Ürəklərdə yanan işıq

Hardasa zülmət səltənətində Tanrı öz tükənməz nurundan bir çınqı verərək qaranlıqlar arasında bir işıq yandırır və o işıq tanrısal ilhamın gücü ilə başlayır yavaş-yavaş ətrafdakı zülməti qovub dağıtmağa. Ancaq zülmət də asanlıqla təslim olan güclərdən deyil və bir gün fürsət tapıb o işığı basmarrıyıb söndürür...

Zülmət öz görünməz əllərini bir-birinə sürtüb, işığı söndürdüyünə sevinir və elə bilir ki, artıq zülmət səltənəti əbədidir... Ancaq tez sevinir, vaxtından əvvəl şadlıq eləyir; çünki sönməzdən əvvəl milyon-milyon ürəklərə sirayət etmiş, öz nurunu paylaşmışdı o işıq və artıq onu söndürmək praktik cəhətdən mümkünsüzdür.

Hüseyn Cavid də qanlı bolşevik zülmətinin cismani cəhətdən "söndürdüyü" belə bir işıq idi və sönməzdən öncə öz gur zəka və maarif işığını milyonlarla ürəklərdə yandıra bilmişdi.

Cavid işığı hər şeydən öncə öz xalqına və ümumilikdə bəşəriyyətə nə gətirmişdi? Bu işığın qarşısında zülmətin hansı mənfi çalarları solmuşdu, aradan çıxmışdı, qorxub zülmət səltənətinin zir-zibilli künc-bucağında özünə sığınacaq tapmışdı?

Bütün bu suallara cavab vermək üçün hər şeydən öncə böyük şair, ardınca da böyük filosof, mütəfəkkir, humanist sənətkar olan Hüseyn Cavidin ölməz irsini bir də vərəqləyək, onun ruhu ilə bir neçə müddət baş-başa qalaq, dərdləşək, zavallı bəşəriyyətin düşdüyü şər girdablarından, burulğanlarından, zülmət dolanbaclarından çıxış yolu axtaraq və görək bu yöndə Cavid yaradıcılığı bizə nə verib, nə verir və nə verəcək?

 

***

 

Dünya tarixi insanın bir sosial varlıq kimi formalaşmasından başlayır və bu günə kimi hələ ki davam etməkdədir. Niyə hələ ki deyirəm, çünki bir bioloji varlıq kimi insana xas olan aqressiya bu cür davam edərsə, dünyanın insan tərəfindən fiksə edilən tarixi də tez bir zamanda ancaq kosmik yaddaşda şirinli-acılı bir xatirə kimi qala bilər...

Həm də çiynimizin üstündən boylanaraq ani bir baxış fırlatmağımız yetər ki, dünya tarixinin əslində ardı-arası kəsilməyən müharibələr tarixindən başqa bir şey olmadığına əmin olaq. Müharibə isə, təbii ki, qan, qırğın, zülm, yanğın, əsarət, alçaltma, zülüm, təcavüz, işğal... deməkdir və ən qəribəsi və ağlamalısı da odur ki, bəşəriyyətin böyük əksəriyyəti məhz bu qeyri insani hadisələrlə fəxr etməkdə, qürur duymaqdadır...

 

Hüseyn Cavid demişkən: "Nə tühaf!.."

Oysa dahi şair düşünürdü ki:

 

Düşündüm ki, əməl çəmənzarında

Açar qızılgüllər, zümrüt yapraqlar;

Düşündüm ki, ömrün ilk baharında

Al şəfəqlər saçar qonça dodaqlar.

 

Hələ bu azmış kimi, humanist şairin düşüncə fantaziyası bir az daha ictimai çalar kəsb edir:

 

Düşündüm ki, susar qanlı tufanlar,

Keçər zalım fırtınalar, böhranlar,

Çəkilir dumanlar, sönər vulkanlar,

Ninni söylər bana coşqun ırmaqlar.

 

Ancaq sən saydığını say, gör fələk nə sayır? O fələk ki, Hüseyn Cavidin əzəmətli qələmində İblis obrazına çevrilir:

 

Yazıq!.. Ortalığı zülmətlər aldı,

Ölüm yarı yardan aralı saldı,

Həsrətlər içində ruhum bunaldı,

Qanatdı gönlümü xain dırnaqlar.

 

Əvət! "Xain dırnaqlar!" və: "İblis nədir? - Cümlə xəyanətlərə bais!..".

Əcəba, qaranlıqda, soyuqda, aclıqda, səfalətdə qalmış insanlara ürəyi yandığından Tanrıların ocağından od apardığı üçün Prometeyi Qafqaz dağlarında bir yalçın qayaya İblismi zəncirləmişdi? - Zəncirləməmişdi!

Əcəba, qulluq halqasını qulağından çıxarıb tolazlamaq istəyən Spartak üsyanını qan gölündə İblismi boğmuşdu? - Boğmamışdı!

Əcəba, "Homo homini lupus" şüarına qarşı çıxıb insanı insana qardaş bilən İsanı çarmıxa İblismi çəkmişdi? - Çəkməmişdi!

Əcəba, Tanrı sözünü insanlara çatdırıb onlara doğru yolu - insanlıq yolunu göstərmək uğrunda hər cür əzaba qatlaşan Məhəmməd peyğəmbərin dişini İblismi sındırmışdı? - Sındırmamışdı!

İnsanı kamillik zirvəsinə ucaldaraq Tanrıya yaxınlaşdırmaq, Tanrının lütfünə layiq olduğunu sübut etmək üçün uf demədən şirin canından keçən Nəsiminin dərisini İblismi soymuşdu? - Soymamışdı!

Min illərlə yaşadığı ərazidə bütün qonşularını səmimiyyət və ürək açıqlığı ilə qardaş bilən, qayğı və sevgi göstərən böyük Azərbaycan xalqının başına ta bu yaxınlaradək ağlasığmaz işgəncələrlə, müsibətlərlə oyun açaraq ən qəddar soyqırımlarını İblismi törətmişdi? - Törətməmişdi!..

"Ya hər kəsə xain olan insan nədir? - İblis!".

Hüseyn Cavid yaradıcılığının qlobal-bəşəri-humanist mahiyyətini məhz bu sözlərdə axtarmaq lazımdır. İnsan xislətində özünü göstərən bütün mənfi, qeyri-insani xüsusiyyətlərin, çirkinliklərin toplusunu riyazi-mifoloji düşüncədə məhz İblis adlandırmışdılar. Və bu, xislətlərindəki çirkinlikləri zaman-zaman aşkara çıxarmaqdan bir dürlü özlərini saxlaya bilməyən insanlar üçün ən əlverişli alibilərdən biri idi. Sanki min cür fırıldaqdan çıxıb insanlara qarşı milyon cür pislik və zülm edən birisinin heç bir günahı yox imiş; onu sadəcə lənətə gəlmiş İblis yoldan çıxarıbmış...

Zaman-zaman bəşəriyyətin yetirdiyi böyük humanist dahilər cılız, naqis həmcinslərinin bu gülünc alibisini darmadağın etmiş, insanı öz günahlarını boynuna alaraq pisliklərdən çəkindirməyə, insan adına layiq olmağa, öz üzərində daim çalışaraq kamilləşməyə dəvət etmiş, bir çoxları da bunu şəxsi örnəyində göstərməklə tamamilə mümkün və real olduğunu sübuta yetirmişdilər. Hətta böyük humanist şair-mütəfəkkirimiz İmadəddin Nəsimi gerçək həyatda kamil insan görərək onu salamlamaq sevincini də əldən qaçırmamışdı:

 

Mərhəba, insani-kamil, canımın cananəsi!

Aləmin cismi sədəfdir, sənmisən dür danəsi?

 

Hüseyn Cavid də öz böyük sələfləri kimi kamil insan obrazına müraciət etmiş, bəşərin xilasını onun yaydığı zəka və maarif toxumlarının münbit zəmində cücərərək bol məhsul verməsində görmüşdü:

 

Azər düşünür... Bəlkə otuz yıldır o hər an

Düşkün bəşərin eşqini, fəryadını inlər.

Yaqdıqca yaqar beynini bir gölgəli böhran,

Əflaka sorar dərdini, yıldızları dinlər.

Göz qırparaq ancaq ona yıldızlar edər naz,

Dilsiz və sağır göylər onun halını duymaz.

 

Şübhəsiz ki, bu parçadakı "açar söz" məhz "düşkün bəşər"dir. Filosof Azəri və onun yaradıcısı filosof Hüseyn Cavidi düşündürən də məhz bəşərin düşkünlüyü, milyon illik tarixinə baxmayaraq, hələ də zülmət səltənətində əlhavasına sürünməsi və ən pisi də bu sürünmənin özü də fərqinə varmadan onu dibsiz uçuruma doğru aparmasıdır.

"Onların gözləri var, ancaq görmürlər; onların qulaqları var, ancaq eşitmirlər; onların ürəkləri var, ancaq duymurlar!" deyir Tanrı naqis bəşər üçün, div xislətli insanlar üçün, İblisə uymuş toplum üçün.

Türki-islami bir mühitdə böyüyüb tərbiyə almış Hüseyn Cavid də türkün, islamın qızıl dövrünü yana-yana xatırlayıb heyrətlə soruşurdu:

"İblisəmi uymuş bəşəriyyət?!".

Və böyük şair-mütəfəkkir göz yaşları içində acı-acı gülürdü:

Əcəba, İblisi də insan özü yaratmadımı? İndi öz yaratdığının əlində yesirmi qaldı? Bir dürlü onun qan-qada ilə yoğrulmuş, insan qanına susamış təlqinindən qurtara bilməzmi? Böyük Mirzə Fətəlinin sözüylə desək, "Meymunu yadından çıxara" bilməzmi?

Bu sualı test sorğusu saysaq iki cavab mümkündür:

A) Prinsipcə qurtara bilər, çıxara bilər;

B) Praktik olaraq qurtara bilməz və çıxara bilməz.

Bax, elə problemin çözülə bilməməsinin sirri də bu təzadda gizlənib: bu ziddiyyətdən kompromis yolu, "qızıl orta" tapmaq mümkündürmü, yoxsa heç cür mümkün deyilmi?

İnsan bu təzadın ağırlığı altında məhv olub gedəcəkmi, yoxsa özündə güc və iradə tapıb xilas olacaqmı?

Görəsən, "Tanrısı gözəllik və sevgi olan" bir Şairlə "qan püskürən, atəş savuran kinli krallar" eyni bioloji materialdanmı yaranırlar, yoxsa onlar tamamilə başqa-başqa dünyaların törəmələridir? Sevgini də, kini də eyni kimyəvi proseslər idarə etmirmi? Nədən yalnız nektarla qidalanan arının neştərində həm də zəhər yaranır?..

Min illərdir bu suallar işıqlı insanları düşündürür, ancaq nə yazıq ki, hələ də bir dürlü çıxış yolu tapmaq üçün təklif etdikləri cavablar, üsullar hələ də heç bir səmərə vermir.

Bəşəriyyətin işıqlı zəkalarının layiqli sələfi kimi dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavid də bu sualların cavabını axtarır, insanı layiq olmadığı düşkün, miskin vəziyyətdən qurtarmaq üçün yollar axtarır, zülmət qafalarda işıq yandırmaq, qaranlıq ürəklərə işıq salmaq istəyir.

Hüseyn Cavidin bu yöndəki fəlsəfi görüşləri bütün əsərlərində özünü büruzə versə də, zənnimizcə, "İblis" faciəsi ilə "Azər" poemasında bu suallar və axtarışlar, bu axtarışlara həsr edilmiş düşüncələr özünü daha kəskin şəkildə göstərməkdədir. Bu da təsadüfi sayılmasın gərək. Hər halda həmin əsərlərin yazıldığı tarixi şəraitin xarakterindən, bəşəriyyətin qarşısına qoyulmuş taleyüklü sualların kəskinliyindən, bir də şübhəsiz ki, Hüseyn Cavidin bir mütəfəkkir sənətkar kimi yaradıcılığının yetkin, kamil bir dövrünü yaşamasından irəli gəlirdi.

 

Tutuşdu qəm oduna şad gördüyün könlüm,

Müqəyyəd oldu ol azad gördüyün könlüm...

 

Füzulinin könlü niyə şad idi və birdən-birə niyə qəm oduna tutuşdu? Çox vaxt humanitar elmimizdə Füzuli qəmini, kədərini "dünya qəmi" adlandırırlar; ancaq mənə qalarsa, bunu "insan qəmi" adlandırmaq daha düzgün olardı; çünki insansız dünya əslində heç dünya da sayıla bilməz, dünya yalnız insan zəkası ilə özünü dərk etdikdə əsl dünyaya çevrilə bilər.

Ancaq yenə təzada baxın: insan öz böyüklüyünü, təbiətin möcüzəsi sayıla biləcək zəkasını dərk edir, eyni zamanda öz həmcinsinin zülmünə, alçaltmasına qatlaşmağı da özünə rəva bilir. Sevginin möcüzələr yaratmaq qabiliyyətinə heyran olarkən ürəyi ülvi işıqlı duyğularla çırpınır, ancaq eyni zamanda fürsət düşəndə öz həmcinsinin qanını içməkdən də özünü saxlaya bilmir...

Beləcə, iki polyar duyğunun məngənəsində orta hədd axtarır, ancaq zaman saatının rəqqası kimi bir dürlü qərar tuta bilmir.

"Mən fəqət hüsni-xuda şairiyim!".

Görəsən, gözəlliyə bu qədər aşiq olan insan niyə təbiətin və özünün yaratdığı gözəlliyi bir anda məhv edib külə çevirə bilən kütləvi qırğın silahları yaradıb, bəşəriyyətin başı üzərindən Damokl qılıncı kimi asır? Həm də Hüseyn Cavidin yaşadığı dövrlə indiki dövrün kinli kralları arasında, görəsən, çoxmu fərq var? Əlbəttə, gözəl Yer kürəsini dağıdıb məhv etmək potensialı baxımından yerlə göy qədər fərq var...

Bir daha qayıdaq görək Azər nə düşünür?

Sevdirmiş içindən ona bir cilvə həyatı,

İnsanlara qoşmaq və qavuşmaq dilər əlan.

Duymaq və duyurmaqda bulur zevqi, nişatı,

Yalnızlığa, ıssızlığa qəlbən edər isyan.

İstər bulut olsun da, dənizlər kibi aqsın,

İstər Günəş olsun da, qaranlıqları yaqsın!

Hüseyn Cavidin Azəri Günəş olmaq, qaranlıqları yaxmaq istəyir. Aydındır ki, bu, avtobioqrafik bir obrazdır, Cavidin özüdür. Həm də bu zaman "Günəş" və "qaranlıqlar"dan məqsəd sadəcə optika elmi baxmından işıq və kölgə deyil, qarşı-qarşıya qoyulan "sevgi" və "kin" duyğularıdır.

O da əlamətdardır ki, Hüseyn Cavid yaradıcılığında sevgini təcəssüm etdirən obrazlar kini təcəssüm etdirən obrazlardan qat-qat çox olsa da, sanki qüvvələr cəmi bir-birinə bərabərdir və bu əbədi mübarizədə heç biri sona qədər o birinə qalib gələ bilmir.

Füzulinin şad könlü günün günorta çağı gözlənilmədən qəm oduna tutuşduğu kimi, Cavid də bir şeirində sevginin xronologiyasını qısaca olaraq təsvir edir:

 

Çocuqluğumda eşitmişdim eşqin atəşi var,

Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar.

Bu incə söz o zaman pək tühaf gəlirdi bana,

Gülümsəyib də diyordum: zavallı insanlar!

Nasıl da hər sözə bel bağlayıb da aldanıyor?

Nədən bu eşq, əcəba, xalqı eyləsin bizar?

Bu yolda yansa da,

qəhr olsa kimsə dönməz imiş!

Demək, bu öylə bir əfsanədir ki, əfsunkar!

 

Şübhəsiz ki, bu məqamda yada böyük şairimiz və dahi sərkərdəmiz Şah İsmayıl Xətainin "Dəhnamə" poemasındakı bənzər süjet və aşiqin halı düşməyə bilmir. Doğrudur, Hüseyn Cavidin Xətai yaradıcılığı ilə tanış olub-olmadığını bilmirik, ancaq məsələ bunda deyil.

"Eşq yolunda yansa da, qəhr olsa kimsə dönməz imiş!". Sevginin əfsunu bunda imiş və bu əfsun insanı təkcə ülvi məqsədlərə deyil, cinayətə də sövq etməyə qadirdir. Məgər "aşiq" obrazının antonimi kimi təsvir edilən "rəqib", "əğyar", zahid obrazları boş yerdəmi yaradılmışdı? Əlbəttə, yox! Həm də nə bilmək olar ki, obyektiv şəkildə yanaşsaq, bu obrazlardan hansı müsbət, hansı mənfidir? Axı hər kəsin öz həqiqəti var və nə bilmək olar ki, konkret situasiyada onlardan hansı haqlıdır? (Elə sadəcə "İblis"dəki Ariflə Vasifi örnək gətirmək kifayətdir).

Bəlkə buna görədir ki, qədim romalılar "sevgi" və "ölüm" sözlərini eyni kökdən yaratmışdılar?

Bəlkə buna görə dahi Azərbaycan şairi və mütəfəkkiri Gəncəli Nizami Leyli ilə Məcnunun bu dünyadakı faciəli sevgisini o dünyada - cənnətdə xoşbəxt qovuşmağa çevirmişdi?

Bəlkə buna görə insanın bu müvəqqəti dünyadakı bütün əzab-əziyyətlərinin qarşılığında o dünyada əbədi həyat vədləri haqqında cəlbedici əfsanələrlə insana kosmik ədalətin hər halda mövcud olması barədə şirin vədlər verilir?

Bəli, milyonlarla insan bu vədlərə ürəkdən inanıb əzab-əziyyətlərə sinə gərir, bütün ömrünü ibadətə sərf edir, Tanrı gözəlliyinə qovuşacağı günün həsrəti ilə insan zülmünə dözür... Təkcə bəşəriyyətin yetirdiyi işıqlı zəkalardan, dahi mütəfəkkirlərdən başqa!

Onlardır ki, ürəklərdə humanizm işığı yandırmaqla bəşəriyyətin xoşbəxt gələcəyinin nə vaxtsa baş tutacağına, Yer üzünün əsl cənnətə çevriləcəyinə inanırlar və bütün insanları da buna inandırmağa çalışırlar.

Dahi Hüseyn Cavid də məhz bütün bəşəriyyətə məxsus olan, Azərbaycan xalqının yetirdiyi bu cür böyük işıqlı zəkalardandır!

 

3 sentyabr 2022

 

Teymur Kərimli

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.14-15.