O, ədəbiyyata gəlişiylə ədəbiyyatı
ideoloji çərçivələrdən
azad etdi...
O, ədəbiyyata gəlişiylə
ədəbiyyatı ideoloji
çərçivələrdən azad etdi. Onun
nəsrində butaforiya
yoxdur, "xoşbəxt
gələcək" illüziyası
yoxdur, insan və onun mənəvi
dünyası, hiss və
duyğuları, iztirabları,
kədəri, sevinci
var. O, Azərbaycan nəsrinə
yeni bir üslub - romantik yazı manerası gətirdi. Nəsrin romantikası deyəndə
ilk yada düşən
yazıçı məhz
İlyas Əfəndiyev
olur. Yazıçı dünya ədəbi
prosesində gedən yeniliklərdən və tendensiyalardan xəbərdar
idi. Balzakdan, Floberdən, Heminqueydən
üzübəri çağdaş
nəsrin ustalarına
qədər (əsasən
üslubçu yazıçıların)
hamısının yaradıcılığına
bələd idi. Yeni üslub yaratmağın çətinliyini də dərindən dərk edirdi.
Yaradıcılığının ilk illərində yazdığı
"Aydınlıq gecələr"
povestində artıq yazıçının özünəməxsus
üslubunun bəlirtiləri
görünürdü. Bənzərsiz təhkiyə, nağılvari
dil oxucunun yaddaşında dərin iz qoyur. Bu sətirləri yaza-yaza uşaqlıq illərində
heyranlıq hissiylə
oxuduğum "Qəhrəman
ilə bülbülün
nağılı", "Apardı sellər Saranı", "Qarı
dağı", "Qoca
tarını çaldı"
hekayələrinin təəssüratını
xatırladım. Təbiət təsvirlərinin gözəlliyi
məni sehrləmişdi,
xəyalən özümü
bu hekayələrdə
təsvir edilən yerlərdə hiss edirdim, qəhrəmanların yaşantıları
mənə də sirayət edirdi. Bir dəfə yazmışdım,
İlyas Əfəndiyev
mənim oxuduğum
ilk yazıçı olub.
İsaq-Musaq quşunun səsi
lap uzaqlardan, ömrün
o saf, bəxtəvər
illərindən narın
bir səda kimi qulaqlarıma çatır. Müharibədə həlak olmuş qızının sonuncu arzusunu yerinə yetirən qocanın tarının səsi də bu səsə
qoşulur. Dəftərçəmə
şagird xəttiylə
yazdığım sözlər
hələ də yadımdadır: "Müharibəyə
nifrət edirəm. O uşaqları yetim qoyur, övladlarını
ataların, anaların
əlindən alır".
Bu cümlələr mənim uşaq sarsıntılarımın sadə
ifadəsidir.
"Üçatılan" və "Geriyə baxma, qoca" romanlarının İlyas
Əfəndiyev nəsrində
xüsusi yeri var. Ümumiyyətlə, elat həyatı, milli kolorit, xalqın etnoqrafik xüsusiyyətləri,
keçdiyi tarixi inkişaf yolu bu əsərlərdə olduqca dolğun, müfəssəl şəkildə
təsvir edilir. Əlbəttə, İlyas Əfəndiyevin qələmindən çıxan
bütün əsərlər
bizə doğmadır.
Amma doğma Qarabağımız
işğalda olduğu
çağlarda mən
hər dəfə məhz bu əsərlər
vasitəsilə o müqəddəs
torpaqlara səfər etmişəm. İlyas Əfəndiyevin
əsərləri bizi
illər boyu Qarabağa virtual səyahətə
çıxarıb. Şuşanın, Füzulinin, Cəbrayılın
ətrini o kitabların
səhifələrindən almışıq.
Bu gün Qarabağımız
azaddır. 44 günlük
Vətən Müharibəsində
igid oğullarımız
işğalda olan torpaqlarımızı düşməndən
azad etdi. Mən Şuşaya səfər edəndə xatırladığım
insanlardan biri də məhz İlyas Əfəndiyev idi. Sözsüz, onun ruhu şaddır. Böyük
yazıçımıza minnətdarlıq
borcumuz var. Və bu yazının son cümlələrini yazarkən
qeyri-ixtiyari olaraq dilimə bu misralar gəldi:
Vətən bağı al-əlvandır,
Var üstündə xarı bülbül!
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.-24
sentyabr.- S.12.