Bir hekayə və yazı metodu haqqında
Dr. Nadir müəllim
üçün
1
Əvvəlcə yazı metodu haqqında.
Bu barədə susmaq və yazmamaq olmur. Artıq illərdir qəzet
və jurnal səhifələrində, habelə portallarda təyinatı
həm son dərəcə konkret və bəlli, həm də
heç bəlli olmayan yazılar gedir və bu yazıların
sonu, finalı elə təəssürat oyadır ki, müəllif
sanki harasa tələsir, yəni yazı bizə tısbağa
yerişiylə addımlayan bir nəsnəni xatırladır,
bəli, elə indi bu dəqiqə son nəfəs dərilib
veriləcək və müəllif nəhayət öz
arzusuna çatmış olacaq. Bir az da
keçir, bizə belə gəlir ki, nə belə bir
yazı oxuduq, nə həmin "tısbağa
dinamikası"nı seyr etdik. Olmayıb belə
şey. Çünki olmayan şeylərdən
konkret nəsnələr kimi bəhs etmək, ümumi
axında xüsusi isim kimi seçilib-fərqlənmək
inadı gəlib daşa dirənir və həmin arzu və təşnəlik
o qədər sərt və nüfuzedici olur ki, daş belə
qəlbinin başından çatlayır. Bu tipli
yazıları daha çox alimlər yazır, yaxud yüksək
elmi vəzifə tutmaq istəyən, bu "qorxulu" arzuyla
yaşayan insanlar... Yazının mərkəzinə
hörülən bu arzu-niyyət hardan baxsan
görünür, həm də necə deyək
"örtülü vəziyyətdə", yəni bu yazıları
biz müəyyən qeyd-şərtlə "yaşmaqlı
yazılar" da adlandıra bilərik. Bu halda
hansısa yazı metodundan danışmaq yersizdir və biz də
bəhs etmirik.
İkinci
tip yazılar deyək ki, klassik ədəbiyyata həsr edilən
yazılardır, oxuyursan, sən özün şahid olursan ki,
müəllif klassik poeziya haqqında çox şeylər
bilir, bütün poetik fiqurları tanıyır və bu barədə
bəlkə saatlarla danışa bilər, ancaq
yazdığı yazıda bütün bu keyfiyyətlər zərrə
qədər də olsun bilinmir, yəni normal, uyar, yaxud
münasib yazı metodu olmadığından müəllif ən
bəsit təfəkkürlü alimlərin getdiyi yolu eyni ilə
təkrarlayıb. Yaxud deyək ki, Məhəmməd
Füzuli yaradıcılığı, onun divanı və
poetikası haqqında o qədər qaranlıq mətləbləri
bir araya gətirib ki, sonradan Füzulini bu işıqlar
içində nə qədər axtarsan da tapa bilmirsən.
Füzulinin qəzəlləri əcayib-qərayib bənzətmələr,
ona çox az dəxli olan izmlər
içində itib-batıb, bircə SOS siqnalı
çatmır. Başqa bir cəhət də var: bir də
görürsən ki, ömrü boyu Nizamidən yazan bir tədqiqatçı
Nizamini heç bilmirmiş. İnsan intervü
verir, suallara o qədər çaş-baş cavablar verir ki,
kiçik bir mətndə ədəbiyyatın bütün
anlayışları bir-birinə qarışır. Məsələ
aydındır: həm filoloji savad kasaddır, həm də
yazı metodu heç nəyə yaramayan bir şeydir. Bu metodla nə danışsan, nə yazsan yüz faiz
onun tərsi, özü də ən acınacaqlı şəkli,
rəsmi alınacaqdır və sən bu rəsmi
utandığından dünyanın heç bir divarından
asa bilməyəcəksən. Yaxud bu "tədqiqatçı"
elə bir söz işlədir ki, vaxt itirmədən gedib
hardasa gizlənmək istəyirsən: "Nizaminin
şöhrəti bütün dünyaya virus kimi
yayılıb...".
Nizami Gəncəvi haqqında yazılanlar niyə ən
azından filoloji baxımdan kasad görünür? Bu barədə
düşündükcə ipin ucu çox sürətlə
gözdən itir, görünməz olur. Və
nə yazırıqsa ümumi səciyyə çərçivəsindən
kənara çıxmır, kimin yazmasından və yazan alimlərin
istedad səviyyəsindən, həm də yazı vərdişindən
asılı olmayaraq. Bu məsələ
haqqında düşündükcə ümumən lap elə
müasir ədəbi prosesdəki bir sıra
qarmaqarışıq və düyünlü nəsnələr
də boy göstərməyə başlayır. Nizami deyək ki, özünəqədərki qədim
dünyanın çox sirrindən agah idi, mənbələr
oxumuşdu, hər halda o dövrdə insanların, xüsusən
Nizami kimi böyük ədəbiyyat adamının bu məlumatlara
vaqif olması indikindən çox fərqli bir şey idi.
Üstəlik, şairin bu dərəcədə
öyrəndiyi, mənimsədiyi informasiya onun mətnlərində
mükəmməl şəkildə "əriyir",
orijinal həllini tapırdı. İndi
Nizamidən yazan filoloqlar bu sirdən vaz keçirlər, onunla
davrana bilmirlər, bütün hər şeyi Nizamidən
üzü bəri dünyaya məlum olan-olmayan nəsnələr
əsasında həll və izah etməyə
çalışırlar. Nəticədə
nə alınır? Nizami Gəncəvi bir şair kimi,
bir mütəfəkkir və şeyx kimi tədqiqatdan kənarda
qalır, özü də bütünlüklə! Demək, baxış bucağı düzgün deyil
və ən azından lazım olan nöqtəyə
tuşlanmayıb. Bunu eynilə Nəsimi,
Füzuli və sair klassiklərin öyrənilməsinə də
aid etmək olar.
2
Necə
yazmaq məsələsi...
Müasir ədəbi mətnlər haqqında yazılar
yuxarıda sadalanan qüsurlar kontekstində daha dəhşətli
görünür. "Dəhşətli", yəni ixtiyari dəyərləndirmələr,
bədii mətnin heç bir estetik kriteriyasına əsaslanmayan,
sadəcə müəllifdən bəhs edən yazılar, hətta
bədii mətnə bu halda dəfə-dəfə istinad edilsə
də söhbət müəllif çərçivəsindən
bir qarış da olsa uzaqlaşmır, orda qalır və nəfəs
verib alınca canını tapşırır. Yəni
məlum yazılarda nə konkret bədii mətnin qurulma
texnikasından, nə də ideyasından münasib şəkildə
bəhs edilir. Bu niyə belədir? Hər şeydən öncə illər boyu
formalaşan və filoloqların qələminə
"oturan" heç nəyə yaramayan yazı metodu sayəsində.
Bu tipli məqalələrdə bədii mətnin
oxunması nəticəsində aşkarlanma ehtimalı olan
heç bir informasiya üzə çıxmır, izah və
təhlillər içində boğulub qalır. Bu tipli
yazılara, xüsusən qəzetlərin ardıcıl olaraq
bir neçə səhifəsini zəbt edən
yazıları izlədikcə aydın olur ki, ədəbi
proses az qala başqa bir prosesin ardınca sürünür,
ehtimallar, nəzəri postulatlar, filoloji dəyərləndirmələr
irəli sürmür, tam əksinə hansısa naməlum
ideoloji xəttin dalınca qaçaraq çapır, bu nəfəs
aralığında səliqəli şəkildə nələrisə
izah edir, məqalə bitmir, uzanır və bu... heyif, artıq dünyasını dəyişmiş
adamın xatirələrdə yaşaması təəssüratını
oyadır. Hər şey tam əksinə
olmalıykən qızıldan qiymətli beyinlər öz
enerjisini nələrinsə dalınca qoşmaqda görürlər.
Bunun, şübhəsiz ki, dəqiq səbəbləri
var, ancaq indi bu səbəbləri də araşdırmaq
heç nədir, heç nəyə yaramayan təəssüratı
oyadır. Müasir, modern bədii mətnlərin təhlili
iki qütblə xarakterizə olunur: əsərin ideyasından
bəhs etmək, onu bu günə bağlamaq və yazı
texnikasını araşdırmaq və həm də
yarımçıq şəkildə. Bütün bu izah və
təhlillər ümumi mədəni kodlar, işarələr,
min illər boyu gəlişən mədəni sferanın incəlikləri
ilə heç bir yerdə və heç bir təsadüfdə
qovuşmur, bütün hallarda, hətta bütün
gücünü toplayaraq ondan yan keçməyə
çalışır və iddia olunur ki, bizim romanlar
dünya ədəbiyyatı nümunələrindən
heç də aşağı səviyyədə deyildir, sadəcə...
Deyilən arqument və səbəblər
hamı bilir ki, boşdur və məsələ onlarla
bağlı deyildir. Roman Azərbaycan
romanı olmaq yolunda təntiyir və bunun da əsas səbəblərindən
biri bizim bədii mətnlərin mədəniyyətimizin
verdiyi siqnal və işarələrdən bəhrələnməməsidir.
Əlbəttə, Qərb romanı, Qərb nəsri
çərçvəsində, onun texniki bazasında
yazılan mətnlər də var, ancaq bunlar sözün həqiqi
mənasında Azərbaycan nəsridirmi sualına tərəddüdsüz
cavab vermək mümkün deyildir. İllər boyu, zənnimizcə,
bizim ədəbi prosesdə nəsə olub (Azərbaycan ədəbiyyatında
nə baş verir?..) və lazım olmayan
tərəfə getdiyimiz yolu düz yol hesab etməkdə
israrlıyıq. Bəli, nəsə olub...
3
"Səfər müəllimə nəsə
olub..." gənc Nadir Yalçının hekayəsinin
adıdır və əslində bu yazıda ondan bəhs edəcəkdik. İndi gəldik
mətləbin üstünə. Deyingənlik
bitdi. Nadirin hekayəsindən
danışaq. Nadir Yalçın gəncdir,
onun yaradıcılığı şübhəsiz ki, bir elə
geniş və həcmli deyildir, ancaq bu mətnlərdən
hökmən bəhs etmək lazımdır. Niyəsi odur ki, bizim ədəbi prosesdə uzun illərdir
gənclər sanki meydandan, Azərbaycan ədəbiyyatının
səhnəsindən kənarda qalıblar. Onlardan yox, artıq imzalarını dəfələrlə
(-!) təsdiq etmiş, öz aləmlərində dünyaya
çıxmış müəlliflərdən yazırlar və
bu heç də yaxşı deyildir. "Azərbaycan ədəbiyyatının
səhnəsi" ifadəsini təsadüfi işlətmədik,
zənnimizcə, burda hər kəsə yer kifayət qədərdir,
burda sən yox, necə deyək, səhnənin özü
"oynayır", çünki məlumdur ki, teatr səhnəsi
fırlanmadıqda tamaşaya kimsə inanmır, səhnədəki
o satatiklik tamaşaçının şüurunda dinamika
yarada bilməz. Gənc, yaxud ahıl
yaşında dünyadan köçmüş qələm
sahibləri də o səhnədədir və onların mətnləri
günü bu gün də yeni-yeni informasiyaları qəbul
edir, hər gün, hər saat dəyişir və biz... bunu
görsək də ondan yazmağı unuduruq. Yəni darıxmağa, o səhnədə
özünə daha çox yer seçməyə heç
bir lüzum yoxdur. Düzələcək...
Nadirin hekayəsi də elə "tamaşa"
sözü ilə başlayır.
-
Hansı tamaşa məsləhətlidi?
Kassir eynəyini
burnunun ucuna sürüşdürüb
qarşısındakı irigövdəli kişini
aşağıdan yuxarı istehza ilə süzdü:
- Necə
tamaşa olsun, yoldaş Stanislavski, ağlamalı, ya gülməli?
Kassirin bu
cür müraciəti onu çaşdırsa da,
mağmınlığını ört-basdır eləməkdən
ötrü səsini bir az da
qalınlaşdırdı:
-
Stanislavskinin məsələyə dəxli yoxdu.
- Tutaq ki,
elə söz deməmişəm, hər halda söyüş
deyil, üstündən keçin, sualımın ikinci hissəsi
barədə düşünün.
Burada,
hekayənin süjetinin dinamikasını yaradan bir neçə
ifadə diqqəti çəkir: 1) təpəgöz arxetipi və
"ansambl yaratmaq" istəyir, şübhəsiz ki,
Əzizin bu arzusu sadəcə sözdü, yəni hekayənin
süjetinin qurulması yönündə təhkiyə mərkəzinə
(çevrəsinə) cəzb edilən ən müxtəlif
hadisə fraqmentlərini yoxlamaq cəhdidir. Təhkiyə
çevrəsini maqnit kimi təsəvvür edin, ixtiyari hadisə,
onun hansısa qırıntısı dərhal bu mərkəzə
çəkilir, bir-birinə ancaq assosiativ şəkildə
aid olan hadisələr kollaj yaradır. Kassirin Əzizdən
əvvəlki müştərinin verdiyi suallardan
çıxış edərək danışdığı
qəziyyələr (qayınanası ilə bağlı),
Əzizin bu gülməli əhvalatlarla bağlı birdən
südçü kişini yadına salması (deyir, Əzizin
yadına məhlələrindəki südçü kişi düşdü. Südçü kişi "Satdığın süd
çürüdü" deyib üstünə
şığıyan qadınları görəndə necə
rəng alıb rəng verirdisə, kassir də həmin hala
düşmüşdü.) Həm də, kassir elə
danışırdı ki, sanki bütün tamaşaları
önun özü idarə edirdi... Hekayənin elə
başlanğıcında bir "çəkisizlik" şəraiti
diqqəti çəkir, bu qarmaqarışıq və son dərəcə
gülməli (gülüşün az qala bitdiyi yerdə məzəli
əhvalatın nüvəsinə qayıtmaq ehtiyacı...) əhvalatlar
bəlli səbəblərdən həm də əsəbi
şərait yaradır, burda məhz çəkisizlik
olduğuna görə hamı çaşır, hamı əsəbləşir
(Əşşi, camaatın anketini doldurmuram ki...). Hətta
arada hekayə müəllifi də çaşır, Əziz əvəzinə
Əvəz yazır... Bəzi (bəlkə daha
çox...) nəsr mətnlərində elə xarakterik təbiət
təsviri yer alır ki, olduğu, işləndiyi məqamdan
hekayənin bütün dinamikasını idarə edir,
ayrı-ayrı məqamlarda üzə çıxmaq istəsə
də sadəcə nəfəs aldığını bildirir
və ümumən süjet poetikasında onun qurulması və
kompozisiyadakı tamlığı təmin edən elementlərdən
birinə çevrilir. Məsələn, L.Tolstoyun
"Sergi ata"sında belə bir məqam var:
"Yaxınlıqda bülbül cəh-cəh vurdu, cavan
yarpaqlar qəfil mehdən titrəşdilər...". Povestin narahat, axar-baxarlı və
şübhəsiz ki, insan ruhuyla bağlı iztirablı
keçidləri ilə bu təsvirin nə əlaqəsi ola bilər? Yaxud Nadirin hekayəsində
"Çağırılmamış qonaq kimi
özünü yayın bağlı qapısından içəri
soxuşduran payız soyuğu onun əllərini qaxaca döndərmişdi..."
təsvir məqamının hekayənin süjet-kompozisiya
bütövlüyünü şərtləndirmək
anlamında nə kimi funksiyası ola bilər?
Hekayəni oxuduqca, xüsusən bir-birini nəfəs
dərmədən izləyən ilk baxışdan
qarmaqarışıq əhvalatların süjetə
çevrilməsi dinamikasını izlədikcə hər
şeyin, hər bir hadisənin alt qatında bir
qarışıqlığın, bəlkə də həyatın
zorən, insanın özündən asılı olmayaraq
düzgün yaşanmaması duyğusu... dünyanı,
gerçəkliyi tərs mövqedən şərh etmək
lüzumu yaradır. Səfər müəllimə
nəsə olub. Bu "nəsə"
xırda bir şey deyil, bütün yaşanmış
ömrün axıb getməməsi, bəlkə də bir
çayın suları kimi daşlara ilişib qalması insan
ruhunda geriyə - keçmişə (özü də
heç yaşamadığın ömrün keçmişinə)
qayıtmaq, ora baş vurmaq dəliliyi yaradır və bu dəhşətdir.
Hekayənin əvvəlindəki gülüş doğuran səhnəcik
(həm də təpəgöz arxetipi), süjet boyunca heç dəxli
olmayan nəsnələrin üzə çıxmasına
şərait yaradır və burda məsələdən hali
olmayan qəhrəman (Səfər müəllimə nə
olduğunu bilmək üçün Əzizin, elə sinif
şagirdlərinin də onu bərəlmiş gözlə
görmək, ona tamaşa etmək istəməsi...) gerçəklikdə
dəyişən qütblər arasında sıxılır,
məsələni anlayınca iztirab çəkir. Süjet xəttindən Mirzə Cəlilin təhkiyəsinə
keçid aydın şəkildə olmasa da, hər halda hiss
edilir və hekayə bu xətt üzərində
özü-özünü danışdırır. Mirzə
Cəlildə: ...Camaatın yarısı
çıxmışdı kəndin kənarına və təpələrə
dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi
naçalnik...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.19.