Şair qızılgül əkir,
Sözün bitdiyi yerə
Elvin İntiqamoğlunun “On
dördüncü qızılgül” kitabı haqqında
Elvin İntiqamoğlunun "On dördüncu
qızılgül" şeir
kitabından "ləçək"
misraları ilə kitab nəşrə hazırlanan ərəfədə
tanış olmuşdum. Yaxşı mənada təəccüblənmişdim
şeirlərdəki lakonik
söz rəngləndirilmələrinə.
Sözlərin məcaziliyi ilə
maraqlı ifadə tərzi və ən əsas da fikir yükü
olan şeirlər digər müəlliflərdən
"Elvin İntiqamoğlu" imzasını fərqləndirə
biləcəkdi.
Onun şeir dünyasında əsasən iki sözə tez-tez rast gəlmək olar: "Daş" və "qızılgül".
Bu ümumiləşdirmə
Elvinin xarakterini də simvolizə edə bilər, zənnimcə. Daş kimi
möhkəm iradəli,
cəsur Vətən Qəhrəmanı və qızılgül kimi zərif ruhlu, həssas müşahidə
qabiliyyətinə malik
bir gənc. Bu cəhətlərdən biri
olub digəri olmasa, insan - kişi mənəvi
cəhətdən qüsurlu
olar. Ona görə də
sağlam Ruhlu İnsan olaraq Elvinin özü qədər sözü də dəyərlidir.
Və beləcə, Elvinin şeiriyyətindəki
"daş"lar bir-bir yerinə düşür:
Deyirlər, cahan düzəlir:
varlı, kasıb
olmayacaq
daş dövründəki
kimi -
İnanan
daşa dönsün...
"Daşa dönmək"
insanın bəzən
qorxusu (Niyə gəldin? // Cavab ver, // Daş heykələ oxşama), bəzən gücü, bəzən də arzusuna çevrilər. Ən təsirli bir and-aman ifadəsi
olur bəzən: İnanan daşa dönsün...
Digər tərəfdən isə məzarları üzərinə
böyük-böyük daşlar
qoyub heykəlləşmək
arzusunun bir adı da "daşa dönmək" istəyidir elə. Nədir bu
daşa dönmək həvəsi insanda? - Əbədi həyat
arzusunun, unudulmamaq çabasının başqa
bir adıdır, yəqin. Amma təbii ki,
bu, boşuna edilmiş cəhddir.
Əbədilik özün
üçün tikdirdiyin
məqbərələr, heykəllər,
qəbirüstü abidələrlə
əldə edilmir, o qəbrə qoyulana qədər edilən əməllər, qoyduğun
izlə qazanılır...
Daş atmağın daşın
atdım,
Axır-əvvəl anladım ki, daşın düşən yeri var...
Körpəliyin, uşaqlığın, daha sonra subaylığın
daşlarını ətəyinə
yığan lirik qəhrəman şeir-şeir
bu "daş"ları
ətəyindən tökür:
Hələ ki peşman deyiləm,
Allah bilir, subaylığın
daşını atsam
nə olar?
Subaylığın da evliliyə gedən yolu yenə daşdan keçirmiş
- Elçi daşından:
- Yəqin, elçi daşından yorulmusan,
gəlməyib ağ atlı oğlan -
Daşdan
səs çıxdı,
Səndən yox...
Danış səsinə qurban!
Həyatın bir səhifəsi də elçi daşı ilə başdaşının arasında yaşadıqlarımızdan ibarət olur. Elçi daşına qədərki ömrümüzdə baş qəhrəman həmişə özümüz olmuruq, uşaqlıq, saflıq, məsumluq bitir elçi daşında. Bir az nağıl kimi olur o dövr, müəllifi bəzən özümüzə də məlum olmayan nağıl ya qorxulu, yaxud sehrli nağıl kimi. Sonra iki daşın arasında nağıldan çıxıb gerçək həyata, müharibənin, mühasirənin ortasına düşürük:
12 oktyabr,
Füzuli,
İki daşın arasında
tora düşdük iki dağın arasında:
Ermənidir dörd tərəfi...
Daşlı misralar tez-tez dəydi "ayağıma" bu poeziyada gəzişəndə. (Bircə ayağımın göz yaddaşı var: // Daşları üzdən tanıyır, // yıxılmır...) Maraqlı, rəngli, qeyri-adi daşları toplamağı sevirəm. Götürdüyüm bir maraqlı "daş" misra da bu oldu:
- Hava xəbərlərində
daş deyiblər axşama!
***
Şair qızılgül əkir
Sözün bitdiyi yerə...
14 Fevral. Sevgililər günü. Qız ona gətirilən buketdəki qızılgülləri saydı: 13 idi.
- On üç niyə?
- On dördüncü sənsən...
Daha həsrətdən saralıb
Vərəqlərin arasında quruyub xatirələr -
Qızılgülün gül qoxuyan
zamanların verin mənə...
Şair
üçün qızılgül
- qoruyub saxlamaq istədiyi duyğunun, duyğu qalmadıqda belə xatirəsinin adıdır, yoxsa solmuş gülü niyə istəsin:
Düzün qızılgülləri -
solanların verin mənə...
Qızılgül bağu-bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
- deyən Şah
babamız Xətaidənmi
öyrəndi qızılgül
ləçəklərinə sevgisini yazmağı şair? Qızılgüllər sevgidən doğulan
körpələr kimidir.
Sevgilər qarşılıqlı
olmayanda gül buketləri istənilməyən
yeni doğulmuş insan övladları kimi atılır küçələrə, zibil
qutularına, ən yaxşı halda yoldan keçən birinə "hədiyyə
olunur"... Amma qarşılıqlı sevgilərə şahidlik
edən qızılgüllər
sevgililərin əllərində
elə bəxtəvər
görünürlər ki.
Sevginin gözə görünən
şəkillənmiş halı
olurlar o zaman.
Buna görə solsalar
belə, dəyərli
olurlar:
Məndən sənə
aldığım qızılgülün
solan ləçəyi
qaldı,
Səndən mənə
Bir şüsəlik xatirə
O da qızılgülün
ətri azaldıqca azaldı.
İlk ən böyük sevgisinə - Anaya da ithaf etdiyi şeirində
"gül" şahidliyi
var Elvinin:
Səkkiz
martda
əlimdə gül
"Ana"
şeiri oxuyardım...
İndi
ona oxuduğum şeirləri
mən yazıram...
Anam bilmir!
Qızılgüllü anaların layla ilə böyütdüyü
oğulların sevgisi
Vətən boyda olar. Laylasız böyüyənlər,
layla ehtiyacı duymayanlar Vətən uğrunda can fəda edərlərmi? Qərənfillər
içində uyuyan şəhidlərin də
yuxularını körpə
olanda qızılgüllü
laylalar bəzəmişdi
axı:
Layla deyim yatasan
Qızılgülə batasan.
Qərənfil deməmişdi
qızılgül demişdi
ana.
Elvinin şeirlərində
maraqlı misralar çoxdur. Onlardan bir neçəsini qeyd etmək istərdim:
- Başa düşmür bir-birin // lal qaranlıq, kar işıq...
- Bu işıqlı dünyada
// hamımız bir qarışıq...
- Gözündən yaş gəlir kişi
dərdimin...
- Təbrik edirəm səni // Necə qayıdım, necə unudum - deməyəsən...
- Qismətimdə bədxassəli
şiş tapılıb...
- Həsrətində olduğumuz
torpağı
daddırdı bizə
palçıqlı gölməçələr...
- Bəlkə, uzaq dəhlizlərdə görünmür
Laçın pəncərələri -
Havası
çatmır Vətənin,
boğulur,
açın pəncərələri...
İstedadla mükafatlanıb Elvin. Bu qutsal
mükafatı ona verən Tanrı onun özünü də - İkinci Qarabağ müharibəsi
qazisini "doğulanda
hələ tanımadığı
iki nəfərə"
mükafat verdi
növbəti dəfə
- 2020-nin Payızında... Sinəsindəki medal üzünün ağlığı,
"On dördüncü qızılgül"
kitabı isə sözünün ucalığı
oldu. Başı uca olsun.
Tanrı gözləri
dolusu, ürəyi dolusu versin: Elvini sevdiklərinə, uğurlarını isə
Elvinə! Amin.
Aygün Yaşar Cəfərova
Ədəbiyyat qəzeti.- 2022.-
24 sentyabr.- S.23.