Harda görsək bir qaranlıq,

gün kimi doğub gedərik.

Hər quraqlığa bir anlıq

yağıştək yağıb gedərik.

 

Biz gələrik sevə-sevə,

göz yumar O biz tərəfə

bir ömürdə bircə dəfə,

üzünə baxıb gedərik

 

Bir həyatdı min günahlıq,

bir nəfəs qalıb son ahlıq,

ömür adlı bu qonaqlıq

bitər də, çıxıb gedərik...

 

***

 

Nə şirindi o gözlərlə döyülmək -

çırpa yenə kirpik adlı qamçısı...

bircə kərən haqq önündə əyilmək

demək deyil yerdən göyə qan sızır.

Eşq yazılır o qan ilə yol üstə

o yazını silmək gəlməz əlindən

təki məndən öpülməmiş gül istə

yoxdu desəm çarmıxa çək dilimdən,

Qoy desinlər: "Haqdan gələn cəzadır...".

 

Söz gülləsi göz mərmisi, can külü,

ağlabatan şeylər deyil miskinə

ömür gəlib keçəcəksə mürgülü

öpüləsi surət qalar pis günə.

Aşiq eşqdə salavatdan yıxılsa,

bayılınca bilməz nədir olanlar,

hər nə görsə dönüb ona ağ olsa,

ürəyində solar bir-bir gül anlar,

inanmaz ki, yolu qışdan yazadır...

 

İnanmaz ki, olan olub ötüşüb

yazdı, qışdı, - fərq eləməz eyninə

dünyasına özü boyda od düşüb

yük varsa götürübdü çiyninə:

dar ağacı... kəndirlər bir biçimdə...

sevgidirmi Ay doğunca gün yata?

Əsl aşiq ölər sükut içində

fırtınatək qopub gedər dünyadan,

kimsə bilməz kim kimə əl uzadır...

 

***

 

Çıxar ayaqlarını

ver geyinsin o ağac.

sonra da o yüyürsün,

sən də arxasınca qaç,

amma necə qaçasan,

ayağın yoxdur axı...

 

Qopar dodaqlarını

ver o susqun çiçəyə,

sonra da qoy o gülsün

sən də başla gülməyə.

Amma necə güləsən

dodağın yoxdur axı...

Götür o gur çırağı

ver sevinsin o qərib

çevirmə o varağı

üstündə ruh can verib

qorxma zülmət içində

varsa tapacaqsan

çırağın olmasa da...

zülmətə hopacaqsan

günahın yoxdur axı...

 

Qoy bir haray doğranıb

tökülsün göy üzündən

qoy yalanı-doğrunu

hər kəs görsün özündə

gələnlər qu tüküdür

gedənlər dönməsə də

qoy ruhunu hürküdüb

sənə hamı desə də:

Allahın yoxdur axı...

 

...Yeri, gül və yan daha

başqa nəsə etməyə

heç haqqın yoxdur Sənin...

haqqın var?

yoxdur axı...

 

***

 

Dedinmi heç: "qaçaq ruhun köçündən,

gəl bu canı ikiyə böl..." dedinmi?

Mən də sənə ayrılıqlar içində:

"qərib-qərib açılmış gül..." dedimmi?

 

Zaman ötdü... günlər külə dönüşdü

bilmədin ki, yoxuşdu, ya enişdi

anlayınca bu olanlar nə işdi

heç bircə yol: "qayıt da gəl..." dedinmi?

 

Eşq - zəlzələ - dam-daş çökər, ev gedər...

kündə kimi gedər hər cür kef kütə

bunu bilib: "çox körpəsən sevgidə,

bir az böyü, bir az yekəl" dedinmi?

 

Demə, eşqdə nə düyün var, nə ilmə...

Demədin heç "ayrılığa döyülmə..."

sən heç mənə: "dərd Tanrımı? - əyilmə!

ölmə... ölmə... dikəl, dikəl" dedinmi?

 

Bəlkə gecdir - olacaqlar baş verib...

tanıyaydıq kaş bu göyü, kaş yeri

bir sinədə həm ürək, həm daş yeri

duyub da heç: "əl çək, çək əl" dedinmi?

 

***

 

Mən niyə ölmədim? - hörümçək bilir,

ya bir çiçək bilir, ya bir gül bilir,

sevginin sonunda qiyama qalxan

o üç nöqtə bilir, o vergül bilir,

kim öldü, kim qaldı şəkli göydədi

zəhlə gedən göydə istəkli göydə

kim idi qaşını görən düy dedi

pıçılda adını bu səsdə, küydə

ruhu dolu adam, başı boş adam

ayağı xizəkli yayda yürüyür

dünya belədirsə uçacaq bu dam

cahil olanları haqmı kürüyür?

Amma bir şey də var... ölən öləcək,

ya başı papaqlı, ya da ləçəkli,

ya da elə-belə... tək O biləcək

biləcək kim çəkib bu miskin şəkli...

Hər şey ondan sonra tapıb yerini

qalxacaq haqq olan bir qiyamətə

gəl mən sənə açım ruhun sirrini,

çiçəkdir soluxan, böcəkdir itən...

bircə aşiq deyil, inan Allaha

çiçəktək, böcəktək bir haqqa yetən,

özünü bu qədər açıq məhv edən

bircə aşiq deyil,

üzülmə daha...

 

***

 

Sən özgə bir ovqatdasan

Mən ayrı ruhda - neyləyək?

Açıb-tökəkmi hər şeyi

Susaq bu haqda, neyləyək?

 

Ürəyimiz eşik-eşik...

Kim deyir ki, dikəlmişik

O boyda çöldən gəlmişik

Bəs bu oyuqda neyləyək?

 

Bu can adlı xarabada

Hər şey, hər şey gedir bada

Ömür sürdük yata-yata

Var öldü, yoxda - neyləyək?...

 

Nəydi baş verənlər, nəydi?

Keşkə baxanlar görəydi...

Bir güllə sinəmə dəydi

Yüz güllə baxta - neyləyək?..

 

***

 

Mən öldüm... sən ağladın...

niyə? üçün? nədən?..

Gözlərimi bağladın

ən sonuncu həmlədə...

 

Budur... düşün də... di gəl...

Öldümmü, ya qaldımmı?

Hünərin var, di dikəl

ruh heç nəyə aldanmır.

 

Ölü nə? Diri nədir?

Sən denən, mən də deyim...

Sən deyirsən:

sevgi ölümsüz ruhdur,

mən deyirəm:

ölüm - köhnəlmiş geyim...

bəs O?

O nə deyir,

deyir O, ürəyim?...

 

***

 

İtirilmiş bir tay əlcək kimi

məni hələ də axtarır ölüm -

çünki itik pis şeydi

...kaş itə biləydim təzədən.

 

Qoparılmış ləçək kimi

yarası görünür, can adlı gülün

keşkə görünməyəydi

...kaş bitə biləydim təzədən.

 

Arxasınca bir böcək kimi

getməkdən çəkirəmsə zülüm

kaş "getdim, fani dünya, xoşca qal", deyəydim,

...kaş gedə biləydim təzədən.

 

***

 

...O deyir ki, "qapıları sevmirəm,

Bağlı, ya açıq olsun,

ya önümdə açılsın,

ya arxamca vurulsun..."

 

O deyir ki, "sevmirəm o kəsləri

üzündədir hayqırtısı

içindədi səsləri...".

 

O deyir ki, "ölümlə üz-üzə də özün dur,

yaşamaq çox qısadır,

ölüm daha uzundur...".

 

O deyir ki, "üstünə,

ya gözəl bir Ay-ulduz,

ya bir xaç çək olanların,

qayıdacaq ömrünə bəlkə də o anların...".

O deyir ki...

o deyir...

o...

deyirsə desin,

"get dizinə döy..." - de sən...

...Sən onsuz da yerdə yox,

min illərdi göydəsən...

 

***

 

Ay da təkdi, Gün də tək,

Sən də təksən, Mən də tək...

qədər sevsək də

biz tənhayıq ki tənhayıq...

Qoy doğrayım bu sirri

bir rəhmsiz bəndətək

tufan qopsun bir anda...

sən dəniz ol, mən qayıq...

 

Uzaqlar desin ki, "gəl...",

yaxınlar şahə qalxsın

bir cüt bulud öpüşsün, oynasın ildırımlar

biz yerdən baxıb susaq,

O da göylərdən baxsın,

hər baxışda Eşq adlı

keçilməz sıldırım var.

 

Sevdikcə çıxır yoxa təklər öz təkliyində

duyan duyur, duymayan girir qaranlıqlara,

sevda uzunluğunda, ömür gödəkliyində,

adlar cızılır hər gün sonsuz viranlıqlara.

 

Hardan baxırsansa bax, ruh da xarabazardı

can tükənir, unutma, göz yumur yalqız fələk

düşünmə ki, bu ömür tənhalıqdan bezardı

Sən də təksən, Mən də tək,

Ay da təkdi, Gün də tək...

 

***

 

Ötən günün qapısı bağlandı arxamızca

Heç "yaxşı yol" deyən də tapılmadı, deyəsən.

Sevdalar imkan verə, ağıl oyana azca

Qayıdıb qapısını bir də, bir də döyəsən...

Deyəsən ki, "burdayam, hələ canım səndədi...".

 

Amma dünən dünəndi, -

çarxa qonan quşdur o

Tərpənincə uçacaq, baxacaqsan dalınca...

Elə bilmə fanidir, elə bilmə boşdur o

Güllələnmiş yuxudur - qanı damır balınca,

Bir günün xatirəsi bax gör hansı gündədi...

 

Aşiqi adam edən nəydi? - bilən varmı heç?..

Nəydi onu tükədən baharında, qışında?..

Bircə kəlmə hıçqırır: belə şey olarmı heç?

Heç nəyə ümid etmə, yazıqsan bu yaşında,

Yum gözünü... görünən bircə sənsən...

sən... - dedi...

 

***

 

And verirəm... gəl toxunma, keç də get...

mən pirəm, nə də ki, sən daşöpən.

Yazımdakı gül-çiçəyi biç də get,

yaz o yazdı, payız həmən, qış həmən...

 

Bir cüt gözdən illər silib şəklimi...

sor Tanrıdan bu ruh cütmü, təkdimi?

Can - arısı qırılmış pətəkdimi? -

heç cür düşə bilmirəm ki, başa mən...

 

Bu ruh göydə uçan xalça kimidir

bəlkə elə bilirsən ki, gəmidir? -

Qəfil çönsə... dərd yox olur, qəm itir,

bələdəm o boşluğa mən, boşa mən...

 

Sanma yenə ötən günə daş atdım...

nədən geri qayıtmadın beş addım,

varlığımı yoxluğunda yaşatdım,

yoxluğunla var oluram qoşa mən...

 

***

 

Qırğın düşübdü göydə...

quşlar çovuyub yaman...

kimsə bilmir nə sirdir, hamı baxır nagüman...

adamların könlünə hökm eləyir hakim an

burda mənəm, burda mən...

Bağdadsa mənlik deyil...

Qanad çalır bir külək, vaxt kişnəyir, su axır

qopub tökülür yerə bir xatirə suvağı.

Kim deyir ki, göy üzü üzülüb üzgün baxır,

axı adamın içi solmuş çəmənlik deyil.

Bir quşu mismarlamaq göylərə qanadından,

mismarlayıb danışmaq bir ruh,

bir can adından,

qətiyyən əl götürməz qafillər inadından,

çünki olub-keçənlər həmən-həmənlik deyil.

Vaxt kişnəyib qayıtmaz...

can şığıyar torpağa,

ölüm çətin biz adlı ruzisinə xor baxar,

son andaca adımız yazılar bir yarpağa

o yarpaq bir yanaq, nə ölüm ənlik deyil...

 

Getdik uçurumlara bir haqqı sevə-sevə,

hərəmiz bir ox olduq ayrı-ayrı hədəfə,

bircə dəfə doğulduq, yaşadıq bircə dəfə,

bilmədik sevgi - düstur, ayrılıq - tənlik deyil...

 

Duman deyil ruhumuz arana dağdan gəlir,

adi pıçıltılar da gedib uzaqdan gəlir,

adı Zahid olanın yazısı haqdan gəlir,

o bir tərki-dünyadır... ellik, Vətənlik deyil...

 

***

 

İndi nə söyləyim sənə...

bəlkə, mələk deyim sənə,

səni bu göy qübbəsinə,

yazana həmd olsun... olsun.

 

Göydən işarəmi gəlib?

kimlər görüb, kimlər bilib?

...sinəndə daşa çevrilib,

susana həmd olsun... olsun.

 

Kimdi bəs o qəlbi yuxa?

gülür göydən baxa-baxa,

yum gözünü... ölüm daha -

qəzana həmd olsun... olsun.

 

***

 

Harda görsək bir qaranlıq

gün kimi doğub gedərik.

Hər quraqlığa bir anlıq

yağıştək yağıb gedərik.

 

Biz gələrik sevə-sevə,

göz yumar O biz tərəfə,

bir ömürdə bircə dəfə,

üzünə baxıb gedərik.

 

Bir həyatdı min günahlıq,

bir nəfəs qalıb son ahlıq,

ömür adlı bu qonaqlıq,

bitər də çıxıb gedərik...

 

***

 

Qapının arxasında divarın o üzündə

skripka çalınır səsi sökür gecəni,

bir şülək işıq qonub zülmətin dodağına,

qoşulub həmin səsə öpür o hər keçəni

dayanan yoxdu amma...

 

Yatan yatıb eşitmir bu nədir, nə tifaqdı

kimin əlində qalıb kimin əməl dəftəri.

Ömür çoxdan yazılmış, pozulmuş bir varaqdı

döyülür pəncərə ki, qalxsın o küskün pəri

oyanan yoxdu, amma...

 

Skripka çalınır... puçur-puçurdu gecə

axıb süzülüb gedən nədir görən hər yana

ah, özüdür, özüdür... duyuq düşdüm indicə

qan yox, Eşq adlı rəngdi,

boyansınlar kaş Ona

boyanan yoxdu, amma...

 

Zahid SARITORPAQ

 

Ədəbiyyat qəzeti.- 2022.- 29 oktyabr.- S.8-9.