Hekayələr  

 

Məsciddə "vur-çatlasın"

 

Aşura günü məsciddə iynə atsan yerə düşməzdi. Bura şəhərin dindar camaatından başqa, ətraf kəndlərdən mömin müsəlmanlar gəlmişdilər. Məscid camaatı tutmadığından adamlar həyətdə ayaq üstə mərsiyəyə qulaq asır, "şaxsey-vaxsey" deyir, sinələrinə, başlarına yumruq, zəncir çırpırdılar.

Camaatı yarıb birtəhər özümü içəri salanda görsəm yaxşıdır? Həyətin tən ortasında qoca kişilər qadınlarla yanaşı, cavan-cavan qızlar, bığ yeri təzəcə tərləmiş oğlanlar "Ya Hüseyn! Vay Hüseyn" - deyə şivən qoparır, ikiəlli şarap-şarap açıq sinələrinə çırpır, gözlərindən bıldır-bıldır yaş axıdırdılar. Orta yaşlı bir kişi az qalırdı özünü şil-küt eləsin. Özü elə qışqırırdı ki, səsindən qulaq tutulurdu. Yaxınlaşan kimi tanıdım. Dörd arvad alıb boşamış, uşaqlarını yetim qoymuş Balaqardaş idi. Zalımın sifətindən nakişilik yağırdı. Onunla ağız-ağıza verib sidq ürəkdən sinə vuran hər gün tərəzi dalında dayanıb camaatı çəkidə qiymətdə aldatmaqda "ad çıxaran" alverçi Qara Möhsün idi. Özlərini şil-küt eləyib qana boyayırdılar ki, bəlkə Allah-təala təqsirlərindən keçə...

Bir az aralıda sinələrini döyəcləməkdən qızardan bazarkom Əsədulla onun "əyan-əşrəfi" olan bazar nəzarətçilərinin ah-vayı məscidi başına götürmüşdü. Bazarkom "Ya Hüseyn! Vay Hüseyn" - deyə, qışqırdıqca nəzarətçilər "şaxsey, vaxsey!" - deyə dəm tuturdular. Əsədullanın "oyununa" baxanda yadıma Əbdürrəhim bəy Haqverdiyevin "Uca dağ başında" əsərindəki Sofi Hüseyn düşdü. Necə ki, Sofi Hüseyn "gözünü bir-iki dəfə yumub açanda yaş gözündən saqqalı uzunu sel kimi axırdı" səbəbsiz ağlaması ilə topalaşanları da ağladırdı, Əsədulla da bu sayaq təsir bağışlayırdı. Bircə Əsədullanın saqqalı çatışmırdı...

Başqa bir tərəfdə çarşaba bürünmüş arvadlar elə sinə vururdular ki, şappıltısından adamın əti ürpəşirdi. Elə qışqırırdılar, elə hönkür-hönkür ağlayırdılar ki, elə bil, ciyərlərini çəkib çıxarırdılar. Onların da bir neçəsi şəhərdə "məşhur" idi. Biri xəbərçi Mələknisəydi ki, kişinin qızı ondan buna, bundan ona deməklə beşcə dəqiqənin içində "aləmi" qatırdı bir-birinə. Vay onun çənəsinin altına düşənin halına!

O biri çöpçü Fatma idi. Bir dəfə qonşunun uşağının boğazına barmağını necə soxmuşdusa, tifilin ürəyi getmişdi. Odur-budur, camaat arasında çöpçüyə inam itmişdi.

Ailələrə nifaq salan, "evlər dağıdan" Ağabacı isə az qala şəhid olacaqdı. Özünü döyəcləməkdən halsızlaşırdı, üzünə su səpib ayıldırdılar.

Arvadlar bir hoqqa çıxarırdılar ki, elə bil, min il bundan qabaq ölən imamlar onların yaxın qohumları imiş!

Gördüm ki, sinə, zəncir vuranların bədənləri qıpqırmızı qızardıqca ürəyim pis olur, tez məscidi tərk etdim. Amma bilmədim ki, bu "vur çatlasın"da özlərini qana boyayan günahkarları göydəki kişi bağışladı, yoxsa yox?!

 

Məndə hal qalmadı...

 

Sovetlərin vaxtıydı. Türkiyədə yaşayan dostu azərbaycanlı yazıçını tez-tez öz ölkəsinə dəvət edirdi. Azərbaycanlı yazıçını isə Türkiyəyə buraxmırdılar, deyirdilər Türkiyə Sovetlərin düşmənidir. Yazıçı da bunu türk dostuna deməkdən çəkinirdi, odur ki, hər dəvətdən sonra bir bəhanə uydururdu.

Bir dəfə deyirdi "xəstəyəm". İkinci dəfə "əmim ölüb" deyə, bəhanə gətirirdi. Üçüncü dəfə nəsə bir hadisə baş verdiyini bildirirdi.

Nəhayət, iki ölkə arasında sərhədlər açıldı, qardaş-qardaşa qovuşdu. Türkiyəli öz dostundan soruşdu:

- Necə olurdu ki, hər dəfə səni ölkəmizə dəvət edəndə başına bir hadisə gəlirdi?

Dostu izah etməyə başladı:

- Bir kişi hər gün evə gecikəndə arvadı soruşurmuş ki, "hardaydın?". Kişi hər dəfə bir bəhanə gətirirdi. Gah deyirdi iclasda idim, gah deyirdi filan yerə getmişdim, gah da deyirdi başımdan aşır. Bir gün yenə kişi evə gec gələndə arvad başlayır deyinməyə, soruşur:

- Bəs indi deyəcəksən, kişi?

Kişi arvadının üzünə baxıb dillənir:

- İndi mənim yerimə sən özün bir şey uydur, ay arvad! Daha sənə cavab verməkdən məndə hal qalmadı!..

 

Elan

 

Mən Kərbəlayı Məmmədhüseyn Məmmədhənifə oğlu bildirirəm ki, hər cür xəstəliyi sağaldıram. Havayı yerə həkimlərin yanına getməyin. Gedən kimi yüz cür xəstəlik tapırlar, sonra da yüz cür dərman yazırlar. Adamlar o dərmanları içib zəhərlənirlər.

Mənimki otlardır. Ölkədə qədər ot var, hərəsindən bir xəstəliyə dərman düzəldirəm. Dualarım da kömək edir. Uşağı olmayan qadınlara, ayıb da olsa, uşaq düzəldirəm. Cəmi-cümlətanı əlli yaşım var, hələ ki cavanam.

Kimin dişi ağrıyır, o saat kəlbətinlə çəkib çıxarıram, canı qurtarır.

Əlimdə ölənlərə cavabdeh deyiləm. Çünki Allah verdiyi canı bir gün almalıdır.

Bu yaxınlarda şəxsi poliklinika açıram. Şəkk-şübhəsi olanlar qəbuluma gəlməsinlər.

 

"Mən ət yeyirəm..."

 

Məşhur yaşlı aktyorlardan biri bədəncə çox kök olan həmkarını danladı:

- Az ye , olub? Gündə üç dəfə ət yeyərlər? Mənim kimi qatıq ye ! Sənin canın üçün ömrüm boyu qatıq yemişəm. Gör heç kökəlirəm?

Cavan aktyor bu sözlərdən pərt oldu, amma özünü o yerə qoymadı.

Bir neçə gündən sonra teatrın kollektivi bir rayona qastrol səfərinə getməli oldu. Artistlərə qonaqlıq verirdilər. Yaşlı sənətkarla cavan, kök aktyor yan-yana oturmuşdular. Cavan, kök aktyor yemək paylayanı çağırıb qulağına pıçıldadı:

- Bu kişiyə qatıq gətir, başqa şey yemir.

Hamıya ətli xörək verdilər, yaşlı kişiyə qatıq. O da yedi.

Günorta qonaqlığında cavan, kök aktyor yenə xörək paylayana dedi ki, "unutma, bu kişi qatıqdan başqa heç yemir".

Kişiyə yenə qatıq gətirdilər, yenə əlacsız qalıb yedi.

Axşam yeməyi zamanı qocaman artistə qatıq gətirəndə daha dözə bilməyib dilləndi:

- A kişi, mən təkcə qatıq yemirəm ey, ət yeyirəm! Hamıya ət verirsən, mənə ver !

 

Borclu qala bilmərəm...

 

Stalinin rəhbərliyi dövründə bir vəzifəli kommunist tribunaya çıxıb danışır çıxışının axırında deyir:

- Allah Stalin yoldaşa yüz il ömür versin!

Bir neçə gündən sonra kişini tutub basırlar "qoduqluğa" ki, sən Stalin yoldaşın qədər yaşayacağına niyə müdaxilə edirsən?

Sonra məhkəmə olur, kişiyə beş il kəsirlər. Müttəhimə son söz verirlər, o deyir:

- Mən rəhbərliyimizi , partiya hökumətimizi çox sevirəm. Amma nahaq mənə beş il verdiniz. İkicə il ya yaşayam, ya yaşamayam. Mən hökumətə borclu qala bilmərəm. Ona görə iki il versəniz bəsimdir...

 

Qapaz

 

Köhnə tanışlar olan Həsənqulu ilə Hüseynqulu çoxdandı bir-birini görmürdülər. Bir gün rastlaşdılar. Hüseynqulu Həsənqulunun papağının bir tərəfinin yaprıxdığını görüb soruşdu:

- Həsənqulu, papağın niyə belə yaprıxıb?

- Həmişə doğru danışdığım üçün, qapaz döyməkdən.

- Məsələn?..

- Məsələn, mən bilirəm ki, sənin başın çatmır...

Həsənqulu elə bunu demişdi ki, Hüseynqulu onun başına bir qapaz ilişdirdi...

 

Atalar sözü

 

Vəzifə almaq istəyirsənsə, adlı-sanlı, şanlı-şöhrətli bir partiyaya üzv yazılın.

Bir kreslo sahibi olan kimi özünüzə qoruma götürün, desinlər "böyük" adamdır.

Həqiqəti söyləməyin, uzağa gedə bilməzsiniz.

Pulunuz çox olsa, köhnə, əzik-üzük paltarlar geyinin, desinlər fəqirin biridir.

Yaltaqlanmağı öyrənin, həyatınız boyu lazım olar...

Yalandan gülümsəyin, ürəyindəkilər bilinməsin.

Vəzifə alan kimi katibəni, sürücünü, mühasibi, bir anbardarı dəyişdirin.

Vəzifəli adam danışanda siz susun. "Böyük danışanda, kiçik danışmaz".

 

Xeyrəddin QOCA

 

Ədəbiyyat qəzeti.- 2022.- 24 sentyabr.- S.15.