Hüseyn Cavid və

müasir sivilizasiya

 

Müasir sivilizasiyanı dünya çapında səciyyələndirən qloballaşma prosesidir. Bu bir dünya hadisəsidir. Əsas hədəfi insandır. İkinci olay COVİD-19 fəlakəti ilə bağlı pandemiyadır. Onun da hədəfi insandır. Qloballaşma tarixi proses, məntiqi hadisə olsa da, pandemiya qeyri-tarixi olay, bəşəriyyətin çaşması əlaməti idi.

Azərbaycan da dünyanın sivil bir dövləti olaraq bu iki prosesdən kənarda qalmadı. Fərq bunda idi ki, Azərbaycan Prezidentinin uzaqgörənliyi sayəsində ölkəmizdə qabaqlayıcı tədbirlər görüldü və biz koronavirus bəlasından -pandemiyadan ən az itkilərlə çıxan ölkə olduq. Hələ üstəlik, digər ölkələrə kömək də etdik.

Müasir Azərbaycanı sivil bir ölkə kimi səciyyələndirən və ona dünyada nüfuz qazandıran qüvvətli texnologiyalarla bərabər, həm də 30 illik işğala 44 günlük Vətən müharibəsində misli görünməmiş zəfərlə son qoyması oldu. Azərbaycan nəinki öz sərhədləri çərçivəsində, hətta bütün Cənubi Qafqazda, möhtəşəm türk dünyasında yeni tarixi reallıq formalaşdırdı, yeni təfəkkür tərzi, yeni dünya düzəni yaratdı. Bunların hamısının mərkəzində müzəffər Ali Baş Komandan, onu inamla dəstəkləyən, gülə-gülə döyüşə gedən ordumuz və əzəmətli xalqımız dayanırdı. Bir çox müəlliflərin dediyi kimi, bu vaxta qədər hələ heç bir dövlət başçısı Prezident cənab İlham Əliyev qədər öz xalqına yaxşı ola bilməyib.

Bəs ümumi cizgilərini verdiyimiz müasir sivilizasiya kontekstində bədii ədəbiyyatımız necə görünür? Klassik irsimiz, XX əsrin müttəfiqlərinin yaradıcılığı ilə məşğul olduğum 20 ildən artıq bir zaman ərzində Nizami, İ.Nəsimidən, M.Füzulidən, XX əsrdə yaşayıb-yaratmış C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, C.Cabbarlı, R.Rza, B.Vahabzadə, M.Araz, Ə.Kərim, R.Rövşən... haqqında monoqrafiya və məqalələr yaza-yaza həmişə bu sual barədə düşünmüşəm: yəni klassikin müasirliyi, onu gələcəyin yol yoldaşı edən nədir? İndi bu şübhəli suala çox sevdiyim, Azərbaycan ədəbiyyatımızın bənzərsiz romantiki, filosof şair Hüseyn Cavidin timsalında onun ən güclü əsəri olan "Şeyx Sənan"la müəyyən qədər aydınlıq gətirmək istəyirəm.

"Şeyx Sənan" təriqət və məhəbbət fədaisidir. H.Cavid böyük sufi Fəridəddin Əttarın "Məntiqüt teyr" traktatında verilən bir hekayətə istinad edərək dərin bir fəlsəfi-romantik faciə yaratmışdır.

Müdrik Şərqin hikmətlər xəzinəsinin açarını tapmaq hər sənətkara qismət olmur. XX əsrdə Tanrı bu sehrli açarı dahi Füzulinin ən doğma varisi böyük romantik şair və filosof Hüseyn Cavidə bəxş etdi. Bir əlindən sehrli Şərq, ikinci əlindən modern Avropa tuturdu. Məşriqlə Məqrib arasındakı təmaslar üzərində öz büllur romantik sarayını quran Hüseyn Cavid burada ilk dəfə və hələ də müəmma olaraq qalan Şeyx Sənanı əyləşdirdi. H.Cavidin büllur sarayı yerlə göy arasındakı fəzada idi.

Hüseyn Cavid zamanın fövqündə duran, fikrin və xəyalın romantik uçuşunu kosmik ənginliklərə yüksəltməyi bacaran qüdrətli sənətkardır. Onu dünyanın böyük sənətkarlarından fərqləndirən qüvvətli bir cəhət var: Hüseyn Cavidin romantizmi Şərqin və bütün dünyanın ən kamil fəlsəfi cərəyanı olan sufizm bulağından dirilik suyu içib. Onun qəhrəmanları Haqqın dərgahına gözəllik və sevgi qanadlarında gedib çata bilərlər. "Mən fəqət hüsni-xuda şairiyəm // Yerə enməm də səma şairiyəm" - misraları H.Cavidin bütün çərçivələri söküb-dağıdan, əngin səmalara qapı açan romantik fəlsəfəsidir.

Füzuli Leylini yaratdığı kimi, Cavid də ülvi bəşər övladı olan Xumarı ilahi hüsnün, ilahi eşqin daşıyıcısı kimi yaradır və onun Şeyx Sənanla əl-ələ tutub haqqa doğru uçuşunu mayasında ilahi səadət olan nurlu faciə kimi yaradır. Sənan və Xumar insanları bir-birindən ayıran uçurum dərələri öz ölümləri ilə birləşdirməyə, insanlığın Tanrıya yetmək üçün körpü rolu oynaya bilirlər. Beləliklə, də H.Cavid öz yaradıcılığında yerləri və göyləri birləşdirməyə nail olur.

Könlüm quşu geyib yenə matəm libasını,

Ağaz edibdi nəğməyi-möhnət fəzasını

Oldu bəlayi-millətə hər kəs ki, mübtəla

Dilxun olubdu Saliki bicarə bərmala.

Millət qəmi ilə az qalır cünun ola

Hər dəm odur ki, neytək ucalda sədasını.

 

Hüseyn Cavidin bu şeiri yaradıcılığının ilk illərində "İrşad" qezetinin 19 yanvar 1906-cı il tarixli sayında çap olunub. Diqqətçəkən budur ki, Cavid əfəndi bu şeirdə özünü "Salik", yəni sufizmin təriqət yolçusu deyə təqdim edir. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixinə milli romantizmin banilərindən biri kimi daxil olub. Belə çıxır ki, o, romantik olmaqdan öncə sufi (mistik) imiş. Yaxud özünü belə hesab edirmiş. H.Cavid Şeyx Sənan mövzusuna birdən-birə gəlməmiş, görünür, bu mövzunun ağırlığı üzərində xeyli düşünməli olmuşdur. Bunun biz "Şeyx Sənan" (Türbəsi önündə) adlı şeirdən də hiss edirik.

 

Oyan, ey piri-xoşdil!

Qalx, ayıl bir xabi-rahətdən!

Qiyamətdir, qiyamət!..

Qalq, oyan, zevq al bu fürsətdən.

Mələklər göydən enmiş,

feyz alırlar xaki-pakindən,

Seçilməz şimdi əsla

məqbərin gülzari-cənnətdən.

Fəqət xoş bir təriqət qoydun,

əsla məhv olub getməz,

Cihan durduqca parlar,

yüksəlir, düşməz təravətdən.

"Nədir mənası eşqin?!"

söyləyənlər nerde? Bir gəlsin,

Görüb qüdsiyyəti-Sənanı,

lal olsun xəcalətdən.

Məhəbbətsiz bütün

mənayi-xilqət şübhəsiz hiçdir;

Məhəbbətdir, evet,

məqsəd bu pürəfsanə xilqətdən.

 

"Şeyx Sənan" həm də Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciədir. Fakt budur ki, H.Cavid bu möhtəşəm əsərində - romantik faciədə ilahi eşq problemini qoyur. Və əgər əsərin sonluğunu sufizmdən ayırsaq, "Şeyx Sənan" əhəmiyyətsiz fəlsəfi ricətlər yığınına çevrilər. Bu sonluğa gəlmək üçün bir sıra məsələlərə aydınlıq gətirməliyik. Cavidşünas Zahid Əkbərov "Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi" (1977) monoqrafiyasında əldə olan tədqiqatlara əsaslanaraq aşağıdakı qeydləri vurğulayır: "Bəziləri "Şeyx Sənan" dastanını sufi sənətkar Fəridəddin Əttarın (1119-1230) şair xəyalının məhsulu zənn edir, "Şeyx Sənan" surətini yaradarkən onun özünü nəzərdə tutduğunu güman edirlər" "Dastan, heç şübhəsiz, folklor materialı əsasında yaranmışdır", "Seyx Sənan əfsanəvi bir şəxsin adıdır".

"Sənan Şamda bir şəhərin, bir də yeddi yüz nəfər müridi olan bir şəxsin adıdır", "Şeyx Sənan və İbn Səqqa ayrı-ayrı şəxsiyyətlər deyil, eyni bir şəxsin adlarıdır".

"Cavidnamə" (2010) müəllifi Azər Turan yazır ki, ""Şeyx Sənan" dünya ədəbiyyatında təsəvvüf anlamlarının bir küll halında dramaturgiyaya tətbiq edildiyi ilk əsərdir.... Şeyx Sənanı türkləşdirən ilk "Şeyx Sənan"dır". "Şeyx Sənan" haqqında bu fikir onun sufi əsər olduğunu təsdiq edir.

Şeyx Sənan kimdir? H.Cavid burada mübahisə üçün imkan yeri qoymur.

 

Onu aydın şəkildə təqdim edir:

Səni annən doğurdu Turanda,

Yaşadın bir zaman da İranda,

Kəsbi-İrfan için, fəzilət için

Sonra İranı tərk edib gəldin,

Ərəbistanı ixtiyar etdin.

Gənc ikən kəsbi-iştihar etdin.

Lakin ən son yerin, zəki Sənan!

Olacaq son nəfəsdə Gürcüstan.

Qapılıb hissə olmasan gümrah,

Olacaq məqbərin ziyarətgah.

 

Mürşidi-əzəm Şeyx Kəbirin bu sözləri Şeyx Sənanın təkcə bioqrafiyasını yox, həm də taleyini əks etdirir. Mürşidi-əzəm Şeyx Sənana eşqin bəlasına, ehtiras və nəfsini faciəsinə düçar olacağını bildirir. Şeyx Sənan ustadına beləcə cavab verir:

 

Ben otuz yıl cihanda zahidvar,

Bilmədim qız-qadın nədir zinhar.

Nə qadar bəndə varsa hissü həyat,

Ehtirasatə düşmənim... heyhat!

Bana bigabnə, zevqi-nəfsani,

Sevdiyim yalnız eşqi ruhani...

 

Otuz yaşlı, sağlam ruhlu böyük dinü-iman sahibi, nüfuzlu bir şeyx, şeyxlərin rəhbəri vaxt gəlir ki, xəyalət aləmində bir gavur qızını, xristian imanlı gürcü qızı Xumarı görür və şaşırır. Xumar ona nəinki ülviyyət rəmzi olan Zəhranı və bütün dünyanı, dinü-imanı, ərşü-əlanı unutdurur. Bəlkə Şeyxin əqidəsi möhkəm deyil? Yox, o, dini sevən və onun fəlsəfi mahiyyətini külli-aləmə bəyan edən bir mübəlliğdir:

 

Arqadaşlar! Şu parlayan günəşin,

Feyzi birdir cihanda hər kəs için.

Türk, hindu, ərəb, əcəm bilməz,

Nuru hər yanda artar, əskilməz.

Mənəvi bir günəş də var: nəvvar -

O da islam dinidir, parlar.

 

Əsərdə Şeyx Sənana qarşı duran mənfi obraz kimi düşünülmüş Şeyx Mərvan Sənandan soruşanda ki, sən ki qadından ürkərdin, indi niyə fikrini dəyişdin, Şeyx Sənan ona belə cavab verir:

 

Onu seçməz sənin gözün əsla,

O mələkdir, qadın deyil ki, haşa!..

Oqunur gözlərində ülviyyət,

Sanki bir heykəlin - üluhiyyət!

Vətənim, cümlə niyyətim, Kəbəm,

Şimdi yalnız odur, o, vaz keçəməm.

 

Şeyx Sənan Xumara qovuşmaqdan ötrü qarşısına qoyulan bütün şərtləri qəbul edir: dini-imanı atır, şeyxlərdən ayrılır, boynundan xaç asır, şərab içir, iki il donuz otarır, yalnız bir şərti - Quranı yandırmaq təklifini qəbul etmir. Bütün bunlar Şeyx Sənanı romantik bir sevgi qəhrəmanından çox, ilahi eşq sahibi, sufimistik filosof kimi səciyyələndirir. Artıq onun üçün dinlərin, məscid və kilsənin, məscid və mey-xanənin heç bir fərqi yoxdur. H.Cavidin böyük mürşidi dahi Füzuli yazırdı:

 

Ayrı bilmişsən, Füzuli, məscidi meyxanədən

Səhv imiş ol kim, səni biz əhli-irfan bilmişiz.

 

"Şeyx Sənan" da sufi plan Dərviş obrazı ilə bağlıdır. Elə əsərdə Şeyxi və Xumarı, ümumən onların məhəbbətinin ilahi səviyyəsini dərk edən yeganə obraz da məhz dəli Dərvişdir. Şeyx Sənan ondan kimliyini soruşanda Dərviş belə cavab verir:

 

Babam heyrət, anamdır şübhə... Əsla

Bilinməz bən kimim, ey şeyxi-vala!

Fəqət pəjmürdə bir səyyahi-zarim,

Şəriətdən, təriqətdən kənarim,

Həqiqət istərim, yalnız həqiqət!

Yetər artıq şəriət, ya təriqət.

Qulaq verməm bən əsla bir xitabə,

Pərəstiş eyləməm hiç bir kitabə.

Əvət, Quran, Zəbur, İncilü Tevrat

Birər röya ki, zor təfsiri, heyhat!

Birər röya bütün əlvahi-aləm,

Birər əfsanə, cənnət, ya cəhənnəm.

Əgər fevqəlbəşər olmaq dilərsən,

Kənar ol daima cinsi-bəşərdən!..

 

Şeyx Sənan ona "pirü-mürşid" - deyə müraciət edir. O, Xumarı görüncə, "La ilahə illəllah!" - deyə kəlmeyi-şəhadət gətirir, ona ilahi bir varlıq kimi səcdə qılır, onu "nuri-həqq" adlandırır. Xumar da Şeyx Sənanı eyni ucalıqda qiymətləndirir.

 

Əvət, ən möhtərəm, nəcib insan..

Hələ dursun kəmalı, mərifəti

Onda var sanki evliya sifəti.

 

Bu, artıq insani yox, ilahi - mistik bir qiymətləndirmədir. Şeyx Sənan sevgini ucalığa doğru hərəkət, ülvi bir yüksəliş hesab edir: "Bəni hər kim sevərsə, yüksəlsin!" - deyir, "Şeyx Sənan" əsəri mistik-sufi bir sonluqla başa çatır.

Romantik faciənin səbəbi ilahi eşqdir. Eşq və etiqad, ibadət və məhəbbət arasındakı konfliktdə eşq etiqada... qalib gəlir. Şeyx Sənan Xumara olan ilahi sevgidə məxluqdan Xaliqə gedən yolu intixab edir. Şeyx Sənanın (Məcnun kimi!) adi insanlıqdan çıxdığını artıq iki adam dərk edir: Dərviş və Xumar! Dərviş Sənana deyir:

Baqma, şeyxim, şu halı-pürqəminə,

Giriyorsun həqiqət aləminə.

Fəzli-həqq runüma kəmalında,

Parlıyor nuri-həqq cəmalında.

Səndə bir əhli-hal əlaməti var,

Səndə əlan xuda qiyafəti var.

Göründüyü kimi, H.Cavid Dərvişin dili ilə Şeyx Sənanı sırf sufi qəhrəman kimi təqdim edir. Dərviş H.Cavidin öz obrazı idi. Sidqi Ruhulla xatirələrində yazır:

"H.Cavidin "Şeyx Sənan" faciəsinin tamaşasında mən həmişə dərviş rolunu ifa edirdim. Sonralar bu rolu bəzən başqa artistlər də ifa edrdilər... Mərhum H.Cavid həmişə mənə deyərdi: Qardaşım Sidqi! Bu əsərdəki Dərviş mən özüməm. Unutmayın ki, Siz məni oynayırsınız". Beləliklə də Dərviş əsərdə dramaturqun bədii-fəlsəfi qayəsini, estetik idealını əks etdirən obrazdır.

Əsərin sonunda Şeyx Sənan Xumarın əlindən tutub "Ya Allah!" deyərək sonuncu pənahgaha - uçuruma atılırlar. "Uçalım, haqqa doğru, gəl uçalım!" deyir Şeyx Sənan. Şeyxlər və müridlər "uçdular" deyərək onları yola salırlar.

Sənanın "O donuzlar ki, otladır Sənan // Hiç fərqi yoxdur onlardan" deyə donuz adlandırdığı şeyxlər və müridlər də, Xumarın atası Platon da, gürcülər də, xristian dinin xadimi Papas da bu uçuşa mat qalırlar.

Şeyxlər və müridlərin sözləri ilə desək, bu uçuş "müdhiş səadət", "dilbər fəlakət" idi.

Cavidşünas A.Turan bu uçuşun mahiyyətini belə izah edir: "Türk təsəvvüf düşüncəsində və eyni zamanda bu düşüncənin hələ hasilə gəlmədiyi çox-çox əvvəlki çağlarda bəlkə də ən ciddi məqamlardan biri həmin uçmaq məsələsidir.

Yunus Əmrə "Divan"ında cənnət - uçmaq şəklində belə ifadə edilmişdir:

 

Uçmaq-uçmağım dedigün,

möminləri yeltəndigün

Vardur ola burğac huri

arzum yoğdur uçmağ içün.

 

Bu bir həqiqətdir ki, türk özünün səma adamı olması inamını heç zaman tərk etməyib, göy mənşəli bir xilqət olduğuna inanıb.

Tək Tanrılı türkün müqəddəs "Quran" vasitəsilə öyrəndiyi cənnətin qədim türk dilindəki sinonimi uçmaq idi.

Sənan ilahi eşqin faciəsini yaşayır və o, əslində bu faciənin qəhrəmanı kimi ucalır. Cavidin cəsarəti və əslində əsərin sufi gücü bundadır ki, o, məşuqə olaraq xristian qızı Xumarı seçir. Şeyx Sənanın mürşidi Şeyx Kəbirin qızı ülviyyət rəmzi olan Zəhranı da seçə bilərdi.

Və daha bir fakt maraqlıdır: Xumar Şeyx Sənanın aləmin röyada, xəyalda daxil olur. Amma Cavid onu röyada saxlamır, yerə endirir, Sənana real şəkildə təqdim edir. Sənan öz qeyri-adi, ilahi məhəbbəti ilə onu yerdən göyə-səmalara qaldırır, ona mələk kimi uçmaq qüdrəti bəxş edir. Şeyx Mərvan Şeyx Sənanı bir qadından ötrü dini-imanı atmaqda qınayanda Sənan Xumar "qadın deyil, mələkdir" deyir, onu "üluhiyyət heykəli" adlandırır.

Xumara olan ilahi eşq sayəsində allahlaşdığını Dərviş Şeyx Sənana söyləyir: "camalında nuri-həqq", "xuda qiyafətində" olduğunu irəlicədən bəyan edir.

"Şeyx Sənan" həqiqətən də H.Cavidin "hüsni-xuda şairi" olduğunu təsdiq edən möhtəşəm sənət əsəridir.

Müasir texnologiyalarla yüklənmiş yeni tarixin gerçəkliyini, zəfərlə başa çatan müharibəni qələbə eyforiyasında yaşayan oxucusu bunları başa düşəcəkmi? Bu suala tarix cavab verəcək. Biz isə əminik ki, gülə-gülə, sevinclə döyüşə gedən şəhidlərimiz müasir tarixi sivilizasiya zamanında Şeyx Sənan idealını həyata keçirdilər. Yenə də insan amili ön plana keçdi. H.Cavid romantik şair, mütəfəkkir olaraq bu insanın tarixdə, yerdə, yaxud da səmaya ucalmasının sirrini təriqətlərdə yox, məhəbbətdə - insanın ürəyində tapdı. Ən möhtəşəm qələbələrin taleyi insanın ürəyində həll olunur.

 

Gülşən Əliyeva-Kəngərli

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.10-11.