Qacar sarayının qarabağlı
Şahbanusu - Ağabəyim ağa
Mən
aşiqəm, Qarabağ,
Şəki,
Şirvan, Qarabağ,
Tehran cənnətə
dönsə,
Yaddan
çıxmaz Qarabağ!
Bu
yanğılı misraların müəllifi gənc
yaşından ömrünün sonuna kimi İran şahı
Fətəli şahın sarayında girov qalan Ağabəyim
ağadır - İbrahimxəlil xanın qızı,
Xurşidbanu Natəvanın bibisi, taleyi Qarabağın siyasi
gündəmi, dövlətçilik tarixi ilə sıx
bağlı olan, həyatı bütünlüklə
ağır sınaqlardan ibarət Xan qızı... Qacar sarayında "Ağabacı"
adlandırılan Ağabəyim ağanın həyatı və
yaradıcılığı ilə bağlı rəvayətlərə
qarışmış azsaylı məlumat onun iradəsi,
xarakteri, sədaqəti və ifadəsini nisgilli misralarda tapan
incə təbiəti haqqında çox söz deyə bilir.
1797-ci ildə Ağaməhəmməd şahın
Şuşada qətlindən sonra Fətəli şah taxta
çıxır və Qarabağ xanlığının III
xanından əmisinin qatillərini, həmçinin
sarayında saxlamaq üçün girovlar istəyir. İbrahimxəlil
xan oğlu Əbülfət ağanı və qızı
Ağabəyim ağanı Qacar sarayına göndərir.
"Qarabağnamə"lərdə qeyd olunur
ki, böyük bir ehtişamla Tehrana yola salınan Ağabəyim
ağanın xidmətinə 200 qarabağlı verilmişdi;
Qarabağın döyüşçüləri hesab olunan bu
böyük dəstəyə Məlik Bəy
başçılıq edirdi.
İrana girov verilən Əbülfət ağanı
şah sarayda saxlamayıb oğlu Abbas Mirzəyə
yardımçı verir. Vəliəhd Abbas Mirzə
Naibəssəltənə ona xanlıq ünvanı verib
qoşun başçısı təyin edir.
"Tuti" təxəllüsü ilə şeirlər yazan
Əbülfət ağa Məhəmməd şah və Nəsrəddin
şah Qacarın səltənəti zamanında məşhur
dövlət xadimlərindən biri, bir neçə dəfə
vilayət hakimi olur…
Yaşadığı Qacar sarayı Ağabəyim
ağa üçün içinə qan qusduğu
qızıl teşti təqdim edən kədər sarayı
idi. Mənbələrdə
yazılanlara görə, Ağabəyim ağa ömrü
boyu Fətəli şahın kəbinli zövcəsi ola da, qadını olmur, amma şah talaq da
vermir və sonrakı illər qadın Qumda ondan ayrı
yaşayır. Ömrünün sonunadək bakirə
qalmış şah xanımı haqqında Mirzə Fəzlullah
Şirazi Xavəri, Məhəmməd Həsən xan
Etimadüs-səltənə və digər salnaməçilər
yazırlar ki, Fətəli şah zifaf gecəsi xan
qızının yanına girdikdən on beş dəqiqə
sonra otaqdan dəli kimi çıxır və qəzəblə
"İbrahim xanın qızı məni ilan kimi
çaldı" deyir. Deyilənlərə
görə, həmin gecə Ağabəyim ağa şahı
anasının rəsmi libasında, belində onun kəməri
ilə qarşılayaraq özünü toxunulmaz edir və təbii
ki, bu, şahın izzəti-nəfsinə toxunur. Aralarında sevgi ilə bağlılıq olmasa da,
Ağabəyim ağa ömrünün sonuna kimi Qacar
sarayında böyük nüfuz sahibi olur. Hətta sarayın Ağabacısı daxil olanda
şahın yanındakı yaşca daha gənc olan zövcəsi
Tacüddövlə hörmət əlaməti olaraq ayağa
qalxırmış.
"Qarabağnamə"lər
və digər salnamələrdə bu barədə qeyd
olunmasa da, saray tarixinin bilicisi Yusif Vəzir Çəmənzəminliyə
görə, Ağabəyim ağa ömrü boyu əmisi
Mehralı bəyin oğlu, "Batmanqılınc" ləqəbli
sərkərdə Məhəmməd bəyi sevir və bu
eşqə sadiq qalırmış. Məhəmməd
bəy Sarıcalı 35 yaşında II Şirvan hakimi Mustafa
xan Xançobanlı tərəfindən qətl edilir və
Ağabəyimin nisgilli misralarına çevrilir.
Ağabəyim
ağa tarixən Qacar səltənətinin xanımları
arasında haqqında ən çox bəhs olunan, tarixdə,
saray salnamələri və sənədlərində adı ən
çox keçən, ərəb, fars və fransız dilini
gözəl bildiyinə görə xarici əlaqələrdə
rolu olan xanım idi. Taleyi Qarabağın taleyi
naminə qurban verilmiş Ağabəyim ağa özü bir
gün görməsə də, Qacar sarayında girovluğu
siyasi səbəblərdən əlverişli idi. Fətəli şahın fərmanla
"Şahbanu" elan etdiyi Ağabəyim ağa Qarabağ
xanlığı ilə Tehran sarayında münasibətlərin
normallaşması və qohumluq əlaqələrinin davam etməsi
üçün əhəmiyyətli işlər
görmüşdü.
Şahın hərəmxanasındakı yüzdən
artıq qadından heç biri idarəetmədə
Ağabacı qədər söz sahibi olmamışdı. Fətəli
şah ağlı, elmi, mərifəti ilə seçilən
Şahbanuya müdaxilə hüququ verdiyindən o, səfirlərin
xanımlarını qəbul edir, xarici dövlətlərin
hökmdarları və onların xanımları ilə
yazışır, saraya təşrif edən əcnəbi səyyah
və diplomatlarla söhbətlərdə iştirak edirdi.
Mənbələrdə onun Rusiya çarı I
Aleksandrın xanımı ilə də məktublaşdığı,
1811-ci ildə Fransa imperatorunun arvadı ilə
görüşdüyü və onun vasitəsilə Napoleon
Bonaparta məktub göndərdiyi də qeyd olunur. Sonuncu məktubun bu gün də Luvr muzeyində
saxlanıldığı deyilsə də, yazılma səbəbi
və məzmunu barədə məlumat verilmir. Mehriban Vəzirin
yazdığına görə, Ağabəyim ağa
"Müqəddəs Georgi" ordenini alan
yeganə türk xanımıdır.
Fətəli şah ağlı və zəkası ilə
ürəyini fəth etmiş Ağabəyim ağanın
xahişi ilə Qarabağdan gələn ticarət
karvanlarından alınacaq gömrük və torpaqbasdı
haqqını ləğv etmiş, tacirlərə
üstün imtiyazlar vermişdi. Avropa, Rusiya mənbələrində
adı "Kraliça Ağabacı" olaraq keçən
Ağabəyim ağanın təsiri, xahişi ilə Fətəli
şah günahkarları bağışlayır, dustaqları
azad edirmiş. İrəvan xanı
"Sarı Aslan" ləqəbli Həsən xanın rus əsirliyindən
qurtulması da mənbələrdə Ağabəyim
ağanın xidməti kimi göstərilir.
Həmçinin
onun Abbas Mirzənin Qafqaz uğrunda savaşını dəstəklədiyi,
Xoy və Urmu kimi Qarabağı da bac hesabına ruslardan geri
almağın mümkünlüyü fikrini irəli
sürdüyü, danışıqlar zamanı bu məsələyə
işarə edilsə də, həyata keçmədiyi də
yazılır. Yazılanların nə qədəri
doğru, nə qədəri yanlışdır, bilmirik.
Bilinən iə budur ki, şuşalı
Ağabəyim ağa Qarabağ üçün olduğu qədər
Tehranın siyasi həyatı üçün də əhəmiyyətli
fiqur idi.
Qürbət
həsrəti, eşq acısı azmış kimi, 1806-cı
ildə (12 iyun) Şuşa yaxınlığındakı
Xanbağında atası İbrahimxəlil xan, anası Tutubəyim
ağa, bacı-qardaşları və qohumları daxil olmaqla,
17 nəfər ailə üzvünün rus mayoru
Lisaneviçin dəstəsi tərəfindən qətlə
yetirilməsi müsibəti Ağabəyim ağanın
çəkilməz dərdlərini minə qatlayır.
Deyilənlərə
görə, Fətəli şah Ağabəyim ağanın
qürbət həsrətini ovutmaq, hörmətini izhar etmək
üçün Qum şəhərində onun
üçün saray tikdirir və bu sarayın qapı-pəncərəsini,
hücrələrini adət üzrə günçıxana,
qibləyə deyil, Qarabağ istiqamətində qoydurur. Sarayın həyətində möhtəşəm
bir bağ saldırır; Şuşada bitən
ağacları, gül-çiçəyi burada əkdirir.
Ağabəyim ağa xarıbülbül çiçəyinin
bütün cəhdlərə baxmayaraq bitmədiyi "Vətən
bağı"na tamaşa edib
üzüntüsünü bu misralarla ifadə edir:
"Vətən
bağı" al-əlvandır,
Yox üstündə xarıbülbül.
Nədən
hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.
1780-ci ildə Xankəndidə, Xanbağında anadan olan
Ağabəyim ağanın bir gün üzü gülmədən,
ağrı-acılar, göz yaşları içində
keçən ömrü 1832-ci ildə 52 yaşında
qürbət diyarda - Tehranda sona yetir, Darül-İman adlanan
Qum şəhərində dəfn olunur. Mənbələrin bir
qismində Ağabəyim ağanın öz əcəli ilə
vəfat etdiyi qeyd edilsə də, bəzi mənbələrə
görə, rusların Qafqazdan çıxarılması
uğrunda növbəti müharibənin tərəfdarlarından
olan Ağabəyim ağa rusların istəyi, sarayda mötəbər
mövqedə olan erməni casuslarının əli ilə zəhərlənərək
öldürülüb.
"Məluli", "Tuti" təxəllüsü
ilə azərbaycanca və farsca şeirlər yazan, hicran,
nisgil simvolu olan qarabağlı girovun
yaradıcılığından dövrümüzə qədər
iki bayatı və bir neçə beyt gəlib çatıb. Məşhur bayatısı
"Qarabağ şikəstəsi"nin
sözlərinə çevrilib. Bəzən bu
şikəstənin musiqisinin də Ağabəyim ağaya aid
olduğu deyilir. Bəlkə də, bu, gerçəkdir,
axı "Qarabağ şikəstəsi"nin
sözləri kimi, musiqisində də ömrü boyu qürbət
acısı çəkən bir qəribin bütün hissləri
ifadə olunub - sevgi, həsrət, nisgil və ümid...
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.5.