Azərbaycan dilinin
"tərcümeyi-hal"ı
Müəllimim, akademik
Tofiq Hacıyevin əziz xatirəsinə!
Dil haqqındakı elmin - müqayisəli-tarixi
dilçiliyin meydana çıxdığı XIX əsrin əvvəllərindən
min illərlə qabaq dünyanın Mesopotamiya, Hindistan,
Yunanıstan kimi sivilizasiya mərkəzlərində
inkişaf etmiş (ədəbi) dilləri sonsuz maraqla (və
bütün normativ, üslubi incəliklərinə qədər)
təsvir edirdilər. Bu təsvirlər öz əksini bu gün olduqca məşhur
lüğətlərdə, qrammatikalarda
tapmışdır... Türkcəyə gəldikdə isə
onun ilk ən mükəmməl təsvirini, məlum olduğu
kimi, XI əsrdə Mahmud Kaşğari özünün
"Divani-lüğat it-türk"ündə verdi. Azərbaycan dili tarixi
haqqındakı elmin yaradıcısı Əbdüləzəl
Dəmirçizadə "Divan"ı müqayisəli-
tarixi dilçiliyin hadisəsi sayanda, əlbəttə, hissə
qapılmışdı. Hər şeydən əvvəl
ona görə ki, Mahmud Kaşğari "lüğat"
("dillər") terminini işlətsə də türk
dillərini yox, məhz dialektlərini, şivələrini
müqayisə edirdi; ikincisi, müqayisə o zaman tarixi dəyər
qazanır ki, mövcud dillər əsasında pradili
(kökdili) bərpa eləsin, halbuki türkcə göz
önündə idi; nəhayət,
üçüncüsü odur ki, ərəb-müsəlman
"dilçilər"inin təsvir obyekti olan ərəb,
fars və türk dilləri tarixi yox, məhz tipoloji müqayisəyə
meydan açırdı, çünki bunlar müxtəlif mənşəli
dillər idi.
Ümumiyyətlə, ərəb-müsəlman
"dilçiliy"i sərəncamında olan dillərin
tarixi diferensiasiyası proseslərini izləmək barədə
düşünmür, onların bütövlüyündən
çıxış etməyə üstünlük verirdi. Ona görə də
türk dilləri necə ki bu "dilçiliy"in
ixtiyarında idi, onların get-gedə artan fərqi, müstəqillikləri
qeydə alınmırdı... Elə ki, Mirzə Kazımbəyin
şəxsində hind-Avropa dilçiliyinin prinsipləri ortaya
çıxdı, "Türk-tatar dilinin ümumi
qrammatikası" ayrı-ayrı türk ləhcələri
(əslində, dilləri!) barədə danışmağa
başladı... Ərəb-müsəlman
"dilçiliyi"nin təsvir pedantizmi türk dillərinin
müqayisəli-tarixi tədqiqinə, nə qədər
paradoksal görünsə də, o baxımdan yardım
etmişdi ki, nəinki müsəlman, eləcə də
xristian, bütpərəst türk xalqlarının dilləri
də məhz həmin "dilçiliy"in baxış dairəsində,
yaddaşında müxtəlif ləhcələrə malik
ümumi bir dil kimi qalmışdı. Müsəlman
türklərin dilləri isə yalnız türkcənin
deyil, ərəb və farscanın ortaq leksikonu ilə
bütün orta əsrlər boyu "bütöv bir dil"
təsəvvürünü möhkəmləndirməkdə
davam etmişlər.
Odur ki,
müqayisəli-tarixi metodun türkologiyada geniş tətbiqinin
artıq kifayət qədər zəngin təcrübəsi
olduğu bizim günlərdə belə Azərbaycan dilinin
türk dillərindən ayrılmasını - təşəkkülünü,
eləcə də təkamülünü təsəvvür
edərkən qarşıya bir-birinə diametral əks olan iki
maneə çıxır: bir sıra dil tarixçiləri Azərbaycan
dilinin təşəkkülünü eramızdan əvvəlki
minilliklərə aparıb
çıxardıqları halda, bəziləri türk dillərinin
diferensiasiyasını (və deməli, Azərbaycan dilinin də
təşəkkülünü) son əsrlərə qədər
gətirirlər... Ən maraqlısı isə
odur ki, bu fərqli yanaşmaya bəzən eyni bir dil
tarixçisinın təcrübəsində təsadüf
edilir.
Azərbaycan dilinin həm təşəkkül, həm
də təkamül tarixi barədə bəhs edərkən -
dilin ümumi (və elmi!) "tərcümeyi-hal"ını
yaradarkən, görünür, müqayisəli- tarixi metodla
yanaşı, sistem-struktur və antroposentrik (praqmatik)
metodların imkanlarından da yararlanmaq lazım gəlir... Müqayisəli-tarixi metod bizə belə sxematik bir
qənaət verir ki, Azərbaycan dili hər hansı başqa
bir dilin yox, məhz türkcənin diferensiasiyasının
(bölünməsinin) məhsuludur. Ancaq bu hadisənin nə
zaman baş verdiyini biz sistem-struktur yanaşma ilə dəqiqləşdirə
bilərik... Antroposentrik baxış isə bizi həm təşəkkülün,
həm də təkamülün etnokulturoloji mühiti (və
ya məkanı) barədə müfəssəl məlumatla təmin
edəcəkdir... Əlbəttə, nə
zamandan, nə də məkandan kənarda hər hansı dilin
mükəmməl "tərcümeyi- hal"ı yoxdur.
Dilin
işarələr sistemi olması o deməkdir ki, biz tarixin hər
hansı dövründə hər hansı dil adına
məhz müəyyən (özünəməxsus!) işarələr
sistemini görməliyik. Əgər bir neçə
on antroponim, toponim, yaxud ümumişlək söz türkcə
(yaxud onun hansısa təzahürü) barədə aydın təsəvvür
yaratmırsa, burada dil varlığından danışmaq əsassızdır.
Ortada elə mətnlər olmalıdır ki, bu və ya digər
sistemin mövcudluğuna şübhə yeri qoymasın... Məsələn, kimmer - sak-skiflərin, xüsusilə
hun-qıpçaqların Azərbaycanda məskunlaşmaları
mənbələrdə əks olunur, lakin onların dil sistemi
barədə məlumat kafi deyil. Bu isə o deməkdir
ki, həmin dövrləri hər hansı türk dilinin, o
cümlədən Azərbaycan dilinin "tərcümeyi-hal"ına
aid edilməsi yalnız "fakt-güman"dır... Bu, məsələnin
hələ sadə tərəfidir: burada dil ya var, ya da
yoxdur... Sistem-struktur yanaşma üsulu o zaman
daha böyük əhəmiyyət kəsb edir ki, mətn var,
ancaq onun hansı türk dilinə aidliyi mübahisəlidir.
Türkcənin diferensiasiya prosesi bir neçə
əsr davam edə bildiyinə görə keçid
dövrü mətnlərini, adətən, türkcəyə,
yaxud onun hər hansı diferensial təzahürünə aid
edib- etməmək problemi yaranır. Bəzi hallarda isə
mətnin artıq ümumi türkcənin özü yox, təzahürü
olduğunu təyin etsək də, həmin təzahürün
hansı türkcəyə mənsubluğunu deyə bilmirik...
Bütün bu hallarda ayrı-ayrı türk
dillərinə məxsusluğu heç bir şübhə
doğurmayan mətnlərdə stabilləşən fonoloji,
qrammatik və leksik sistemləri bir-biri, eləcə də hər
birini ayrı-ayrılıqda ümumtürk, yaxud
"protürk" sistemi ilə müqayisə etmək
lazım gəlir. Ancaq etiraf etməliyik ki,
istər türk dillərinin, istərsə də Azərbaycan
dilinin tarixşünaslığında, bu işlər
ümumən çox böyük zəhmət (və zaman)
istədiyindən, yalnız intuisiya ilə (gözəyarı!)
aparılır. Bu isə, təbii ki, mübahisələrə
gətirib çıxarır; məsələn, Yunus Əmrənin,
Nəsiminin, hətta Füzulinin dili həm Azərbaycan, həm
də Türkiyə türkcəsinə aid edilirsə, deməli,
ya dil sistemləri baxımından düzgün hesabat
aparılmamışdır, ya da bu dillər ən azı
Füzuliyə qədər hələ eyni bir dil olaraq
qalmışdır.
Dilin
"tərcümeyi-hal"ına
antroposentrik yanaşma dil işarəsi ilə insanın, cəmiyyətin
(və dil ustasının!) münasibətlərinin tarixinə
necə gəldi deyil, mümkün qədər daha çox
elmi texnologiyalar səviyyəsindən baxmağa imkan verir... Dil sistemi o dildə danışan, yazan - o dilin
işarəsindən ünsiyyətdə istifadə edən hər
kəsə münasibətdə neytraldır. Ancaq cəmiyyət bu neytrallıqdan nə qədər
faydalanmış olsa da özünün münasibətində
həmin neytrallığı gözləməkdən
çox- çox uzaqdır. Ona görə də cəmiyyət,
bir tərəfdən, ümumən kütlənin
timsalında tarixən dil sisteminə sərbəst, diqqətsiz
(hətta müəyyən mənada məsuliyyətsiz!)
yanaşaraq onun normativliyini pozur, şivələr, dialektlər
törədir, digər tərəfdən isə öz
ziyalılarının (din xadimlərinin,
yazıçıların, siyasətçilərin, müəllimlərin...)
şəxsində dilin elə bir intellektual qatını
yaradır ki, kütlənin təfəkkürü oraya
müdaxilə edə bilmir. Və paradoks da
orasındadır ki, biz dilin tarixi deyəndə ilk növbədə
bu sonuncusunu - ədəbi dili düşünürük,
heç nəzərə də almırıq ki, kütlənin
"törədicisi" olduğu dillə ayrı-ayrı dil
ustalarının yaratdıqları miqyasca müqayisəyə
gəlmir. Çünki ədəbi dil bir
neçə əsrdən sonra köhnəlib aradan qalxır,
onun yerini yeni ədəbi dil tutur ki, bu da xalqın yeni
ziyalılar nəslinin üzərində işləyəcəyi
"xam material" hesabına mümkündür - o material
hesabına ki, törədicisi xalq kütləsidir.
Azərbaycan
dili müqayisəli-tarixi, sistem-struktur və antroposentrik
müşahidələr (təhlillər) altında
aşağıdakı dövrlərdən keçir: 1) təşəkkül
dövrü; 2) köhnə Azərbaycan dili dövrü; 3)
yeni Azərbaycan dili dövrü.
1. Azərbaycan
dilinin təşəkkülü
Azərbaycan dili (Azərbaycan türkcəsi) türk
dilinin təbii-tarixi diferensiasiyası (bölünməsi) nəticəsində
məhz Azərbaycanda təşəkkül
tapmışdır. Azərbaycan dilinin ilk mükəmməl
abidəsi "Dədə Qorqud" eposudur ki, müasir
dövrə orta əsrlərin sonlarına aid əlyazmalarında
gəlib çatmışdır.
Qədim Azərbaycan ərazisində yayılmış
xalqlar haqqında bizə gəlib çatan məlumatlar e.ə.
III minillikdən başlayır. Ən məşhurları
lullubey, kuti, xurrit xalqlarıdır ki, tədqiqatçıların
çoxu onları Qafqaz xalqlarına (və dillərini də,
nəticə etibarilə, Qafqaz dillərinə) aid edir. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərində
Azərbaycanın dil mənzərəsi əsaslı şəkildə
dəyişir. Bir sıra epizodik dil hadisələrini
nəzərə almasaq, tarix səhnəsinə İran və
Turan sosial-siyasi nüfuzları çevrəsində təmərküzləşən
iki dil - İran və türk dilləri çıxır.
Ehtimal edilir ki, onların hər ikisi Ön Asiyaya
aşağı-yuxarı eyni dövrdə, hətta ola bilsin ki, eyni yollarla eyni axınların
(köçlərin) tərkibində gəlmişlər. Və
təbii ki, bu zaman əsas diqqət kimmer-sak-skif köçlərinə
yönəlir... Xüsusi olaraq qeyd etmək
lazım gəlir ki, bu möhtəşəm (və
davamlı) köçlərdə, ümumən kimmer-sak-skif
etnoslar ittifaqında iranlılarla turanlıların nüfuz
nisbəti uzun illərdir ki, mübahisə mövzusu olaraq
qalır.
E.ə.
I minilliyin əvvəllərindən başlayaraq təxminən
min il ərzində Ön Asiyada, xüsusən
Azərbaycanda dövlətlər qurmuş türklər
çox güman ki, yalnız şifahi deyil, az-çox
yazılı abidələrə də sahib olmuşlar. Lakin bu abidələrin dili barədə hələ
konkret bir təsəvvürümüz yoxdur.
Eramızın
ilk əsrlərindən etibarən Turan-türk etnosunun yeni nəslinin
- hunların özlərindən əvvəlki nəsli təkrar
edərək Şimaldan Azərbaycana (və ümumən
Ön Asiyaya) əsrlərlə davam edən ardıcıl
axınları islamaqədərki (və sonrakı) dövrdə
Sasanilərin yürütdüyü "iranlaşdırma"
siyasətinin qarşısını almaqla Azərbaycanda (və
ümumən Ön Asiyada) türklüyün zəifləməkdə
olan hegemoniyasını yenidən gücləndirdi... Türkcənin
ilk mükəmməl yazılı örnəklərini VIII əsrin
30-cu illərində Mərkəzi Asiyada Orxon çayı
hövzəsindəki karvan yolları üzərində
daşlara həkk edən türklərin nəvələrinin
(Səlcuqların) XI-XII əsrlərdə Azərbaycana (oradan
da Kiçik Asiyaya) axınları isə türkcənin (və
türklərin) taleyi baxımından həlledici olmuşdur.
Doğrudur,
Ön Asiyada "prototürklər"in, yaxud "protoaltaylar"ın
e.ə. III minillikdən, hətta daha qədimlərdən məskunlaşmaları
barədə mülahizələr vardır. Nə qədər
qeyri-adi (metaforik) görünsə də, belə iddia edilir
ki, Azərbaycan dili üç tarixi dövrdən
keçmişdir: 1) Şumer dövrü
(e.ə. III-II minilliklər); 2) Skif-türk dövrü (e.ə.
I minillik); 3) Türk dövrü... Əlbəttə, bu
iddianın arxasında kifayət qədər elmi olan nə isə
var, müzakirə edilə bilər, eynilə Şumer-türk
paralelləri məsələsi kimi onun da üzərindəki
"qeyri-elmilik" damğası götürülməlidir,
lakin türkcənin, eləcə də altaycanın tarixi
hüdudları barədəki təsəvvürlərimizi
genişləndirməyə stimul verən bu cür mülahizələr
hələ ki sübut olunmamış qalır.
Kimmer-sak-skif (e.ə. I minillik) -
hun-qıpçaq (I-VIII əsrlər) - oğuz- səlcuq
(IX-XII əsrlər) modelinə gəldikdə isə o, Azərbaycanda
türkcənin yayılma addım və ya impulslarını
aydın əks etdirir. Birinci dövrdən (kimmer-sak-
skiflərdən) bizə yalnız xüsusi adlar - toponim və
antroponimlər gəlib çatmışdır... İkinci
dövr dil materialı ilə o baxımdan daha zəngindir ki, Cənubi
Qafqaz xristian mənbələri də tədricən tarix səhnəsinə
çıxıb bilavasitə əlaqədə olduqları
hun- qıpçaqların həyat tərzi ilə
yanaşı, dili barədə də müəyyən faktlar
təqdim edir. Məsələn, mən, yaxşı,
çöl və s. kimi onlarca söz bu günə qədər
Azərbaycan dilində işlənirsə (və bu tipli
sözlərin böyük bir qismi XI-XVI əsrlərdə
oğuz türkcəsi tərəfindən
sıxışdırılmışdırsa, məsələn:
aytmaq), deməli, hun-qıpçaqcanın Azərbaycan dilinin
"tərcümeyi-halı"ndakı rolu təsəvvür
etdiyimizdən daha önəmli olmuşdur.
Əgər birinci, eləcə də ikinci dövrün
Azərbaycan dilinin mənşəyində bilavasitə yer
tutduğu ehtimal edilirsə, üçüncü dövrə
münasibətdə bu ehtimal gerçəkliyin özü qədərdir. Əvvəla,
"Dədə Qorqud" eposu var ki, o öz qədimliyi (və
müasirliyi!) ilə Azərbaycan dili tarixinin
uvertürasıdır. Prinsip etibarilə
türkcənin oğuz-səlcuq xüsusiyyətlərini əks
etdirsə də, başlanğıcını
hun-qıpçaq dövründən almaqla həm Azərbaycan
coğrafiyasında (əsasən, Cənubi Qafqazda), həm də
ümumtürk sistemi zəminində Azərbaycan türkcəsinin
ana türkcə ilə genotipoloji varisliyini təmin edir.
Azərbaycan türkcəsinin IX-XII əsrlərdə
ümumxalq dili olaraq Azərbaycanda geniş
yayılmasının ikinci mühüm göstəricisi
Nizaminin "Xəmsə"sidir ki, burada çox müxtəlif
üsullarla türkcənin nüfuzu təsbit olunur. Və "Xəmsə"də
"türk" sözünün yüz dəfədən
çox işlədilməsi bütün əsərlərini
farcsa yazmasına baxmayaraq dahi şairin öz
türklüyü (o cümlədən türkcəsi!) ilə
nə qədər fəxr etdiyinin göstəricisidir... Nəhayət,
XI-XII əsrlərdə türklərin (oğuz-səlcuqların)
Ön Asiyada oynadıqları çoxtərəfli (və
çoxmiqyaslı) beynəlxalq rol da ərəb və fars dilləri ilə müqayisədə
türkcənin ictimai-siyasi nüfuzunu tədricən gücləndirir.
Və beləliklə,
türkcə "Dədə Qorqud" eposu ilə
özünün Azərbaycandakı diferensial
varlığını - Azərbaycan türkcəsini min beş yüz illik "cəhdlər"dən
sonra gerçəkləşdirmiş olur... Epos
xalqın canlı (şifahi) yaddaşında qalmamış,
orta əsrlərin sonlarında məhz Azərbaycanda yazıya
alınmış əlyazmaları ilə qorunub
saxlanmışdır ki, həmin əlyazmalar (Drezden və
Vatikan), görünür, daha əvvəlki (XI-XII əsrlər)
yazılı mətnlərdən
köçürülmüşdür. Əgər
belə olmasaydı, bir çox arxaik dil xüsusiyyətləri
yaşamazdı. Və eposun nəzm dilinin
"nəsrləşdirilməsi" prosesi də onun
yazıya müxtəlif dövrlərdə bir neçə dəfə
köçürüldüyünü göstərir.
"Dədə Qorqud" bütöv bir epoxanın
(görünür, VII-XII əsrlərin) canlı fəaliyyətdə
olmuş dil hadisəsi, həm tarixi-intellektual, həm də ədəbi-bədii
yaradıcılıq aktıdır ki, ikinci keyfiyyəti
birincidən daha böyük əhəmiyyət kəsb edir. Əsəri yazıya alan kifayət qədər istedadlı katiblər
onun həmin keyfiyyətini unutmamaq şərtilə birincisini
- tarixi-intellektual, başqa sözlə, informativ
missiyasını da qoruyub saxlamış, mətnə
xüsusilə islam dini, baş vermiş yeni ictimai-siyasi hadisələr
barəsində zəruri məlumatlar əlavə etmişlər.
Epos
yazıya alınarkən üzərində "Kitabi-Dədəm
Qorqud əla lisani-taifeyi- Oğuzan"
yazılmışdır ki, "Oğuzların dili"
anlayışının bu cür önə çəkilməsi
əsərin dilinin qıpçaq və karluq dillərindən,
yəni digər türkcələrdən fərqləndiyini
göstərir. Bununla belə, "Kitab"ın
yalnız ideya-məzmunu yox, dilinin sistem-strukturu da bütün
ortaq cəhətlərilə birlikdə məhz bir Azərbaycan
hadisəsi olduğuna zəmanət verir.
2.
Köhnə Azərbaycan dili
Azərbaycan dilini tarixində təşəkküllə
başlayan ilk dövr köhnə Azərbaycan dili
dövrüdür ki, XIII əsrdən XVI-XVII əsrlərə
qədər davam etmişdir. Bu dövrü, ilk
növbədə, mükəmməl bir yazılı ədəbi
dil səciyyələndirir ki, mənbəyini XI-XIII əsrlərin
ümumtürk ədəbi dili türkidən alır.
Yusif Balasaqunlu, Əhməd Yəsəvi, Əhməd Yüqnəki
ənənələrinin davamı olan ədəbi dil
Türküstandan Azərbaycan - Şərqi Anadoluya gələrkən
bir sıra yeni xüsusiyyətlər qazanır. Bunlardan
birincisi kifayət qədər zəngin yerli danışıq
dili, ikincisi is ərəb və fars dilləri
elementlərinin mənimsənilməsidir.
"Yusif
və Züleyxa" mövzusunda (əsasən, məsnəvi,
qismən də qoşma ilə) yazanların xalq
danışıq dilinə yaxın ifadə tərzini tədricən
sufi-panteist qəzəl (divan) şeirinin həm demokratizmi, həm
də özünəməxsus metafizikası ilə seçilən
obraz texnologiyaları əvəz etdi... Yunus Əmrənin, Nəsiminin
dil-üslub axtarışları (bu da öz kökünü
Əhməd Yəsəvidən almışdı) türkcəni
Azərbaycan - Anadolu məkanında ərəbcənin,
farscanın qibtə elədiyi ədəbi səviyyəyə
qaldırsa da, türkdilli şairlər həm farsca, həm də
ərəbcə qələm işlətməyə
çalışırdılar ki, bunun əsas səbəbi
Müsəlman dünyasının üçdilli olması
idi. Ancaq heç bir şübhə yoxdur ki, istər
Nəsimi, istərsə də Füzuli türkcə
yaradıcılıqları ilə daha qüdrətli, daha
möhtəşəm idilər. Və təbii
ki, öz tarixi missiyalarını bilavasitə bu dillə yerinə
yetirirdilər. Dahi sələfləri
Nizami kimi onlar da doğma dilləri ilə yad dil
arasındakı fərqi bütün dərinliyi ilə duyur,
türkcənin son dərəcə ardıcıl təəssübkeşləri
olduqlarını gizlətmirdilər.
XVI-XVII əsrlərə
qədər, görünür, vahid bir türk ədəbi
dilinin mövcudluğu barədə israr etmək
özünü o qədər doğrultmasa da, türkcənin
biri digərilə həm norma, həm də
funksional üslub etibarilə sıx əlaqədə olan (eyni
etnik-mədəni sistemin müxtəlif qütblərində
dayanan) iki ədəbi (klassik) variantlarından danışmaq
mübahisə doğurmamalıdır: Şərqdə
cığatayca, Qərbdə oğuzca. Və XV
əsrdə Şərqdə Nəvainin yaratdığı
türkdilli məktəbin nüfuzu (təsiri) olmasaydı, XVI
əsrdə Füzuli bu qədər vüsət ala bilməzdi.
Hər şeydən əvvəl ona görə
ki, vahid ədəbi məkan fəaliyyət çevrəsi nə
qədər genişlənmiş olsa da müəyyən dərəcədə
vahid ədəbi dil məkanının mövcudluğuna da nəzarət
edirdi.
Əsasən,
sufi-panteist ideyaların tərənnümü ilə məşğul
olan, "vəhdəti-vücud" tərənnüm edən
köhnə Azərbaycan dili XVI-XVII əsrlərdə
artıq adındakı "köhnə" təyininə
daha çox uyğun gəlməyə
başlamışdı. Belə ki, ən
mükəmməl ifadə- obrazlar, ən poetik sintaktik
konstruksiyalar belə o qədər - ən azı üç əsr
təkrar olunmuşdu ki, ideya-estetik təsirini itirmək
üzrə idi.
Dövrün ədəbi dilinə antroposentrik
baxımdan yanaşsaq görərik ki, İzzəddin Həsənoğludan
başlayaraq türkcə yazan şairlərin sayı
onlarcadır, hətta bir neçə qəzəli
qalmış söz ustalarının belə istedadı kifayət
qədər yüksəkdir. Ümumilikdə isə onlar xeyli dərəcədə
məhsuldar olmuşlar... Nəsimi ilə
Füzulinin mövqeyi köhnə Azərbaycan dili kontekstində,
heç şübhəsiz, daha yüksəkdir. Ancaq məsələ burasındadır ki, onlardan
birincisi Azərbaycanı (Şamaxını) gənc
yaşlarında tərk etmiş, ikincisi isə Azərbaycanın
üzünü ümumiyyətlə görməmişdir.
Hər ikisinin türkcə ilə yanaşı,
farsca, ərəbcə də yazmaları onların
yaşayıb-yaratdıqları müsəlman
coğrafiyasının (və xalqlarının) ortaq şairləri
olmaq iddialarını da nümayiş etdirir.
Sözügedən
dövrün ədəbi dilinin sonrakı dövrdə
bir-birindən daha çox fərqlənən Azərbaycan və
Türkiyə türkcələrinə münasibətinə
gəldikdə, artıq qeyd etdiyimiz kimi, buradakı ortaqlıq
hər hansı etnokulturoloji, yaxud siyasi-ideoloji iddiadan irəli
gəlmir, ədəbi dil proseslərinin tarixi
inersiyasının nəticəsidir. Ancaq get-gedə daha
aydın hiss olunur ki, qəzəl (divan) şeirinin klassik
normalılığı səviyyəsində belə Azərbaycan
türkcəsi ilə Türkiyə türkcəsi arasında
fərqlər dərinləşir... Səlcuqlardan sonra Azərbaycana
axın edən qaraqoyunlular, ağqoyunlular xüsusilə Səfəvilərin
(qızılbaşların) hakimiyyəti altında təmərküzləşərək
Osmanlılara qarşı bir neçə əsr davam edən
cəbhə açırlar ki, bu, Azərbaycan türkləri
ilə Türkiyə türklərini məhz ictimai-siyasi zəmində
tədricən müxtəlif xalqlara çevirir. XI-XIII əsrlərdə Azərbaycan - Şərqi
Anadoluya etnik bütöv (və vahid məkan) kimi daxil olan
oğuz türkləri Kiçik Asiyada Səlcuqlar
dövrü bitib Osmanlı dövrü başlayandan etibarən
tayfaların yenidən təşkili deyə biləcəyimiz
etnogenetik bir proses keçirirlər. XI-XIII
əsrlərin "iyirmi dörd" oğuz tayfasının
orta əsrlərin sonuna doğru təkcə adları
qalır. Və elə əvvəlcədən
də onların dialekt, yaxud şivə mənsubiyyətindən
danışmaq mümkün deyildi.
XV əsrin
ortalarından həm siyasi, həm də mədəni mərkəz
kimi Azərbaycanda Təbriz, Osmanlıda isə İstanbul
önə çıxsa da, etnogenetik proseslərin davamı
olaraq hər iki ölkədə ümumxalq dillərinin
formalaşması bütün siyasi coğrafiyanı əhatə
edir. Və hər iki dilin dialekt-şivə
spektrlənməsi də həmin coğrafiyalar hüdudunda
yayılır. Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində
Azərbaycan və Osmanlı türkcələrini birləşdirən
yalnız Şərqi Anadolu şivələridir, ondan şərqdəkilər
Azərbaycan, qərbdəkilər isə Osmanlı dilinin
perspektivlərini müəyyən edir.
Köhnə Azərbaycan dili dedikdə, elə ilk
yanaşmadan da məlum olduğu kimi, ədəbi
(yazılı) dil nəzərdə tutulduğuna görə
bu "köhnəliy"in parametrlərini də o müəyyənləşdirir. Yəni ərəb, fars
sözləri, izafət tərkiblərilə
"ağırlaşdırılmış", ideya- məzmunca
da çətin anlaşılan ifadə tərzi (mətn!) məhz
ədəbi (yazılı) dilin əlamətidir. Bunun
ümumxalq danışıq-ünsiyyət dilinə aidliyi,
demək olar ki, yoxdur... Lakin nəinki
sistem-struktur, hətta müqayisəli-tarixi baxış da tələb
edir ki, köhnə Azərbaycan dilinin ümumxalq təzahürləri
də yeni Azərbaycan dilinin müvafiq təzahürlərilə
qarşılaşdırılsın. Və həm
fonetikada, həm qrammatikada, həm də xüsusilə
leksikada bu cür qarşılaşdırma üçün
kifayət qədər zəngin material vardır... Xüsusilə bir məsələyə
aydınlıq gətirilməlidir ki, yeni Azərbaycan dilinin
dialekt sistemi nə dərəcədə köhnə Azərbaycan
dili dövründən gəlir? Və
ümumiyyətlə, Şimaldakı qədim qıpçaq
dialektlərini nəzərə almasaq, köhnə Azərbaycan
dilinin ümumxalq coğrafi mənzərəsi necə
olmuşdur? Oğuz-səlcuq tayfalarının məskunlaşması
müəyyən bir nizamla getmiş, yoxsa pərakəndə
olmuşdur?..
Hər hansı halda bütün məsuliyyəti ilə
demək mümkündür ki, yeni Azərbaycan dili köhnə
Azərbaycan dilinin nə qədər varisidirsə, o qədər
də inkarıdır.
3. Yeni Azərbaycan
dili
XVI-XVII əsrlərdə köhnə Azərbaycan dilinin
çöküşü, yeni Azərbaycan dilinin
formalaşması prosesi başlayır. Və Azərbaycan
ədəbi dilinin ümumi tarixi Füzulini köhnə Azərbaycan
dilinin son, Vaqifi isə yeni Azərbaycan dilinin ilk nümayəndəsi
kimi təqdim edir. Hərçənd belə
bir mülahizə irəli sürülmüşdür ki, Azərbaycan
milli ədəbi dilinin banisi Füzulidir, ancaq bu mülahizə,
görünür, əsaslı deyil. Halbuki
Füzuli ilə müqayisədə Vaqif dilinin yeniliyi həm
aydındır, həm də bir neçə baxımdan
(coğrafi, siyasi, sosial-mədəni, sistem-struktur və s.)
strateji səciyyə daşıyır.
Antroposentrik baxış göstərir ki, bütün
linqvopoetik dühası ilə birlikdə Füzuli orta əsrlərin
ümumtürk sferasından enib yeni dövrün diferensial
(milli) keyfiyyətlərini qəbul etməkdən çox
uzaqdır. Və bu uzaqlığı onun
yazıb-yaratdığı coğrafiya da nümayiş
etdirir. Əlbəttə, Bağdadda
yaşayıb orta əsrlər şairi olmaq olar, ancaq yeni
dövrün şairi olmaq üçün millətin
özünü təsdiq etdiyi coğrafiya lazım gəlir.
Köhnə Azərbaycan dili dövründə Azərbaycanda
baş vermiş sosial, siyasi hadisələr etnogenetik xarakterli
olub Azərbaycan xalqının təşəkkülü
prosesini yekunlaşdırmağa xidmət edirdi. Şah
İsmayılın qurduğu Azərbaycan Səfəvilər
dövləti XVI əsrin ilk illərindən etibarən
xalqı təşkil edərək türk (eləcə də
bir sıra qeyri-türk) tayfalarının siyasi
inteqrasiyasını təmin etməklə bütün ölkə
miqyasında sosial mütəşəkkilliyin əsaslarını
yaratdı. Xətai təxəllüsü ilə gözəl
şeirlər yazan Səfəvi hökmdarı, bir tərəfədən,
klassik ənənələri yaşadan, digər tərəfdən
isə xalq yaradıcılığına əsaslanan iki fərqli
dil-üslub nümayiş etdirirdi... Ancaq hiss olunur ki, Xətai
daha çox geniş xalq kütlələrinin
anlayacağı, sevəcəyi və ətrafında birləşəcəyi
bir dil-üslubun, yəni ədəbi perspektivi görünən
ümumxalq (folklor) dilinin tərəfdarıdır.
XVI-XVII əsrlərdə
"Dədə Qorqud" eposunu "Koroğlu" əvəz
etməyə başlayır ki, bu həm də yeni Azərbaycan
dili dialektlərinin bazasında dialektfövqü nitq
yaradıcılığı imkanlarının bütün
ölkə miqyasında genişlənməsi, kütləviləşməsi,
ozan sənətinin yerini aşıq sənətinin tutması
idi. Heç şübhəsiz, yeni dialektfövqü (get- gedə
ədəbi!) dilin təşəkkülü dialekt-şivə
diferensiasiyasının qarşısını almırdı,
hər şeydən əvvəl ona görə ki, Azərbaycan
Səfəvilər dövləti hər nə qədərə
mərkəzi idarəçiliyə, siyasi-inzibati bütövlüyə
çalışsa da, ölkədə feodal pərakəndəliyini
aradan qaldırmaq elə də asan məsələ deyildi. Ancaq ümumxalq "ruh"u hər halda kifayət qədər
canlı, mütəşəkkil və perspektivli idi.
Yeni ümumxalq dilinin ədəbiləşməsində
ən əsas xidməti, təbii ki, aşıqlar göstərirdilər. Yazılı
dilin yayılması qarşısında çoxsaylı maneələrin
olduğu XVI, XVII, XVIII əsrlərdə (hətta XIX əsrdə
də!) Azərbaycan aşığı öz mükəmməl
şifahi ədəbi dil məktəbi ilə xalqın
intellektini yüksəltməyin, onun sosial-mədəni (milli!)
özünüdərkini təmin etməyin son dərəcə
uğurlu nümunəsini verdi. Və maraqlıdır ki, yazılı ədəbi
dilin inkişaf yoluna çıxdığı mərhələlərdə
də şifahi ədəbi dil məhz aşıq sənətinin
imkanları hesabına onunla uzun zaman rəqabətə girə,
məsələn, XIX əsrdə Aşıq Ələsgər
kimi dahi söz ustasını yetirə bildi.
XVI əsrin
əvvəllərindən özünü göstərməyə
başlayan Milli İntibah hərəkatı yeni Azərbaycan
dilinin təşəkkülündə o mənada həlledicidir
ki, İntibah öz köklərini ümumxalq təfəkküründən
almış, Azərbaycan cəmiyyətinin ideya-estetik bütövlüyünü
təsdiq etmiş, eyni zamanda bu mənəvi vəhdətin
kommunikativ təzahürü olaraq köhnə dildən fərqli
yeni dil texnologiyaları hazırlamışdır.
Köhnə Azərbaycan ədəbi dilinin - türkinin
regional formasının "yaradıcılar"ı
ümumxalq dili ilə çox da bağlı olmadıqları
halda, yeni Azərbaycan ədəbi dili öz mənbəyini
bilavasitə ümumxalq dilindən almışdı. Və ona
görə də, prinsip etibarilə, yeni (diferensial) etnosun dili
idi.
Azərbaycan
türkcəsi ilə Türkiyə türkcəsinin ədəbi
(yazılı!) dil səviyyəsində artıq bir-birindən
fərqlənməsi barədəki ilk məlumatı da,
tamamilə təbiidir ki, ümumxalq dili abidəsi -
"Koroğlu" eposu vermişdir... Nigar
xanımın arxasınca İstanbula gedən Koroğlu istəyir
ki, məsələni dava-şavasız həll etsin. Küçədə rast gəldiyi mirzəyə
xotkarın adından belə bir namə yazdırmaq istəyir
ki, guya Koroğlu onun (xotkarın) yaxın adamıdır, hər
cür hörmətə layiqdir. Lakin təcrübəli,
öz xotkarına, dövlətinə sədaqətli mirzə
Koroğlunun savadsızlığına inanıb yazır ki,
bu adam quldurdur, dərhal həbs edin. Koroğlu naməni alıb oxuyur. Və mirzəyə
deyir: Elə bilmə ki, mən savadsızam, yazıb-
oxumağı bilirəm; dedim sən yazasan ki, sizin dildə
olsun... Göründüyü kimi,
"Koroğlu"nu yaradan aşığın şəxsində
xalq ən geci XVII-XVIII əsrlərdə anlayır ki, Azərbaycan
türkcəsi ilə Türkiyə türkcəsi fərqli
yazılı (ədəbi) dillərdir.
Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə
Qasım, Sarı Aşıq... kimi xalq sənətkarlarının
şifahi dili XVIII əsrdə Molla Pənah Vaqifin yazı
dilini yaradır. Və əslində, Vaqif də Xətai
kimi klassik üslubdan dərhal imtina etmir. Ancaq
hər cəhətdən görünür ki, Vaqifin dili
artıq qəzəlin yox, məhz qoşmanın dilidir.
Azərbaycan İntibahı yalnız ictimai təfəkkürə,
düşüncəyə deyil, dilə də realistlik,
açıqgözlülük gətirir ki, bu, bütöv
bir yaradıcılıq hərəkatı kimi orta əsrlərin
çox zaman dinlə, müxtəlif təriqətlərlə
pərdələnmiş mənəvi standartlarına
qarşı dayanmaqla mövcud həyat tərzinə get-gedə
güclənən tənqidi münasibət təlqin edir.
İntibahın mühüm əlamətlərindən biri də XVII-XVIII əsrlərdə (əslində, XVI əsrdən başlayaraq) ölkədə, əgər belə demək mümkünsə, milli şəhərlərin meydana çıxmasıdır. Əsasən, yeni yaranmış xanlıqların siyasi mərkəzi olan həmin şəhərlərin (Gəncə, İrəvan, Bakı, Şəki, Quba, Təbriz, Lənkəran, Şuşa...) əhalisi həm şifahi, həm də yazılı ədəbi dilin təşəkkül tapıb yayılmasında tarixi iş görür. Və məsələ burasındadır ki, ərəb, fars dillərinin əsrlərlə davam etmiş elmi-mədəni nüfuzu da ilk dəfə bu şəhərlərdə Azərbaycan dilinin müqaviməti ilə üz-üzə gəlir. Məsələn, İntibahın ən böyük nümayəndəsi, öz yaradıcılıq karyerasına mollaxanada ərəbcə, farsca dərs deməklə başlayan Vaqif həmin dillərdə bir şeir belə yazmır, yazmış olsa belə, mühit (və tarix) o şeiri qoruyub saxlamır... Doğrudur, yeni dil də köhnə dil kimi elmi, dini, rəsmi-işgüzar sahələrə hələ müdaxilə edə bilmir, ancaq formalaşmaqda olan millətin ruhunun əsas tərcümanı olduğunu daha cəsarətlə hiss etdirir. Və bu cür passionarlığın nəticəsidir ki, qonşu xalqlara da əhəmiyyətli təsir edir, onların bir-birilə ünsiyyətində əsas vasitəyə çevrilir. Rusiya bölgəni işğal edənə qədər dağıstanlılar, ermənilər və gürcülər məhz Azərbaycan türkcəsilə anlaşır, məclislərində azərbaycancanın nüfuzu özünü göstərirdi.
Şifahi ədəbi dilin yazılı ədəbi dilə həlledici təsirinin bir faktı da bayatıların, qoşmaların, hətta bütöv dastanların yazıya alınması idi. Yeni ədəbi-bədii dil xalq arasından çıxmış böyük istedadların şifahi yaradıcı təfəkkürünün ifadəsi olmaqla yazıya qədəm basır, nəticə etibarilə, yazı dili şifahi dilə məxsus son dərəcə zəngin nitq maneralarını qəbul edirdi. Məsələn, heç bir tərəddüdsüz demək olar ki, XVIII əsrdə yazıya alınmış "Şəhriyar" dastanındakı dialoqlar Mirzə Fətəlinin dramaturgiya dilinin sələflərindən biridir.
Elm dili olan ərəb, ədəbiyyat dili olan fars dillərinin Azərbaycan dilinə kütləvi təsiri yeni dövrün əvvəllərindən öz intensivliyini itirir (bu təsirin böyük bir qismi ümumtürk xarakterli olmuşdur), XIX əsrdən Qərb (Avropa) təsirinin perspektivləri görünür. Bu təsirlər həm ümumxalq dilinin, həm də ədəbi dilin leksikonuna nə qədər güclü olsa da iqtisaqi quruluşlu qrammatikaya keçə bilmir. Bəzi epizodik məqamları nəzərə almasaq qrammatikaya köhnə dövrdən miras qalmış irafət yeni dövrdə dili tədricən tərk edir... Fonetik quruluşda isə həmin dövrün əsas ərəb yadigarı "ayn" uzun müddət - XXI əsrə qədər tələffüzdə yox, yalnız yazıda (apostrof) yaşaya bildi. Əlbəttə, Azərbaycan dilinin qrammatik saflığına görə, ilk növbədə, ahəng qanununa minnətdarıq ki, ərəb, fars dillərinin "yad nəfəs"inin, hətta bəzi dialektlərə belə keçmək imkanı tapmasına rəğmən dağıdıcı təsirinə (disharmoniyaya) qarşı tarix boyu böyük enerji ilə müqavimət göstərmişdir.
Yeni Azərbaycan dili XIX əsrə Zakirlə daxil oldu. Və onun Vaqifdən də irəli gedən realizmi dilə dövrün tənqidi ovqatını, Şərq müstəmləkəçiliyindən hələ qurtarmamış bir xalqın Qərb müstəmləkəçiliyinə verdiyi ilk reaksiyalarını gətirdi. Onun arxasınca yeni dövrün mütəfəkkiri Mirzə Fətəli özünün çoxşaxəli yaradıcılığı ilə dilin indiyə qədər görünməmiş imkanlarını aşkarladı... Ən mühüm hadisələrdən biri o oldu ki, Azərbaycan dili teatr səhnəsi, mətbuat kimi ictimai-kütləvi təsisatlara ayaq açdı, məktəbdə, dərsliklərdə göründü. Və bu hərəkat XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dilinin nəinki türk, eləcə də dünya dilləri arasında özünəməxsus mövqeyini təmin etdi. Azərbaycan Xalq Cümhuriyyəti, xüsusilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan dilini yalnız sözdə deyil, işdə də dövlət dili səviyyəsinə yüksəltdi. Ancaq, təbii ki, onun həm ölkə daxilində, həm də dünya miqyasında böyük nüfuzunu Azərbaycanın dövlət müstəqilliyi (və ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq siyasəti) təmin etdi.
XX əsrin 20-ci, 30-cu illərində Azərbaycan dili əvvəlki dövrlərlə müqayisə edilməyəcək bir miqyasda elmi tədqiqat predmetinə çevrildi. Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadənin əsasını qoyduqları Azərbaycan dilçiliyi məktəbi 50-ci illərdən etibarən bu sahədə çoxsaylı mütəxəssislər ordusu yetirdi ki, onlar Azərbaycan dili barədə aydın elmi təsəvvür yaratdılar.
Keçən əsrin 30-cu illərindən
yeni Azərbaycan dili dövrünün ən yeni, yaxud
müasir Azərbaycan dili mərhələsi başlayır
ki, bu, a) Azərbaycan dilinin türk dilləri kontekstində
öz müstəqilliyini keyfiyyətcə təmin etməsi
(müqayisəli-tarixi paradiqma), b) fonetik, qrammatik və leksik
quruluşun mükəmməlləşməsi (sistem-struktur
paradiqması) və c) funksional üslubların tam
diferensiallaşması (antroposentrik paradiqma) ilə səciyyələnir.
Nizami
CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.- S.6-7-8.