Vaqif Bethoven

 

 

Sakitdi, yorğundu Bonn küçələri,

Kim isə yemləyir boz sərçələri.

Bethoven sakitcə baxıb yol keçir,

Bu an Qarabağda, Cıdır düzündə,

Vaqif bu dünyadan narahat köçür.

O an Bethovenin

Ağlında "Fiqaro", incə bir səda,

Vaqifin qolları dönür qanada,

Onu alıb uçur Cıdır düzündə,

Bonnda Bethoveni qaldıran kütlə,

Şuşada Vaqifi qayadan atır.

Vaqif qıyya çəkir Cıdır düzündə,

Bonnda Bethovenin qulağı batır.

O gündən

yağış səsini, quş səsini

Daha eşitmədi bir Bethoven,

Amma duymasa da, eşitməsə ,

Bütün  Avropanın şah əsərini

Göydə Allah yazdı, yerdə Bethoven,

Qətlə yetirildi nadan əliylə,

Vaqif şəklə döndü sözün üzündə.

İki yüz il sonar

Ona heykəl qoyduq Cıdır düzündə.

 

 

 

 

 

Bircə qarış torpaq bəsdi

 

 

 

Sinəmi açıram doğan günəşə,

Olandan, olmazdan agah etməyə.

Mənə bircə qarış torpaq da bəsdi,

Könlümü üstündə padşah etməyə.

Budaqda son qalan yarpaq da bəsdi,

Bürünüb gecəni sabah etməyə.

 

 

İlahi, gözəldi belə yaşamaq,

Səhər oyanırsan, axşam yatırsan.

Sonuncu ümidin bir quş yuvası,

Əlində-ovcunda bir şam yatırsan

Bu güvənsiz dünya səni aldatdı,

Aldana-aldana, adam, yatırsan.

Sənə xoş gəlməz belə yaşamaq,

Hələ çox vaxtın var günah etməyə.

 

 

Əkdim, ürəyimdən sevgi göyərdi,

Suyu səndən oldu, dəni özümdən.

Bu candan ayrılıb çıxdım ucaya,

Dağı səndən oldu, çəni özümdən

Mən səni hamıdan qoruya bildim,

Qoruya bilmədim səni özümdən.

Yüyürdüm, yıxıldım, gücüm yetmədi

Yıxıldığın yeri dərgah etməyə.

 

 

Yazda çiçək əkir, qışda gül üzür,

Bu gülün iyi var, heç özü yoxdu.

Dinir, pıçıltısı qulağa çatmır,

Döyünür, gecəsi, gündüzü yoxdu.

Verir təmənnasız eşqini mənə,

gərək könlümə günah etməyə.

Mənə bircə qarış torpaq da bəsdi,

Üstündə könlümü Padşah etməyə.

 

 

 

Dərd çəkən

 

 

İçi qəm-qüssə dolu,

Gözləri dörd axtarır.

Ağlamağa bir səbəb,

Çəkməyə dərd axtarır.

 

 

Üzür dərdin içində,

Sanasan Kürdə üzür.

Uzaqda bir dərd görsə,

Görərsən dərdə üzür.

 

 

 

Çağırın dərdi, gəlsin,

Bir gözəl bədən verim.

Belə ki, dərd çəkəndi,

Bir dərd qoy, mən verim.

 

 

 

Səninlə

 

 

O havada deyiləm,

Deyəm-güləm səninlə.

Yanam sənin oduna,

Ölsən, öləm səninlə.

 

 

Bir əl gəzə yaxanca,

Bir göz baxa oğrunca,

Hara getsən arxanca

Durub gələm səninlə.

 

 

Xoş vaxtın, çağın oldum,

Gah bağça-bağın oldum,

Yandın, ocağın oldum,

İndi küləm səninlə.

 

 

Bu dəm görən dəmdi,

Eyhamımdı, tənəmdi,

Pozsan, kağız sinəmdi,

Yazsan, qələm səninlə.

         

 

                

 

Hərdən dən at

 

 

Canım bir ac quş kimidi,

Bax, arada qar, sazağa.

Tut əlimi qoy sinənə,

Uçub getməsin uzağa.

 

 

Hərdən dən at gözlərindən,

Dodağında su yeri qoy.

Gördün səndən ucadadı,

Enməyinə əl yeri qoy.

 

 

Saçlarını kaman eylə,

Kirpiyindən bir ox götür.

Elə ki, gözündən vurdun,

Görərsən sinəndə ötür.

 

Qollarını çəpər eylə,

Gündüzlər qonsun üstünə.

Bir şam yandır, yoluna tut,

Gecələr gəlsin istinə.

 

 

Dəlimisən, aşiqmisən,

var anlat gözlərindən.

Canım bir ac quş kimidi,

Hərdən dən at gözlərindən.

 

                 

 

 

 

Bu göz yaşları

 

 

Düşər cazibəyə, dönər, fırlanar,

Alışar, odlanar, yanar, qorlanar,

yazda bar tutar, qışda barlanar,

Göyərməz dünyanın bu göz yaşları.

 

 

Körpə yanağında, qadın gözündə,

Dünyanın yükünü saxlar özündə,

Göyərər çiçəyi, gülü üzündə,

Göyərməz dünyanın bu göz yaşları.

 

 

Sərçə dimdiyində bir damcı sudu,

Bir damcı su olub söndürər odu,

Sönən gözün odu, bax, odu-budu,

Göyərməz dünyanın bu göz yaşları.

 

 

Zaman unutdurar duz-çörəyi,

Kövrəldər bir şirin söz mələyi ,

Göyərər qırılmış quş lələyi ,

Göyərməz dünyanın bu göz yaşları.

 

 

Hərdən dodaq qaçar, sözdən göyərər,

Küldən tumurcuqlar, közdən göyərər,

Göz çiçəkləyər, göz göyərər,

Göyərməz dünyanın bu göz yaşları.

 

 

Qancığı, köpəyi özgə havada,

Biri tayadadı, biri yuvada,

Vallah, belə gündə, belə havada

Göyərməz dünyanın bu göz yaşları.

 

 

 

Sevdiyinə yetir

 

 

Qorxuram bu sirr açıla,

aşkardı, sirr, ölür.

Hələ tumdu, cücərməmiş

Sinəmdə bir şeir ölür.

 

 

Göydə yatdı, yerdə durdu,

Çöp daşıdı, yuva qurdu,

Can sürüdü, yollar yordu,

Vaxtı yetmiş bir pir ölür.

 

 

Axşam gecdi, səhər erkən,

Vaxt ötərgi, əcəl ərgən,

Hələ gözü açıq ikən

Sevdiyinə yetir, ölür.

 

 

 

Gün doğdu

 

 

Suyunu bulud verdi,

Dənini qara torpaq.

Hər gün bir az böyüdü,

Böyüdü yarpaq-yarpaq.

Döndü dost gülüşünə,

Yada dəyən daş oldu.

Üzümdə gülər ikən,

İçimdə savaş oldu.

Döndü bal arısına,

Hər gün bir gülə qondu.

Hərdən rəndə götürüb

Məni içimdən yondu.

Hər gələn aldı getdi,

Gözüm bir bazar oldu.

Neçəsini dəfn etdim,

İçim bir məzar oldu.

Gün doğdu yurd yerindən,

Tale mənə yar oldu.

Yazan qələmin ucu

Dönüb laləzar oldu.

 

            

 

Mədə bulağı

 

 

Bu üstü mamırlı qranit qaya

Bəlkə milyon ildi beləcə baxır.

Torpaqdan dikəlib boylanır çaya,

Axır damcı-damcı, daşdan su axır.

Göyün gözləridir, yerin dodağı,

Ruhu suya dönüb axır durmadan.

Xeyirxah dərvişdi Mədə bulağı,

Yaxşılıq sərgilər üzə vurmadan.

Suyu götürməyir rəng, boya,

Bu yurdun adından, sanından çıxır.

Gərdəni bənzəyir gərilmiş yaya,

Torpağın odudur, canından çıxır.

Kimi sakit keçir, kimi lal baxır,

Damcılar ovcunda, tamı dilində.

Dərələr fikirli, yamac, yal baxır,

Şükranlıq daşıyır hamı dilində.

arxa-arxaya, üz-üzədi,

Üzülüb dağların yerdən ayağı.

Sirli, çözülməyən bir möcüzədir,

Masallı, İstisu, Mədə bulağı.

 

                       

 

 

 

Yer, göy, dağlar

 

Yer pillə-pillədi,

Göy pillə-pillədi.

Hər yer ölçü-biçidə,

Hər şey pillə-pillədi.

Ağaclar yüz yaşında,

Kökü torpaq üstədi.

Torpaq qoca bəstəkar,

Ayrı hava, bəstədi.

Hər qarışı andırır

Ötüb-keçən çağları.

Torpaq çiynini verib,

Qaldırıbdı dağları.

Torpaq damar-damardı,

Əlimin üstü kimi.

Axar suyun istisi

Qalxır tüstü kimi.

Burda sular yer altdan

Kükürdlü, qazlı çıxır.

Sanki yar otağından

İşvəli, nazlı çıxır.

İstisi əl yandırır,

Xəstəyə şəfa olur.

Hər cövrü, hər cəfası

Sonunda səfa olur.

Burda dağlar çox uca,

Torpaq pillə-pillədi.

Hər söhbəti bir sayaq,

Hər sözü bir dildədi.

Burdan söhbət açanda,

Hər söz düyün-düyündü.

Ot-ələfi neçə rəng,

Gülü löyün-löyündü.

Üç-dörd günlük qonağıq,

Bir günü dəyər minə.

Bir təşəkkür borcum var,

Bu göyün sahibinə,

Bu yerin sahibinə.

 

 

 

Meşə yolu, dağ yolu

 

 

Zümrüd meşə, yaşıl tala, boz yamac,

Ayaq altda qıvrılan dar cığırlar.

Bir ovcunda torpaq qovut, daş umac,

Bir ovcunda yol yol üstə çıxırlar.

 

 

Sıx meşəsi, at işləməz yolları,

Görən belə bizi hara aparır.

Cığır dönür, izlər itir, yol yarı,

Dağdan-daşdan sora-sora aparır.

 

 

Dərəsinə baxanda göz qaralır,

Ayaq altdan torpaq getsə koldan tut.

ocaq var, od, köz qaralır,

Fikri yoldan, qafiyəni yaldan tut.

 

 

Ağacları verib kürək-kürəyə,

İstisinə, bürküsünə toy tutur.

Meşədəki ürəyə bax, ürəyə,

Qonağına böyürtkəndən pay tutur.

 

 

Meşə yolu, dərə yolu, dağ yolu,

Buhissdi, bir cığırda yaşanar.

İllər sonra  bir ağacı, ya kolu,

Xatırlayar, torpaq anar, daş anar.

 

Məmməd TAHİR

 

Ədəbiyyat qəzeti.- 2022.- 3 sentyabr.-S.29.