140 yaşlı çağdaşımız, yaxud böyük gələcək

Cavidin nə qədər haqlı olduğunu sübut etdi  

 

Məlumdur ki, avropalaşma meyilləri, milli mədəniyyətin yeni istiqamətdə inkişafı, bədii, fəlsəfi və ictimai düşüncənin Qərb kontekstinə daxil olma prosesi, Mirzə Fətəli Axunzadənin adı ilə bağlıdır. Bu miqyasda milli-kulturoloji oyanış, milli mədəniyyətinin təşəkkülünü Qərb mədəniyyəti ilə qovuşuqda görmək cəhdləri ədəbiyyatda XX əsrin əvvəllərində Hüseyn Cavid yaradıcılığında gerçəkləşdi və daha çox içinə yönəlmiş "mən"in axtarışları şəklində aparılmaqla fərqli varlıq məqamlarına nüfuz etmiş oldu. Bu məqamlar hansılar idi? Axundov kimi, Cavid də Şərqlə Qərbi üz-üzə qoyurdu, hətta bir qədər irəli gedərək Qərbin səadətinin kökündə Şərqin fəlakətinin dayandığını qeyd edirdi: "Şərq uğraşır yalnız "ölməyim" deyə,/Qərb elləri maildir öldürməyə". Lakin Caviddə bu insan xislətinin naqisliyi, iblislik sindromu ilə motivasiya olunurdu: "İblis nədir, cümlə xəyanətlərə bais/ Ya hər kəsə xain olan insan nədir, iblis!"     

Cavidin qəhrəmanları sələflərindən fərqli olaraq daha çox düşünən qəhrəmanlar kimi maraqlı idilər. Onlar dünya işlərinə qarışır, onun sahmanına qarşı öz iç əzablarını qoyurdular. Diqqət edək... Şeyx Sənan öz fərdi duyumu formalaşandan sonra kamil dünya fəlsəfəsinə qoşulanlardan biri kimi görünür. Xəyyam öz idrak çeşməsilə profanlığa meydan oxuyur, Peyğəmbər elmin və əqlin gücünü hər vəchlə təlqin eləməyə çalışır. Cavid bu "yerlə çarpışıb, göylə əlləşən", səmavi düşüncəli, ovqatlı, hallı-ruhlu qəhrəmanları ilə əslində, Azərbaycan ədəbiyyatının ruhsal harmoniyasını yaratmağa xidmət edirdi.  Yenilik  - milli ədəbiyyatın dəyərlərinin dünya təcrübəsi ilə sintez edildiyi təqdirdə yaranır. Cavid dramaturgiyası bu sintez işinə yalnız süni texnologiyalar tətbiqi ilə yanaşmır, dünya ədəbiyyatı faktorunu, kontekstini yaşam şəklində - həzm edərək verirdi. Bu  mətnlər milli ədəbiyyatımızın ictimai-fəlsəfi və ədəbi-bədii ənənələri üzərində gəlsə də, davamını dünya mədəniyyəti sferasına qoşulmaqda tapırdı. Bu mənada, Cavid yaradıcılığını böyük bir ədəbi hərəkatın başlanğıcı sırasında almaqdan daha çox, onu dünyada gedən qlobal-mənəvi, ictimai-fəlsəfi hadisələrin nəticəsi kimi almalıyıq. Zamanı gəlmiş, əsr daşan enerjisini daha bir istedadın simasında əyaniləşdirməyə fürsət tapmışdır. Bu dəfə seçilmiş dahi Cavid idi...

Hər bir əsər bizim Tanrı, insan, təbiətlə bağlı təsəvvürlərimizin sınırlarını genişləndirməyə xidmət eləyir. Cavidin əsərləri bu təsəvvürləri dünya hüdudlarında gəzişdirəcək qədər potensiala malikdir. Ona görə yalnız milli və Şərq hadisəsi olan digərlərindən fərqli olaraq Cavid həm də dünya ədəbiyyatı faktıdır.

 

Etiqad, əxlaqü adət, hər nə var...

Həp kökündən qaldırın divanəvar...

Həp qırın, həp çeynəyin, həp məhv edin,

Heç zərrə yox, bir müvəssət səhv edin.

 

Bütün yeniliklərin - yeni düşüncənin, yeni əxlaqın, yeni sənət nəzəriyyələrinin dünya ilə dialoqu belə başlayır. Deyilişin tonu, münasibətin tipi o səviyyəyə çatır ki, şeir deklamasiya çərçivəsindən çıxır, alt qatdakı dərin məzmunun üzə çıxmasına yardımçı olur. Bir tərəfdə irəli getməyə qoymayan donuq, ehkamlaşmış düşüncənin tənqidi, digər tərəfdə heç kəsə sırımaq istəmədən şerə gətirilən genişlik, onu öz kölgəsi üstündən uçmağa qanadlandıran üsyan. Bu "ikimərtəbəlik" Cavidin demək olar ki, bütün yaradıcılığını qapsayır, hadisəyə, təsvirə münasibətində üzə çıxır.

Şairin əsərlərində yeniləşən dünya və "mən" obrazının fərqli inikası, deformasiyaya uğramış, ənənəvi məzmununu itirmiş yaddaş lövhələrinə yeni dil və boya qatmaq cəhdi var. Cəmiyyətə və dünyaya kəskin münasibət, həyat hadisələrinin prozaik işarələrlə mənalandırılması, epizmə meyl, sərt dramatizm, hadisəçilik, süjetlilik, kəskin pafos, ironiya - Cavidin dramaturgiyasına gəlməzdən öncə şeirlərində sərgilənir. Bu şeirlər istər qrafik, istər struktur, istərsə də obrazlar sistemi baxımından modernist forma axtarışları ilə diqqəti çəkir.  Bu, həm zamanın ardınca gətirdiyi dalğanın təzahürü olaraq, həm də Cavidin təhsil aldığı, - İstanbul  ədəbi mühitinin təsiri altında meydana çıxmışdır.

Biz hələ də tarixin açılmamış qatlarına, oxunmamış səhifələrinə istinad edib həmin dövrdə ədəbi cərəyanların funksionallığından o qədər də əminliklə bəhs edə bilmirik. Amma qatlar açıldıqca, səhifələr çözülüb "ağ ləkələr" silindikcə  əsr bizi düşünməyə sövq edir: doğrudan da, necə ola bilər ki, Fransanın Sarbon Universitetini bitirən Əhməd Ağaoğlu, Peterburq Universitetini bitirən Əli bəy Hüseynzadə, İstanbul darülfünununda təhsil alan Hüseyn Cavid dünya proseslərinə, onun mədəniyyətinə, ədəbiyyatına bu qədər dərindən bələd olub həmin cərəyanlardan xəbərsiz qalsın, onlardan təsirlənməsin... Və tək onlar deyil, XX əsrin əvvəllərində yazıb-yaradan əksər aydınımız bu cür dünya elminə açıq, Qərb mədəniyyətinə vaqif  biriləri idilər. Dünya ədəbiyyatından tərcümələr edən, onlarda gedən bütün yenilikləri milli ədəbiyyata gətirməyə meylli olan bu münəvvərlər həmin ərəfədə qaynar dövrünü yaşayan Avropa cərəyanlarına biganə qala bilərdilərmi?! Təbii ki, yox. Bunu meydanda olan faktlar, bu faktların yer aldığı ilk mötəbər mənbə - Cavid haqqında ən dəyərli monoqrafiyanın müəllifi olan Azər Turanın "Cavidnamə"si də sübut edir. Ümumiyyətlə,  XX əsrin əvvəllərində yazıb-yaratmış şairlərimizin, özəlliklə romantik düşüncə sahiblərimizin yaradıcılığı onlarda bir sıra cərəyanların funksionallığından danışmağa əsas verir.  Bu barədə yekdil nəzəri yanaşmalar elmi dövriyyəyə daxil olduqca həmin sahədəki boşluqlar da aradan qalxacaq, milli modernizmə cəhdlərinin XX əsr hüdudunda gəzişən poetik  palitrası bütün boyası və əlvanlığı ilə görünəcəkdir. Bu dövrdə dünya ədəbi-fəlsəfi fikirdə çevriliş yaradan yazıçıların mətn içində qoyduqları Sirrin dərinlərinə enib ordan milli ədəbiyyatın üst qatlarına çıxırdı. Əslində, bu heç üst qat da deyildi ki?! Nə qədər dərin olmasını yəqin ki, sənətkarı sürgünə göndərən rejim ilk olaraq daha yaxından hiss eləmişdi. Bu günün kontekstindən isə Cavid yaradıcılığı sonsuzluğa qədər açıla bilir və ardından bütöv bir tarix sırasını, dünya insanının faciəsinin səbəblərini çözməyə stimul verən nəsnələr buraxır.

Cavid əsərlərində insan daha sərt və qatı konfliktlər sisteminə adlayır. Ona görə bu əsərlərdəki insanlardan yalnız milli düşüncə, ədəbiyyat faktı kimi danışmaq birtərəfli yanaşma olardı. Bu qəhrəmanlar mənəvi-sosioloji-fəlsəfi-psixoloji yaşam halı ilə daha çox XIX əsr hadisələrinin yetirdiyi insanlar kimi "yüklənmiş" görünürlər. Yüngül mövzular, bəsit ictimai-mədəni təsisatlarla silahlanmış sovet düşüncəsi isə görünür belə bir "yükü" çəkməyə özündə güc (oxu: cəsarət) hiss eləmirdi. Çünki Cavid  obrazlarının düşüncə sistemini elə paradiqmalar müəyyənləşdirirdi ki, onları sovet dövrünün elmi-nəzəri yanaşmaları, estetik mündəricəsilə, qapalı kulturoloji struktur sistemlərlə araşdırmaq mümkün deyildi. Yalnız 60-cı illərdən başlayaraq mətn oxunuşu və bununla bağlı funksionallıq qazanan  nəzəri postulatlar ədəbiyyatşünaslıqda ədəbi fakta, ədəbi prosesə yanaşmada dominanta çevrildikcə, müasir dünyanın qavrama və dərketmə prosesini idarə etməyə başlayan universal baxış sistemləri düşüncə strukturumuza daxil olduqca bu yöndə konseptual tədqiqatlar aparmaq mümkün oldu. Ədəbiyyatşünas-alim Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyası bunun nəticəsi olaraq meydana gəldi. Amma bu dövrdə belə biz əsl Cavidi görməyə müvəffəq olmuruq. Mərhum alim Cəlal Qasımov "Ədəbiyyat qəzeti"nin "Repressiya gizlin və gerçəkləri ilə" adlanan "Müzakirə saatı"nda belə bir ibrətamiz fikir səsləndirmişdir: "Bəraət dövründə - 56-cı ildən sonra udanlar və uduzanlar oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı,  Ruhulla Axundov, Vəli Xuluflu isə udanlar. Yəni, Cavid 37-də güclü idi, yoxsa 56-da? 37-də Cavid türkçü kimi, turançı kimi böyük idi. 56-da isə ona bir sovet mundiri geyindirib kiçiltdilər. "Cavid və oktyabr inqilabı" adlı yazılar yazıldı. Əlbəttə, o dövrdə Cavid bəraət almasaydı 4 cildliyi çıxmayacaqdı, haqqında danışılmayacaqdı, dərsliklərə düşməyəcəkdi, haqqında monoqrafiyalar yazılmayacaqdı. Lakin bütün bu proses onun dilinə, üslubuna toxunulmaqla həyata keçdi. Məncə, bu reabilitasiya Cavidin sovet hökümətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı idi.  Cavidin bəraəti onun Sibirdən dönüşü ilə başladı. Cavidin dönüşü əslində Cavidə dönüşün başlanğıcı oldu.idi  Cavidə dönüş? Cavidə dönüş türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidə dönüş sufi təfəkkürünə dönüş, mili-mənəvi əxlaqi dəyərlərə dönüş idi".

Bəli, sosialist realizminin zorən tətbiqi  bütün başlanan prosesləri yarımçıq qoymaqla bahəm, xalqın milli oyanış əzminə güclü zərbə vurdu. Bir tərəfdən, yaşadığı iki dünya müharibəsinin fəci nəticələri, digər tərəfdən, rejimin antimilli təbliğat kompaniyası xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti Azərbaycan insanını dünya müstəvisində təklənməsinə gətirib çıxardı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii mətnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona sosial statusunu fərqləndirmə və fərdiləşdirmə imkanı vermədi. Cavidin poemaları başlanğıcını türk dastanlarından, türk ortaqlığından götürərək sanki bir mesaj səciyyəsi daşıyırdı. Xalqın genetik bağlılığı olan bir toplumu var, qəhrəmanı, yaratdığı tarixi səhifələri var. Cavid öz dramlarında bu birliyi realizə etməyə, tarixi öz varlığında mətnlərə gətirməyə başladı. Bu, ilk növbədə, yaradıcı insanda fərdi özünüdərk amilinin güclənməsi, dünyanı və insanı görmə bucağının dəyişməsi və yeni dəyərlər sistemi kontekstində düşüncə axtarışı ilə əlaqədar idi.  Böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi. Cavid Azərbaycan dramaturgiyasına türk düşüncəsinin, ondakı epos təfəkkürünün imkanlarını, potensialını gətirdi.  Həmçinin özünün yenilikçi meyillərində əsrin ideya qaynaqlarını tapa, əsaslandıra bildi. Şairin yaradıcılığını qapsayan çöküş fəlsəfəsi davamını əsrin sonlarında xələflərinin dünyaduyumunda tapdı.

Cavid şerinin fəlsəfi siqləti çözümsüz kədəri obraz səviyyəsinə qaldıran, diqqəti və düşüncəni toplumdan fərdə yönəltməyi ehtiva edən cəsarətində və bir qədər də... çaşqınlığındadır. "Təməddünün sonu vəhşətmidir, nəmidir, əcəba?" - bu sual əsr vaqeələri qarşısında Cavid zəkasının heyrət nidası kimi necə ərsəyə gəlmişdisə, dünyanın çağımızadək düşündüyü başlıca məsələ olaraq qalır.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.8.