Cavidanə sevir, Cavidanə

yaşayır, Cavidanə susuruq...  

 

Hər dəfə Cavidlə bağlı yazmaq məsələsi gündəmə gəldikdə mənə elə gəlir ki, onunla bağlı artıq hər şey yazılıb... Bu düşüncələr beynimdə canlanarkən gözüm kitabxanama sataşır. Saysız-hesabsız tədqiqatlar, publisistik yazılar, bədii materiallar dəyir gözümə rəflərdə... Elə tək "Cavidnamə" kifayətdir deyə düşünürəm. Ancaq sonra deyirəm öz-özümə ki, yox yazmaq lazımdır, təkrar-təkrar Cavidi oxumaq, oxutmaq gərəkdir. Cavid əngin bir dəniz, sonsuz bir göy üzüdür... Onun əsərlərinin məna qatlarında insan həm var olur, həm yox olur... Cavid böyük bir kainatdır, oradakı hər planet Cavidin fərqli mövzularda qələmə aldığı yazılarını simvolizə edir sanki... Hüseyn Cavid zamanın fövqündə durur. Kainatın harasından baxırsan bax Cavid görünür. O, gah peyğəmbərdir, gah şeyxdir, gah sərxoşdur, gah arifdir, gah sərkərdədir, gah məcnun aşiqdir... Təbdili-libas olaraq əsər-əsər dolaşır Cavid.

Cavidin fikirləri, çözümləri, nəticələri aktualdır. Onun kədəri, sevinci, təəssüfü, şübhəsi bu gün üçün düşündürücüdür. Şərqdə doğularaq bu torpaqdan mayalanan sənətkar, Qərbi duyur, kəşf edir, araşdırır, dərk edir. Ruhunda bəşəri fəlsəfələri daşıyır. Öz ruhunu böyük bilgi axınına açır. Qərbi gəzir, duyur, ancaq öz yurdunu, gəldiyi torpaqları hər daim dilində, beynində canlandırır. Cavidin misralarında öz Vətəninə, elinə, yoluna, amalına sayqı tendensiyası dayanır. O, bütün bilgiləri süzgəcdən keçirir. Lazımlı duru olanları təbliğ edir. Onlardan yüksək bədiiliklə bəhs edir. Cavid bütündür, onda Şərq , Qərb , bütün kainat da var. O, gah səmalaşır, gah bir uşağın təbəssümünə, bir qadının göz yaşınadək enir.

Qabarır, çəkilir, coşur. O, illərdir  dağları, ənginləri yırtır bütün kainata daşır.

Şərqin ab-havasının təsvirinə həsr olunmuş əsərləri ilə yanaşı, Şərq poeziyası, xalq-aşıq şeiri ilə bağlı olan bir çox bədii elementlərə yaradıcılığında yer verən Hüseyn Cavid öz yaradıcılığında Avropa xalqlarının yaradıcılıqlarından gələn bir sıra ənənələrə yer verir. Bu ənənələrə meylin təməli İstanbul mühitində başlayır, Avropa ölkələrinə səyahətlə dərinləşir... Ancaq Cavid hər zaman özü olaraq qalır. Özünü, təməlini, mahiyyətini qoruyur. Bu səbəbdən bu günədək təkrarsızdır. Fərqlidir. Cavid oxuyur, öyrənir, yaradır. O, arada təsirlənir . Cavidin gücü ondadır ki, o, zamanla deyil, gələcəklə ayaqlaşır. Bu xalqa, millətə lazımdır yaxşı bilir. Onu  kəşf edir, oxuyur, bizə təqdim edir. Tofiq Fikrət yaradıcılığında rast gəldiyimiz portret-şeir tərzinə Caviddə rast gəlirik. Tofiq Fikrətin "Rəsminin qarşısında" adlı şeiri ilə Cavidin "Bir rəsm qarşısında" şeiri bir-birinə oxşarlıq baxımından maraqlıdır. Lakin burada hər şairin özünəməxsus yanaşmaları da vardır:

 

Həzin bir çöhrə, bayğın bir nəzər,

            suzişli bir mənzər,

Geniş bir cəbhə, ülvi bir zəka,

            düşküncə bir sima.

Əvət, düşküncə bir sima

             fəqət pək nazlı, pək dilbər...

Bənim ən sevdiyim bir levhə,

            bir təsviri-pürməna.

O dalğın gözlərə baqdıqca

            ruhum eylər istela,

O gözlər hər baqışda

            fikrə yüz bin rəmz edər ima.

 

Fikrətin bu şeirlərindən biri, "Rəsminin qarşısında"dır:

 

Sen daima önümde o taştan sükunete

Yaslanmış intibahsamutunla hilkate

Bir şeyler anlatır gibi Durdukça,

ben biraz gücenir razfıtrate.

 

Cavidin bütün əsərlərilə bağlı müxtəlif zamanlarda fikir bildirsəm , məni janr etibarilə liro-epik poema olan "Azər" xüsusilə düşündürür. Bu əsər Cavidin Şərqə Qərbə baxışlarını özündə əks etdirir. O, Almaniyada olarkən yazmağa başladığı  poemada öz fikirləri ilə yanaşı, şahidi olduğu hadisələri Şərq-Qərb müstəvisində təhlil edir. Ağsaçlı bir professor, parisli bir lisancı

 

"Tısbağalar belə bizdə musiqidən zevq alır.

Sizdə nasıl, bu sınaqlar varmıdır?".

Azər gülüb "Xayır!" dedi:

"Bizdə deyil tısbağa, İnsan belə görməz bu zevqi əsla!

 

Hüseyn Cavid Şərqdə görmək istəyirdi? İntellektuallıq, anlayış, inteqrasiya gücü, arzusu, özünə sayqı... "Məsəla ingilizləri alalım: onların ötədən bəri, cihangiranə bir əməl arqasınca qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları, siyasi qüvvətlərə mədyun olduğu kibi, fəlsəfi, ədəbi təsirlərdən varəstə deyildir. İngilizlər məğrurdur, soyuqqanlıdır, düşüncəli durbindir. Əlbəttə, bunlar, bu sifətlər, mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kibi dahilərin əməlpərvər, aləmşümul əsərləri, Herbert Spenser kibi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz kəskin fəlsəfələri, şübhəsiz ki, hər ingilizdə, bütün xalq ruhunda böyük səmimi bir təsirə malikdir. Fransanın da Jan Jak Russo kibi həssas məriz bir ruha malik olan filosofları, bir taqım xəyalpərəst, hoppa şairləri bə'zi əxlaqsız, modaçı romançıları, şübhəsiz ki, fransız həyatına, fransız mühitinə tə'sir etməmiş deyildir. İtaliyaya gəlincə, əski italyanlarla işimiz yoq"...

Hüseyn Cavid eyni zamanda aşağıdakı misralarla Avropanın ziddiyyətli mühitini göz önünə sərərək, Avropanın öldürücü təsirini ideallaşdırmırdı. O, sanki hər mühitdə olan müsbət tərəfləri qavramaq lazım olduğunu bildirir. Hüseyn Cavid bu mühitlərdə olan müsbət keyfiyyətləri mənimsəmənin yollarını göstərir. Cavid Qərbin Şərqi sürüklədiyi fəlakətlərdən bəhs etməyi unutmurdu:

 

O məhsullu Şərqin halı pək səfil...

Öylə yoqsul var ki, ot yeyib yaşar.

Fəqət burda yalnız insanlar deyil,

Tısbağalar belə eşqindən coşar.

Çoq düşündüm bunu dəmindən bəri,

Hər zevqi bir acı bəslər, düşünsən!

İştə Qərbin azğın səadətləri

Alır qida Şərqin fəlakətindən...

 

Eşsiz bənzətmələri ilə Cavid bu gün aktualdır, bu gün bizi həyəcanlandırmağı, hayqırtmağı susdurmağı bacarır. Bu gün duyduğumuz təəssüfü

 

Get, gülüm, get, gözəlim!

Başqa bir aşiq ara, bul!

Duydum artıq sənin eşqindəki məna imiş!

deyərək bağıra bilirik...

Bu gün

Həzz etmədim firqədən, cəmiyyətdən,

Zevq alamam hərbdən, siyasətdən,

Bir şey duymam fəlsəfədən, hikmətdən,

Mənim ruhum gözəllikdir, sevgidir

 

- deyərək arxamızı dönüb gedə, təkrar qayıdıb sevə bilirik... qansız yağıya

 

Yurdumuzu çignəyən

Sayqısız hər kim olsa.

İnan ki, çoq sürmədən,

Diz çökəcək qarşıda.

Bizdə dəmir biləklər,

Çəlik qollar az deyil;

Saldırıcı, hünərvər

Mərd oğullar az deyil

 - misraları hayqıra bilirik....

Bu gün biz əslində Cavid dili ilə danışırıq. Cavid şeir, dram, ədəbiyyat fəlsəfə yox, öz dilini yaradıb. Bizlər, hansı ki, bu yolun gerçək yolçuları - Azərlər, Afətlər, Ariflər, Elxanlar, Şəmsalar, Sənanlar, İsmətlər, Cavidanə sevir, Cavidanə yaşayır, Cavidanə susuruq...

 

NARGİS

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.-S.9.