sevindim.

Gözlərim çevrildi qan çanağına,

Hikkəmi səbrimlə hörüb sevindim.

 

Ay itim, üzünə mən necə baxım,

Tufanlar ağzında sanki sovruldum...

Səni belə günə kim saldı axı?

İynə ulduzundan keçəsi oldun.

 

Taleyinmi güldü üzinə burda,

Sağ-salamat qaldın, bu sirdir, sirr...

Səngər yeri tapdın özünə burda,

Şükür ki, düşmənə düşmədin əsir...

 

Sənsizlikdən dinclik tapammadım bir,

Həkk oldu sinəmə əzabın sənin.

Bəlkə Moskvada azlıq eləyir,

Ora aparıldı yal qabın sənin!?

 

Öz yuvana olan məhəbbətinlə,

De, təhnizmi vurdun mənə yüz kərə!?

Doğma od-ocağa sədaqətinlə,

Düşmənin dizini gətirdin yerə...

 

Axtardım, aradım həndəvərimi,

İynə itirsəydim tapardım, ay it.

Zəncirini hərbi qənimət kimi,

Yəqin rus əsgəri apardı, ay it!

 

Düşünmə Buçanın daim yasıdır,

Mən qisas atımı minib çaparam.

Xaltan da tarixin bir parçasıdır,

Sabah Ermitajdan gedib taparam...

 

Səksəkəli döndüm öz oymağıma,

Səni sağ-salamat görüb sevindim.

Gözlərim çevrildi qan çanağına,

Hikkəmi səbrimlə hörüb sevindim!..

 

Daş dili

 

Ömür-gün yoldaşım

İradə xanımın xatirəsinə

 

Beş ildir ki, gəlib dolanıram

məzarının başına,

Hər dəfə

Özün deyil,-

Şəklin çıxır qarşıma...

Daşla dil tapıram,

Daşla danışıram.

Gah buz bağlayır fikirlərim,

donuram,

Gah da od tuturam,

Alışıram, yanıram...

...Ömür boyu

yaxşı öyrənə bilmədim mən,

rus, ingilis dilini...

Bu sevdadan götürdüm əl...

Amma beş ildə

Daş dilini öyrəndim

Çox səlis,çox mükəmməl...

Varlığımda yaşadıram,

Daş sevgisini,

Daş məhəbbətini...

Hətta ürəyimdə tərtib etmişəm

Daş dilinin izahlı lüğətini...

 

Daha

 

Yoxsa məhşər günü çatırıb indi,

Şeytanın sayını artırb indi...

Daş atmaq gözümü bərk qırıb indi,

Daşı ətəyimdən tökürəm daha.

 

Yaxşı anlayıram, yaxşı qanıram,

Dərd-qəmin qolunu çətin qanıram...

Ünvan soruşsalar, susub qalıram,

Gözümü torpağa dikirəm daha.

 

Ömrüm çəhlim salır yetmiş yaşıma,

Gah qobu, gah qolpun çıxır qarşıma...

Ürəyi buraxıb başlı-başına,

Əlimi köksümdən çəkirəm daha.

 

***

 

Zamanın şaxtası dondurur məni,

Günəşə əlimi yelləyənmirəm.

Götürdüyüm belin sınıb təfkəci,

Şər-böhtanı dibdən belləyənmirəm.

 

Yerini dəyişir aran da, dağ da,

Sanki havanın da yolu dolaşır.

Bahalaşır un da, şəkər , yağ da,

Söz qiymətdən düşür,

Söz ucuzlaşır...

 

Görəsən bu dəblə gedirik hara,

Gözü qamaşdırır bədən sərgisi...

Şıdırğı satılan yalanlara,

Qoyulmur əlavə dəyər vergisi...

 

Çoxları yaşayır muzdlu həyatı,

Üzündən, gözündən qəhər çəkilmir.

Sanayır aldığı beş-on manatı,

Ovcunda qabarı sanaya bilmir.

 

Bağ evləri ilə sədd çəkə-çəkə,

Xəzəri alırlar mühasirəyə.

Yolu kəsirlər ki,

Dənizdə bəlkə

İntiharın sayı azalar deyə...

 

Dəli şeytan tərs-tərs baxır üzümə,

Ağzına yiyəlik elə deyir sən!

Ağlına gələni kağıza düzmə,

Görünür məndən hələ dəlisən!

 

Zamanın şaxtası dondurur məni,

Günəşə əlimi yelləyənmirəm.

Götürdüyüm belin sınıb təfkəci,

Şər-böhtanı dibdən belləyənmirəm...

 

Ələsgər ƏLİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.29.