Çatmaqaş gözəllərin simulyasiyası

 

Niyazi Mehdinin "Özümdən diddiklərim" kitabı haqqında

 

Görüntü, vizuallıq arsızdır. Çünki yaddaşın mərkəzində oturan görüntüyə təslim olmamaq mümkün deyil. Ona görə də meymunu yadınıza salmayın deyirdi Molla İbrahimxəlil kimyagər. Həyat axıb gedir və minlərlə aydın, intellektual adam öz fikirlərini vizuallaşdırır. Fikir və düşüncələr həyatın doğal, natural bir axarına qoşulur. Hər cür intellektuallığın axmaqlığa yenildiyi bir dönəmdə filosof Niyazi Mehdi "Özümdən diddiklərim" adlı kitabında yarım əsrlik fəlsəfi görüşlərini tarıma çəkir, effektli minor notlarla "zipləyir", görüntüyə, vizual kommunikasiya vasitəsinə çevirir.

Filosof olmaq əcəlinə susamaqdır. Dünyada bolca axmaq varkən fəlsəfəylə məşğul olmaq isə filosofun cəsurluğundan xəbər verir. Filosofluq alın yazısıdır Niyazi Mehdinin. "Özümdən diddiklərim" epistemoloji subyekt statusu olan vizual mətnlər toplusudur. Kitabın dili semiotik çalarlar, vizual bir diskurs, metatekstual durum yaradır. Bəzən Niyazi Mehdini oxuduğundan quşqulanır adam. Bu halı ilk dəfə Niyazi Mehdinin "Ortaçağ Azərbaycan estetik mədəniyyəti" kitabını oxuyarkən yaşamışdım. Həmin əsər düşüncə və struktur stilistikası baxımından Umberto Ekonun "Gözəlliyin tarixi" ktabına adekvatdır.

Ortodoksal fəlsəfə və postnormal düşüncə arasındadır Niyazi Mehdinin "yeni nəslə fəlsəfə, din, sənət və cəmiyyət haqqında demədikləri". Filosof ilk baxışda ortodoksal fəlsəfənin anlayış və kateqoriyaları ilə adi, gündəlik həyatın problemləri və axmaqlığına ağıl və duyğular kontekstində baxır. Ancaq mən "Özümdən diddiklərim"də Niyazi Mehdini Skot Laş, Berri Smart, Duqlas Kellner, Stiven Best, Ernest Qellner, Yurgen Habermas, Jan Bodliyar, Riçard Rorti, Piter Karavetta, Ziyauddin Sərdar, Həccac Əli kimi ən modern filosof və intellektuallarla müqayisə edə bilirəm. Bu, qüsurlu və ya intellektual görkəm verən qiyas deyildir. Bizə aid bir filosofun dünya intellektual düşüncə çevrəsinə adekvat fikirləri adamı mutlu edir. Bu zaman hər cür "intellektual fırıldaq" və "necə də tərifləyir" yarlığı ilə razılaşıram. Daha doğrusu, "hərləmirəm" belə fikirləri.

Niyazi Mehdini oxunaqlı və maraqlı edən intellektual emosiyadır. Gərəksiz terminologiya və diskursiv inyeksiyalar olmadığı üçün fəlsəfə gündəlik həyata yaxınlaşır, ancaq onun fövqünə çıxan vizual effekt və faktlarla elastikləşir. "Çadra və müsəlman kişilərində seksual aqressivlik" essesində oxucu mətni hedonistcə həzm edir. Rolan Bartın mətnin həzzi, dadı kimi tərif etdiyi proses baş verir. Çünki beyin və şüurun anlayıb həzm etmədiyi heç nə digər duyğular və orqanlara keçmir. Havada qalır. Həzm edilən aqressiv müsəlman seksuallığı belədir. "Ortaçağda çadra qadının ətrafında "qara qrafik çevrə" cızaraq virtual divar yaradırdı ki, yad kişilərin hedonizmindən onu qorusun. Çadra eyni zamanda bu dairə ilə ərin hedonistik məkanını cızırdı".

Liotara görə, istehlak cəmiyyətində narratoloji məlumatla elmi biliklər arasında ciddi bir fərq yoxdur. Ancaq "Özümdən diddiklərim" kəskin olmasa da, incə fərqləri üzə çıxarır. Niyazi Mehdi olduqca həssas mövzulara bir qədər yumoristik üslubla yanaşır. Narratoloji məlumat filosofun düşüncə kordinatlarında elmi-fəlsəfi biliklərə dönüşür. Belə bir üslubda yazmaq olduqca çətindir. Niyazi Mehdinin dili vizualdır, bir qədər sosial media formatındadır. Esseistik düşüncə ilə fəlsəfi, akademik çalar birləşir, ancaq heç biri olmur. Çağdaş, modern bir filosofun yumoru, öz deyimi ilə desək, bir qədər "mırt vurmağı" ilə qarşılaşırıq. Fəlsəfəni bu qədər əlçatan etmək asan deyil. Çünki "bəşəriyyətin bu günə qədər önəm verib düşündüyü şeylər həqiqəti ifadə etmir". Daha çox bir illüziya, yanılma aktına şahid oluruq.

Azərbaycan insanına fəlsəfə lazımdırmı? Modern insanı fəlsəfə maraqlandırmır. Modern insan intellektuallıqdan imtina edir. Sağlam və uzunömürlü yaşamaq istəyən, həzz verən şeyləri arzulayan, fiziki ağrılardan xilas olmağa can atan modern insanı fəlsəfə necə maraqlandırsın axı. Stres və depressiyanın üstünə böyük bir sosioloji naməlumluq böhranı gəldikdə görürük ki, fəlsəfə lazımdır. Toplum üçün deyil, fərdlərə gərəklidir.

2009-cu ildə Fransada jurnalist  Jan-Filip de Tonnakın təşəbbüsü ilə "Kitablardan xilas olmağı gözləməyin" adlı kitab çap olunur. Kitab filosof Umberto Eko ilə kinodramaturq Jan-Klod Karierin olduqca maraqlı söhbətləridir. Moderator Jan-Filip de Tonnak konseptual mövzu və suallar qoyur. Eko və Karier isə yumorlu və maraqlı cavablar verirlər. Söhbət əsnasında Eko deyir ki, axmaqlıqla bağlı kitabımdan sonra Avropanın müxtəlif bölgələrindən çoxlu təşəkkür məktubları aldım. Niyazi Mehdi isə axmaqlığın Avropa və Azərbaycan versiyasını təqdim edir. Axmaqlığın Avropaya xas cəhətini Rotterdamlı Erazma əl yelləyərək, Azərbaycan versiyasını isə intellektual axmaqlıq formatında analiz edir. "İntellektual fırıldaq" və "intellektual barbarlıq"  isə bonus olaraq əlavə olunur. "Azərbaycanda yaltaqlığın saxta sevgi qiyafəsi sevgini devalvasiya edib. Ona görə də mən sevgimi, heyranlığımı "intellektual fırıldaq, hətərən-pətərən estetikası" kimi həyasız formalarda bildirməyə əl atmalı oluram".

Filosof Azərbaycanı maraqlı etməyin yolunu intellektual fırıldaqçılıqda görür? Ən mürəkkəb fəlsəfi terminlər, istilahlar, əşyaların varlığı, həqiqəti və mahiyyəti haqqında yozumlar itələyici bir sözlə, "fırıldaqçılıq"la izah olunur. Çünki "intellektual fırıldaq nəsnələrə fırıldaq gəlib onları və deməli, dünyanı yeni səslərdə, informasiyalarda danışdırmaqdır".

Niyazi Mehdinin sevgi barədə görüşləri fizikanın qanunlarına tabedir. Axı fizikasız sevgi mümkün deyil. Bütün həzzlər və ağrılar cisimdə toplanıb. Azərbaycan insanının sevgiyə ruh insanı olmaq bucağından baxması və mexanikanın qanunlarından kənarda, müqəddəs bir sevgi dünyası yaratması olmayan bir ideala, eşqə olan arzusunu ayağısürüşkən edir. Halbuki bütün ləzzətlər, həzzlər və çətinliklər insan bədəninə yığılır. Görməmiş adamın sevgisi isə daha yaxşısını tapmaq istəyi ilə alışıb-yanır.

Niyazi Mehdi "Özümdən diddiklərim"də son əlli ilin modern tarixini ritmik, milli, semiotik bir dil sferasında konseptual mərhələlərə bölür.

1. Fəlsəfə çağı;

2. Din və ateizm mərhələsi;

3. M-sız mədəniyyətdə insan bədəninin tarixi;

4. Çağdaş toplumda manipulyativ və heç vaxt olmayan demokratiya;

5. Qordius düyünü, münaqişə, yaramazlıq və yaxşılıq potensialı (Dostoyevskinin "Öküzlük xisləti" tezisi);

6. Estetika və sənətin boş semantik mərkəzindəki doluluq sferaları;

7. Dilin və sözlərin "krutoy" və "cool" tezliyi.

Bu yeddi evrənli semiotik simulyasiya çağında reallıq yoxdur, hiperreallıq vardır. Çatmaqaş gözəllər öz cazibələrini itiriblər. Onların səliqə-sahmana salınan qaşlarındakı laminasiyanın, doluluğun (çatmaqaşlığın yox ha), pirsinqin simulyasiyasıdır cazibə mərkəzi. Artıq estetika deyil, transestetika mövcuddur. Seksuallıq Uzaq Şərq gözəllinin çatma qaşlarından transformasiya olunub transseksual mühitə, oradan da "midlsex"-ə-orta cinsə. Burada Jan Bodliyarı yada salmamaq olmaz. Niyazi Mehdi iddiasız, "mırt vurmaq" janrında modern dövrün fəlsəfəsini yaradır. Yazılarında tez-tez çəkdiyi misallar, anlatdığı vizual effekti olan təmsillər gerçəkliklə uzlaşmayan simulyasiyanın sonsuz dövriyyə çağına güzgüdür.

İstehsalın yenidən istehsalla əvəzləndiyi çağda təqlidçi bir topluma metaforlarla yanaşan filosof yaxşı bilir ki, məcazlar reallığı üstələyib. Və yenidən istehsal və istehlak edilməyən gerçəklik yoxdur. Genetik kodların bir-birinə qarışdığı bir mühitdə media yalan və doğruya fərq qoymadan montaj üsulu ilə işləməkdədir. Elə məhz bu məqamda bir düşünürə, filosofa ehtiyac yaranır. Çünki Niyazi Mehdinin məcazlar və metaforlarla özündən diddikləri ehtimal olunan hər hansı bir həqiqət qədər doğrudur!

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2022.- 10 sentyabr.- S.25.