Yağış bütün
izləri yumurmuş...
"...yaz, qızım, yaz"
Yanvar ayı idi, tətilə getmişdim. Mətbəxdə süfrə arxasında
söhbət edirdik atamla. Mən, nədənsə, "yağış
bütün izləri
yuyur" cümləsini
işlətdim. Özündən qeyri-ixtiyari, sanki nəyisə xatırlamış
kimi bu cümləni
iki dəfə təkrarladı. Sonra
dedi ki, "Bu adda film var, 79-cu ildə (1979, tələbəlik
illərində - C.S.) "Azərbaycan" kinoteatrına
gəlmişdi, festival filmi
idi".
Süjetini danışdı. O illərə qayıtdı
sanki. Dedim, "Ata, istəsən tapa bilərik o filmi. Tez filmin adını yazıb çətinliklə
də olsa rus dilində bir dublyajını tapa bildim. Təəccüb dolu sevinci hələ də gözümün önündədir.
Oturub izlədi, sonra da təşəkkür etdi mənə. 30 ildən sonra,
bir zamanlar gənc kimi baxdığı filmə
yenidən baxdı.
Kim bilir, nələri
xatırladı, hansı
xatirələrinə döndü.
Beləcə, mənə
də xatirə qoymuş oldu, həm də sanki son nəsihətini verdi: "Yağış
bütün izləri
yuyur".
Yağış bütün izləri
yumurmuş, Ata!
əksinə yaddaşın
dərinliklərindəki
bütün izləri,
yaraları üzə
çıxarırmış...
İnsan
yağışlar yağanda
bütün olub-keçənləri
xatırlayıb
son bir şans üçün
Allaha yalvarıb-yaxarırmış...
Qaranlıq divarlar arasında
əllərinçün, səsinçün
ağladığım çox
olur.
Sonra hər şey,
sonra hər şey,
sonra hər şey,
bir-bir yox olur...
Anlayıram ki,
"mən hər
yerdə sənin təkrarınam...".
Düşün ki, səhranın
ortasındayam,
üzərimə əliqılınclı,ürəyi
işıqsız insanlar
gəlir
mənsə əliyalın,
səhranın susuz qumluğuna zorla əkdiyim
toxumu sulayıram gözyaşlarımla
istəyirəm ölsəm
də, onun yolunda ölüm...
Öz həyatıma görə
yox,
yeni bir həyat uğrunda...
***
Ən xoşbəxt günlərimizin
şahidi pişiklər
Görəsən, indi
Bakının hansı küçəsinin
yalnızlığını paylaşır...
Heç
xəbərləri də
yoxdur ki,
Ətrafımızda heç vaxt
anlaya bilmədiyimiz və bizi anlamayan
insanlar qaynaşır.
Və
biz indi
ancaq o insanların xatirələrində yanaşı
gələ bilərik...
Bakının qala divarlarıdır
sənin yoxluğun
Bu boyda şəhərə
heç kəsi buraxmır.
Yalnız
və tənha dolaşıram
Heç
bilmirəm özümlə
nə vaxt vidalaşdım,
Hansı
ağacın kölgəsində,
Hansı
cümlənin bəlkəsində,
Hansı
yadın səsində...
***
Sahildəyəm,
Dörd
bir yanında günahkar ruhların pıçıltıları dolaşan
bir adada sıxışıb qalmışam.
Məni
aparmağa gəlmiş
gəmi isə
Yükünü boşaldıb, xeyli
qənimətlə
Aram-aram uzaqlaşmaqda.
Nə aparır o gəmi
Bu soyuq və kimsəsiz
ada(m)dan?!
Əlləri olurmuş
gəmilərin
çiyinləri
günahları
və qanadları...
Uçurmuş gəmilər yelkənləriylə
yer üzünün
səmasında.
Bilirsən, hərdən adalar da aşiq olur
gəmilərə,
quşlara,
hərdən inanır
ada(m)lar
dənizdə yolunu azmışlara...
***
Bura haradır, ey can?!
Sənin
diyarın hardadır,
Haradır?
Kimdir səni istəməyən,
səni öz yurdundan didərgin salan?
Nədir səbəb bu ayrılığa?
Nəyin
həsrətini daşıyırsan,
ey can?
Niyə
başını qatırsan
dünyəvi olanla
Niyə unudursan özünü?
Səni
yaradan harda
Sənin
Yaradanın harada
Məgər sən də inanırsanmı
O səni öz cənnətindən sürgün
edib?
O?
o...
Sənə yer üzünün
cənnət bağçalarını
açan
suyu,
odu,
havanı,
torpağı bəxş
edən,
bəxşiş edən.
Yaşılı,
bəyazı,
mavini
yaradan.
Sənin
üçün olmazlara
"ol" deyən!
Səni
necə sürgün edə bilər, ey can?
Sənə necə "get" deyə
bilər?
Düşün, ey can!
Bəlkə sən özün
özünü sürgün
etmisən
sevgilinin cənnətindən.
Sən ki onun süfrəsində
bardaş qurub,
onun nemətlərinə
qonaq olmusan.
Çörəyindən yeyib,
Suyundan içib,
Havasından udub,
Torpağında özünə yer-yurd
salmısan
Sən ki sevgilinin misafirisən,ey can?
Sevgili süfrəsindən qovmaz
heç kimi...
Sən özün uzaqlaşmısan
onun ətəyindən
Sən
ac qoymusan ÖZ`ünü...
Ruhumda pərvaz edən səmazən
Döndükcə dünyamı da
döndürür
Bil və agah ol!
Sağ əliylə Sevgilidən aldıqlarını
Sol əliylə ruhuma səpir...
Qoru məni, ey Sevgili!
Məni
səndən uzaqlaşdıra
biləcək hər şeydən,
Hər kəsdən
Qoru!..
***
Zivədəki ipəzorlar
Yeni məhkumlarını gözləyir
Ağızlarını açacaq
Və udacaq uclarından geyimləri...
Kim bilir, neçə əsrdir biz də
Beləcə başıaşağı asılmışıq
Yer üzündən
Gözümüzün suyu o qədərdir ki,
Qurumaq bilmirik ki
Bilmirik...
***
Mən odla söndürdüm
Ürəyimin yanğınını
Bilirsən?
əllərimlə səpirdim
atəş dalğalarını
ciyərlərimin üstünə.
O qadından başqa
kimsə kövrəlmirdi
ciyərlərimin tüstüsünə...
və
mən yalnız belə təsəlli tapırdım:
"El gölündəki ördəklər
Çoxdan uçublar uzaqlara
İndi
El gölü də
ən az mənim qədər tənhadır...".
***
Gəl,
əzizim, gəl
Qağayılar indicə qayıdıb
Dəniz
gəzintisindən
Ah, o balaca, əzizim,
Uçmağa çətinlik çəkir.
Ona da verərsənmi
qanadlarını?
Gəl,
əzizim, gəl
Körpələr indicə oyanıb
Səhər yuxusundan
Ah, o balaca, əzizim,
Dayanmadan ağlayır.
Onu da kiridərsənmi
yalanlarınla?
Toxumlar ölmədilər,
Yenidən cücərdilər
itdikləri yerdən...
Ah bəs sən, sən, əzizim,
bu torpaqda
bitərsənmi yenidən?
Cahan SEYİDZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.3.